Uşaqlığın enməsi

Oxuma vaxtı: 17 dəq Oxunma sayı: 4737

uşaqlığın enməsi nədən olur?Uşaqlığın enməsi – çanaq dibi əzələlərinin və uşaqlıq bağlarının zəifləməsi nəticəsində orqanın dib və boyun hissəsinin anatomo-fizioloji sərhəddən aşağıda yerləşməsi ilə xarakterizə olunan anomal vəziyyətdir. Uşaqlığın enməsi qarnın aşağısında və uşaqlıq yolunda təzyiq, diskomfort hissi, dartıcı ağrılar, sidik ifrazının pozulması (çətinləşməsi, tezləşməsi, sidik saxlamazlıq), patoloji ifrazatla təzahür edir. Uşaqlığın hissəvi və ya tam sallanması ilə ağırlaşa bilər. Diaqnoz ginekoloji baxış əsasında qoyulur. Uşaqlığın enmə dərəcəsindən asılı olaraq, müalicə konservativ və ya cərrahi yolla icra edilir.

  • Uşaqlığın enməsi və sallanmasının təsnifatı
  • Uşaqlığın enməsi və sallanmasının yaranma səbəbləri
  • Uşaqlığın enməsi və sallanmasının əlamətləri
  • Uşaqlığın enməsi və sallanmasının diaqnostikası
  • Uşaqlığın enməsi və sallanmasının müalicəsi
  • Uşaqlığın enməsi və sallanmasının konservativ müalicəsi
  • Uşaqlığın enməsi və sallanmasının cərrahi müalicəsi
  • Uşaqlığın enməsi və sallanmasının profilaktikası

Uşaqlığın enməsi barədə ümumi məlumat

Uşaqlığın enməsinin əlamətləriDaxili cinsiyyət orqanlarının anomal vəziyyətləri arasında ən çox rast gəlinən forma uşaqlığın enməsi və sallanmasıdır (uteresele). Uşaqlığın enməsi zamanı onun boynu və dibi anatomik sərhəddən aşağı düşür, lakin uşaqlıq boynu hətta güc verdikdə belə cinsi yarıqdan görünmür. Uşaqlığın cinsi yarıqdan xaricə çıxması sallanma kimi qiymətləndirilir. Uşaqlığın aşağıya doğru yerdəyişməsi onun hissəvi və ya tam sallanması ilə nəticələnir. Əksər xəstələrdə uşaqlığın enməsi və sallanması uşaqlıq yolunun aşağıya yerdəyişməsi ilə müşayiət olunur.

Uşaqlığın enməsi tez-tez rast gəlinən patologiyalardan olub, bütün yaş dövrlərində izlənilir: 30 yaşa kimi qadınların 10%-də, 30-40 yaş arası- 40%, 50 yaşdan sonra isə 50% hallarda qeyd olunur. Cinsiyyət orqanlarında aparılan əməliyyatların 15%-nin səbəbi uşaqlığın enməsi və ya sallanması ilə bağlı olur.

Çox zaman uşaqlığın enməsi onun bağ aparatının, eləcə də çanaq dibinin əzələ və fassiyalarının  zəifləməsi ilə əlaqədardır. Bir sıra hallarda bu patoloji vəziyyət düz bağırsaq və sidik kisəsinin yerdəyişməsinə (rektosele, sistosele), onların fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bəzən uşaqlığın enməsi hələ reproduktiv dövrdə inkişaf etməyə başlayır və həmişə proqressiv gedişə malik olur. Uşaqlığın enməsındən asılı olaraq, müvafiq funksional pozğunluqların ifadəliyi artır, bu da qadına fiziki və mənəvi əzab verməklə yanaşı əksər hallarda əmək qabiliyyətinin hissəvi və ya tam itirilməsinə gətirib çıxarır.

Uşaqlığın normal vəziyyəti onun kiçik çanağın divarlarından eyni məsafədə  düz bağırsaqla sidik kisəsi arasında yerləşməsi hesab olunur. Uşaqlığın cismi önə əyilməsi onunla uşaqlıq boynu arasında kor bucaq əmələ gətirir. Uşaqlıq boynu isə arxaya doğru əyilir, uşaqlıq yolu ilə 70-100°-li bucaq yaardır. Onun xarici əsnəyi uşaqlıq yolunun arxa divarına söykənir. Uşaqlıq kifayət qədər fizioloji hərəkətliliyə malik olub, düz bağırsaq və sidik kisəsinin dolma dərəcəsindən asılı olaraq, öz vəziyyətini dəyişə bilər.

Kiçik çanaqda uşaqlığın tipik, normal vəziyyəti onun tonusu, qonşu orqanların topoqrafik xüsusiyyətləri, uşaqlıq və çanaq dibinin bağ və əzələ aparatından asılıdır. Uşaqlıq aparatının arxitektonikasının istənilən dəyişiklikləri uşaqlığın enməsi və ya sallanmasına səbəb olur.

Uşaqlığın enməsi və sallanmasının təsnifatı

Uşaqlığın enməsi və sallanmasının aşağıdakı mərhələləri ayırd edilir:

  • Uşaqlığın cismi və boynunun enməsi– uşaqlığın cismi uşaqlıq yolu girəcəyi səviyyəsində qeyd olunur, lakin cinsi yarıqdan xaricə çıxmır;
  • Uşaqlığın hissəvi sallanması – uşaqlığın boynu güc vermə, fiziki gərginlik, asqırma, öskürək, ağırlıq qaldırma zamanı cinsi yarıqdan görünür;
  • Uşaqlığın cismi və dibinin hissəvi sallanması – uşaqlıq boynu və cisminin bir hissəsi cinsi yarıqdan xaricə çıxır;
  • Uşaqlığın cismi və dibinin tam sallanması– uşaqlıq cinsi yarığın hüdudlarından kənara çıxır.

Uşaqlığın enməsi və sallanmasının səbəbləri

Uşaqlığın anatomo-fizioloji sərhəddən aşağıya doğru yerdəyişməsinə çanaq dibinin anatomik qüsurları səbəb olur. Bu qüsurları yaradan səbəblər aşağıdakılardır:

  • Çanaq dibi əzələlərinin zədələnməsi;
  • Doğuş travmaları – mamalıq maşalarının qoyulması, dölün vakuumekstraksiyası və ya sağrı gəlişi zamanı;
  • Cinsiyyət orqanlarında aparılan cərrahi əməliyyatlar (radikal vulvektomiya);
  • Aralığın dərin cırılmaları;
  • Sidik-cinsiyyət diafraqmasının innervasiyasının pozulması;
  • Çanaq sahəsinin anadangəlmə qüsurları;
  • Menopauza dövründə inkişaf edən estrogen çatışmazlığı;
  • Birləşdirici toxumanın displaziyası və s.

Uşaqlığın enməsi və sallanmasının risk amillərinə anamnezdə çoxsaylı doğuşların olması, ağır fiziki əmək və ağırlıq qaldırma, ahıl yaş dövrü, irsi meyllik, piylənmə, qarın boşluğunun şişləri, xroniki qəbizlik, öskürəklə əlaqədar yüksək qarındaxili təzyiq aiddir.

Çox zaman uşaqlığın enməsi bir sıra amillərin qarşılıqlı təsirindən daxili orqanlar və çanaq dibinin bağ-əzələ aparatının zəifləməsi nəticəsində inkişaf edir. Qarındaxili təzyiqin yüksəlməsi zamanı uşaqlıq çanaq dibi hüdudlarından kənara çıxır. Uşaqlığın enməsi onunla anatomik cəhətdən sıx əlaqədə olan orqanların – uşaqlıq yolu, düz bağırsaq və sidik kisəsinin enməsinə səbəb olur. Düz bağırsaq və sidik kisəsində daxili təzyiqin təsirindən rektosele və sistosele güclənir, bu da uşaqlığın enməsini sürətləndirir.

Uşaqlığın enməsi və sallanmasının əlamətləri

Uşaqlığın enməsinin səbəbləriUşaqlığın enməsi kiçik çanaq orqanlarının yerdəyişməsinin tədricən proqressivləşməsi ilə xarakterizə olunur. İlkin mərhələlərdə uşaqlığın enməsi qarnın aşağı hissəsi, oma və bel nahiyəsində təzyiq hissi, dartıcı ağrılarla, uşaqlıq yolunda yad cisim hissi, dispareuniya (ağrılı cinsi akt), uşaqlıq yolundan axan selikli və ya qanlı ifrazatla təzahür edir. Uşaqlığın enməsinin xarakterik əlamətlərinə aybaşı funksiyasının hiperpolimenoreyaalqodismenoreya tipli pozulması aiddir. Çox zaman uşaqlığın enməsi fonunda sonsuzluq müşahidə olunur, lakin hamiləliyin baş tutması inkar edilmir.

Bir müddətdən sonra uşaqlığın enməsinin əlamətlərinə uroloji pozğunluqlar: sidik ifrazının çətinləşməsi və tezləşməsi, qalıq sidiyin əlaməti, sidik çıxarıcı orqanlarda durğunluq da qoşulur. Bu pozğunluqlar 50% xəstələrdə müşahidə olunur. Tədricən  əvvəlcə sidik çıxarıcı traktın aşağı, sonra isə yuxarı şöbələrinin infeksiyalaşması, sistit, pielonefrit, böyrək daşı xəstəliyinin inkişafı izlənilir. Uşaqlığın enməsi və sallanmasının uzunmüddətli gedişi sidik axarları və böyrəyin gərilməsinə (hidronefroza) gətirib çıxarır. Əksər hallarda uşaqlığın enməsi sidik saxlamazlıqla müşayiət olunur.

Uşaqlığın enməsi və sallanması zamanı proktoloji ağırlaşmalar hər 3-cü halda rast gəlinir. Onlara qəbizlik, kolit, qaz və nəcis saxlamazlıq daxildir. Çox vaxt uşaqlığın enməsinin məhz ağır uroloji və proktoloji təzahürləri xəstəni mütəxəssislərə – uroloq, proktoloqa müraciət etməyə məcbur edir. Qadının cinsi yarıqdan çıxan törəməni aşkar etməsi uşaqlığın enməsinin proqressivləşməsinin aparıcı əlaməti sayılır.

Uşaqlığın sallanan hissəsi çat və cızıqlardan ibarət parlaq səthə malik olur. Gələcəkdə yerimə zamanı daimi zədələnmələr nəticəsində onun səthi xoralaşır, dərin yaralar qanamaya və infeksiyalaşmaya meylli olur. Uşaqlığın enməsi zamanı kiçik çanaqda qan dövranı pozulur, durğunluq halları, uşaqlığın selikli qişasının sianozu və qonşu toxumaların ödemi inkişaf edir.

Əksər hallarda uşaqlığın enməsi zamanı cinsi həyat mümkün olmur. Venoz axının pozulması nəticəsində qadınlarda venaların (xüsusən aşağı ətrafların) varikoz xəstəliyi tez-tez qeyd olunur. Uşaqlığın enməsi və sallanmasının ağırlaşmalarına həm də sallanmış uşaqlığın boğulması, uşaqlıq yolunun divarlarının nekrozu, bağırsaq ilgəklərinin boğulması aiddir.

Uşaqlığın enməsi və sallanmasının diaqnostikası

Uşaqlığın enməsi və sallanması ginekoloji müayinə zamanı aşkar oluna bilər. Uşaqlığın enməsinin dərəcəsini təyin etmək üçün həkim xəstədən güc verməsini xahiş  edir, bu zaman vaginal və rektal müayinədə uşaqlıq yolu divarlarının, sidik kisəsi və düz bağırsağın yerdəyişməsi müəyyən edilir. Cinsiyyət orqanlarının yerdəyişməsi aşkarlanan qadınlar dispanser qeydiyyatına alınır. Uşaqlığın belə patologiyası olan qadınlarda mütləq kolposkopiya aparılmalıdır.

Uşaqlığın enməsi və sallanmasının orqanqoruyucu plastik əməliyyatların aparılmasını tələb edən hallarında və onun yanaşı gedən xəstəliklərində diaqnostik kompleksə bir sıra müayinə üsulları  əlavə edilir:

  • Histerosalpinqoqrafiya və uşaqlıq boşluğunun diaqnostik qaşınması;
  • Kiçik çanaq orqanlarının USM;
  • Flora, uşaqlıq yolunun təmizlik dərəcəsi, bakterioloji əkilməyə görə, eləcə də atipik hüceyrələrin aşkarlanması məqsədilə yaxmanın götürülməsi;
  • Sidik çıxarıcı yolların infeksiyalarının istisna edilməsi üçün sidiyin bakterioloji əkilməsi;
  • Sidik çıxarıcı yolların obstruksiyasını istisna etmək məqsədilə ekskretor uroqrafiya;
  • Kiçik çanaq orqanlarının vəziyyətinin dəqiqləşdirilməsi üçün KT.

Uşaqlığın enməsi zamanı rektosele və sistoselenin olmasını müəyyən etmək üçün diaqnostik prosesə proktoloq və uroloq cəlb olunur. Güc vermə zamanı sidik və nəcis saxlamazlığı aşkar etmək üçün  düz bağırsaq və sidik kisəsinin sfinkterlərinin vəziyyətini qiymətləndirilir. Uşaqlığın enməsi və sallanması uşaqlığın çevrilməsi, uşaqlıq yolunun kistaları, doğulan miomatoz düyünlə differensiasiya edilməlidir.

Uşaqlığın enməsi və sallanmasının müalicəsi

Müalicə taktikasının seçilməsində aşağıdakı amillər nəzərə alınır:

  1. Uşaqlığın enməsi və sallanmasının dərəcəsi.
  2. Yanaşı gedən ginekoloji xəstəliklərin xarakteri.
  3. Aybaşı və reproduktiv funksiyaların bərpası və ya qorunmasının vacibliyi və mümkünlüyü.
  4. Xəstənin yaşı.
  5. Sidik kisəsi, düz və yoğun bağırsağın sfinkterlərinin funksional pozğunluqlarının xüsusiyyətləri.
  6. Yanaşı xəstəliklər zamanı anestezioloji və cərrahi riskin dərəcəsi.

Bu kriteriyalara əsasən müalicə taktikası (konservativ və ya cərrahi) müəyyən edilir.

Uşaqlığın enməsi və sallanmasının konservativ müalicəsi

Uşaqlığın enməsi onun cinsi yarıqdan xaricə çıxması və qonşu orqanların funksional pozğunluqları ilə müşayiət olunmadıqda konservativ müalicə tətbiq edilir:

  • Çanaq dibi və qarın əzələlərinin möhkəmləndirilməsinə yönəldilmiş MBT (Kegel, Yunusov gimnastikası);
  • Ginekoloji massaj;
  • Bağ aparatını möhkəmləndirən estrogenlərlə əvəzedici terapiya;
  • Metabolit və estrogenlərdən ibarət mazların uşaqlıq yoluna yeridilməsi.

Yaşlı pasityentlərdə cərrahi əməliyyatın aparılması mümkün olmadıqda vaginal tampon və pessariumun (müxtəlif diametrli qalın rezin həlqə) istifadəsi məsləhət görülür. Pessariumun daxilində ona elastiklik verən hava olur. Həlqə uşaqlıq yoluna yeridildikdən sonra yerini dəyişmiş uşaqlıq üçün dayaq rolunu oynayır. Uşaqlıq yoluna yeridilmə zamanı həlqə uşaqlıq tağlarına dirənərək, xüsusi dəlikdə uşaqlıq boynunu fiksə edir. Nekrozun yaranma təhlükəsi ilə əlaqədar pessariumu uşaqlıq yolunda uzunmüddət saxlamaq olmaz. Uşaqlığın enməsinin müalicəsi üçün pessariumun istifadəsi zamanı uşaqlıq yolunu hər gün çobanyastığı dəmləməsi, furasilin və ya kalium-permanqanat məhlulları ilə yumaq və ayda 2 dəfə ginekoloji müayinədən keçmək lazımdır. 3-4 həftədən sonra pessariumu çıxardaraq, 2 həftə fasilə verilməlidir.

Uşaqlığın enməsi və sallanmasının cərrahi müalicəsi

Uşaqlığın enməsi və sallanmasının daha effektiv radikal müalicə üsulu cərrahi əməliyyatlar hesab olunur. Konservativ terapiyanın qeyri-effektivliyi və orqanın əhəmiyyətli dərəcədə yerdəyişməsi  cərrahi müalicəyə göstəriş hesab olunur. Müasir cərrahi ginekologiyada uşaqlığın enməsi və sallanması zamanı müxtəlif növ cərrahi əməliyyatlar icra edilir.

Cərrahi müdaxilələrin I qrupuna vaginoplastika – uşaqlıq yolu, sidik kisəsi və çanaq dibinin əzələ və fassiyalarının möhkəmləndirilməsinə yönəldilmiş plastik əməliyyatlar (məsələn, kolpoperineolevatoroplastika, ön kolporafiya) aiddir. Çanaq dibinin əzələ və fassiyaları hər zaman uşaqlığın enməsində iştirak etdiyindən kolpoperineolevatoroplastika əsas və ya əlavə mərhələ qismində bütün növ əməliyytalarda aparılır.

İkinci qrupa daxil olan əməliyyatlar uşaqlığın girdə bağlarının qısaldılması, möhkəmləndirilməsi və onların uşaqlığın ön və ya arxa divarına fiksasiyasından ibarətdir. Bu tip əməliyyatlar bir o qədər də effetli olmayıb, çoxsaylı residivlər verir. Bunun səbəbi fiksasiya məqsədilə gərilmə qabiliyyətinə malik girdə bağların istifadə olunmasıdır.

III qrup əməliyyatlar zamanı uşaqlığın fiksasiyası bağların öz aralarında tikilməsi hesabına möhkəmləndirilır. Bu əməliyyatlardan bəziləri sonsuzluğa səbəb olur.

IV qrupa əməliyyatlar yerini dəyişmiş orqanların çanaq dibinin divarlarına (oma, qasıq sümüyü, çanaq bağları və s.) fiksasiyası ilə səciyyələnir.

V qrup əməliyyatlara bağların möhkəmləndirilməsi və uşaqlığın fiksasiyası məqsədilə alloplastik materialların tətbiqi ilə aparılan cərrahi müdaxilələr daxildir. Əməliyyatların çatışmazlıqlarına residivlərin çoxluğu, alloplastın ayrılması, fistulaların yaranması aiddir.

VI qrupu uşaqlıq yolunun hissəvi daralmasına səbəb olan əməliyyatlar təşkil edir.

VII qrup – histerektomiya (uşaqlığın xaric olunması). Bu üsul reproduktiv funksiyanın saxlanılmasına ehtiyac olmadıqda tətbiq olunur.

Hazırda kombinəolunmuş cərrahi müalicəyə- eyni zamanda uşaqlığın fiksasiyası, uşaqlıq yolunun plastikası və çanaq dibinin bağ-əzələ aparatının möhkəmləndirilməsi ilə aparılan üsullara üstünlük verilir. Uşaqlığın enməsi və ya sallanması zamanı bütün əməliyyatlar uşaqlıq yolundan və ya qarnın ön divarından (laparotomik və ya laparoskopik üsulla) keçməklə icra olunur. Əməliyyatdan sonra konservativ tədbirlər: MBT, qəbizliyin aradan qaldırılması üçün dietoterapiya, fiziki yüklənmələrin istisna edilməsi mütləqdir.

Uşaqlığın enməsi və sallanmasının profilaktikası

Uşaqlığın enməsi və sallanmasının əsas profilaktik tədbirləri hələ uşaq vaxtlarından rasional rejimə riayət etməkdən ibarətdir. Gələcəkdə ağır fiziki əmək, 10kq-dan artıq yük qaldırmaq istisna olunmalıdır.

Hamiləlik zamanı və doğuş prosesində cinsiyyət orqanlarının yerdəyişmə riski artır. Uşaqlığın enməsində təkcə doğuşların sayı deyil, həm də hamiləlik, doğuş və doğuşdan sonrakı dövrün düzgün aparılması mühüm rol oynayır. Həkimin savadlı yanaşması, aralığın qorunması, düzgün doğuş üsulunun seçilməsi gələcəkdə uşaqlığın enməsi ilə bağlı xoşagəlməz halların qarşısını almağa imkan verir.

Doğuşdan sonrakı dövrdə aralıq toxumalarının bərpası, septiki ağırlaşmaların profilaktikasına xüsusi diqqət yetirilməlidir. Doğuşdan sonra uşaqlığın enməsinin profilaktikası məqsədilə çanaq dibi, qarın əzələləri, bağ aparatını  möhkəmləndirən  gimnastikalar, travmatik doğuş keçirən qadınlara isə lazeroterapiya, çanaq dibi əzələlərinin elektrostimulyasiyası təyin olunur. Erkən doğuş sonrası dövrdə ağır fiziki yüklənmələr qadağandır. Qəbizliyə meylli qadınlara xüsusi dieta, eləcə də müalicəvi gimnatika tövsiyyə edilir.

Premenopauza dövründə uşaqlığın enməsi və sallanmasının profilaktikasına xüsusi diqqət yetirmək lazımdır: fiziki yüklənmələr məhdudlaşdırılmalı, müalicəvi gimnastika və idmanla məşğul olunmalıdır. Menopauzada ən təsirli profilaktika üsulu qan dövranını yaxşılaşdıran və çanaq orqanlarının bağ aparatını möhkəmləndirən əvəzedici hormonal terapiyanın aparılmasıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: