Serozometra

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 2680

serozometra nədir?Serozometra — seroz mayenin hipersekresiyası və ya mexaniki maneələrlə əlaqədar onun uşaqlıq yoluna axınının qarşısının alınması nəticəsində uşaqlıq boşluğunda eksudatın toplanmasıdır. İlkin mərhələlərdə simptomsuz gedir və ginekoloji müayinələrdə təsadüfən aşkarlanır. Mayenin iri həcmdə toplanması zamanı qasıqüstü nahiyədə küt ağrı, sidik ifrazının tezləşməsi, qəbizlik və çanaq orqanlarının fəaliyyətinin digər pozğunluqları müşahidə edilir. Diaqnostika məqsədilə bimanual müayinə, USM, endoskopik, tomoqrafik, sitoloji və mikrobioloji üsullardan istifadə olunur. Müalicə serozometraya səbəb olan xəstəliyin aradan qaldırılmasına yönəldilir.

  • Serozometranın yaranma səbəbləri
  • Patogenez
  • Serozometranın əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Serozometranın müalicəsi
  • Proqnoz və profilaktika

Serozometra barədə ümumi məlumat

Serozometranın səbəbləriUşaqlıqda seroz mayenin toplanması sekresiyanın artması və ya eksudatın uşaqlıq yoluna axınının pozulması ilə müşayiət olunan bir sıra xəstəliklərin qeyri-spesifik təzahürüdür. Serozometra çox vaxt penomauza dövründə qadın cinsiyyət orqanlarında gedən involyutiv proseslər fonunda baş verir və ginekoloji USM prosesində bu qrupdan olan 40% pasiyentlərdə aşkar edilir. Belə pozulmalar adətən postmenopauza müddəti 15-25 il olan qadınlarda qeydə alınır. Reproduktiv yaşlı pasiyentlərdə uşaqlıqdaxili mayenin yaranması postmenopauza dövründəki serozometranın etiologiyasından fərqlənir, tez və dəqiq differensial diaqnostikanın aparılmasını tələb edir.

Serozometranın yaranma səbəbləri

Uşaqlıq boşluğunda seroz mayenin toplanması onun uşaqlıq yoluna axınını təmin edən yolların keçiriciliyinin mexaniki pozulması və ya qeyri-adekvat sekresiya və ekskresiya fonunda hipersekresiya ilə əlaqədardır. Üzvi çatışmazlığın əsas səbəbləri aşağıdakılardır:

  • Servikal kanalın daralması və ya bitişməsi (atreziya). Postmenopauza dövründə qadın cinsi hormonlarının səviyyəsinin azalması nəticəsində toxumaların atrofiyası zamanı müşahidə edilir. Bundan əlavə uşaqlıq boynu kanalının keçiriciliyinin pozulması qadın cinsiyyət orqanlarının anomaliyaları, servisitlə bağlı olur.
  • Şiş törəmələri. Servikal kanalın polipləri, çoxsaylı miomatoz düyünlər, tək sayda iri mioma və ya uşaqlıq boğazı və uşaqlığın daxili əsnəyi nahiyəsində bədxassəli şiş seroz mayenin axınına mane ola bilər.
  • Servikal kanalın strikturaları, uşaqlıq boşluğunun sinexiyaları. Bu cür pozğunluqlar adətən spesifik və qeyri-spesifik iltihab, abortlar, diaqnostik qaşınmalar və digər ginekoloji invaziv prosedurlardan sonra formalaşır.

Həmçinin endometrium tərəfindən ekssudatın sekresiyasının artması və ya onun fallopiya borularından axması serozometranın yaranmasına gətirib çıxarır. Seroz mayenin hiperproduksiyasına bir sıra patoloji vəziyyətlərdə rast gəlinir:

Serozometranın formalaşmasında yerli və ümumi immuniteti zəiflədən, hormonal dəyişikliklərə və reproduktiv sistemin vaxtından əvvəl qocalmasına səbəb olan amillər mühüm rol oynayır:

  • Zərərli vərdişlər və asılılıq. Siqaret və spirtli içkilərdən istifadə, nizamsız cinsi həyat həm immun, həm də endokrin sisteminə neqativ təsir göstərərək, onların üzülməsinə səbəb olur.
  • Aybaşı disfunksiyası və hormonal preparatların sistemsiz qəbulu. Qadın cinsi hormonlarının çatışmazlığı və ya yüksək səviyyəsi endometrium və uşaqlıq boynunun vəziyyətinə birbaşa təsir edir, endokrin disbalans seroz mayenin hipersekresiyasına və onun axınının pozulmasına gətirib çıxara bilər.

