Uşaqlığın subinvolyusiyası
Uşaqlığın subinvolyusiyası – doğuşdan sonrakı ağırlaşma olub, uşaqlığın normal ölçülərinin bərpasının ləngiməsi ilə xarakterizə edilir. Patologiya gur, qonur rəngli qanlı ifrazat, subfebrilitet, əmizdirmə zamanı xarakterik tutmaşəkilli ağrıların olmaması ilə təzahür edir. Ağırlaşma ginekoloji baxış, ultrasəs müayinələr (uşaqlığın USM, üçölçülü exoqrafiya) vasitəsilə müəyyən olunur. Müalicə kompleks şəklində aparılır: hormonal preparatlar – miometriumun yığılmasının stimulyatorları, antibiotiklər və ya virusəleyhinə preparatlar təyin edilir. İnvolyusiyanın stimulyasiyası üçün uşaqlıq boşluğundan qan laxtaları xaric olunur, ginekoloji masaj tətbiq edilir.
- Uşaqlığın subinvolyusiyasının yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Uşaqlığın subinvolyusiyasının əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Uşaqlığın subinvolyusiyasının müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlığın subinvolyusiyası barədə ümumi məlumat
«Subinvolyusiya» terminində «sub» şəkilçisi doğuşdan sonra uşaqlığın natamam və ya hissəvi involyusiyasını (bərpasını) ifadə edir. Patologiya doğuşdan sonra tez-tez rast gəlinən ağırlaşmalardan olub, zahıların 1-2%-də qeydə alınır, doğuşdan sonrakı bütün patologiyalar arasında onun payı 30-50% təşkil edir. Bu ağırlaşmanın nozoloji vahid hesab olunması barədə elmi müzakirələr davam edir. Əksər mütəxəssislər onu doğuşdan sonrakı infeksion xəstəliklər qrupuna – endometritin ilk təzahürlərinə aid edir. Digər nöqteyi nəzərdən subinvolyusiya müstəqil xəstəlik olub, bakterial və ya virus infeksiyaları tərəfindən törədilir və demək olar ki, bütün hallarda endometritə gətirib çıxarır.
Uşaqlığın subinvolyusiyasının səbəbləri
Mamalıqda patologiyanın ümumqəbuledilmiş birbaşa səbəbi bakterial və ya virus mənşəli iltihab sayılır. Lakin iltihab hər zaman involyusiya ilə nəticələnmir, bu səbəbdən patologiyaya təkan verən bir sıra amillər ayırd edilmişdir. Onların təsiri müxtəlif qadınlarda fərqli olur, bu da dəqiq korrelyasiyanın müəyyən edilməsini çətinləşdirir. Uşaqlığın subinvolyusiyasının inkişafına səbəb olan vəziyyətlər aşağıdakılardır:
- Cift və döl qişası qalıqlarının ləngiməsi. Subinvolyusiya zamanı bütün zahıların uşaqlıq boşluğunda ciftin, döl kisəsinin fraqmentləri və ya qan laxtaları aşkarlanır. Hesab olunur ki, belə vəziyyət endometritin inkişafı və uşaqlığın ölçülərinin bərpasının ləngiməsi ilə müşayiət olunan cinsiyyət orqanlarının infeksiyalaşmasını asanlaşdırır.
- Hamiləlik patologiyaları. Dölyanı mayenin çoxluğu, iri döl, çoxdöllü hamiləlik bu patologiyanın təkanverici amili hesab olunur. Bundan əlavə hamilələrdə iltihabi xəstəliklər (pielonefrit, sistit) doğuşdan sonrakı patologiyanın yaranma ehtimalını yüksəldir.
- Doğuş anomaliyaları. Uzunmüddətli və ya sürətli doğuşlar doğuşdan sonrakı dövrdə bu ağırlaşmanın risk amili sayılır.
- Qadının konstitutsional xüsusiyyətləri. Miometriumun zəif yığılma aktivliyinin qadın orqanizminin genetik və individual xüsusiyyətləri ilə bağlı olması barədə fikirlər irəli sürülmüşdür. Belə qadınlarda uşaqlığın subinvolyusiyasının inkişaf riski bir neçə dəfə yüksək olur.
Yuxarıda sadalanan amillərdən əlavə bəzi tədqiqatçılar tərəfindən patologiyanın uşaqlığın mioması, çox gənc (18 yaşdan kiçik) və ya yuxarı reproduktiv yaş (40 yaşdan böyük) fonunda yaranma tezliyinin yüksək olması qeydə alınmışdır. Doğuşdan sonra ilk 4-5 gün müddətində uşaq ana südu ilə qidalandırılmadıqda involyusiyanın ehtimalı artır, bu da əmizdirmə ilə əlaqədar hormonal stimulyasiyanın olmaması ilə izah edilir. Eləcə də ağırlaşmanın inkişafında uşaqlığın anomal vəziyyəti, onun bağ aparatının pozulması, anemiya və sistem xəstəlikləri müəyyən rol oynayır.
Uşaqlığın subinvolyusiyasının patogenezi
Uşaqlığın subinvolyusiyasının patogenezinin əsas həlqəsini miometriumun yığılma aktivliyinin azalması, doğuşdan sonra toxumaların ödeminin uzunmüddət davam etməsi, kollagen liflərinin lizisinin ləngiməsi təşkil edir. Əzələ liflərinin yığılması hamiləlik dövründə onların gərilməsi və ya zəif neyrohumoral stimulyasiya nəticəsində ləngiyir. Bu mexanizm ağırlaşmanın həqiqi formalarında aparıcı hesab olunur. Yığılma qabiliyyətinin azalması nəinki uşaqlığın ölçülərinin bərpasını ləngidir, həmçinin endometriumun zədələnmiş sahəsindən infeksiyanın daxil olmasını asanlaşdıraraq, endometritə gətirib çıxarır.
Daxili cinsiyyət orqanlarının geriyə inkişafı normada yalnız əzələ qatının yığılması hesabına deyil, həm də toxumaların ödeminin azalması sayəsində baş verir. Doğuşdan sonra endometriumun səthi yara xarakterli olur, lakin 4-10 gün ərzində qan damarlarının spazmı və «qıvrılması» hesabına ödem azalır, sağalma müşahidə edilir. Uşaqlıq boşluğunda yad cisimlərin olduğu və ya toxumaların infeksiyalaşdığı hallarda yaranan iltihab ödemin saxlanılmasına və mikrosirkulyator pozğunluqların formalaşmasına səbəb olur. Həmçinin bu fonda kollagen liflərin lizisi ləngiyir, lakin bu prosesin dəqiq izahı hələlik elmə məlum deyil.
Uşaqlığın subinvolyusiyasının təsnifatı
Mamalıq təcrübəsində subinvolyusiyanın bir neçə təsnifatı mövcuddur, ancaq onların əksəriyyəti geniş tətbiq olunmur. Təsnifatın mürəkkəbliyi doğuşdan sonrakı ağırlaşmanın inkişaf mexanizmlərinin çoxsaylı olması, yanaşı gedən paologiyaların (gecikmiş hestozlar, sidik-ifrazat sistemi orqanlarının iltihablarının) rolu barədə səhih məlumatların olmaması ilə bağlıdır. Bu səbəbdən uşaqlığın subinvolyusiyasının yalnız 1 təsnifatından istifadə olunur, onun əsasında patologiyanın yaranmasının birbaşa səbəbləri dayanır:
- Birincili və ya həqiqi tip. Uşaqlığın involyusiyasının ən az rast gəlinən formasıdır. Onun diaqnozu bakterial və ya virus infeksiyasının əlamətlərinin olmaması fonunda orqanın bərpasının ləngiməsi zamanı qoyulur. Bu tip çərçivəsində 3 yarımqrup ayırd edilir:
- Miogen yarımtip. Ləng involyusiya əsasən miometriumun gərilməsi və ya zəifliyi ilə əlaqədar inkişaf edir. Belə vəziyyətlər polihidramnion, iri döllü hamiləliklərdən sonra, sürətli və ya uzunmüddətli doğuşlar zamanı müşahidə edilir.
- Mikrosirkulyator yarımtip. Xəstəlik uşaqlığın qan damarları şəbəkəsinin zəif bərpası və toxumaların ödemliliyinin saxlanılması nəticəsində yaranır. Bununla yanaşı patologiyaya gecikmiş hestoz, doğuşdan əvvəl sidik kisəsi və düz bağırsağın tam boşaldılmaması səbəb ola bilər.
- Endokrin yarımtip. Doğuşdan sonra cinsiyyət sisteminin neyrohumoral stimulyasiyasının çatışmazlığı zamanı baş verir. Həm endokrin patologiyalar, həm də doğuşdan sonra ilk 4-5 gün müddətində uşağın ana südü ilə qidalandırılmaması subinvolyusiyanın bu formasını yaradır.
- İnfeksion tip. Subinvolyusiyanın əksər hallarının səbəbi sayılır, bəzi mütəxəssislər onu müstəqil vəziyyət kimi deyil, doğuşdan sonrakı endometritin 1 mərhələsi olaraq qəbul edir. Virus və ya bakterial törədicilər, o cümlədən şərti-patogen mikrofloranın törətdiyi iltihabi proseslərin təsirindən formalaşır. Orqanizmdə infeksiya ocaqları (pielonefrit, sistit), uşaqlıq boşluğunda cift və döl qişasının qalıqlarının ləngiməsi zamanı ağırlaşmanın inkişaf riski yüksəlir.
Uşaqlığın subinvolyusiyasının əlamətləri
Xəstəliyin ilkin təzahürü gur, qonur rəngli qanlı ifrazatların (loxiyaların) olmasıdır. Onun patoqnomik əlaməti qanaxmaların doğuşdan sonrakı dövrün uzaq mərhələlərinə kimi (3-4 həftə) davam etməsidir. Mama-ginekoloqlar ana südü ilə qidalandırma zamanı qarnın aşağı hissəsində tutmaşəkilli ağrıların olmamasını patologiyanın dolayı əlaməti hesab edirlər. Bəzən əmizdirmə rejimi və ya digər xarici amillərlə bağlı olmayan dartıcı ağrılar qeydə alınır. Bu təzahürlərlə anamnezdə risk amillərinin müştərəkliyi pozğunluğun olmasına dəlalət edir.
Xəstəliyin infeksion tipi doğuşdan sonrakı endometritin əlamətləri – titrətmə, bədən hərarətinin yüksəlməsi (bəzən 39-40°С-yə qədər) ilə özünü büruzə verir. Loxiyaların irinli xarakter alması uşaqlığın daxili qişasının ağır iltihabının inkişafına işarədir. Qarnın ön divarının ağrılı olması, taxikardiya, ümumi intoksikasiya əlamətləri – baş ağrıları, halsızlıq, ürəkbulanma müşahidə edilir. Belə hallarda əlamətlərin ifadəliliyi törədicinin xarakteri, qadın orqanizminin reaktivliyi və digər amillərdən asılıdır.
Uşaqlığın subinvolyusiyasının ağırlaşmaları
Düzgün müalicə aparılmadıqda uşaqlığın subinvolyusiyasının istənilən tipi infeksion ağırlaşmalara – endometrit və ya endomiometritə gətirib çıxarır. Hətta involyusiyanın həqiqi formasında infeksion iltihabın əlamətləri yalnız erkən mərhələrdə qeyd olunmur, sonralar reproduktiv orqanların bərpasının ləngiməsi onların patogen, o cümlədən şərti-patogen mikrofloraya qarşı müqavimətini zəiflədir. Endometrit sepsis, peritonit, septiki şok və infeksion xarakterli digər proseslərlə ağırlaşa bilər. Bəzən bu vəziyyət metrotromboflebit, daxili cinsiyyət orqanlarının damarlarının emboliyası, ağır dərəcəli uşaqlıq qanaxmaları ilə nəticələnir.
Uşaqlığın subinvolyusiyasının diaqnostikası
Subinvolyusiyanın yaranma ehtimalının yüksək olduğu qadınlar mama-ginekoloqlar tərəfindən hamiləlik dövründə müəyyən edilir. Risk qrupuna polihidramnion, iri döl, sidik-cinsiyyət sisteminin infeksion və iltihabi patologiyaları, ifadəli hestozun qeydə alındığı hamilələr aiddir. Ağırlaşmaların vaxtında aşkarlanması məqsədilə doğuşdan sonrakı dövrdə belə qadınlar xüsusi nəzarət altına alınmalıdır. Patologiyanın diaqnostikasında mamalıq müayinələri və ümumklinik analizlərdən istifadə olunur:
- Mama-ginekoloqun konsultasiyası. Sorğu əsnasında loxiyaların xarakteri, həcmi və müddəti , subyektiv əlamətlərin olması dəqiqləşdirilir. Toplanılan məlumatlara əsaslanaraq, həkim bir sıra əlavə diaqnostik prosedurlar təyin edir.
- Ginekoloji kresloda baxış. Bimanual müayinədə armudabənzər-şarşəkilli uşaqlıq, onun ölçülərinin böyük olması müəyyən edilir. Elastik-yumşaq konsistensiya doğuş yollarında cift və döl qişalarının fraqmentlərinin olmasına dəlalət edir. Vaginal güzgülərlə müayinə zamanı uşaqlıq boynunun ödemi və hiperemiyası, servikal kanalın böyüməsi (1-2 barmağın asanlıqla keçməsi), qan laxtaları izlənilir.
- Ultrasəs müayinələr. Ağırlaşmanın diqnostikasında kiçik çanaq orqanlarının transvaginal və transabdominal USM, üçölçülü exoqrafiyadan istifadə olunur. Uşaqlıq dibinin doğuşdan sonrakı dövrə uyğun gəlməyən hündürlüyü, orqanın divarlarının qalınlaşması aşkar edilir. Exoqrafiya uşaqlıq boşluğunda yad cisim və cift qalıqlarını təyin etməyə imkan verir.
- Histeroskopiya. Uşaqlıq boşluğunun endoskopik müayinəsi çox zaman subinvolyusiya və endometrit əlamətlərinin hələ ifadəli klinik təzahürlərdən əvvəl aşkarlanmasına imkan verir. Vizualizasiya ilə yanaşı bu üsulun köməyilə endometrium, loxiyalar, cift qalıqlarından nümunələr götürülərək, diaqnoz bir daha dəqiqləşdirilir.
Xəstəliyin infeksion forması və ya ağırlaşmaların qoşulması zamanı qan və sidiyin klinik analizi, bəzi hallarda (endometrit zamanı) törədicini təyin etmək üçün uşaqlıq və ya uşaqlıq yolunun mikroflorasının əkilməsindən istifadə olunur. Qanda iltihabi proseslər üçün xarakterik dəyişikliklər – EÇŞ artması, leykositoz, anemiya izlənilir. Son illərdə diaqnostik məqsədlə kiçik çanaq orqanlarının MRT tətbiq edilir, bu üsul uşaqlığın quruluş və ölçülərinin dəqiq müəyyənləşdirilməsinə, eləcə də onun boşluğunda ən kiçik patoloji əlavələrin aşkar edilməsinə imkan verir.
Uşaqlığın subinvolyusiyasının müalicəsi
Patologiyanın müalicəsi kompleksşəkilli olub, medikamentoz, instrumental və masaj prosedurlarından ibarətdir. Müalicəvi tədbirlərin effektivliyində xəstəliyin tipinin, onun infeksion xarakterli olduğu hallarda isə törədicinin növünün təyini böyük rol oynayır. Müalicə müddəti patologiyanın əlamətlərinin ifadəliliyindən və qadının reproduktiv orqanlarına təsir edə biləcək yanaşı gedən xəstəliklərin olması/olmamasından asılıdır. Subinvolyusiyanın terapiyasına aşağıdakı preparatlar və müalicə üsulları aiddir:
- Hormonal vasitələr. Normada doğuşdan sonra uşaqlığın yığılması oksitosin hormonun təsiri altında baş verir. Bu səbəbdən prosesi tezləşdirmək üçün miometrium və onun damarlarına təsir edən hormonal preparatlar – oksitosin, metilerqometril və s. tətbiq edilir.
- Antibakterial terapiya. Əksər hallarda doğuşdan sonrakı dövrdə infeksiyaya bakterial mikroflora səbəb olur. Onun aradan qaldırılması üçün geniş təsir spektrinə malik antibiotiklərdən istifadə edilir. Diaqnostika prosesində törədicinin növünü təyin edildikdə müvafiq preparatla antibiotikoterapiya aparılır.
- Uşaqlıq boşluğundan patoloji əlavələrin xaric edilməsi. Cift, döl qişasının qalıqları və qan laxtaları infeksiyalaşmanı asanlaşdırır. Onlar vakuum-aspirasiya və ya uşaqlıq boşluğunun küretajı vasitəsilə təmizlənilir.
- Ginekoloji masaj. Miometriumun yığılma qabiliyyətini yaxşılaşdırır, reproduktiv sistemin bərpasını sürətləndirir.
- Ümumi rejimli tədbirlər. Uşaqlığın subinvolyusiyası zamanı yataq rejimi təyin edilir, fiziki yüklənmələr və emosional stresslərin istisna edilməsi tövsiyə olunur. Eləcə də yenidoğilmuşun müntəzəm əmizdirilməsi miometriumun yığılmasına səbəb olur.
Uşaqlığın subinvolyusiyasının proqnoz və profilaktikası
Ağır infeksion ağırlaşmaların inkişaf etməsinə qədər uşaqlığın subinvolyusiyası müalicəyə yaxşı tabe olduğundan və bir neçə həftə müddətində aradan qaldırıldığından nisbi qənaətbəxş proqnoza malik olur. Bu fonda endometritin və digər iltihabi vəziyyətlərin formalaşması ağır fəsadlarla –sepsis, digər orqan və sistemlərin (qarın boşluğu, sidik-ifrazat sisteminin) infeksiyalaşması ilə nəticələnir.
Mama-ginekoloqlar hamiləlik və doğuş ağırlaşmaları (dölyani mayenin çox olması, sürətli doğuşlar) keçirən qadınlarda profilaktik tədbirlərin aparılmasını – doğuşun ilk günlərində uşaqlığın bərpasının ləngiməsi əlamətlərinin müşahidə edilib-edilməməsindən asılı olmayaraq, involyusiyanın sürətlənməsi məqsədilə hormonal preparatların təyinini məsləhət görürlər.