Uşaqlığın hipoplaziyası

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 9885

uşaqlığın hipoplaziyası nədir?Uşaqlığın hipoplaziyası – uşaqlığın inkişafdan qalması nəticəsində onun ölçülərinin yaş və fizioloji norma ilə müqayisədə kiçik olması ilə xarakterizə edilir. Uşaqlığın hipoplaziyası klinik olaraq aybaşının gec başlanması (16 yaşdan sonra), onun qeyri-müntəzəmliyi və çox ağrılı olması; düşüklər, doğuş fəaliyyətinin anomaliyaları, sonsuzluq; libidonun azalması və anorqazmiya ilə təzahür edir. Diaqnoz vaginal müayinə, USM, uşaqlıq boşluğunun zondlanmasına əsasən qoyulur. Müalicəyə hormonoterapiya, fizioterapiya, MBT daxildir. Hamiləliyin baş tutması və gedişinin proqnozu uşaqlığın hipoplaziyasının dərəcələrindən asılıdır.

  • Uşaqlığın hipoplaziyasının yaranma səbəbləri və dərəcələri
  • Uşaqlığın hipoplaziyasının əlamətləri
  • Uşaqlığın hipoplaziyasının diaqnostikası
  • Uşaqlığın hipoplaziyasının müalicəsi
  • Uşaqlığın hipoplaziyasının proqnoz və profilaktikası

Uşaqlığın hipoplaziyası barədə ümumi məlumat

Uşaqlığın hipoplaziyasının digər tibbi adi infantil uşaqlıqdır. Qadın cinsi hormonlarının kifayət qədər sintez olunmaması uşaqlığın natamam inkişafına gətirib çıxarır. Bu zaman uşaqlıq hipoplastik (uzun konus şəkilli boyun hissə, kiçik cismi və hiperantefleksiya) qalır. Uşaqlığın hipoplaziyası uzun, qıvrım fallop boruları ilə müştərək şəkildə inkişaf edir, bu da sonsuzluqla müşayiət olunur. Hamiləlik baş tutduqda ziqotanın dəyişilmiş uşaqlıq boruları ilə hərəkəti çətinləşdiyindən əksər hallarda uşaqlıqdan kənar hamiləlik inkişaf edir. Uşaqlığın hipoplaziyası zamanı adətən reproduktiv sistemin digər orqanlarının –cinsiyyət dodaqları, uşaqlıq yolu, yumurtalıqların da inkişafdan qalması müşahidə olunur. Çox zaman uşaqlığın hipoplaziyasına yumurtalıqların polikistozu ilə birgə rast gəlinir.

Uşaqlığın hipoplaziyasının yaranma səbəbləri və dərəcələri

uşaqlığın hipoplaziyasının səbəbləriUşaqlığın anadangəlmə hipoplaziyası irsi amillər və ya antenatal dövrdə embriona zədələyici təsir nəticəsində yaranan genital və ya ümumi infantilizmin təzahürü sayılır. Əksər hallarda uşaqlığın hipoplaziyasına «hipotalamus-uşaqlıq» tənzim sisteminin pozulmaları və ya hipofizin yüksək qonadotrop aktivliyi zamanı yumurtalıq çatışmazlığı səbəb olur. Bu dəyişikliklər qızlarda uşaqlıq və ya yeniyetmə dövründə yaranır və hipovitaminoz, intoksikasiya (narkotik, nikotin), sinir pozğunluqları, zehni və fiziki yüklənmələr, anoreksiya, tez-tez təkrarlanan infeksiyalar (tonzillit, KRVİ, qrip) və s. zamanı inkişaf edə bilir. Bu zaman düzgün formalaşmış uşaqlığın inkişafdan qalması baş verir.

Uşaqlığın hipoplaziyasının əsas xarakterik əlaməti onun ölçülərinin kiçilməsidir. Normada yetkin, doğmayan qadınlarda uşaqlıq boşluğunun uzunluğu -7 sm-dən az olmur, doğan qadınlarda – 8 sm, uşaqlıq boynunun uzunluğu 2,5 sm təşkil edir. İnkişafın dayandığı vaxtdan asılı olaraq uşaqlığın hipoplaziyasının 3 dərəcəsi ayırd edilir: bətndaxili formalaşan embrion uşaqlıq, doğuşdan sonra formalaşan infantil və yeniyetmə uşaqlığı. Embrion (fetal) uşaqlığın uzunluğu 3sm-ə qədər olur, boşluğu demək olar ki, formalaşmamışdır, orqanın bütün ölçüsünü boyun hissə təşkil edir. İnfantil uşaqlığın uzunluğu 3-5,5 sm olur, uşaqlıq boynunun onun boşluğuna nisbəti 3:1 təşkil edir. Hipoplaziya zamanı yeniyetmə uşaqlıq 5,5 – 7 sm uzunluqda olur, uşaqlıq boynunun onun boşluğuna nisbəti 1:3 olur.

Uşaqlığın hipoplaziyasının əlamətləri

Uşaqlığın hipoplaziyasının əlamətləriUşaqlığın hipoplaziyası üçün aybaşının gec başlanması (16 yaşdan sonra) xarakterik sayılır. Aybaşı adətən ağrılı (alqodismenoreya), qeyri-müntəzəm, az miqdarda və ya gur olur. Uşaqlığın hipoplaziyası zamanı qızların ümumi fiziki və cinsi inkişafdan qalması mümkündür: alçaq boyluluq, bərabər daralmış çanaq, dar döş qəfəsi, hipoplastik süd vəziləri, ikincili cinsi əlamətlərin olmaması və ya az nəzərə çarpması.

Uşaqlığın hipoplaziyası olan yetkin qadınlarda cinsi həvəsin azalması, anorqazmiya müşahidə olunur. Uşaqlığın hipoplaziyası zamanı reproduktiv dəyişikliklərə sonsuzluq, uşaqlıqdan kənar hamiləlik, özbaşına (spontan) düşüklər, ifadəli toksikoz, zəif doğuş fəaliyyəti, doğuş zamanı uşaqlıq əsnəyinin kifayət qədər açılmaması, doğuşdan sonra atonik qanaxmalar aiddir. Uşaqlığın hipoplaziyası olan qadınlarda əksər hallarda cinsiyyət sisteminin infeksiyalara qarşı zəif müqaviməti ilə əlaqədar servisit, endometrit inkişaf edir. Yuxarıda qeyd əlamətlər zamanı qadın mütləq ginekoloq-endokrinoloqa müraciət etməlidir.

Uşaqlığın hipoplaziyasının diaqnostikası

Uşaqlığın hipoplaziyası olan qadınlarda ginekoloji müayinə zamanı cinsi infantilizm əlamətləri: seyrək tüklənmə, cinsiyyət dodaqlarının inkişafdan qalması, klitorun baş hissəsinin vulvadan önə çıxması müşahidə olunur. Vaginal müayinədə qısa və dar uşaqlıq yolu, zəif nəzərəçarpan tağlar, uzun və konus şəkilli boyun hissə, uşaqlıq cisminin kiçik və yastı olması, hiperantefleksiya qeyd olunur. Kiçik çanağın USM müayinəsi zamanı uşaqlıq boynu və cisminin ölçüləri aşkarlanır, bu da uşaqlığın hipoplaziyasının dərəcəsini təyin etməyə imkan verir.

Rentgen və ya ultrasəs histerosalpinqoskopiya uşaqlığın ölçülərinin kiçilməsini, fallopiya borularının qıvrımlığını, yumurtalıqların hipoplaziyasının təsdiqləyir. Uşaqlığın hipoplaziyasına şübhə yarandıqda cinsi hormonların (FSH, progesteron, prolaktin, LH, estradiol, testosteron) laborator analizi aparılır. Əlavə olaraq uşaqlıq boşluğunun zondlanması, xəstənin sümük yaşının təyini, türk yəhərinin rentgenoqrafiyası, baş beynin MRT-sı icra edilir.

Uşaqlığın hipoplaziyasının müalicəsi

Müalicə sxemi uşaqlığın hipoplaziyasının dərəcələri və onun yaranma səbəblərinə əsasən təyin olunur. Uşaqlıq hipoplaziyasının müalicəsinin əsasını əvəzedici və ya stimuləedici hormonal  terapiya təşkil edir. Adekvat müalicənin köməyilə uşaqlığın ölçülərinin normal səviyyəyə çatdırılması və aybaşı siklinin bərpasını əldə etmək mümkündür.

Uşaqlığın hipoplaziyası zamanı fizioterapevtik üsullar (maqnitoterapiya, lazeroterapiya, diatermiya, induktotermiya, UYT- terapiya, palçıqla müalicə, ozokerito-, parafinlə müalicə) orqanın qan dövranının yaxşılaşmasına səbəb olur. Endonazal qalvanasiya yaxşı nəticələr verir, onun təsirindən hipotalamo-hipofizar nahiyənin fəaliyyəti aktivləşir, LH və FSH hormonların sintezi güclənir. Uşaqlığın hipoplaziyası olan xəstələrə vitaminoterapiya, MBT, ginekoloji massal, kurortoterapiya (dənizdə çimmək və vannalar) təyin olunur.

Uşaqlığın hipoplaziyasının proqnoz və profilaktikası

Uşaqlıq hipoplaziyasının fetal formasında hamiləlik ancaq köməkçi reproduktiv texnologiyanın köməyilə mümkündür. Hamiləliyin sərbəst baş verməsinin mümkünsüzlüyü, lakin yumurtalıqların funksiyasının saxlanılması zamanı xəstənin öz yumurtahüceyrələrindən istifadə etməklə ekstrakorporal mayalanma aparılır. Hamiləliyin daşınmaması sindromunda surroqat analıq çərçivəsində süni mayalanma (IMSI, ICSI, PICSI)  icra edilir. Yüngül dərəcəli uşaqlıq hipoplaziyası və yumurtalıqların normal quruluş və fəaliyyəti zamanı hamiləliyin proqnozu qənaətbəxş sayılır. Uşaqlığın hipoplaziyası olan xəstələrin hamiləliyinin gedişi və aparılması özbaşına düşüklər, ağırlaşmış doğuş  riski ilə müşayiət olunur.

Reproduktiv sistemin normal formalaşması və inkişafı üçün əlverişsiz amillərin təsiri (xüsusən yeniyetmə dövründə) aradan qaldırılmalıdır. Qızlarda uşaqlığın hipoplaziyasının profilaktikası üçün tam, balanslaşdırılmış qıdalanma, yorucu pəhrizlərdən imtina, stress hallarının istisna edilməsi, infeksiyaların vaxtında qarşısının alınması və müalicəsi məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: