Uşaqlığın çapığı
Uşaqlığın çapığı — uşaqlıq divarının histoloji baxımdan dəyişilmiş sahəsi olub, cərrahi və diaqnostik müdaxilələr zamanı onun zədələnmələrı və ya travmalarından sonra formalaşır. Hamilə olmayan qadınlarda klinik olaraq təzahür etmir. Hestasiya və doğuş zamanı müvafiq simptomatikalı cırılmalarla ağırlaşa bilər. Çapıq toxumasının vəziyyətini qiymətləndirmək üçün histeroqrafiya, histeroskopiya, çanaq orqanlarının USM-dən istifadə edilir. Cırılma riski olduqda dölün vəziyyəti müşahidə altına alınır, KTQ, uşaqlıq-plasentar qan dövranının dopppleroqrafiyası, dölün USM məsləhət görülür. Patologiya zamanı heç bir müalicə tələb olunmur, lakin o, doğuş üsulunun seçilməsinə təsir edən əsas amillərdən sayılır.
- Uşaqlığın çapığının yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Uşaqlığın çapığının əlamətləri
- Diaqnostika
- Uşaqlığın çapığının müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlığın çapığı barədə ümumi məlumat
Müxtəlif məlumatlara əsasən son illər ərzində uşaqlıqda çapıqları olan hamilələrin sayı 4-8%-ə qədər artmışdır. Bu, bir tərəfdən Qeysəriyyə əməliyyatlarının daha sıx tətbiqi, digər tərəfdən isə müasir cərrahi texnika sayəsində uşaqlığın mioması və ya onun anatomik anomaliyaları aşkarlanan qadınların reproduktiv imkanlarının yaxşılaşdırılması ilə əlaqədardır. Göstərişlər olduqda ginekoloqlar hamiləliyin 14-18-ci həftələrində miomanın soyulmasına daha çox üstünlük verirlər. Uşaqlıq divarında çapıq zamanı hamilik və doğuş ağırlaşmalarının yüksək ehtimalı onların aparılması üçün xüsusi yanaşma tələb edir.
Uşaqlığın çapığının səbəbləri
Uşaqlıq divarının çapıqlaşması müxtəlif travmatik təsirlərdən sonra baş verir. Miometriumun əzələ liflərinin çapıq toxuması ilə əvəz olunmasının ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
- Qeysəriyyə əməliyyatı. Planlı və ya təcili cərrahi doğuşlar kəsiyin tikilməsi ilə başa çatır. Hazırda bu, uşaqlığın çapıqlarının daha çox rast gəlinən səbəbi hesab olunur.
- Ginekoloji əməliyyatlar. Miomektomiya, uşaqlıqdan kənar hamiləlik zamanı tubektomiya, ikibuynuzlu uşaqlığın rudimentar buynuzunun xaric edilməsi ilə rekonstruktiv plastikadan sonra uşaqlığın divarında çapıq toxuması formalaşır.
- Doğuş prosesində uşaqlığın cırılması. Uşaqlıq cismi və boynunun daxili əsnəyin arxasına keçən cırılmaları zamanı əksər hallarda orqanın qorunmasına qərar verilir. Bu zaman yara tikilir, onun sağalmasından sonra çapıq toxuması inkişaf edir.
- İnvaziv müdaxilələr zamanı zədələnmə. Bir sıra hallarda cərrahi abort, diaqnostik qaşınmalar, bəzən isə endoskopik prosedurlar uşaqlıq divarının deşilməsi ilə nəticələnə bilər. Belə zədələnmələrdən sonra çapıq adətən kiçik ölçülü olur.
- Qarnın travmaları. İstisna hallarda uşaqlıq divarının tamlığı yol-nəqliyyat hadisələri, istehsalat şəraitində bədbəxt hadisələr və s. ilə əlaqədar qarın boşluğu və kiçik çanağın dəlib-keçən yaralanmaları zamanı pozula bilər.
Uşaqlığın çapığının patogenezi
Uşaqlıq üzərində çapıqların formalaşması mexaniki zədələnmələrdən sonra onun bərpasının təbii bioloji prosesidir. Ümumi reaktivliyin səviyyəsi və kəsiyin ölçüləri, cırılma və deşilmələrdən asılı olaraq, uşaqlıq divarının sağalması 2 yolla gedir: restitusiya (tam regenerasiya) və ya substitusiya (natamam regenerasiya) gedir. Birinci halda zədələnmiş sahə miometriumun saya əzələ lifləri, ikinci halda isə birləşdirici toxumanın hialinizasiya ocaqlı kobud dəstələri ilə əvəz olunur. Endometriumda baş verən iltihabi proseslər (doğuşdan sonrakı, xroniki spesifik və ya qeyri-spesifik endometrit və s.) çapıqların formalaşma ehtimalını artırır. Adətən çapıq toxumasının tam yetişməsi üçün minimum 2 il tələb olunur. Sağalma formasından uşaqlığın funksional vəziyyəti birbaşa asılıdır.
Uşaqlığın çapığının təsnifatı
Uşaqlığın çapıqlarının klinik təsnifatı zədələnmiş sahənin əvəzləndiyi toxumanın növünə əsaslanır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən çapıqlar 2 qrupa bölünür:
- Formalaşmış çapıqlar— miometrium liflərindən yaranan elastik sahələr. Doğuş sancıları zamanı yığıla bilir, gərilməyə və yüklənmələrə qarşı davamlıdır.
- Formalaşmamış çapıqlar— birləşdirici toxuma və inkişaf etməmiş əzələ liflərindən formalaşan az elastik sahələr. Sancılar zamanı yığıla bilmir, cırılmalara qarşı davamsızdır.
Müayinə planı və mamalıq taktikasının müəyyənləşdirilməsi zamanı çapıqların lokalizasiyası nəzərə alınmalıdır. Çapıqlar əsasən uşaqlığın aşağı seqmenti, cismi, daxili əsnəyə söykənən sahədə qeydə alınır.
Uşaqlığın çapığının əlamətləri
Hamilə olmayan qadınlarda uşaqlıq divarının çapıqlı dəyişiklikləri klinik olaraq təzahür etmir. Hestasiyanın son dövrlərində və doğuş prosesində formalaşmamış çapıq çırıla bilər. Birincili cırılmalardan fərqli olaraq, belə hallarda klinik əlamətlər az ifadəli olur, bəzi hamilələrdə erkən mərhələlər simptomsuz gedir. Doğuşönü dövrdə təkrar cırılma riski epiqastral nahiyə, qarnın aşağı hissəsi və beldə müxtəlif intensivlikli ağrı ilə xarakterizə edilir. Uşaqlığın divarında çökəkliklər əllənə bilər. Patologiya dərinləşdikcə uşaqlıq divarının tonusu artır, uşaqlıq yolundan qanlı ifrazatlar müşahidə edilir. Qadının qarnına toxunduqda kəskin ağrı yaranır. Ümumi vəziyyətin kəskin dərəcədə pisləşməsi –halsızlıq, solğunluq, başgicəllənmə, huşun itirilməsi çapığın cırılmasına dəlalət edir.
Doğuş zamanı köhnə çapığın cırılmasının təzahürləri hamiləlik dövründə yaranan əlamətlərlə demək olar ki, eynidir, lakin simptomatikadakı bəzi xüsusiyyətlər doğuş fəaliyyəti ilə bağlı olur. Çapıq toxumasının yenicə başlayan zədələnmələrində sancılar və gücvermələr güclənir və ya zəifləyir, tezləşir, aritmik olur, cırılma başa çatdıqdan sonra dayanır. Qadının sancılar zamanı hiss etdiyi ağrı onların gücünə müvafiq olmur. Dölün doğuş yollarında hərəkəti ləngiyir. Axırıncı gücvermə zamanı uşaqlıq köhnə çapıq nahiyəsindən cırıldıqda onun divarlarının tamlığının pozulmasının əlamətləri əvvəlcə qeyd edilmir, ciftin doğulmasından sonra daxili qanaxmanın tipik simptomatikası izlənilir.
