Sonsuzluq

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2449

Sonsuzluq nədir?Sonsuzluq – 1 il ərzində qorunmadan aktiv cinsi həyat yaşayan qadının hamilə qala bilməməsidir. Son illərdə bu ağır diaqnozla qarşılaşan cütlüklərin sayı artmaqdadır. Aşağıda Sizi sonsuzluğun səbəbləri, növləri və müalicəsi ilə tanış edəcəyik.  

Birincili sonsuzluq  

Bu patologiya qadının heç bir zaman hamiləlik keçirməməsi ilə xarakterizə olunur. Onun əsasında cinsi orqanların anadangəlmə inkişaf anomaliyaları, genetik və xromosom qüsurları dayanır.  

İkincili sonsuzluq

Bu problem “qazanılmış” hesab olunur. Belə vəziyyətlərdə qadın keçmişdə hamilə qalsa da, yenidən ana ola bilmir. İkincili sonsuzluğa somatik xəstəliklər, psixi patologiya, ətraf mühit amilləri səbəb olur.  

Sonsuzluq faktorları

Sonsuzluğun boru faktoru

Sonsuzluğun müalicəsiUşaqlıq borularının keçiriciliyi pozulduqda meydana çıxır. Bununla əlaqədar spermatozoid yumurtahüceyrəyə çata bilmədiyindən mayalanma baş vermir. Sonsuzluğun bu növünün diaqnostikasında histerosalpinqoqrafiya (uşaqlıq borularının keçiriciliyinin rentgenoloji üsulla yoxlanılması), exosalpinqoqrafiya (boruların ultrasəs müayinəsi) və laparoskopiya aparılır.

Kişi faktoru

sonsuzluq əlamətləriKişi sonsuzluğunun başlıca səbəblərinə neyro-psixoloji faktor, anadangəlmə anomaliyalar, genetik amillər, infeksiya, intoksikasiya, xarici mühitin təsiri, yüksək və yaxud aşağı temperatur, dərman preparatlarının və spirtli içkilərin qəbulu aiddir. Bu faktorun aşkarlanmasında spermoqramma mühüm yer tutur.  

Sonsuzluğun qadın faktoru

  • psixi

Hər hansı orqan və sistemin fəaliyyət pozğunluğu ilə bağlı olmur. Həkimlər onu funksional sonsuzluq adlandırırlar. Qeyd olunan forma adətən stress, ailədaxili münaqişələr fonunda sinir sisteminin pozulması nəticəsində yaranır.  

  • uşaqlıq mənşəli

Sonsuzluğun bu forması uşaqlığın quruluşu və yoxluğu ilə bağlı patologiyalar fonunda əmələ gəlir. Əvvəllər belə qadınların heç bir zaman ana ola bilməyəcəyi hesab olunurdu. Hazırda isə bu problem süni mayalanma və surroqat analıq üsulu ilə asanlıqla aradan qaldırılır. Uşaqlıq mənşəli sonsuzluq kiçik çanaq orqanlarının USM, ehtiyac olduqda histereskopiya, laparoskopiya ilə üzə çıxarılır.  

  • hormonal

Endokrin sistemin fəaliyyətindəki kənaraçıxmalarla əlaqəlidir. Hormonal fonun pozulması cinsi hüceyrələrin formalaşmasına, inkişaf və yetişməsinə təsir göstərir. Belə hallarda ovulyasiya olmur, mayalanmaya hazır yumurtahüceyrələr yaranmır. Bu səbəbdən hamiləlik baş tutmur.  

  • endometrioz

Endometriumun uşaqlıq boşluğundan kənarda artıb çoxalması ilə səciyyələnir. Bu xəstəlikdə spermatozoidlərin uşaqlıq boruları ilə hərəkəti və yaxud döl yumurtasının uşaqlığa implantasiyası pozulduğundan hamiləlik müşahidə edilmir.  

  • polikistoz 

Yumurtalıqların xəstəliyi olub, dominant follikulun böyüməməsi və nəticədə aktiv yumurtahüceyrələrin yetişməməsi ilə xarakterizə edilir.  

  • yaş

Yaşlı qadınlarda anovulyator sikl baş verdiyindən yumurtahüceyrənin spermatozidlə birləşməsi mümkün olmur. Həmçinin ananın yaşı 35-i keçdikdə embrionda xromosom anomaliyalarının yaranma ehtimalı yüksəlir.  

Mənşəyi bilinməyən sonsuzluq

Buna tibbdə “idiopatik sonsuzluq” deyilir. Onun diaqnostika və müalicəsi mürəkkəbdir. Sonsuzluğun bu formasına nadir hallarda rast gəlinir.  

Sonsuzluğun diaqnostikası

Xəstə ginekoloqa müraciət edərkən anamnez toplanılır. Sonsuzluğun müddəti, keçmişdə hamiləlik və doğuşun olub-olmaması müəyyən edilir. Bundan əlavə həkim hansı müalicə üsullarının aparıldığını dəqiqləşdirir. Sonra ginekoloji müayinə aparılır və aşağıdakı üsullar təyin edilir: 

  1. Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi 
  2. Hormonal analizlər
  3. Ümumklinik üsullar: qan və sidik analizi, uşaqlıq boynunun sitoloji müayinəsi, bakteriskopik, bakterioloji müayinə  
  4. Ehtiyac olduqda uşaqlıq borularının keçiriciliyinin yoxlanılması.

Müayinənin nəticələrinə əsasən sonsuzluğun səbəbi aşkarlanır və effektiv müalicə üsulu təyin edilir.  

Sonsuzluğunun müalicəsi

Sonsuzluğun korreksiyasında müxtəlif metodlar tətbiq edilir. Uşaqlıq mənşəli sonsuzluq hallarında cərrahi üsullar (histeroskopiya, laparoskopiya) aparıla bilər. 

İnfeksion xəstəliklərin terapiyasında antibiotiklər və iltihabəleyhinə preparatlardan istifadə edilir.  

Psixogen sonsuzluq zamanı psixoterapiya müsbət nəticələr verir.  

Sonsuzluğun kişi faktorunda androloq səbəbi üzə çıxarır və müvafiq müalicə təyin edir.  

Həmçinin sonsuzluq zamanı köməkçi reproduktiv texnologiya effektiv sayılır. Onlara aşağıdakılar aiddir: 

Süni mayalanma. Son zamanlarda ən çox tələb olunan metoddur. Bu üsulun mahiyyəti yumurtahüceyrələrin laborator şəraitdə mayalandırılmasınan və hazır embrionun ananın uşaqlığına köçürülməsindən ibarətdir.  

İnseminasiya (aşılama). Bu zaman spermatozoidlər uşaqlıq boşluğuna yeridilir. Adətən kişi sonsuzluğunda məsləhət görülür.  

Ovulyasiyanın induksiyası. Ovulyasiyanın pozulması ilə müşayiət olunan endokrin mənşəli sonsuzluqda istifadə olunur. Belə xəstələrə dominant follikulun böyüməsini və ovulyasiyanı təmin edən dərman preparatları təyin edilir.  

Sadalanan üsullar qadına hamilə qalmağa imkan verir. Əsas odur ki, peşəkar həkimə müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: