Spontan düşük

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3271

spontan düşük nədir?Spontan düşük – hestasiyanın 28-ci həftəsinə qədər hamiləliyin öz-özünə pozulmasıdır. Spontan düşük qarında sızıltılı və ya tutmaşəkilli ağrılar, qanlı ifrazat, döl yumurtasının uşaqlıqdan qovulması ilə təzahür edir. Hamiləliyin öz-özünə pozulmasının diaqnostikası ginekoloji baxış və USM nəticələrinə əsaslanır. Hestasiyanın sonluğu düşüyün mərhələlərindən asılıdır: düşük təhlükəsi zamanı adətən, başlanmış formalarda isə nadir hallarda hamiləliyi qorumaq mümkün olur.

  • Spontan düşüklərin yaranma səbəbləri
  • Spontan düşüklərin əlamətləri
  • Spontan düşüklərin diaqnostikası
  • Spontan düşüklərin müalicəsi
  • Spontan düşüklərin profilaktikası

Spontan düşük barədə ümumi məlumat

Spontan düşük– hamiləliyin dölün həyat qabiliyyətinə malik olmadığı mərhələdə qəfil pozulması ilə xarakterizə olunan mamalıq patologiyasıdır. Hamiləliyin pozulma müddətindən asılı olaraq, erkən (hestasiyanın 12-ci həftəsinə qədər) və gec (hestasiyanın 12-28-ci həftələrində) düşüklər ayırd edilir. Spontan düşüklərin əksəriyyəti hamiləliyin I trimestrində embriogenezin əsas mərhələlərinin sona çatması və ciftin formalaşmasından əvvəl baş verir. Hestasiyanın 28-ci həftəsindən sonra hamiləliyin öz-özünə pozulması vaxtından əvvəl doğuş hesab olunur.

Spontan düşüklərə inkişaf etməyən hamiləliklər: anembrioniya (boş döl yumurtası) və donmuş hamiləlik (embrion və ya dölün ölümü) aid edilir. Hamiləliyin ardıcıl olaraq 2 dəfədən artıq pozulması təkrari düşük adlanır.

Spontan düşüklərin səbəbləri

Spontan düşüklərin səbəbləriErkən düşüklər adətən xromosom patologiyaları, az hallarda isə mayalanmış yumurtahüceyrənin uşaqlığın selikli qişasına implantasiyasının pozulması ilə əlaqədardır. Hamiləliyin öz-özünə pozulmasına endokrin pozğunluqlar (progesteron çatışmazlığı, hipotireoz); ananın autoimmun xəstəlikləri (antifosfolipid sindromu); uşaqlıq boşluğunun deformasiyası (ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə, sinexiyalar, mioma, poliplər) səbəb ola bilər.

İstmiko-servikal çatışmazlıqla (İSÇ) müşayiət olunan keçmiş abortlar, cinsiyyət orqanlarının iltihabı xəstəlikləri (endometrit, endoservisit, adneksit), hamiləlik dövründə keçirilmiş infeksiyalar (qrip, toksoplazmoz, məxmərək, mikoplazmoz) hestasiyanın sonluğuna mənfi təsir göstərir.

Təkrar düşüklər, çoxdöllü hamiləlik, rezus-uyğunsuzluq, anada şəkərli diabet, hipertoniya, böyrək çatışmazlığı, fol turşusunun çatışmazlığı, aktiv fiziki yüklənmələr, travmalar, zərərli vərdişlər (siqaretdən istifadə) zamanı spontan düşüklərin riski artır. Eləcə də EKM nəticəsində hamiləlik, mayalanma anında UDS olması, invaziv prenatal diaqnostikanın (amniosentez, xorionun biopsiyası, kordosentez) aparılması hamiləliyin öz-özünə pozulma ehtimalını yüksəldir.

Spontan düşüklərin əlamətləri

Spontan düşüklərin əlamətləriHamiləliyin öz-özünə pozulmasının klinik simptomatikasına görə düşük təhlükəsi, başlanmış və başa çatan düşüklər ayırd edilir. Düşük təhlükəsi zamanı qarnın aşağı hissəsi və oma nahiyəsində sızıltılı ağrılar yaranır; gec mərhələlərdə ağrı tutmaşəkilli xarakter daşıyır. Uşaqlıq yolundan selikli-qanlı və ya qanlı ifrazatlar müşahidə oluna bilər. Uşaqlığın tonusu artır, onun ölçüləri hestasiya müddətinə uyğundur; uşaqlıq boynu normal uzunluqda olub, bağlıdır; dölün böyümə və inkişafı adətən pozulmur.

Başlanmış düşüklər daha ifadəli tutmaşəkilli ağrılar və cinsi yollardan qanlı ifrazatlar, uşaqlıq boynunu bir qədər açılması, dölün ayrılmaması ilə xarakterizə olunur. Başa çatan düşüklər zamanı qarnın aşağı hissəsində müntəzəm tutmaşəkilli ağrılar, əksər hallarda gur qanlı ifrazatlar əmələ gəlir. Uşaqlıq boynunun daxili və xarici əsnəyi açıqdır, döl yumurtası uşaqlıq boynu kanalında və ya uşaqlıq yolunda yerləşə bilər, uşaqlığın ölçüləri hamiləlik müddətindən az olur, dölyanı mayenin axması mümkündür.

Hamiləliyin öz-özünə tam pozulması zamanı döl yumurtası uşaqlıq boşluğundan qovulur, uşaqlıq yığılır, qanaxma dayanır. Natamam düşüklərdə döl yumurtasının bəzi hissələri uşaqlıq boşluğunda ləngiyir, uşaqlıq tam yığılmır, iri həcmli qanitirmə və hipovolemik şok baş verə bilər.

Ağırlaşmamış septiki (infeksiyalaşmış) düşüklər endometrium və döl qişalarında iltihabi proseslər (endometrit, xorionit, amnionit), hərarətin yüksəlməsi, taxikardiya, uşaqlığın ağrılı olması, cinsi yollardan qanlı, bəzən isə irinli ifrazatla səciyyələnir. Ağırlaşmış septiki düşüklər zamanı hamilə qadının ümumi vəziyyəti pisləşir, qızdırma, titrətmə, ağrılar, dispeptik və dizurik pozğunluqlar, kiçik çanaqda irinli proseslər (salpingit, parametrit, pelvioperitonit) yaranır. Hamiləliyin öz-özünə pozulmasının infeksiyalaşmış forması generalizəolunmuş septiki infeksiyalar və infeksion-toksiki şokun inkişafı ilə müşayiət olunur.

Spontan düşüklərin diaqnostikası

Spontan düşüklərin diaqnozu klinik simptomatikanın, vaginal, bimanual baxış, ultrasəs müayinənin nəticələrinə əsasən qoyulur. Ginekoloji baxış uşaqlıq boynunun vəziyyətini qiymətləndirməyə, servikal kanaldan ifrazat və ya qanaxmanı, döl yumurtası və onun qalıqlarının qovulmasını aşkar etməyə imkan verir. Bimanual müayinə vasitəsilə uşaqlığın ölçüləri, onun konsistensiya və tonusu təyin edilir.

USM spontan düşüyün əlamətlərini: döl yumurtasında embrionun olmaması, döl yumurtasının (ciftin) ayrılması, embrionun (dölün) ölçülərinin hestasiya müddətinə uyğun gəlməməsi, döldə ürək döyüntülərinin olmamasını müəyyən etməyə kömək edir.

Spontan düşükləri anovulyator uşaqlıq qanaxmaları, uşaqlıq və uşaqlıq yolunun neoplaziyaları, beçəxoruşaqlıqdan kənar hamiləlikdən differensiasiya etmək lazımdır. Ehtiyac olduqda kolposkopiya, biopsiya, kuldosentez və diaqnostik laparoskopiya icra edilir.

Diaqnostika zamanı qanın ümumi analizi aparılır, qanda XQ və progesteronun konsentrasiyası, Rh-amil, trombostitlərin miqdarı, fibrinogen səviyyəsi təyin edilir. Septiki düşüyə şübhə yarandıqda  qan, sidik və qaşınmadan sonra alınan materialın bakterioloji müayinəsi həyata keçirilir. Təkrar düşüklər zamanı döl yumurtası qalıqlarının sitogenetik müayinəsindən istifadə olunur.

Spontan düşüklərin müalicəsi

Hamiləliyin I trimestrində düşük təhlükəsi yarandıqda yataq rejimi, pəhriz, sedativ və spazmolitik vasitələr, E vitamini, hormonal preparatlar (adətən gestagenlər) təyin olunur, cinsi əlaqələr istisna edilir. Hestasiyanın II və III trimestrlərində düşük təhlükəsi zamanı stasionar müalicə, uşaqlıq boynu və dölün vəziyyətinin nəzarət altına alınması tələb olunur. Spazmolitik və tokolitik vasitələr tətbiq edilir, İSÇ zamanı hestasiyanın 14-16-cı həftəsində uşaqlıq boynuna sirkulyar tikiş qoyulur.

Başlanmış düşüklər zamanı təcili hospitalizasiya, qandayandırıcı vasitələr, hamiləliyin I trimestrində estrogen tərkibli preparatlar, progesteronun istifadəsi göstəriş sayılır. Başa çatan düşüklər aşkarlandıqda döl yumurtasının qalıqları vakuum-aspirasiya və ya uşaqlıq boşluğunun qaşınması yolu ilə xaric edilir. Hamiləliyin I trimestrində baş tutmayan düşüklər zamanı uşaqlıq boşluğu instrumental və ya medikamentoz üsullarla döl yumurtasından təmizlənilir; daha gec mərhələlərdə isə süni doğuşlar tətbiq olunur. Uşaqlığın qaşınmasından sonra antibakterial terapiya, oksitosik vasitələr təyin edilir. Rh (-) qanı olan pasiyentlərə antirezus immunoqlobulin yeridilir

Spontan düşüklərin septiki formalarının müalicəsinin ümumi prinsiplərinə infuzion və transfuzion terapiya, oksigen inhalyasiyaları, antibakterial terapiya, döl yumurtasının qalıqları və nekrozlaşmış toxumaların instrumental yolla xaric edilməsi aiddir. Antimikrob terapiyanın qeyri-effektivliyi zamanı panhisterektomiya (uşaqlığın artımlarla birlikdə çıxarılması) mümkündür.

Spontan düşüklərin profilaktikası

Spontan düşüklərin səbəblərini aşkar etmək üçün cütlüklər tam müayinə olunmalı, sağlam həyat tərzi keçirməli, növbəti hamiləlik yalnız düşükdən ən azı 3 ay keçdikdən sonra planlaşdırılmalıdır. Anamnezində təkrar düşüklər olan hamilələrin müalicəsinə hestasiyanın öz-özünə pozulmasının klinik təzahürlərindən əvvəl başlamaq lazımdır. Bir dəfə baş verən spontan düşükdən sonra gələcək hamiləliyin uğurla başa çatma ehtimalı yüksək hesab olunur.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: