Uşaqlığın retrofleksiyası

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 4567

uşaqlığın retrofleksiyası nədir?Uşaqlığın retrofleksiyası – uşaqlığın atipik vəziyyəti olub, onun cisminin arxaya – onurğa sütununa tərəf əyilməsi ilə müşahidə edilir. Uşaqlığın retrofleksiyası xarakterik əlamətlərə malik olmur; ağrı, uşaqlıq yolundan ifrazatlar, aybaşı funksiyasının və qonşu orqanların fəaliyyətinin pozulması ilə müşayiət oluna bilər. Adətən ginekoloji baxış zamanı aşkarlanır. Uşaqlığın retrofleksiyasının müalicəsi pasiyentin şikayətləri olduqda aparılır və onu yaradan əsas patologiyanın aradan qaldırılmasına yönəldilir.

  • Uşaqlığın retrofleksiyasının növləri və yaranma səbəbləri
  • Uşaqlığın retrofleksiyasının əlamətləri
  • Uşaqlığın retrofleksiyasının diaqnostikası
  • Uşaqlığın retrofleksiyasının profilaktikası

Uşaqlığın retrofleksiyası barədə ümumi məlumat

Normal halda (antefleksiya) uşaqlıq kiçik çanağın mərkəzində sidik kisəsi ilə düz  bağırsaq arasında  yerləşir; onun cismi önə əyilərək, uşaqlıq boynu ilə önə açılan bucaq əmələ gətirir. Uşaqlıq kifayət qədər hərəkətlidir, onun vəziyyəti düz bağırsaq və sidik kisəsinin dolma dərəcəsindən asılı olaraq, dəyişir. Uşaqlığın normal vəziyyəti onun tonusu, bağları, uşaqlıq, qarnın ön divarı, çanaq dibi əzələləri, qonşu orqanlar hesabına təmin olunur.

Retrofleksiya zamanı uşaqlıq cismi onurğaya tərəf əyilərək, uşaqlıq boynu ilə arxaya açılan bucaq yaradır. Uşaqlığın retrofleksiyası əzələlərə və orqanı fiksasiya edən bağlara təsir edir, bağırsaq ilgəklərinin uşaqlıq divarına və sidik kisəsinin örtülməyən arxa divarına daimi təzyiqinə səbəb olur, bu da daxili cinsiyyət orqanlarının enməsi və ya sallanması ilə nəticələnir. Bəzi hallarda uşaqlığın retrofeksiyası sonsuzluqdüşüklərlə müştərək şəkildə inkişaf edə bilər.

Uşaqlığın retrofleksiyasının növləri və yaranma səbəbləri

Uşaqlığın retrofleksiyasının növləriUşaqlığın retrofleksiyasının 2 növü ayırd edilir: hərəkətli və fiksasiya olunmuş. Uşaqlığın fiksasiya olunmuş retrofleksiyası orqanın tam və ya hissəvi hərəkətsizliyi və ginekoloji baxış prosesində onun düzləndirilməsi zamanı ağrının yaranması ilə xarakterizə edilir. Uşaqlığın atipik vəziyyətinin bu növünə kiçik çanaq orqanlarının iltihabi (endometrit, adneksit, pelvioperitonit), şiş xəstəlikləri, endometrioz nəticəsində kiçik çanaqda formalaşan bitişmələr səbəb olur.

Uşaqlığın hərəkətli retrofleksiyasının inkişafı  tonusun azalması, əzələlərin və kiçik çanaq  bağlarının  gərilməsi ilə əlaqədar inkişaf edir. Hərəkətli retrofleksiya astenik (arıq) bədən quruluşlu qadınlarda, eləcə də ağır xəstəliklər, uzunmüddətli yataq rejimi, qeyri-rasional qidalanma ilə bağlı bədən çəkisinin kəskin itirilməsi hallarında yarana bilər. Həmçinin cinsiyyət orqanlarınınn inkişafdan qalması, enteroptoz, doğuş travmaları, tez-tez təkrarlanan abortlar, ağır fiziki işin törətdiyi anatomo-fizioloji dəyişikliklər uşaqlığın hərəkətli retrofleksiyasına gətirib çıxarır.

Uşaqlığın retrofleksiyasının əlamətləri

Uşaqlığın retrofleksiyasının əlamətləriUşaqlığın hərəkətli retrofleksiyası adətən simptomsuz gedərək, ginekoloji müayinə zamanı təsadüfən aşkarlanır. Uşaqlığın fiksasiya olunmuş retrofleksiyası zamanı pasiyentlər əyilməyə səbəb olan əsas xəstəliyə (iltihabi proses və ya endometrioz) məxsus şikayətlər təqdim edirlər: qarnın aşağı hissəsi və oma nahiyəsində ağırlıq, ağrı hissi, aybaşı siklinin pozulması (gur və ya qeyri-müntəzəm aybaşılar), dispareuniya, qəbizlik və sidik ifrazının tezləşməsi.

Uşaqlığın uzunmüddətli retrofleksiyası zamanı orqanın enməsi və sallanması müşahidə olunur. Uşaqlığın retrofleksiyasını müşayiət edən sonsuzluq onun qeyri-düzgün vəziyyəti ilə deyil, əyilməni yaradan əsas xəstəliklə əlaqədar formalaşır. Uşaqlığın atipik vəziyyəti zamanı hamiləlik çox vaxt düşük təhlükəsi ilə müşayiət olunur.

Uşaqlığın retrofleksiyasının diaqnostikası

Diaqnoz bimanual müayinənin nəticələrinə əsasən qoyulur. Müayinə prosesində ginekoloq uşaqlıq cisminin arxaya əyildiyini aşkar edir, onun hərəkətliliyini qiymətləndirir. Hərəkətli retrofleksiya zamanı uşaqlıq asanlıqla öz normal vəziyyətinə qaytarılır, fiksasiya olunmuş formada isə onun vəziyyətini dəyişdirmək mümkün olmur, ginekoloqun cəhdləri kəskin ağrı ilə müşayiət olunur.

Daxili cinsiyyət orqanlarının şiş xəstəliklərinə və kiçik çanaqda iltihabi proseslərə şübhə yarandıqda USM, KT aparılır.

Uşaqlığın retrofleksiyasının müalicəsi

Uşaqlığın simptomsuz retrofleksiyası zamanı müalicə tələb olunmur, yalnız ağır fiziki əməyin istisna edilməsi tövsiyyə edilir. Müasir ginekologiya ifadəli klinik simptomatika, sonsuzluq və düşük hallarında uşaqlığın retrofleksiyasının müalicəsinin aparılmasını zəruri hesab edir. Müalicə ilk növbədə uşaqlığın atipik vəziyyətinə səbəb olan əsas xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilir.

Müalicə taktikası orqanın əvvəlki vəziyyətinə qaytarılmasının mümkünlüyündən asılıdır. Uşaqlığın hərəkətli retrofleksiyası zamanı sidik kisəsi və düz bağırsağın boşaldılmasından sonra uşaqlıq əllə antefleksiya  halına gətirilir, MBT, bəzən ginekoloji massaj və xüsusi pessariumların qoyulması təyin olunur.

Uşaqlığın retrofleksiyasının kiçik çanaqda iltihabi və bitişmə prosesləri nəticəsində inkişaf etdiyi hallarda iltihabəleyhinə, fibrinolitik preparatlar, vitamin-mineral kompleksləri, fizioterapiya (elektrofarez, diadinamoterapiya, ultrafonofarez, parafinoterapiya, palçıqla müalicə, iynəbatırma) göstəriş hesab olunur.

Uşaqlığın endometrioz fonunda yaranan retrofleksiyasının müalicəsi hormonal fonun  normallaşdırılması məqsədilə icra olunur. Bəzən hamiləlik və doğuş uşaqlığın əvvəlki vəziyyətinə qayıtmasına səbəb olur. Uşaqlığın retrofleksiyasının kiçik çanaqda neoplaziyalar fonunda formalaşdığı pasiyentlərdə cərrahi əməliyyatlar tətbiq olunur: şiş xaric edilir,  ehtiyac olduqda uşaqlığın vəziyyəti cərrahi yolla  korreksiya edilir.

Uşaqlığın retrofleksiyasının profilaktikası

Uşaqlığın retrofleksiyasının profilaktikası cinsi infantilizmin inkişafının qarşısının alınmasından ( düzgün qidalanma, uşaqlıq və yeniyetmə dövrlərində infeksion xəstəliklərin profilaktikası), eləcə də endokrin dəyişikliklər və cinsiyyət orqanların iltihabi xəstəliklərinin vaxtında diaqnostikası və müalicəsindən ibarətdir.

Uşaqlığın retrofleksiyasının aşkar olunduğu qadınlarda hamiləliyin aparılması zamanı doğuş riski mütləq nəzərə alınmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: