Süni mayalanma
Süni mayalanma – mayalanma və embriogenezin ilkin mərhələlərinin laboratoriya şəraitində, yəni ana orqanizmindən kənarda həyata keçirilməsi ilə xarakterizə olunan reproduktiv üsuldur. Onun tibbi adı ekstrakorporal mayalanmadır. Bu üsul sonuszluğun müalicə yollarının (cərrahi, dərman preparatları) heç bir nəticə vermədiyi hallarda tətbiq edilir. Süni mayalanma prosesində əldə olunan cinsi hüceyrələr «sınaq borusunda» («in vitro») mayalandırırlır. 2-5 gün ərzində embrion inkubator şəraitində inkişaf etdikdən sonra ananın uşaqlığına yeridilir. Süni mayalanma prosedurunun aşağıdakı mərhələləri vardır:
- Superovulyasiyanın induksiyası (yumurtalıqların stimulyasiyası), follikulların yetişməsinin və endometriumun transformasiyasının monitorinqi
- Yumurtalıqlarda yetişmiş follikulların punksiyası və oositlərin (yumurtahüceyrələr) yığılması; spermatozoidlərin əldə edilməsi
- Cinsi hüceyrələrin seçilməsi
- Yumurtahüceyrənin in vitro mayalandırılması və embrionun inkişafı
- Hazır embrionun uşaqlığa yerləşdirilməsi
- Aybaşı siklinin lütein fazasının dəstəklənməsi.
Süni mayalanmaya göstəriş və əks-göstərişlər
Ekstrakorporal mayalanmanın göstərişi müalicəyə tabe olmayan sonsuzluqdur. Adətən süni mayalanma uşaqlıq borularının zədələnməsi, tutulması və ya olmaması, endometrioz, keyfiyyətsiz sperma, uğursuz süni inseminasiya (aşılama) zamanı aparılır.
Hamiləlik və doğuş üçün təhlükəli sayılan somatik və psixi xəstəliklərdə; embrionun yapışmasına və dölün daşınmasına mane törədən uşaqlığın anadangəlmə anomaliyalarında və ya qazanılmış deformasiyalarında; yumurtalıq və uşaqlığın cərrahi müdaxilə tələb edən törəmələri; keçmişdə baş verən və ya hal-hazırda gedən istənilən növ iltihabi və onkoproseslər süni mayalanmaya qadağadır.
Süni mayalanmanın baş tutması
Nəticənin uğurlu olması bu göstəricilərdən asılıdır:
- ailə üzvlərinin yaşı;
- bədən çəkisi;
- peşə zərərləri;
- sonsuzluğun müddəti və aparılan süni mayalanma cəhdlərinin sayı;
- xroniki xəstəliklər, o cümlədən ginekoloji patologiyalar və endokrin pozğunluqlar;
- ovarial ehtiyatı azaldan yumurtalıq əməliyyatları;
- spermanın patologiyaları;
- spermatogenezi korlayan kimyaterapevtik, şüa və digər təsirlər.
Süni mayalanma prosesinə hazırlıq
Prosedurdan əvvəl cütlüklərdə rezus-faktor, qan qrupu, infeksiyalar (sifilis, HİV), hepatit C virusuna qarşı anticisimlər, Avstraliya antigeni yoxlanılır. 35 yaşdan yuxarı cütlüklərdə tibbi-genetik müayinə göstərişdir. Kişilər üçün spermoqramma mütləqdir. Qadınların müayinə planına qanın ümumi göstəriciləri, koaquloqramma, qanda hormonların (prolaktin, FSH, TTH, T4, T3, testosteron, kortizol və s.) yoxlanılması; ginekoloji yaxma; USM, kolposkopiya və salpinqohisteroskopiya/qrafiya daxildir.
Süni mayalanma prosesinin nəticələri
Nəticənin uğurlu olması üçün bəzən prosedur bir neçə dəfə təkrarlanır. 1 süni mayalanma cəhdində hamiləliyin baş tutma ehtimalı – 22-25%, 37 yaşdan sonra – 10%, 40 yaşı keçdikdə isə 4-5% təşkil edir. Bu göstərici yaş artdıqca yumurtahüceyrələrin say və keyfiyyətinin azalması ilə izah olunur. Pasiyentlərin 72%-də suni mayalanma nəticəsində əldə edilən hamiləlik təkdöllü olur. Ekstrakorporal yolla baş tutan hamiləliklər adi hamiləliklərdən fərqlənməyib, eyni risklərlə müşayiət olunur.