Uşaqlığın submukoz fibroması
Uşaqlığın submukoz fibroması – endometriumun altında yerləşən, uşaqlığın daxilinə doğru böyüyən, hormondan asılı yetkin birləşdirici toxuma şişidir. Uşaqlığın submukoz fibromasının inkişafı menorragiya və metrorragiya, ağrı sindromu, sonsuzluqla müşayiət olunur. Diaqnostika ginekoloji baxış, USM, histeroskopiya (USHSS), diaqnostik qaşınma vasitəsilə aparılır. Uşaqlığın submukoz fibromasının müalicəsi müxtəlif həcmli cərrahi taktikadan (miomektomiya, histerektomiya), az invaziv müalicədən (FUS-ablasiya, uşaqlıq arteriyalarının embolizasiyası) ibarətdir.
- Uşaqlığın submukoz fibromasının yaranma səbəbləri
- Uşaqlığın submukoz fibromasının əlamətləri
- Uşaqlığın submukoz fibromasının diaqnostikası
- Uşaqlığın submukoz fibromasının müalicəsi
- Uşaqlığın submukoz fibromasının proqnoz və profilaktikası
Uşaqlığın submukoz fibroması barədə ümumi məlumat
Uşaqlığın submukoz (selikaltı) fibroması bu tip şişlərin 20-32%-ni təşkil edir. Əksər hallarda uşaqlığın submukoz fibroması cərrahi müalicəyə göstəriş hesab olunur, çunki kiçik ölçülü düyünlər də parlaq klinik simptomatika ilə təzahür edir: ağrılı spazm və qanaxmalar, düşük və sonsuzluq törədir. Uşaqlığın yığılmaları nəticəsində fibromatoz düyünün doğulması (ekspulsiya) baş verə bilər. Uşaqlığın submukoz fibroması sürətlə proqressivləşməyə meyllidir; submukoz düyünlərin maliqnizasiya riski 0.3-2% arasında dəyişir.
Uşaqlığın submukoz fibromasının yaranma səbəbləri
Uşaqlığın submukoz fibromasına hiperestogeniya və estrogenlərlə progesteron arasındakı balansın pozulması ilə müşayiət olunan yumurtalıqların hormonal disfunksiyası səbəb olur. Estrogen tərkibli kontraseptivlərin qəbulunun və hamiləliyin fibromanın inkişafına təsir etməsi bu nəzəriyyənin düzgünlüyünü sübut edir. Menopauza dövründə isə əksinə hormonal aktivlik zəiflədiyindən fibromanın ölçüləri nəzərə çarpacaq dərəcədə kiçilir. Bununla belə, klimaks zamanı təyin olunan hormonal terapiya yenidən fibroid düyünün böyüməsinə gətirib çıxara bilər.
Uşaqlığın submukoz fibromasının etiologiyasında irsi meyllik böyük yer tutur. Həmçinin uşaqlığın submukoz fibromasının inkişafının endokrin vəzi xəstəlikləri (mədəaltı, qalxanabənzər, böyrəküstü), piylənmə, xroniki patologiyalar (pielonefrit, tonzillit), cinsiyyət orqanlarının iltihabları (salpingit, salpingit, adneksit, endometrit), yumurtalıqların kistası, mastopatiya, kiçik çanaq və aşağı ətraf venalarının varikozu ilə əlaqəsi qeyd olunur. Uşaqlığın fibromasının yayılma tezliyi reproduktiv sferaya neqativ təsir edən vəziyyətlərdən- hamiləliyin süni yolla pozulması, uzunmüddətli KOK qəbulu, 30 yaşa qədər hamiləliyin olmamasından asılıdır.
Uşaqlığın submukoz fibromasının əlamətləri
Uşaqlığın submukoz fibromasının tipik təzahürlərinə qanaxmalar – menorragiya və metrorragiya aiddir. Menorragiya aybaşı qanının miqdarının və davametmə müddətinin uzanması ilə səciyyələnir. Menorragiya fonunda asiklik uşaqlıq qanaxmaları – metrorragiya inkişaf edir. Gur aybaşı və aybaşıarası qanaxmalar anemiyaya gətirib çıxarır.
Uşaqlığın submukoz fibromasının digər xarakterik əlamətləri qarında dartıcı və ya tutmaşəkilli ağrılar, alqomenoreyadır. Bir sıra hallarda miometriumun intensiv yığılmaları fibromatoz düyünün qeyri-iradi ekspulsiyası – doğulması (servikal kanaldan uşaqlıq yoluna düşməsi) ilə nəticələnə bilər.
Submukoz düyünlər çox zaman fallop borularının dəliklərini tutaraq, mayalanmış yumurtahüceyrənin implantasiyasına mane olur, bu da sonsuzluq və ya hestasiyanın erkən mərhələlərində düşüklərlə müşayiət edilir. Uşaqlığın submukoz fibroması ikincili dəmir çatışmazlıqlı anemiya, fibromatoz düyünün «doğulması», uşaqlığın çevrilməsi, miomatoz düyünün nekrozu və ya maliqnizasiyası ilə ağırlaşa bilər.
Uşaqlığın submukoz fibroması digər anoloji şişlərlə müqayisədə daha sürətlə böyüyür. Patologiya zamanı defekasiya, sidik ifrazının pozulması, ürək nahiyəsində ağrılar, baş ağrıları, «istilik gəlmə» baş verə bilər, bu əlamətlərlə qadın ilk növbədə ginekoloqa deyil, digər mütəxəssislərə -proktoloq, uroloq, kardioloq, nevroloqa müraciət edir.
Uşaqlığın submukoz fibromasının diaqnostikası
Diaqnostika prosesində somatik, ginekoloji, reproduktiv anamnezə diqqət yetirilir. Ginekoloji baxış zamanı sərt, hərəkətli düyün, uşaqlığın ölçülərinin böyüməsi və formasının dəyişməsi aşkarlanır.
USM 92,8-95,7% hallarda dəqiq diaqnoz qoymağa imkan verir. Submukoz düyünlər genişlənmiş uşaqlıq boşluğunun daxilində yerləşən oval və ya yumru formalı törəmələr şəklində vizualizasiya olunur. US-histerosalpinqoskopiya uşaqlığın submukoz fibromasını endometriumun polipindən differensiasiya etməyə, düyünün lokalizasiyasını və uşaqlıq boşluğunun deformasiya dərəcəsini təyin etməyə kömək edir. US-doppleroqrafiya vasitəsilə fibroid düyünün struktur dəyişiklikləri və qan cərəyanı qiymətəndirilir.
Histeroskopiya prosesində hətta kiçik düyünlər də aşkar olunur, onlar sferik forma, dəqiq sərhədlər, sərt konsistensiya ilə xarakterizə edilir. Nazilmiş endometriumun altında şişin üzəri genişlənmiş damarlar, geniş və ya kiçik nöqtəvi qansızmalarla örtülü olur. Eləcə də histeroskopiya ilə digər uşaqlıqdaxili patologiyaları-yad cisim, sinexiyalar, inkişaf qüsurlarını istisna edilir.
Histeroskopik şəkilə görə submukoz düyünün 3 tipi ayırd edilir: 0 tip – düyün ayaqcıqlıdır, intramural komponentə malik deyil; 1-ci tip– düyün enli əsas üzərində olub, divardaxili (intramural) lokalizasiya 50%-dən azdır; 2-ci tip – divardaxili lokalizasiya 50%-dən yüksək olur. İntramural komponentin həcmini bilmək optimal müalicə taktikasının seçilməsinə şərait yaradır.
Menometrorragiyalı xəstələrdə endometriumun patologiyasını istisna etmək məqsədilə uşaqlığın diaqnostik qaşınması, sıyrıntının histoloji müayinəsi aparılmalıdır. Uşaqlığın submukoz fibromasının yumurtalığın kistoma və ya fibromasından, uşaqlığın sarkomasından, qarın boşluğu şişlərindən differensiasiyası prosesində diaqnostik laparoksopiya tələb oluna bilər.
Uşaqlığın submukoz fibromasının diaqnostikası
Uşaqlığın submukoz fibromasının müalicəsi yalnız cərrahi yolla aparılır. Cərrahi müdaxiləyə və əməliyyatın həcminə göstərişlər xəstənin yaşı, reproduktiv planı, düyünün tipi və ölçüləri, simptomatika, ağırlaşmalar, yanaşı gedən ekstragenital və ginekoloji patologiyalar nəzərə alınmaqla individual qaydada müəyyən edilir. Uşaqlığın submukoz fibroması zamanı orqanqoruyucu müdaxilələr (konservativ miomektomiya) və ya radikal əməliyyatların tətbiqi mümkündür.
Miomektomiya açıq (laparotomiya) və ya endoskopik üsulla (laparoskopiya, histeroskopiya) ilə icra olunur. Transhisteroskopik miomektomiyanın metodikası (elektrocərrahi, mexaniki, lazer) submukoz şişin tipi, ölçüləri, lokalizasiyası, klinikanın texniki təhcizatından asılıdır. Mexaniki transhisteroskopik miomektomiya 0 və cüzi divardaxili komponentli 1-ci tip submukoz fibromalar zamanı aparılır. Bu zaman submukoz düyün fiksə edilir, abortsanqla burulur və ya rezektor vasitəsilə ayaqcığı və yaxud kapsulu kəşilir, sonra isə uşaqlıq yolundan xaric edilir.
İntramural komponentin kifayət qədər müşahidə olunduğu I və II tip submukoz şişlər və yaxud çətin yol tapılan düyünlər elektocərrahi miomektomiyaya göstəriş hesab olunur. Bəzən 2-ci tip iri ölçülü submukoz düyünlər aşkar edildikdə qozerelin və ya triptorelin preparatları ilə əməliyyatönü hormonal terapiya təyin edilir, bu üsulla uşaqlığın submukoz fibromasının 3-4 ay müddətində 30-70% kiçilməsi əldə edilir. Gələcəkdə bu düyünlərin konservativ yolla xaric edilməsi mümkün olur.
Son illərdə uşaqlığın ffibromasının müalicəsində az invaziv üsullar-uşaqlıq arteriyasının embolizasiyası və FUS-ablasiya geniş tətbiq edilir. Radikal müdaxilələr uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya həcmində icra olunur. Uşaqlıq artımlarının saxlanılması onların vəziyyəti və xəstənin yaşından asılıdır.
Uşaqlığın submukoz fibromasının proqnoz və profilaktikası
Konservativ miomektomiyadan sonra hamiləliyin baş tutması mümkündür. Uşaqlığın submukoz fibroması zamanı düşük ehtimalı olduğundan belə xəstələrdə hamiləliyin aparılması xüsusi diqqət tələb edir.
Uşaqlığın submukoz fibromasının istənilən üsulla müalicəsindən sonra xəstə ginekoloq və ya ginekoloq-endokrinoloqun müşahidəsi altında olmalıdır. Patologiyanın qarşısının alınması üçün müntəzəm profilaktik baxışlar, kontrasepsiyanın düzgün seçimi, abortların istisna edilməsi, ginekoloji patologiyaların vaxtında müalicəsi məsləhət görülür.