Uşaqlığın çapığının ağırlaşmaları
Uşaqlıq divarının çapıqlı dəyişiklikləri ciftin yerləşmə və birləşməsinin anomaliyalarına – onun normadan aşağıda yerləşməsi, gəlişi, sıx birləşməsinə və s. səbəb olur. Belə hamilələrdə əksər hallarda fetoplasentar çatışmazlıq və dölün hipoksiyası əlamətləri müşahidə edilir. Çapığın iri ölçüləri və onun istmiko-korporal nahiyədə yerləşməsi ciftin ayrılması, özbaşına düşük və vaxtından əvvəl doğuş riskini artırır. Uşaqlıq divarının çapıqlı dəyişikliklərinin ən ağır fəsadına doğuş zamanı uşaqlığın cırılması aiddir, bu da daxili hemorragiya, DDL-sindromu, hipovolemik şok və çox zaman dölün antenatal ölümü ilə nəticələnir.
Uşaqlığın çapığının diaqnostikası
Diaqnostik mərhələnin əsas məqsədi çapığın vəziyyətinin qiymətləndirilməsindən ibarətdir. Belə hallarda istifadə olunan ən informativ üsullar aşağıdakılardır:
- Histeroqrafiya. Uşaqlığın çanaq boşluğunda dəyişilmiş vəziyyəti (adətən onun önə yerdəyişməsi), çapığa müvafiq nahiyədə daxili səthin nazilməsi və konturların kələ-kötürlüyü çapıq toxumasının tam formalaşmamasını təsdiq edir.
- Histeroskopiya. Çapıqlaşma zonasında miometriumun nazilməsindən xəbər verən çökəkliklər, birləşdirici toxumanın çox inkişaf etdiyi hallarda qalınlaşma qeydə alınır.
- Ginekoloji USM. Çapıq toxuması nahamar və fasiləli konturlarla fərqlənir, miometrium adətən nazilir. Uşaqlığın divarında çoxsaylı hiperexogen törəmələr müəyyən edilir.
Müayinə prosesində əldə olunmuş nəticələr növbəti hamiləliklərin planlaşdırılması və onun aparılma taktikasının tərtibi zamanı nəzərə alınır. II trimestrin axırından etibarən belə hamilələrdə hər 7-10 gündən bir uşaqlığın çapığına USM-nəzarət aparılır. Dölün USM, plasentar qan dövranının doppleroqrafiyası məsləhət görülür. Doğuş prosesində çapığın cırılma təhlükəsi yarandıqda xarici mamalıq müayinəsinin köməyilə uşaqlığın forması və onun yığılma aktivliyi qiymətləndirilir. Ultrasəs müayinə çapıq toxumasınınn vəziyyətini, miometriumun nazilmiş sahələrini və ya onun qüsurlarını təyin edir. Dölü müşahidə etmək üçün dopplerometriya ilə USM və kardiotokoqrafiya tətbiq olunur. Differensial diaqnostika düşük təhlükəsi, vaxtından əvvəl doğuş, böyrək sancıları, kəskin appendisitlə aparılır. Şübhəli hallarda müayinə prosesinə uroloq və cərrah cəlb olunur.
Uşaqlığın çapığının müalicəsi
Uşaqlığın çapıqlı dəyişikliklərinin hər hansı bir spesifik müalicə üsulu mövcud deyil. Mamalıq taktikası və optimal doğuş üsulu çapıq sahəsinin vəziyyəti, hestasiya dövrü və doğuşun gedişinin xüsusiyyətlərinə nəzərən müəyyən edilir. Əgər exoqrafiyada döl yumurtasının uşaqlığın divarına postoperasion çapıq nahiyəsində birləşdiyi aşkarlanarsa, hamiləliyin vakuum-aspirator vasitəsilə dayandırılması məsləhət görülür. Pasiyent abortdan imtina etdikdə uşaqlıq və dölün vəziyyəti nəzarət altına alınır.
Anamnezində köndələn kəsiklə yerinə yetirilən Qeysəriyyə əməliyyatı olan qadınlarda bəzi şərtlər daxilində: ağırlaşmamış hamiləlik, çapıq toxumasının formalaşması, ciftin normal fəaliyyəti və çapıq dəyişikliklərdən kənarda birləşməsi, dölün baş gəlişi, onun ananın çanaq ölçülərinə uyğun gəlməsi zamanı təbii doğuşlara icazə verilir. Belə hallarda kompleks müayinə məqsədilə hestasiyanın 37-38-ci həftəsində hamilə qadın hospitalizasiya olunur. Proqnozun qənaətbəxşliyini təmin etmək üçün doğuşun əvvəlindən spazmolitik, antihipoksik və sedativ preparatlar, fetoplasentar qan dövranını yaxşılaşdıran vasitələr tətbiq edilir.
Təkrar cırılma riski yüksək olduqda cərrahi doğuş aparılmalıdır. Qeysəriyyə əməliyyatına birbaşa göstərişlər aşağıdakılardır:
- Boylama çapıq. Köndələn kəsiklərlə müqayisədə uşaqlıq divarının boylama istiqamətdə kəsilməsindən sonra çapıq toxumasının aralanma ehtimalı bir neçə dəfə yüksək olur.
- Çapıqların sayının 1-dən çox olması. Qadın 1-dən artıq Qeysəriyyə əməliyyatı keçirərsə, hamiləlik cərrahi üsulla başa çatdırılır.
- Bəzi ginekoloji müdaxilələr. Uşaqlığın arxa divarında yerləşən düyünün konservativ miomektomiyası, uşaqlığın inkişaf anomaliyalarında rekonstruktiv plastika və uşaqlıq boynu hamiləliyi səbəbindən icra olunan əməliyyat təbii doğuşlara əks-göstəriş sayılır.
- Uşaqlığın əvvəllər baş verən cırılmaları. Keçmiş doğuşlar uşaqlıq divarının cırılmaları ilə ağırlaşarsa, növbəti hamiləlik Qeysəriyyə əməliyyatı ilə sona çatdırılır.
- Çapığın tam formalaşmaması. Çapıq nahiyəsində kobud lifli birləşdirici toxumanın üstünlüyünün diaqnostik əlamətləri aşkar olunduqda cərrahi doğuşlar həyata keçirilir.
- Ciftin patologiyası. Cift gəlişi və ya onun çapıqlaşma zonasında lokalizasiyası Qeysəriyyə əməiyyatına göstəriş sayılır.
- Kliniki dar çanaq. Ölçüləri ananın çanağına müvafiq olmayan dölün qovulması zamanı yaranan yüklənmələr təkrar cırılmalara səbəb olur.
Təbii doğuş prosesində cırılma təhlükəsi müşahidə edilərsə, təcili Qeysəriyyə əməliyyatı icra olunur. Əməliyyatdan sonra uşaqlıq divarının qüsuru tikilir. Uşaqlığın ekstirpasiyası yalnız tikilməsi mümkün olmayan iri zədələnmələr və ya massiv intraliqamentar hematomalar zamanı tətbiq edilir.
Uşaqlığın çapığının proqnoz və profilaktikası
Düzgün mamalıq taktikasının seçilməsi və qadının dinamik müşahidəsi hamiləlik və doğuş prosesində ağırlaşmaların ehtimalını minimuma endirir. Qeysəriyyə əməliyyatı və ya ginekoloji cərrahi müdaxilələr keçirmiş qadınların hamiləlik planlaşdırmasına cərrahi üsullardan yalnız 2 il keçdikdən sonra icazə verilir. Təkrar cırılmaların profilaktikası pasiyentin adekvat müayinəsi və çapığın vəziyyətinə daima nəzarət, eləcə də mümkün göstəriş və əks-göstərişlər nəzərə alınmaqla optimal doğuş üsulunun seçilməsindən ibarətdir.