Serozometranın yaranmasının əlavə risk amillərinə hipodinamik həyat tərzi, qeyri-rasional qidalanma – maddələr mübadiləsini pozan məhsulların qəbulu aiddir.

Serozometranın patogenezi

Servikal kanal, uşaqlıq və artımların üzvi dəyişiklikləri zamanı endometriumun hasil etdiyi və ya qadın cinsiyyət sisteminin digər hissələrindən daxil olan seroz maye tədircən uşaqlıq boşluğunda toplanır. Qeyri-iltihabi və iltihabi ekssudatın həcmi artdıqca uşaqlığın ölçüləri böyüyərək, kiçik çanağın qonşu orqanlarına – sidik kisəsi, düz bağırsaq, yaxınlıqda yerləşən damar və sinirlərə təzyiq edir. Gecikmiş hallarda serozometraya infeksion prosesin qoşulması kəskin iltihabi xəstəliklər və irinli möhtəviyyatın toplanması – piometra ilə nəticələnə bilər.

Serozometranın əlamətləri

Serozometranın əlamətləriUşaqlıq boşluğunda seroz mayenin toplanması erkən mərhələlərdə klinik olaraq təzahür etmir, əksər hallarda planlı ginekoloji USM zamanı təsadüfən aşkarlanır. Serozometra uşaqlığın böyüməsi ilə müşayiət olunduqda pasiyentləri qasıqüstü nahiyədə küt və ya sızıltılı ağrılar narahat edir, bəzən sidik ifrazının tezləşməsi, sidik kisəsi və ya düz bağırsağa təzyiq hissi, qəbizlik və ya ishal qeyd olunur. Ağrı cinsi əlaqə və ya fiziki yüklənmələr zamanı güclənə bilər.

Servikal kanalın keçiriciliyinin saxlanılması zamanı qadınlar vaginal ifrazatların miqdarının artmasından şikayət edir. Onlar adətən sulu konsistensiyalı, şəffaf və ya açıq-boz rəngdə olur. İrinli-iltihabi proseslərin qoşulduğu hallarda axıntıların xarakteri dəyişir: qatılaşır, sarı-yaşıl rəngə, xoşagəlməz iyə malik olur. Bu zaman ağrı güclənir, hərarət yüksəlir, ümumi halsızlıq, əzginlik, yorğunluq, başgicəllənmə izlənilir.

Serozometranın ağırlaşmaları

Serozometranın ən təhlükəli ağırlaşması irinləmə, intoksikasiyanın yerli və ümumi əlamətləri, qadın cinsiyyət sisteminin digər orqanlarının infeksion zədələnmələri ilə gedən infeksiyalaşmadır.  Böyüyən uşaqlıq kiçik çanaq orqanlarını sıxaraq, onların funksional pozğunluqlarına, eləcə də aşağı ətraflardan qan axınının pozulmasına, ödemlərin formalaşmasına gətirib çıxarır.

Serozometranın diaqnostikası

Diaqnostika prosesi seroz mayenin toplanmasına səbəb olan amillərin aşkarlanmasına yönəldilir. Bu məqsədlə pasiyentlərə kompleks ginekoloji müayinə məsləhət görülür:

  • Mama-ginekoloqun baxışı. Bimanual baxış zamanı uşaqlığın böyüməsi müəyyən edilir. Vaginal güzgülərin köməyilə aparılan müayinə prosesində servikal kanaldan sulu konsistensiyalı ifrazatlar müşahidə edilir.
  • Kombinəolunmuş ginekoloji USM (ТА+ТV). Transabdominal ötürücü vasitəsilə inkişaf anomaliyaları, uşaqlığın formasının dəyişilməsi, endometriumda gedən hiperplastik proseslər, miomatoz düyünlər, digər neoplaziyaların olması və onların yerləşmə xüsusiyyətləri, uşaqlıq boruları və yumurtalıqların patologiyası, servikal kanalın keçiriciliyini təyin etmək mümkündür. Daha ətraflı vizualizasiya məqsədilə transabdominal USM transvaginal müayinə ilə tamamlanır.
  • Tomoqrafik müayinə. Kiçik çanağın KT və MRT cinsiyyət sistemi orqanlarının 3 ölçülü təsvirini əldə etməyə və onların patoloji dəyişikliklərini üzə çıxarmağa imkan verir.
  • Diaqnostikanın endoskopik üsulları. Uşaqlıq boşluğu və servikal kanalda seroz mayenin axınına mane olan üzvi dəyişikliklərin, eləcə də hipersekresiyaya səbəb olan patologiyanın vizual aşkar edilməsi üçün servikoskopiya və histeroskopiya aparılır.
  • Endometriumun aspirasion biopsiyası. Müayinə prosesində endometriumun funksional vəziyyətinin histoloji və sitoloji diaqnostikası üçün material əldə olunur.
  • Qanda onkomarkerlərin təyini. Şiş prosesinin vaxtında aşkar edilməsi məqsədilə СА-125 və digər şiş antigenlərinin miqdarı təyin edilir.
  • Kompleks laborator müayinələr. Yaxmanın floraya görə müayinəsi və bakterioloji əkilmənin nəticələrinə əsasən iltihabi ekssudatın yaranmasına səbəb olan infeksion agentlər müəyyən edilir.
  • Rəngli dopplerometriya. Servikal kanalın daralması və ya atreziyası ilə müşayiət olunan uşaqlıq boynunun involyutiv prosesləri zamanı damarların sklerozlaşmasının dopplerometrik əlamətləri qeyd edilir.

Reproduktiv dövrdə serozometranın uşaqlıq boşluğunda mayenin toplanması ilə müşahidə olunan digər vəziyyətlərdən – loxiometra, hematometra, piometradan differensial diaqnostikası çox əhəmiyyətlidir.  Şübhəli hallarda diaqnozun qoyulması üçün  onkoginekoloq və cərrah cəlb edilir.

Serozometranın müalicəsi

Müalicə sxemi uşaqlıq boşluğunda aşkarlanan seroz mayenin həcmindən, onun yığılma dinamikasından və patoloji vəziyyətə səbəb olan amillərdən asılıdır. Mayenin həcminin 5 ml-dən az olduğu və infeksion proseslərin əlamətlərinin izlənilmədiyi hallarda US-nəzarətlə dinamik müşahidə, həmçinin uşaqlıq qan dövranını stimulyasiya edən, damarların tonusunu və epitelin regenerasiyasını yaxşılaşdıran preparatların təyini məsləhət görülür. Belə vəziyyətlərdə əlavə olaraq fizioterapiyanın tətbiqi müsbət nəticələr verir.

Seroz mayenin həcminın 5 ml-dən çox olması, miqdarının dinamikada artması, mexaniki maneələrin olmaması və iltihabi dəyişikliklərın yaranması zamanı serozometrin kompleks müalicəsi aparılır. Bir qayda olaraq, pasiyentlərə aşağıdakı qrup preparatlar təyin olunur:

  • Antibakterial və iltihabəleyhinə preparatlar. Törədicilərin həssaslığı nəzərə alınmaqla etiotrop vasitələrin tətbiqi optimal variant hesab olunur. Etioloji amili müəyyən etmək mümkün olmadıqda 10—14 gün müddətində geniş təsir spektrinə malik empirik antimikrob terapiya  ilə qeyri-steroid iltihabəleyhinə vasitələrin kombinasiyasından istifadə edilir.
  • Eubiotiklər və immunomodulyatorlar. Bu qruplara daxil olan preparatlar vaginal mikrofloranı bərpa edir, immuniteti möhkəmləndirir.
  • Estradiol tərkibli vasitələrin yerli (vaginal) istifadəsi. Müşahidələrə əsasən serozometranın müalicəsinə hormonal preparatların əlavə olunması uzaq nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Seroz mayenin axınına mane olan üzvi patologiyalar zamanı əsas patologiyanın müalicə üsulları göstəriş sayılır: servikal kanalın bujlanması, polipin xaric edilməsi, miomektomiya, həcmli neoplaziyaların terapevtik və cərrahi müalicəsi və s.

Serozometranın proqnoz və profilaktikası

Serozometranın kompleks antibakterial, iltihabəleyhinə və yerli hormonal terapiyası zamanı uşaqlıq boşluğu və servikal kanalın üzvi dəyişiklikləri rast gəlinməyən pasiyentlərdə xəstəliyin proqnozu qənaətbəxşdir. Tədqiqatların nəticələrinə əsasən 90% pasiyentlərdə uşaqlıq boşluğu mayedən tamamilə təmizlənir, 9%-də isə onun miqdarı xeyli azalır.  Üzvi patologiyalar zamanı proqnoz əsas xəstəliyin xarakterindən asılı olur.

Serozometranın birincili profilaktikasının xüsusi üsulları mövcud deyil, lakin risk amillərinə nəzərən aktiv həyat tərzi, baryer kontraseptivlərdən istifadə, rasional qidalanma, invaziv müayinə və müalicə üsullarının təyininə adekvat yanaşma effektiv ola bilər. Patologiyanın vaxtında aşkar edilməsi məqsədilə menopauza və postmenopauza dövründə müntəzəm ginekoloji baxış və USM məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: