Uşaqlığın bədxassəli şişləri

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 1609

uşaqlığın bədxassəli şişləri nələrdir?Uşaqlığın bədxassəli şişləri – uşaqlıq boynu və cisminin epitel, əzələ və ya birləşdirici toxumalardan inkişaf edən törəmələridir. Uşaqlığın bədxassəli şişləri inzaziv böyümə, ətraf orqan və damarların infiltrasiyası, residivləşmə və metastazların yaranmasına meylli olur. Cinsi yollardan axan ifrazat (sulu, qanlı, irinli), tutmaşəkilli və ya daimi ağrılar, sidik ifrazı və defekasiyanın pozulması patologiyanın inkişafına dəlalət edir. Uşaqlığın bədxassəli şişlərinin diaqnostikası ginekoloji baxış, kolposkopiya, USM, onkositologiya, biopsiya, histeroskopiya, diaqnostik qaşınmaya əsaslanır. Müalicə kompleksşəkilli olub, cərrahi, şüa üsulları, kimyaterapiya və hormonoterapiyadan ibarətdir.

  • Uşaqlığın bədxassəli şişlərinin yaranma səbəbləri
  • Uşaqlığın bədxassəli şişlərinin təsnifatı
  • Uşaqlığın bədxassəli şişlərinin əlamətləri
  • Uşaqlığın bədxassəli şişlərinin diaqnostikası
  • Uşaqlığın bədxassəli şişlərinin müalicə və profilaktikası

Uşaqlığın bədxassəli şişləri barədə ümumi məlumat

«Uşaqlığın bədxassəli şişləri» termini uşaqlığın endometrium, əzələ və ya birləşdirici qatlarından inkişaf edəm morfoloji qeyri-həmcins şişləri özündə birləşdirir. Ginekologiya və onkologiyada bu qrupa uşaqlığın adenokarsinoması, xərçəngi və sakoması (leyomiosarkoması) aid edilir. Bədxassəli şişlər uşaqlığın cismi və boynunu əhatə edir. Uşaqlıq boynu xərçəngi (UBX) qadın cinsiyyət orqanlarının onkoloji xəstəliklərinin ən geniş yayılmış formasıdır; UBX-nin ən yüksək tezliyinə perimenopauzada rast gəlinir, lakin xəstəliyə reproduktiv yaşda olan qadınlar da tutulur. Uşaqlıq cisminin xərçəngi əsasən 50 yaşdan yuxarı xəstələrdə müşahidə olunur və UBX ilə müqayisədə təxminən 10 dəfə az izlənilir. Son illər ərzində qadın onkoloji xəstəliklərinin strukturunda uşaqlığın bədxassəli şişlərinin payının artdığı qeyd olunur, bu səbəbdən patologiyanın profilaktika və erkən diaqnostikası məsələləri ən aktual tibbi-sosial problemlər sırasına daxil edilmişdir.

Uşaqlığın bədxassəli şişlərinin səbəbləri

Uşaqlığın bədxassəli şişlərinin səbəbləriUşaqlığın bədxassəli şişlərinin yaranması yaş, aybaşı, reproduktiv və cinsi funksiyaların vəziyyəti, sosial-məişət şəraiti, coğrafi və digər amillərlə sıx bağlıdır. Uşaqlığın xərçəngində hormonal dəyişikliklər, ilk növbədə hiperestrogeniya və lütein çatışmazlığı mühüm rol oynayır.

UBX-nin risk amillərinə erkən cinsi həyat, cinsi partnyorların tez-tez dəyişdirilməsi, qorunmamış cinsi əlaqə aiddir. İPV-nin yüksək onkogen ştammları və HSV-2 invaziv xərçəngə transformasiya riksi yüksək olan xərçəngönü proseslərin yaranmasına səbəb olur. Fakultativ xərçəngönü proses kimi qiymətləndirilən uşaqlıq boynunun dəyişikliklərinə həqiqi və psevdoeroziyalar, leykoplakiya, yastı kondiloma, servikal kanalın polipləri daxildir.

Uşaqlıq boynunun epitel qatının vəziyyətinə uşaqlıq yolunun mikrobiosenozu böyük təsir göstərir. Bu səbəbdən cinsi yolla keçən xəstəliklər, residivləşən qeyri-spesifik kolpitservisitlər vaginal mikroekologiyanın dəyişməsinə, cinsi yolların fizioloji baryerlərinin pozulmasına gətirib çıxardır. Həmçinin siqaret çəkmə, peşə zərərləri, irsi amil uşaqlıq boynunun bədxassəli şişlərinin yaranmasında xüsusi rol oynayır.

Uşaqlıq cisminin xərçəngi əsasən hormondanasılı patologiya kimi qiymətləndirilir. Bu baxışa əsasən yumurtalıqların feminəedici şişləri, polikistoz yumurtalıqlar sindromu, adenomioz, uşaqlığın mioması, disfunksional uşaqlıq qanaxmaları olan qadınlarda uşaqlıq cismi xərçənginin yaranma riski daha yüksək olur. Poliplər və endometriumun atipik hiperplaziyası xərçəngönü xəstəliklərə aid edilir. Bundan əlavə anamnezində hamiləlik, doğuş, ana südü ilə qidalandırma olmayan, gecikmiş menopauzalı, sənaye şəhərlərində yaşayan qadınlarda uşaqlığın bədxassəli şişlərinin yaranma ehtimalı yüksək olur. Uşaqlığın sarkoması adətən sürətlə böyüyən fibromiomadan inkişaf edir.

Uşaqlığın bədxassəli şişləri ekstragenital patologiyalar arasında daha çox qaraciyər xəstəlikləri (qaraciyər çatışmazlığı, hepatit, piyli hepatoz, sirroz), endokrin dəyişikliklər (şəkərli diabet, piylənmə), hipertoniya xəstəliyi ilə müşayiət olunur. Müşahidə edilmişdir ki, bədən çəkisinin norma ilə müqayisədə 10-25 kq artması endometrium xərçənginin inkişaf riskini 3 dəfə, 25 kq-dan çox artıq çəki isə 9 dəfə yüksəldir.

 Uşaqlığın bədxassəli şişlərinin təsnifatı

Uşaqlığın cisminin bədxassəli törəmələri aşağıdakı morfoloji tiplərə bölünür:

Adenokarsinoma (80% şişlər), yastı hüceyrəli, vəzili yastı hüceyrəli, differensə edilməyən xərçəng və leyomiosarkoma. Endometriumun xərçəngi eksofit, endofit və ya qarışıq böyüyə bilir.

Klinik təsnifata görə uşaqlıq cisminin xərçənginin 4 mərhələsi ayırd edilir:

0 mərhələ —endometriumun atipik hiperplaziyası (xərçəngönü xəstəlik)

I mərhələ— şiş uşaqlıq cisminin hüdudları daxilində yerləşir:

  • Iа – endometriumu əhatə edir
  • Ib – miometriuma 1 sm-dən az olmaqla sirayət edir
  • Iv –miometriumun dərinliklərinə 1 sm-dən çox olmaqla sirayət edir, lakin seroz qatı zədələmir.

II mərhələ — şiş uşaqlığın cismi və boynuna (servikla kanala) yayılır.

III mərhələ — şiş uşaqlığın hüdudlarından kənara çıxır, lakin kiçik çanaq hüdudlarında lokalizasiya olunur:

  • IIIа – uşaqlığın seroz qişasına sirayət edir, regionar limfa düyünləri və ya uşaqlıq artımlarına metastazlar aşkar oluna bilər
  • IIIb – parametral toxumaya sirayət edir, uşaqlıq yoluna metastazlara rast gəlmək olur.

IV mərhələ — şiş kiçik çanaq hüdudlarından kənara çıxaraq sidik kisəsi və / və ya düz bağırsağa sirəyət edir.

Uşaqlıq boynun xərçənginin mərhələləri aşağıdakılardır:

0 mərhələ — servikal intraepitelial neoplaziya

I mərhələ — şiş uşaqlıq boynunun hüdudları daxilində yerləşir.

  • Iа – şiş stromaya 3 mm-dən az olmaqla sirayət edir
  • Ib – stromaya 3 mm-dən çox invaziya edir.

II mərhələ — şiş uşaqlıq yolunun yuxarı və orta hissələrinə, uşaqlığın cisminə və ya parametral qışaya yayılır.

III mərhələ — şiş uşaqlıq yolunun divaraları və aşağı hissəsinə, parametral qişaya (çanaq dibinə kimi) yayılır, kiçik çanağın limfa düyünlərinə metastaz verir.

IV mərhələ— şiş sidik kisəsi və/ və ya düz bağırsağa sirayət edir, uzaq nahiyələrə metastazlar verir.

Uşaqlığın bədxassəli şişlərinin əlamətləri

Uşaqlıq boynu xərçəngi

Uşaqlığın bədxassəli şişlərinin əlamətləriUşaqlıq boynu xərçənginin başlanğıc formaları əlamətsiz və ya zəif nəzərə çarpan əlamətlərlə gedir. Belə lokalizasiyalı bədxassəli şişlər üçün müxtəlif intensivlikli qanlı ifrazat (əsasən yaxılan) xarakterikdir. Reproduktiv dövrdə asiklik, menopauzada isə qeyri-müntəzəm, davamlı qanaxmalar müşahidə olunur. Əksər hallarda qanlı ifrazat cinsi əlaqə, defekasiya aktı, fiziki yüklənmədən sonra yaranır. Qanaxmalar arası gur, sulu konsistensiyalı, selikli, son mərhələlərdə isə seroz-qanlı, irin iyli ifrazat izlənilir.

Uşaqlıq boynunun bədxassəli şişlərində ağrı hissiyyatı qarnın aşağı hissəsində, oma və bel nahiyəsində lokalizaziya edərək, bud və düz bağırsağa yayılır.  Əvvəlcə ağrı sindromu gecələr baş verir, sonra isə davamlı, dözülməz xarakter alır. Şiş konqlomeratı limfa və qan damarlarını sıxaraq, cinsiyyət orqanları və aşağı ətraflarda ödemlərin yaranmasına səbəb olur. UBX-nın gecikmiş mərhələlərində düz bağırsaq və sidik kisəsinin fəaliyyəti pozulur, orqanların şiş invaziyasında sidik və nəcisdə qan qarışığı, sidik yollarının və ya düz bağırsaq fistulaları müşahidə olunur.

Uşaqlıq cisminin xərçəngi

Uşaqlığın cismində lokalizasiya edən bədxassəli şişlər xarakterik əlamətlərlə: cinsi yollardan axan qanlı ifrazat, qarında ağrı və qonşu orqanların funksional pozğunluqları ilə özünü büruzə verir. Uşaqlıq cisminin erkən əlamərinə yaxılan və ya gur qanlı ifrazat aiddir. Onlar metrorragiya, menorragiya və ya menopauzada periodik qanaxmalar şəklində olur. Bəzən neoplaziya seroz və ya irinli ifrazatla təzahür edir.

Uşaqlığın bədxassəli şişlərinin erkən mərhələlərində tutmaşəkilli ağrılar müşahidə olunur. Növbəti ağrı tutmasından sonra adətən uşaqlıq boşluğundan patoloji ifrazat izlənilir. Son mərhələlərdə xərçəng infiltratının kiçik çanağın sinir kələflərini sıxması nəticəsində ağrı daimi, intensiv xarakter daşıyır. Bununla yanaşı sidik kisəsi və düz bağırsağın funkisional pozğunluqları meydana çıxır: sidik ifrazı tezləşir, tenezmlər yaranır, bağırsağın boşalması çətinləşir.  Xəstəliyin gecikmiş formalarında xərçəng intoksikasiyası yaranır, kaxeksiya inkişaf edir.

Uşaqlığın sarkoması

Uşaqlığın qeyri-epitel bədxassəli şişlərinə aiddir. Həm uşaqlıq boynu, həm də cismində müşahidə olunur. Əksər hallarda fibromatoz düyünlərin daxilində formalaşır, bu səbəbdən uşaqlığın fibromiomasının formalarından birinin klinikasının xatırlada bilər. Sarkoma uşaqlığın bədxassəli şişlərinin 3-5%-ni təşkil edir. Kapsulanın olmaması törəmənin sürətli invaziv böyüməsini təmin edir.

İlkin klinik əlamətlərə aybaşı siklinin pozğunluqları və ya asiklik qanaxmalar aiddir. Bəzən bu qanaxmalar profuz xarakter daşıyır. İfadəli ağrı sindromu və uşaqlığın ölçülərinin tez bir zamanda böyüməsi xarakterikdir.  Son mərhələlərdə anemiya, xərçəng mənşəli kaxeksiya, assit inkişaf edir. Uşaqlığın sarkoması uzaq nahiyələrə, əsasən ağciyər, qaraciyər və onurğaya metastazlar verir.

Uşaqlığın bədxassəli şişlərinin diaqnostikası

Qeyri-spesifik əlamətlər və şikayətlərin olmaması səbəbindən təkcə anamnez və klinik şəkilə əsaslanaraq bədxasssəli şişləri erkən mərhələlərdə aşkar etmək qeyri-mümkündür. Bu səbəbdən müayinə zamanı neoplaziyanın quruluşunu, lokalizasiyasını və yayılmasını müəyyən edən əlavə instrumental və diaqnostik üsullardan istifadə olunur.

Müayinə zamanı ginekoloq standart sorğu ilə yanaşı hamiləlik, doğuş və abortların sayını; keçirilmiş ginekoloji xəstəlikləri (xüsusən fon xəstəliklərini, cinsi infeksiyaları), aybaşı siklinin xarakterini dəqiqləşdirir. Vaginal güzgülərin köməyilə uşaqlıq boynunun toxumalarının gözlə görünən dəyişiklikləri izlənilir, onun hərəkətliyi və forması təyin olunur. Endometriumun xərçəngi və ya sarkoma zamanı aparılan vaginal və ya rektal müayinə bərk konsistensiyalı, böyümüş uşaqlığı, parametral qişada infiltratları aşkar etməyə imkan verir.

UBX-nin erkən diaqnostikasında yaxmanın onkositoloji müayinəsi, genişlənmiş kolposkopiya, uşaqlıq boynunun hədəfli biopsiyası mühüm rol oynayır. Kiçik çanaq orqanlarının USM müayinəsi xərçəngönü proseslərin və uşaqlıq cisminin xərçənginin erkən mərhələlərdə aşkarlanmasına kömək edir. Endometrium xərçənginin diaqnozunu təsdiqləmək məqsədilə aspirasion diaqnostika, histeroskopiya (diaqnostik qaşınma ilə) və sıyrıntının hitoloji müayinəsi aparılır.

Uşaqlığın bədxassəli şişlərinin mərhələsini və uzaq metastazları müəyyən etmək üçün əlavə diaqnostik üsullardan (döş qəfəsinin rentgenoqrafiyası, sistoskopiya, rektoromanoskopiya, kiçik çanağın MRT və s.) istifadə olunur. Uşaqlıq boynunun vərəmi, sifilitik xoraları, endometriumun hiperplastik transformasiyası, uşaqlığın submukoz mioması, xorionkarsinoma ilə differensiasiya edilir.

Uşaqlığın bədxassəli şişlərinin müalicə və profilaktikası

Uşaqlığın bədxassəli şişlərinin müalicə taktikası çoxsaylı kriteriyalara əsaslanır: şişin lokalizasiyası, mərhələləri, histoloji forması, xəstənin yaşı və s. Bu sadalanan xüsusiyyətlərdən asılı olaraq cərrahi müdaxilə, şüa terapiyası, kimyaterapiya, hormonal terapiya, eləcə də kombinəolunmuş müalicə aparılır.

Preinvaziv UBX zamanı müdaxilənin həcmi uşaqlıq boynun konizasiyası ilə məhdudlaşa bilər. Reproduktiv yaşlı qadınlarda uşaqlıq çıxarılır (uşaqlıq artımlarına toxunulmur), 50 yaşdan yuxarı xəstələrdə isə panhisterektomiya icra edilir. UBX-nin I mərhələsində adətən cərrahi mərhələ postoperasion şüa terapiyası, II mərhələdə pred- və postoperasion şüalanma ilə tamamlanır. Sonrakı mərhələlərdə yalnız xarici və boşluqdaxili şüa terapiyası, simptomatik müalicə təyin olunur.

Uşaqlığın cisminin xərçənginin cərrahi müdaxiləsi adətən adneksektomiya ilə birgə aparılan histerektomiyadan ibarət olur, zərurət olduqda limfadenektomiya da əlavə olunur. Pred- və postoperasion dövrdə şüa terapiyası tətbiq edilir. Xaric olunmuş şişdə progesteron reseptorları aşkar olunduqda gestagenlərlə hormonal terapiya təyin olunur. Kimyaterapiyadan uşaqlığın bədxassəli şişinin çanaq nahiyəsinin hüdudlarından kənara çıxması zamanı istifadə edilir, lakin onun effekti çox məhduddur.

Uşaqlığın bədxassəli şişlərinin profilaktikası xərçəngönü xəstəliklərin vaxtında diaqnostikası və müalicəsi, sistematik müayinələrin, PAP testlərin aparılması, cinsi yolla keçən xəstəliklərin profilaktikasından ibarətdir. Bədən çəkisinə, arterial təzyiqə, qlikemiyanın səviyyəsinə nəzarət, ektragenital patologiyaların müalicəsi ilə məşğul olmaq, zərərli vərdişlərdən imtina etmək lazımdır. Yeniyetmə qızların gələcəkdə UBX-yə tutulmasının qarşısını almaq üçün İPV-nun yüksək onkogen ştammlarına qarşı vaksinasiyanın aparılması məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: