Sürətli doğuş
Sürətli doğuş – ilk dəfə doğan qadınlarda 6 saatdan, təkrar doğan qadınlarda isə 4 saatdan az davam edən doğuşdur. Sinir sisteminin yüksək oyanıqlığı, mübadilə pozğunluqları, bəzi somatik və endokrin xəstəliklər, çoxsaylı doğuşlar, reproduktiv sistemin xəstəlikləri və hamiləliyin gedişinin ağırlaşması nəticəsində yaranır. Sürətli doğuş uşaqlıq boynunun tez açılması, sancıların gücü və tezliyinin artması, sancılararası intervalın azalması ilə xarakterizə olunur. Bu patologiya ana və uşağın həyatı üçün təhlükə törədə bilır. Diaqnoz anamnez, mamalıq müayinəsi və kardiotokoqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə: uşaqlığın aktivliyinin azalmasına yönəldilmiş farmakoterapiya.
- Sürətli doğuşun yaranma səbəbləri
- Sürətli doğuşun gedişi
- Sürətli doğuşun nəticələri
- Sürətli doğuşun diaqnostikası
- Sürətli doğuşun aparılması
Sürətli doğuş barədə ümumi məlumat
Bu patologiyanın bir forması ilk dəfə doğan qadınlarda 4 saatdan az, təkrar doğan qadınlarda isə 2 saatdan az davam edən tez doğuşlardır. Müxtəlif məlumatlara əsasən sürətli və tez doğuşlar ümumi doğuşların ümumi sayının 0,4-2,1%-ni təşkil edir. Mamalıq və ginekologiyada belə doğuşlar ana və uşağın həyatı üçün təhlükə törətdiyindən patoloji sayılır. Sürətli doğuş cinsi orqanların cırılması, qanaxmalar, qasıq sümüklərinin aralanması, ciftin vaxtından əvvəl ayrılması, doğuş travmaları və yenidoğulmuşun asfiksiyası ilə müşayiət oluna bilər. Ağırlaşmaların yaranma ehtimalı birbaşa olaraq doğuş fəaliyyətinin sürətindən asılıdır.
Sürətli doğuşun səbəbləri
Sürətli doğuşun yaranmasına bəzi genetik xüsusiyyətlər, sinir sisteminin yüksək oyanıqlığı, hamiləliyin fəsadlaşmış gedişi, qeyri-qənaətbəxş mamalıq-ginekoloji anamnez, çoxsaylı doğuşlar, hormonal fonun kəskin dəyişməsi, bəzi somatik və endokrin xəstəliklər səbəb ola bilər. Bəzi qadınlarda sürətli doğuş irsi xarakter daşıyır Bu, orqanizmin genetik xüsusiyyətləri ilə – miometriumun yüksək oyanıqlığı (uşaqlıq hüceyrələrinin normal qıcıqlandırıcılara yüksək cavab reaksiyası verir) və ya funksional istmiko-servikal çatışmazlıq (birləşdirici və əzələ toxuması arasında nisbətin pozulması və ya əzələ toxumasının hormonal fonun dəyişikliklərinə qarşı yüksək həssaslığı) ilə əlaqədardır.
Sürətli doğuş əksər hallarda sinir sisteminin yüksək oyanıqlığı (həyəcan pozğunluqları, nevroz, isteriya), eləcə də hipertoniya xəstəliyi, anemiya, ürək-damar və infeksion xəstəliklərdən əziyyər çəkən şəxslərdə müşahidə olunur. Mütəxəssislərin fikrincə yuxarıda sadalanan bütün hallarda sürətli doğuşun yaranma səbəbi sinir sisteminin fəaliyyətinin pozulması- uşaqlıq reseptorundan baş beyinə daxil olan afferent impulsların tezləşməsi və ya qeyri-adekvat işlənməsidir, bunun nəticəsində sonralar doğuş fəaliyyətinin sinir tənziminin pozğunluqları yaranır. Sürətli doğuşun yaranma ehtimalını artıran daha bir amil mübadilə proseslərinin sürətlənməsi ilə müşayiət olunan tireotoksikozdir.
Sürətli doğuşun reproduktiv sistemin patologiyaları ilə bağlı yaranma səbəblərinə uşaqlığın inkişaf anomaliyaları, iltihabi və qeyri-iltihabi xəstəliklər, cərrahi müdaxilələr, anamnezdə abortlar və sürətli doğuşlar, aybaşı siklinin pozğunluqları və hamiləliyin sona çatdırılmaması aiddir. Sürətli doğuşun hamiləlik zamanı yaranan risk amillərinə gecikmiş hestozlar, dölyanı mayenin çoxluğu, çoxdöllü hamiləlik, iri döl, ciftin yerləşmə anomaliyaları, vaxtından keçmiş hamiləlik, qan qrupunun uyğunsuzluğu və rezus-faktor daxildir. Bəzən sürətli doğuşa uşaqlıq boynunun dölün baş hissəsi tərəfindən uzunmüddətli sıxılması və ya dölyanı mayenin çox olduğu halda onun ani olaraq vaxtından qabaq axması nəticəsində hormonal fonun kəskin dəyişməsi səbəb olur.
Doğuşun mərhələləri
Doğuşun 3 mərhələsi qeyd olunur: birinci (uşaqlıq boynunun açılması), ikinci (dölün qovulması, gücvermə) və üçüncü (cift). Birinci mərhələ– ən uzun mərhələ sayılır, onun davametmə müddəti ümümi doğuş prosesinin 2/3 hissəsini təşkil edir. Normal doğuşda sancıların tezliyi doğuşun əvvəlində hər 30 dəqiqidə 1 dəfə, orta mərhələfə isə hər 5 dəqiqədə 1 dəfə təkrarlanır. Mərhələnin sonunda doğuş fəaliyyətinin intensivliyi azalır. Güclənən və tezləşən sancılar mamalıq əsnəyının tədricən açılmasına səbəb olur. Uşaqlıq boynu və uşaqlığın divarları zədələnmir, dölün baş hissəsinə təyziq mülayim olur. Əsnəyin açılmasından sonra I mərhələ sona çatır.
II mərhələdə döl doğuş yolları ilə irəliləməyə başlayır. Dölün hərəkəti tədricən baş verir, bu da uşağın travmaları, ananın uşaqlıq yolu və boynunun zədələnmələrinin qarşısını almağa imkan verir. İkinci mərhələ uşaq doğulduqdan sonra başa çatır. III mərhələ cift– cift və döl kisəsinin qalıqlarının doğulması ilə xarakterizə olunur. Bu mərhələ ən yüngül və qısamüddətli sayılır. Normal doğuşun orta davametmə müddəti ilk dəfə doğan qadınlarda 11-12 saat təşkil edir. I mərhələ orta hesabla 9saat, II mərhələ-2saat , III mərhələ isə 30 dəqiqə davam edir.
Sürətli doğuşun gedişi
Sürətli doğuşun gedişinin bir neçə formaları mövcuddur. Spontan sürətli doğuş adətən anamnezində çoxsaylı doğuşlar olan, eləcə də istmiko-servikal çatışmazlıq və hiperestrogeniyalı qadınlarda müşahidə olunur. Sürətli doğuşun yaranma səbəbi doğuş yolları toxumalarının tez artan intensiv sancılara qarşı müqavimətinin azalmasıdır. I mərhələfə sancılar 5 dəqiqə ərzində 2-3 dəfəyə kimi tezləşir. Spontan sürətli doğuş 4-5 saatdan az davam edir, adətən uşaqlıq yolu və boynunun ciddi zədələnmələri ilə müçayiət olunmur. Dölün iri olması, hamiləliyin sona çatdırılmaması,anadangəlmə inkişaf anomaliyaları və bətndaxili hipoksiya zamanı dölün ağırlaşmalarının inkişaf riski yüksəlir.
Spastik doğuş fəaliyyəti — sancıların kəskin tezləşməsi ilə (doğuşun əvvəlindən hər 2 dəqiqədə 1 dəfə) xarakterizə olunan sürətli doğuşdur. Sancılar ağrılı və davamlı olur, sancılar arası fasılə demək olar ki müşahidə olunmur.Xəstə özünü narahat hiss edir. Əksər hallarda hipertermiya, AT-in yüksəlməsi, nəbzin artması,ürəkbulanma və qusma müşahidə olunur. Döl yanı mayenin vaxtından qabaq axması xarakterikdir. Sürətli doğuşun bu formasında ana və dölün ağırlaşmaların yaranma ehtimalı yüksəkdir. Ciftin vaxtından qabaq ayrılması, qanaxmalar, dölün hipoksiyası və travmatik zədələnmələri mümkündür. Doğuş təxminən 3 saat davam edir, döl mamalıq əsnəyi açıldıqdan sonra 1-2 gücvermə nəticəsində doğulur.
Tez doğuş – doğuşun I və II mərhələləri arasında nisbətin pozulması ilə xarakterizə olunur. I mərhələnin davametmə müddəti dəyişmir və ya normal doğuşla müqayisədə cüzi azalır, II mərhələnin davametmə müddəti 1 neçə dəqiqəyə kimi azalır. Belə sürətli doğuş adətən dölün hipertrofiyası, ananın enli çanağı və ya dərman preparatlarının əsassız təyini zamanı yaranır. Tez doğuş zamanı ananın doğuş yollarının, dölün onurğa beyni zədələnmələri və kəllədaxili doğuş travmalarının yaranma ehtimalı yüksəkdir.
Sürətli doğuşun nəticələri
Sürətli doğuşun ana üçün ehtimal olunan nəticələrinə aralıq nahiyə, uşaqlıq yolu və boynunun zədələnmələri aiddir. Uşaqlığın cırılması ağır fəsadlardan olub, ananın həyatı üçün təhlükə törədərək təcili cərrahi müdaxilənin aparılmasına göstərişdir. Sürətli doğuş zamanı əksər hallarda sürətli doğuş fəaliyyəti nəticəsində uşaqlıq əzələlərinin yığılma qabiliyyıtinin tam azalması nəticəsində baş verən hipotonik qanaxmalara rast gəlinir. Qasıq birləşməsinin ayrılması mümkündür. Sürətli doğuş zamanı ciftin vaxtından qabaq ayrılması müşahidə oluna bilər, bu da ana və dölün həyatı üçün təhlükə törədir. Ciftin soyulması ləngiyə bilər. Doğuşdan sonrakı dövrdə bəzi xəstələrdə mastit və laktasiya problemlərinə rast gəlinir.
Sürətli doğuş dölün ağırlaşmalarının inkişaf riskini artırır. Tez-tez təkrarlanan güclü sancılar normal plasentar qan dövranını pozaraq hipoksiyanın yaranmasına gətirib cıxarır. Ağır hallarda cift qan dövranının pozulması və dölün doğuş yolarında sürətli hərəkəti asfiksiyaya səbəb olur. Sürətli doğuş zamanı dölün ehtimal olunan ağırlaşmalarına- dərialti hematoma, kefalohematoma, daxili orqanlara qansızma, onurğa sütununun travmaları, bazu və ya körpücük sümüyünün sınıqları aiddir. Baş beyinə qansızmalar və kəllədaxili təyziqin artması halları mümkündür, bu da sonradan mərkəzi sinir sisteminin pozğunluqlarının yaranmasına səbəb olur.
Sürətli doğuşun diaqnostikası
Sürətli doğuş zamanı pasiyent adətən xüsusiləşdirilmiş tibbi müəssisəyə gec gətirilir, bu da proqnozun ağırlaşması və fəsadların yaranma ehtimalının artması ilə nəticələnir. Bu səbəbdən mama-ginekoloqların əsas məqsədi doğuş fəaliyyətinin sürətlənmə ehtimalını artıran amilləri vaxtında aşkar etməkdir. Sürətli doğuş riski olan hamilələr qabaqcadan hospitalizasiya edilir və nəzarət altında saxlanılır.
Təcili hospitalizasiya zamanı «sürətli doğuş» diaqnozu sancıların xarakteri, davametmə müddəti, gücü və tezliyi, uşaqlıq boynunun açılma sürəti və dölün doğuş yolarında hərəkətinə əsasən qoyulur. Mütəxəssis ümumi və ginekoloji müayinə aparır, saniyəölçən vasitəsilə sancıların davametmə müddətini və sancılar arası fasiləni ölçür, eyni zamanda əlini xəstənin qarnına qoyaraq uşaqlığın tonusunun dəyişməsini qiymətləndirir. Doğuş fəaliyyətinin xarakterini və dölün vəziyyətini dəqiqləşdirmək məqsədilə kardiotokoqrafiya aparılır.
Sürətli doğuşun aparılması
Pasiyent hospitalizasiya olunur, doğuş fəaliyyətinin normaya salan tədbirlər həyata keçirilir. İmalə aparılmır. Yataq rejimi təyin olunur: qadın dölün vəziyyətinə əks istiqamətdə uzandırılır. Miometriumun yığılma aktivliyini azaltmaq və uşaqlıq-plasentar qan dövranını yaxşılaşdırmaq məqsədilə tokolitiklər qrupundan olan preparatlar vena daxilinə damcı üsulu ilə yeridilir.
Tokolitiklərin istifadəsinə əks-göstəriş olduqda (hipertoniya xəstəliyi, tireotoksikoz, şəkərli diabet, ürək-damar xəstəlikləri) kalsium antaqonistlərindən istifadə olunur. Ehtiyac olduqda epidural ağrısızlaşdırma aparılır. Sürətli doğuş zamanı xəstə böyrü üstə uzandırılır. III mərhələdən sonra doğuş yollarında cırılmaların olması yoxlanılır, uşaqlıqda cift qalıqlarının qalma ehtimalı yüksək olduğuna görə əllə müayinə aparılır. Doğuşdan sonra xəstəyə oksitosin və metilerqometrin təyin edilir.
Uşaqlığın cırılma ehtimalı və ciftin vaxtından qabaq qopması qeysəriyyə əməliyyatına göstərişdir. Qasıq birləşməsinin ayrılması zamanı pasiyent bərk səth üzərində uzanmaqla 1-1.5 ay ərzində ciddi yataq rejiminə riayət etməlidir. Cift və onun qalıqlarının ləngiməsi zamanı onun əllə ayrılması yerinə yetirilir. Qanaxma zamanı uşaqlığın yığılma qabiliyyətini artıran dərman vasitələri təyin edilir, qan və qan əvəzediciləri köcürülür. Dölün hipoksiya və asfiksiyası zamanı reanimasion tədbirlər həyata keçirilir.