Saktosalpinks

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1643

saktosalpinks nədir?Saktosalpinks — uşaqlıq borusunun mənfəzində mayenin toplanması nəticəsində yaranan kisəyəbənzər törəmədir. Patologiyanın kəskin gedişi hərarətin qalxması və qasıq nahiyəsində ağrılar, xroniki faza isə sonsuzluq və qarnın aşağı hissəsində ağırlıq hissi ilə xarakterizə olunur. Bəzən ləng gedişli proseslərdə mülayim dərəcəli çanaq ağrıları və mayeşəkilli vaginal axıntıların vaxtaşırı ifrazı qeydə alınır. Diaqnostika məqsədilə ginekoloji baxış, histerosalpinqoqrafiya, ultrasəs salpinqoqrafiya, laparoskopiya və fertiloskopiyadan istifadə olunur. Müalicə adətən predoperasion mərhələdə antibiotiklər təyin edilməklə cərrahi yolla aparılır. Boru plastikası və ya tubektomiya məsləhət görülür.

  • Saktosalpinksin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Saktosalpinksin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Saktosalpinksin müalicəsi
  • Proqnoz və profilaktika

Saktosalpinks barədə ümumi məlumat

Mamalıq və ginekologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən sonsuzluqdan əziyyət çəkən qadınlar arasında saktosalpinksin yayılma tezliyi 7,3-28% təşkil edir. Əksər hallarda xəstlik sonsuzluqla bağlı kompleks müayinələr zamanı təsadüfən aşkarlanır. Bir və ya hər iki fallop borusunda seroz eksudat və ya irinin toplanmasına əsasən cavan (30 yaşa qədər) pasiyentlərdə  rast gəlinir, bu da onların seksual davranışının xüsusiyyətləri ilə əlaqədardır. Saktosalpinks demək olar ki, heç vaxt birincili olmur, adətən spesifik və qeyri-spesifik infeksion agentlərin törətdiyi digər ginekoloji patologiyaların gedişini ağırlaşdırır.

Saktosalpinksin yaranma səbəbləri

Seroz maye və ya irinin normal və ya yüksək sekresiyası zamanı onun axınına maneələr yarandıqda uşaqlıq borularının mənfəzində eksudat formalaşır. Saktosalpinksin inkişafının başlıca səbəbləri aşağıdakılardır:

  • İltihabi proseslər. Xroniki salpingitsalpinqooforit zamanı uşaqlıq borularının daxilində ampulyar hissə, mənfəz və uşaqlıq dəliyini bağlayan bitişmələr əmələ gəlir. Adətən bitişmə prosesi xroniki iltihab fonunda yaranır, lakin bəzi hallarda kəskin prosesin nəticəsi ola bilər. Bitişmələr qeyri-spesifik infeksiyalar və CYKİ (xlamidioz, qonoreya, mikoplazmoz, sifilis, genital herpes və s.) zamanı formalaşır.
  • İnvaziv manipulyasiyalar. Qadın cinsiyyət orqanlarında aparılan diaqnostik və müalicəvi manipulyasiyalar sinexiyaların inkişafına təkan verir. İntramural hissədə bitişmələr abortlar və diaqnostik qaşınmadan sonra baş verir. Histerosalpinqoqrafiya, kimopertubasiya, hidrotubasiya, boru sonsuzluğu zamanı rekonstruktiv əməliyyatlar sinexiyaların fallopiya borularının bütün hissələrində formalaşmasına səbəb olur.
  • Uşaqlıq borularının endometriozu. Uşaqlıq borularında endometrioid ocaqlarının siklik fəaliyyəti aseptik iltihabı təmin edir. Nəticədə bitişmələrin yaranması ilə yanaşı, həm də selikli qişanın sekresiyası güclənir. Bundan əlavə, borunun mənfəzinə vaxtaşırı qopmuş toxumalar və qan daxil olur.
  • Uşaqlıq borularının və ya uşaqlığın xərçəngi. Uşaqlıq dəliyi həcmli törəmənin böyüməsi ilə əlaqədar örtülə bilər. Histoloji tərkib və şişin lokalizasiyasından asılı olaraq, bəzən boru sekretinin artması prosesi daha da dərinləşdirir.

Saktosalpinksin inkişafına şərait yaradan amillərə cinsi partnyorların tez-tez dəyişdirilməsi, qorunmamış cinsi əlaqə aiddir. Risk qrupuna ağır fiziki əməklə məşğul olan və daimi hipotermiya şəraitində işləyən qadınlar daxildir.

Saktosalpinksin patogenezi

Saktosalpinksin səbəbləriSaktosalpinksin formalaşma mexanizmi sekresiya ilə fallop borularından mayenin axını arasında yaranan disbalansa əsaslanır. Normada selikli qişa az miqdarda sekret hasil edir, eksudat əzələ liflərinin yığılması sayəsində asanlıqla uşaqlıqdan xaric olur. Sinexiyalar və ya şişin obturasiyası zamanı seroz mayenin axını əvvəlcə pozulur, sonra isə proqressivləşmə ilə əlaqədar tamamilə kəsilir. İltihabi xəstəliklər, endometrioz və neoplaziyalar selikli qişanın epitelinin sekresiyasını gücləndirir. İnfeksiyanın qoşulması adətən irinli sekretin toplanması ilə müşayiət olunur.

Saktosalpinksin təsnifatı

Xəstəliyin sistematizasiyası zamanı bir sıra kriteriyalar: sekretin növü, lokalizasiya, quruluş xüsusiyyətləri, gedişi və eksudatın axınının mümkünlüyü nəzərə alınır. Saktosalpinksin aşağıdakı formaları ayırd edilir:

Sekretin növünə əsasən:

  • Seroz (hidrosalpinks). Seroz mayenin toplanması axının pozulduğu, iltihabın olmadığı, onun aseptik xarakter daşıdığı hallarda və infeksion prosesin əvvəlində baş verir.
  • İrinli (piosalpinks). İrin fallop borularında saktosalpinksin qeyri-spesifik və ya spesifik iltihabla ağırlaşması zamanı yığılır.

Lokalizasiyasına görə:

  • Birtərəfli. Boruların birində eksudatın ləngiməsi ilə təzahür edir. Sağ və ya sol tərəfli ola bilər.
  • İkitərəfli. Patoloji proses hər 2 fallopiya borusunu əhatə edir.

Quruluş xüsusiyyətlərinə əsasən:

  • Sadə. Daxilində eksudat olan 1 boşluğa malikdir.
  • Follikulyar. Bitişmələrlə ayrılan bir neçə boşluqlardan ibarətdir.

Gedişinə görə:

  • Kəskin (aktiv). Sürətli gedişi, ifadəli simptomatika və boşluğun tez formalaşması ilə xarakterizə olunur.
  • Xroniki (lənggedişli). Tədricən inkişaf edir, simptomsuz və ya minimal şikayətlərlə gedir.

Maye axınının mümkün olmasına əsasən:

  • Eksudatın sərbəst axını mümkünsüzdür.
  • Ventil tipli. Maye vaxtaşırı uşaqlıq boşluğuna tökülür.

Saktosalpinksin əlamətləri

Saktosalpinksin əlamətləriXəstəliyin klinikası onun gedişinin xüsusiyyətlərindən asılıdır. Kəskin saktosalpinksə nadir hallarda rast gəlinir, o, hipertermiya və ağrı sindromu ilə təzahür edir. Hipertermiyanın ifadəliliyi ekssudatın xarakteri ilə bağlıdır. Seroz iltihab zamanı hərarət subfebril rəqəmlərə, seroz-irinli formada 38° С-yə, irinli iltihablarda isə  +39° С-yə qədər yüksəlir. Ağrı qasıq nahiyəsində lokalizasiyalaşır, bir və ya ikitərəfli olub, dartılan və ya pulsyasiyaedici xarakterə malikdir. Pasiyentlərdə halsızlıq, əzginlik, taxikardiya müşahidə edilə bilər. Bəzən tərləmənin artması və yanaqlarda hiperemiya qeydə alınır.

Xroniki saktosalpinks əsasən simptomsuz gedir. Çox zaman onun yeganə əlaməti sonsuzluq olur. İri həcmli törəmələr zamanı qadın qarnın aşağısında dartılma və ağırlıq hissindən şikayət edir. Xəstəliyin kiçik çanaqda bitişmələrlə müştərək inkişaf etdiyi hallar üçün yüklənmələr, hipotermiya, cinsi akt zamanı güclənən xroniki çanaq ağrıları sindromu xarakterikdir. Bədən hərarəti yalnız iltihabi prosesin kəskinləşməsi zamanı artır və çox nadir hallarda yüksək rəqəmlərə çatır. İltihabın yumurtalıq toxumalarına yayılması aybaşı siklinin pozulmasına (oliqomenoreya, alqodismenoreya, qeyri-müntəzəm aybaşılar) səbəb ola bilər. Ventil saktosalpinksin tipik əlaməti uşaqlıq yolundan vaxtaşırı mayeşəkilli gur ifrazatın axmasıdır.

Saktosalpinksin ağırlaşmaları

İkitərəfli saktosalpinksin əsas ağırlaşması boru sonsuzluğudur. Mayenin toplanması adətən borunun tam keçməməzliyi zamanı baş verdiyindən yumurtahüceyrə ampulyar hissəyə və uşaqlığa daxil ola bilmir, mayalanma və implantasiya mümkün olmur. Hamiləlik 5-7% hallarda (adətən ventil  formalarda) baş tuta bilər, lakin belə vəziyyətlərdə onun ektopik boru lokalizasiyası riski yüksəlir. Xəstəliyin təhlükəli ağırlaşması borunun cırılması və möhtəviyyatın qarın boşluğuna keçməsi sayılır. Bu zaman pelvioperitonit və peritonit inkişaf edir, dağılmış piosalpinks zamanı onların gedişi çox ağır olur. Bəzən irin uşaqlıq yolu, sidik kisəsi, düz bağırsağa açılır və ya duqlas boşluğunun izoləolunmuş absesi şəklində toplanılır.

Saktosalpinksin diaqnostikası

Saktosalpinksin simptomatikası patoqnomik olmadığından diaqnozun qoyulması üçün uşaqlıq borusunda mayenin yığılmasını aşkar edən müayinələr təyin edilir. Diaqnostikanın ən informativ üsulları aşağıdakılardır:

  • Ginekoloji kresloda müayinə.Uşaqlığın artımları nahiyəsinin bimanual müayinəsi zamanı hamar səthli bərk-elsatik konsistensiyalı, bir və ya ikitərəfli həcmli törəmə palpasiya olunur.
  • Çanaq orqanlarının USM. Yumurtalıqlarla uşaqlıq arasında mayeşəkilli həcmli törəmə aşkarlanır. Fallopiya borularının büküşləri hamardır və ya ümumiyyətlə izlənilmir.
  • Ultrasəs histerosalpinqoskopiya. Uşaqlıq boşluğunda mayenin toplanması və onun genişlənməsi saktosalpinksin inkişafına dəlalət edir.
  • Histerosalpinqoqrafiya. Xəstəliyin daimi formasında kontrast maddə uşaqlıq borusuna daxil olmayıb, uşaqlıqda yığılır. Ventil tipli formalarda zədələnmiş boru genişlənmiş, kolbaşəkilli görünüşə malik olur.
  • Endoskopik üsullar. Mikrokəsikdən uşaqlıq yoluna endoskopun yeridilməsi ilə aparılan fertiloskopiya və laparoskopiya daxilində maye toplanan genişlənmiş uşaqlıq borusunun, kiçik çanaq boşluğunda bitişmə və endometrioz ocaqlarının vizualizasiyasına imkan verir.

İnstrumental üsullara laborator diaqnostika metodları da əlavə olunur. Qonokokk, spiroxet, ureaplazma, mikoplazma, trixomonad və saktosalpinksə səbəb olan urogenital infeksiyaların digər törədicilərini aşkar edən PZR-in nəticələri xüsusi əhəmiyyət kəsb edir.  Patologiya qadın cinsiyyət orqanlarının bir sıra xəstəlikləri – salpingit, ooforit, salpinqooforit, endometrit, endometrioz, çanaqda bitişmə prosesləri, yumurtalıqlar, fallop boruları, uşaqlıq və digər çanaq orqanlarının vərəmi və neoplaziyaları, appendikulyar abseslə differensiasiya edilir. Diaqnostikanın çətinlik törətdiyi  hallarda prosesə onkoginekoloq, uroginekoloq, cərrah, ftiziatr cəlb olunur.

Saktosalpinksin müalicəsi

Həkim taktikası xəstəliyin klinik fazası, boşluqlu törəmənin quruluşu, pasiyentin yaşı və reproduktiv planından asılıdır. Saktosalpinks əksər hallarda iltihab fonunda formalaşdığından müalicənin birinci mərhələsi antibakterial terapiyadan ibarət olur. Antibiotikin seçilməsi zamanı infeksion agentin növü və həssaslığı nəzərə alınır. Antibiotikoterapiyaya desensibilizəedici, immunomoduləedici, sorucu vasitələr, vitamin-mineral kompleksləri, fizioterapevtik üsullar əlavə olunur. Ağrı sindromu zamanı qeyri-steroid iltihabəəleyhinə preparatların təyini göstəriş sayılır.

İltihab aradan qaldırıldıqdan sonra cərrahi müdaxilənin taktiası müəyyən edilir. Uşaqlıq borularının obliterasiya dərəcəsi, saktosalpinksin residivləşməyə meylliliyi və qadının reproduktiv planını nəzərə alınmaqla aşağıdakı üsullar məsləhət görülür:

  • Laparoskopik reokklüziya. Salpinqostomiya və salpinqoneostomiya zamanı alternativ dəliyin yaradılması, salpinqo-salpinqoanastomozun qoyulması, uşaqlıq borusunun uşaqlığın digər sahəsinə köçürülməsi bir sıra hallarda ekssudatın evakuasiyasını bərpa etməyə və saktosalpinksin likvidasiyasına imkan verir.
  • Laparotomik və ya laparoskopik tubektomiya. Plastikanın qeyri-effektiv, törəmənin iri ölçülərə malik olduğu, xəstəliyin residivlərinin yarandığı hallarda, eləcə də yaşı 35-dən yuxarı qadınlarda tubektomiya (uşaqlıq borusunun xaric edilməsi) göstəriş hesab olunur. Qadının ana olmaq istəyini reallaşdırmaq üçün gələcəkdə EKM üsullarından istifadə edilir.

Saktosalpinksin proqnoz və profilaktikası

Ağırlaşmamış gediş və vaxtında aparılan adekvat müalicə zamanı proqnoz qənaətbəxşdir. Kisəyəbənzər törəmənin dağılması pasiyentin həyatı üçün təhlükə daşıyır. Saktosalpinks zamanı reproduktiv funksiyanı xəstələrin 50%-dən az hissəsində bərpa etmək mümkün olur. Müxtəlif məlumatlara əsasən plastik əməliyyatların effektivliyi 20-60% təşkil edir, eyni zamanda uşaqlıqdan kənar hamiləliyinin inkişaf riski əhəmiyyətli dərəcədə yüksəlir.

Qadın cinsiyyət sisteminin xəstəliklərinin erkən diaqnostikası və müalicəsi məqsədilə vaxtaşırı ginekoloji müayinələr məsləhət görülür. Təsadüfi cinsi əlaqələr istisna olunmalı, əsassız invaziv müdaxilələrdən imtina edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: