Rektosele

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 4181

rektosele nədir?Rektosele – düz bağırsaq divarının uşaqlıq yoluna tərəf divertikulabənzər qabarması olub, defekasiya aktının pozulması ilə müşayiət edilir. Patologiyanın əlamətlərinə qəbizlik, bağırsağın tam boşalmaması hissi, aralıq, sağrı nahiyəsi və ya uşaqlıq yolunun divarına əllə təzyiq etməklə defekasiya aktının icra olunması aiddir. Babasil, anal çat, kriptit, pararektal fistulalar və digər ağırlaşmaların inkişafı mümkündür. Diaqnoz şikayətlər, baxış, rektal müayinə, rektoromanoskopiya və proktoqrafiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə qidalanma tərzi korreksiya edilir, MBT, fizioterapiya, medikamentoz terapiya və ya cərrahi əməliyyat təyin olunur.

  • Rektoselenin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Rektoselenin əlamətləri
  • Diaqnostika
  • Rektoselenin müalicəsi
  • Proqnoz və profilaktikası

Rektosele barədə ümumi məlumat

Rektosele – kiçik çanaq orqanlarının prolapsı nəticəsində düz bağırsaq divarının uşaqlıq yoluna qabarması ilə təzahür edən patoloji vəziyyətdir. Rektosele geniş yayılaraq, qadın cinsiyyət orqanlarının xəstəliklərinin 2.5%-ni təşkil edir. Patologiya adətən ağır doğuş keçirən pasiyentlərdə aşkarlanır. Rektosele həmçinin piylənmə, çanaq dibi əzələlərinin zəifliyi, izafi fiziki yüklənmə, kiçik çanaq orqanlarının anadangəlmə anomaliyaları və ginekoloji xəstəliklər fonunda yarana bilir.

Yaş artdıqca rektoselenin inkişaf ehtimalı yüksəlir. Patologiya bağırsağın evakuator funksiyasının pozulması ilə müşayiət olunur. Defekasiya aktının pozulma dərəcəsi rektoselenin ifadəliliyindən birbaşa asılıdır. Ağır hallarda uşaqlıq yolunun divarından fekal kütlələrə əllə təzyiq göstərmədən nəcis ifrazı mümkün olmur, bundan əlavə digər proktoloji və ginekoloji xəstəliklər inkişaf edir.

Rektoselenin yaranma səbəbləri

Rektoselenin yaranma səbəbləriPatologiya kiçik çanaq orqanlarının topoqrafiyasının pozulmasına və bu nahiyənin əzələlərinin zəifləməsinə səbəb olan patoloji proseslərlə əlaqədar yaranır. Əksər tədqiqatçıların fikrincə rektoselenin ən geniş yayılmış səbəbi kiçik çanaq orqanlarının və çanaq dibi əzələlərinin həddindən artıq yüklənməsi ilə səciyyələnən ağır gedişli doğuşlardır. Ağır fiziki əməklə məşğul olan və piylənmədən əziyyət çəkən pasiyentlərdə təkrarlanan intensiv yüklənmələr yuxarıda qeyd edilən əzələlərin zəifləməsində və rektoselenin inkişafında mühüm rol oynayır.

Xroniki bronxit zamanı kiçik çanaq orqanları və əzələlərinə təzyiqin kəskin yüksəlməsi ilə müşayiət olunan daimi öskürək bəzən rektoseleyə gətirib çıxarır. Çanaq orqanlarının topoqrafiyasını dəyişən anadangəlmə inkişaf anomaliyaları və ginekoloji xəstəliklər rektoselenin yaranma riskini daha da artırır.

Rektoselenin patogenezi

Düz bağırsağın uşaqlıq yoluna qabarması nəticəsində onun divarında fekal kütlələrin ləngidiyi kisəyəbənzər cib əmələ gəlir. Rektosele defekasiya aktının pozulmasına və ağır formalı qəbizliyin yaranmasına səbəb olur. Bağırsağın boşalması üçün pasiyentlər dərindən gücənməyə məcbur qalır. Defekasiya zamanı bağırsaqda təzyiqin daha da yüksəlməsi qabarmanın böyüməsinə və patologiyanın proqressivləşməsinə gətirib çıxarır.

Bu mərhələdə konservativ tədbirlərin effektivliyi azalır, kiçik çanaq orqanlarının normal anatomik vəziyyətini və defekasiya aktını bərpa etmək üçün cərrahi müdaxiləyə ehtiyac yaranır.

Rektoselenin təsnifatı

Simptomatikanı nəzərə almaqla rektoselenin aşağıdakı dərəcələri ayırd edilir:

  • I dərəcə – şikayətlər yoxdur, defekasiya aktı pozulmamışdır. Rektal müayinədə düz bağırsağın ön divarının kiçik ölçülü qabarması palpasiya olunur. Rektosele simptomsuz getdiyindən xəstələr həkimə müraciət etmir. Patologiya digər səbəblərdən aparılan müayinə prosesində təsadüfən aşkarlanır.
  • II dərəcə – xəstələr defekasiyanın çətinləşməsindən və bağırsağın tam boşalmaması hissindən şikayətlənirlər. Rektal müayinədə uşaqlıq yolu dəhlizinə qədər uzanan kisəyəbənzər cib aşkarlanır. Bəzən qabarmaların daxilində nəcis kütlələrinə rast gəlinir.
  • III dərəcə – pasiyentlər uşaqlıq yolunun divarına əllə təzyiq etməklə defekasiya aktının icra olunmasından şikayətlənirlər. Düz bağırsağın ön, uşaqlıq yolunun arxa divarı cinsi yarıqdan xaricə qabarır. Qabarmalarda fekal kütlələr, bəzən isə nəcis daşları aşkar edilir. Uşaqlıq yolu divarının sklerotik dəyişiklikləri, bəzi pasiyentlərdə hətta xoralaşma qeydə alınır.

Zədələnmə səviyyəsinə görə rektosele aşağıdakı formalara ayrılır: aşağı (sfinkterdə gedən dəyişikliklərlə müşayiət olunur), orta (sfinkterin üzərində kisəyəbənzər qabarmanın formalaşması ilə təzahür edir), hündür (uşaqlıq yolunun yuxarı hissəsində cibin yaranması ilə səciyyələnir).

Rektoselenin əlamətləri

Rektoselenin əlamətləriPatologiyanın klinik şəkli tədricən inkişaf edir. İlkin mərhələlərdə defekasiyanın müntəzəmliyi pozulur, qəbizliyə meyllik, bağırsağın tam boşalmaması və yaxud düz bağırsaq nahiyəsində yad cismin olması hissi yaranır. Əlamətlərin ifadəliliyi artdıqca xəstə işlədici vasitələrdən və ya imalələrdən istifadə etməyə məcbur qalır. Defekasiya aktının süni stimulyasiyası mövcud patologiyanı daha da ağırlaşdırır. Nəticədə rektosele proqressivləşir, qəbizlik daimi xarakter alır.

Zamanla normal nəcis ifraz etmə qabiliyyəti itirilir. Defekasiya aktını icra etmək üçün xəstə sağrı, aralıq nahiyəsi və ya uşaqlıq yolunun arxa divarına əllə təzyiq edir. Nəcisin bağırsaqda ləngiməsi və bərk fekal kütlələrlə divarın selikli qişasının zədələnməsi proktitə və yaxud rektosiqmoiditə gətirib çıxarır. Dərindən gücənmələrin tez-tez təkrarlanması səbəbindən rektosele babasil, anal çat, düz bağırsaq və anus nahiyəsinin digər xəstəlikləri ilə ağırlaşır. Uşaqlığın enməsi və sallanması mümkündür. Bir sıra pasiyentlərdə sistosele (sidik kisəsinin uşaqlıq yoluna qabarması) inkişaf edir. Bəzən nəcis saxlamazlıq baş verir.

Rektoselenin diaqnostikası

Diaqnoz xarakterik simptomatika, aralıq və perianal nahiyəyə baxış, ginekoloji və rektal müayinə, endoskopiya, radioloji üsulların nəticələri əsasında qoyulur. Anusa baxış zamanı anal çatlar və hemorroidal düyünlər aşkarlana bilər. Nəcis saxlamazlıq zamanı anal dəlik nahiyəsində fekal kütlələrin izi və qıcıqlanma sahələri nəzərə çarpır.

Ginekoloji və rektal müayinə apararkən xəstədən gücənməsi xahiş olunur. Bu zaman bağırsaq divarı uşaqlıq yoluna qabarır. Həkim qabarmanın ölçü və lokalizasiyasını (aşağı, orta, hündür) təyin edir, rektoselenin daxilində möhtəviyyatın (fekal kütlələr, nəcis daşları) olmasını yoxlayır, uşaqlıq arakəsməsinin qalınlığını və  çanaq dibi əzələlərinin vəziyyətini qiymətləndirir.

Rektoromanoskopiya prosesində düz bağırsağın ön divar nahiyəsində xarakterik cib aşkarlanır. Defekasiya aktının pozulmasını və rektoselenin dərəcəsini daha dəqiq müəyyənləşdirmək üçün defekoqrafiya (evakuator proktoqrafiya) təyin edilir. Qatı barium məhlulu düz bağırsağa yeridilir, defekasiya zamanı anatomik nahiyənin təsvirləri çəkilir. Bəzən radioloji müayinə maqnit-rezonans defekoqrafiyanı əvəz edir. Rektoselenin differensial diaqnostikası düz bağırsaq-uşaqlıq yolu arakəsməsinin fistulaları ilə aparılır.

Rektoselenin müalicəsi

Xəstəliyin I dərəcəsi konservativ yolla müalicə olunur. Patologiyanın II və III dərəcələrində kombinəolunmuş üsullar: cərrahi müdaxilə, pred və postoperasion konservativ tədbirlər həyata keçirilir. Onlar qəbizliyin aradan qaldırılmasına, peristaltikanın bərpasına və möhtəviyyatın düz bağırsaqdan ifrazının yaxşılaşmasına yönəldilir. Rektoselenin müalicəsinin vacib hissəsi pəhrizdir. Bağırsağın motor funksiyasının stimulyasiyası məqsədilə bitki tərkibli kobud qida liflərinin, fekal kütlələrin yumşaq konsistensiyasını təmin etmək üçün isə qəbul olunan suyun miqdarını artırmaq məsləhət görülür.

Xəstələrə osmotik təsirli yumşaq işlədici vasitələr təyin etməklə defekasiya aktının müntəzəmliyi bərpa edilir. Bağırsaq mikroflorasının tərkibinin korreksiyası üçün kombinəolunmuş probiotiklərdən istifadə edilir. Prokinetiklərin (domperidon və onun analoqları) köməyilə bağırsağın motor funksiyası normaya salınır. Rektoselenin medikamentoz terapiyası fizioprosedurlar və çanaq dibi əzələlərinin möhkəmlənməsinə yönəldilən xüsusi MBT kompleksləri ilə tamamlanır.

Konservativ terapiya xəstəliyin inkişafını ləngitsə də tam sağalmanı təmin etmir. Rektoselenin yeganə radikal müalicə üsulu əməliyyatdır. Belə hallarda aparılan cərrahi müdaxilələr 2 qrupa ayrılır: düz bağırsağın yaratdığı cibin aradan qaldırılmasına və ya uşaqlıq yolu ilə düz bağırsaq arasındakı arakəsmənin möhkəmləndirilməsinə istiqamətləndirilən əməliyyatlar. Cərrahi müdaxilələr uşaqlıq yolu, düz bağırsaq, aralıq nahiyəsindən və ya qarnın ön divarından daxil olmaqla icra edilir.

Əməliyyat prosesində həkim bağırsağın ön divarını tikir və fiksasiya edir, rektovaginal arakəsməni möhkəmləndirir, sfinkterin bərpası üzrə tədbirlər aparır. Rektosele babasil, anal çat, sistosele və ya düz bağırsağın polipləri ilə müştərək şəkildə inkişaf etdikdə kombinəolunmuş cərrahi müdaxilə ilə bütün pozğunluqlar aradan qaldırılır. Əməliyyatlar həm klassik, həm də endoskopik üsulla yerinə yetirilir.

Müalicəvi endoskopiya zamanı rektovaginal arakəsməni möhkəmləndirən və düz bağırsağın uşaqlıq yoluna qabarmasına mane olan torlu implantant qoyulur. Pred və postoperasion dövrdə MBT, fizioterapiya, probiotiklər və prokinetiklər təyin olunur. Cərrahi müdaxiləyə əks-göstəriş olduqda rektoselenin II və III dərəcəsinin aşkarlandığı pasiyentlərin uşaqlıq yoluna pessarium yeridilməsi məsləhət görülür. Onun köməyilə kiçik çanaq orqanlarını düzgün vəziyyətdə saxlamaq mümkün olur.

Rektoselenin proqnoz və profilaktikası

Müalicəyə vaxtında başladıqda proqnoz qənaətbəxş sayılır. Patologiyanın qarşısını alan tədbirlər sırasına balanslaşdırılmış qidalanma, izafi fiziki yüklənmələrdən imtina, hamiləlik dövründə pasiyentlərin müntəzəm müşahidəsi, yaranan pozğunluqların erkən müalicəsi, düzgün doğuş taktikasının seçilməsi və çanaq dibi əzələlərini möhkəmləndirən xüsusi MBT kompleksləri daxildir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: