Qeysəriyyə əməliyyatı
Qeysəriyyə əməliyyatı – hamiləliyin sona çatdırılma üsullarından biridir. Təbii yolla doğuş mümkün olmadıqda uşaq cərrahi müdaxilə ilə ana orqanizmindən xaric edilir. Qeysəriyyə əməliyyatı tibbi göstərişlərdən və vəziyyətdən asılı olaraq, planlı və yaxud təcili şəkildə aparılır.
Planlı əməliyyat hamiləlik dövründə ana və dölün vəziyyəti qiymətləndirildikdən sonra, yəni əvvəlcədən təyin edilir. Təcili üsul isə fizioloji doğuş fəaliyyəti zamanı hamilə qadın və uşağın sağlamlığı, eləcə də həyatı üçün təhlükə yarandıqda tətbiq edilir.
Planlı Qeysəriyyə əməliyyatı haqqında
Planlı cərrahi doğuş hamiləlik müddətində ginekoloq tərəfindən təyin edilir. Bu qərar həm hamiləliyin gediş xüsusiyyətləri, həm də qadın sağlamlığı, orqanizmin anatomik xüsusiyyətləri ilə bağlı olur. Planlı Qeysəriyyə əməliyyatı aşağıdakı hallarda edilir:
- cift gəlişi: cift uşaqlıq boynunun üzərində yerləşərək, uşağın xaric olması üçün yolu bağladıqda;
- anatomik dar çanaq;
- uşaqlıq boynu nahiyəsində mioma: doğuş yollarında mexaniki maneə rolunu oynayır;
- Mioma əməliyyatından və yaxud əvvəlki Qeysəriyyə kəsiyindən sonra uşaqlığın qeyri-kafi çapığı;
- sağlamlıq üçün təhlükəli xəstəliklər və patologiyalar (ürək-damar, böyrək xəstəlikləri, gözün torlu qişasının qopma təhlükəsi);
- doğuş prosesində ananın həyatına təhlükə törədəcək hamiləlik ağırlaşmaları (məsələn, ağır formalı preeklampsiya, eklampsiya);
- dölün çanaq gəlişi, köndələn vəziyyəti;
- çoxdöllü hamiləlik;
- III trimestrdə genital herpes.
Təcili Qeysəriyyə əməliyyatı
Doğuş prosesində ana və dölün həyatı üçün təhlükə hal yarandıqda təcili şəkildə cərrahi müdaxilə edilir. Tez bir zamanda qadın əməliyyat olunur, döl ananın uşaqlığından xaric edilir. Təcili Qeysəriyyə əməliyyatı aşağıdakı hallarda aparılır:
- doğuşda dölün başı ilə ananın çanaq ölçüləri arasındakı uyğunsuzluq;
- doğuş fəaliyyətinin pozulması və tamamən dayanması;
- normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması (dölün oksigenlə təhcizatı dayanır, ölümcül qanaxma mümkündür);
- doğuş zamanı uşaqlığın cırılma ehtimalı;
- dölün hipoksiyası (kəskin oksigen çatışmazlığı);
- göbək ciyəsinin sallanması.
Qeysəriyyə əməliyyatında anesteziya
Əməliyyat 95% hallarda epidural, spinal və yaxud kombinəolunmuş, spinal-epidural anesteziya altında yerinə yetirilir. Anestetikin təsirindən qadının huşu itmir, sadəcə bədənin aşağı hissəsində hissiyyat olmur. Bəzən təcili şəkildə əməliyyat lazım gəldikdə ümumi anesteziya (narkoz) edilir.
Qeysəriyyə əməliyyatının mərhələləri
Anesteziyadan sonra Qeysəriyyə əməliyyatı qarnın ön divarında, sonra isə uşaqlıqda kəsiklə başlanır. Açılan yarıqdan uşaq, cift və döl qişaları ehmalca çıxarılır. Uşaq ananın sinəsinə qoyulur. Göbək ciyəsini dartmaqla cifti xaric etmək daha məqsədəuyğundur. Bu variantda qanitirmə az olur. Əməliyyatın son mərhələsində uşaqlığa tikiş qoyulur, qarın divarının tamlığı bərpa olunur.
Qeysəriyyə əməliyyatının vaxtı
Planlı Qeysəriyyə əməliyyatı üçün ən optimal müddət hamiləliyin 39-40-cı həftələridir. Əgər ana və uşağın vəziyyəti normaldırsa, 39-cu həftəfən tez cərrahi müdaxilə etmək olmaz. Lakin sancılar başlandıqda və yaxud dölyanı maye axdıqda əməliyyat vaxtından əvvəl həyata keçirilir.
Qeysəriyyə əməliyyatından sonra
Əməliyyat bitdikdə qadın 6-12 saatlıq intensiv terapiya şöbəsinə köçürülür. Bu müddət ərzində ona uşaqlığın yığılmasına səbəb olan ağrıkəsici preparatlar yeridilir. Vəziyyət qənaətbəxş olduqda antibiotik inyeksiyaları 3 gündən çox davam etdirilmir.
Əməliyyatdan 6 saat sonra pasiyent otura, sonra isə qalxa bilər.
Qeysəriyyə əməliyyatından sonra hamiləlik
Elmi sübutlara əsasən növbəti doğuşun Qeysəriyyə əməliyyatından 2 il sonra baş verməsi məqsədəuyğundur. Bu zaman intervalında hamiləlikdən qorunduqda uşaqlıqda normal çapıq formalaşır və qadın uşağını təbii doğuşla dünyaya gətirə bilir.
Təkrar hamiləlik planladıqda mütləq ginekoloqun müayinəsindən keçib, tikişin vəziyyətini yoxlamaq lazımdır.