Uşaqlığın subseroz fibroması

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 5585

uşaqlığın subseroz fibroması nədir?Uşaqlığın subseroz fibroması – subperitoneal lokalizasiyalı yetkin birləşdirici toxuma şişlərinə aiddir. Uşaqlığın subseroz fibroması uzun müddət simptomsuz gedə bilər. Fibroid toxuma inkişaf etdikcə qarın və çanağın aşağı hissəsində təzyiq hissi, ağrı, dizurik və dispeptik pozğunluqlar yaranır. Diaqnoz ginekoloji müayinə, USM, kiçik çanağın MRT və ya KT nəticələrinə əsasən qoyulur. Uşaqlığın subseroz fibromasının müalicəsi medikamentoz, cərrahi və ya az invaziv üsulla (UAE, ultrasəs ablasiya) icra olunur.

  • Uşaqlığın subseroz fibromasının yaranma səbəbləri
  • Uşaqlığın subseroz fibromasının əlamətləri
  • Uşaqlığın subseroz fibromasının diaqnostikası
  • Uşaqlığın subseroz fibromasının müalicəsi
  • Uşaqlığın subseroz fibroması proqnoz və profilaktikası

Uşaqlığın subseroz fibroması barədə ümumi məlumat

Subseroz (serozaltı, subperitoneal) fibroma periton nahiyəsində uşaqlığın xarici səthində inkişaf edir, bəzən digər fibroid düyünlərin üzərində yaranır. Subseroz düyünün xaricə böyüməsi ilə əlaqədar uşaqlıq düyünlü qabarıq forma alır. Uşaqlığın subseroz fibroması enli əsas və ya ayaqcığa (pedinkulyar fibroma) malik olur. Subseroz formada fibroid düyün bəzən uşaqlıqdan kənarda, onun bağları nahiyəsində yerləşir. pedinkulyar fibromanın ayaqcığının burulması zamanı fibroid düyünün ödemi və nekrozu formalaşır.

Uşaqlığın subseroz fibromasının yaranma səbəbləri

Uşaqlığın subseroz fibromasının səbəbləriUşaqlığın subseroz fibromasının etiologiyasında dishormonal, irsi, mexaniki, somatik amillər ayırd edilir. Subseroz fibroma estrogendən asılı şiş olub, reproduktiv dövrdə olan qadınlarda inkişaf edir. Fibroid düyünlər əksər hallarda aybaşının erkən başladığı, yumurtalıqların disfunksiyası, aybaşı siklində pozulmaları olan, estrogen tərkibli kontraseptivlərdən istifadə edən qadınlarda aşkarlanır. Fibroid düyünlər hamiləlik dövründə daha sürətlə böyüyür, bu da estrogenlərin səviyyəsinin artmasi ilə izah olunur; klimaks dövründə isə əksinə, hormonal aktivliyin sönməsi ilə əlaqədar böyümə ləngiyir.

Uşaqlığın fibromasının genetik amilləri damar sistemində irsi qüsurlarla bağlıdır. Uşaqlığın fibroid tipli şişlərinin yaranma ehtimalını artıran mexaniki amillərə tez-tez təkrarlanan diaqnostik qaşınmalar, hamiləliyin cərrahi yolla pozulması, travmatik doğuşlar aiddir.

Uşaqlığın subseroz fibroması çox zaman ekstragenital və genital patologiyalar: arterial hipertenziya, piylənmə, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, venaların varikoz genişlənməsi, fibroz-kistoz mastopatiya, xroniki endometritservisit fonunda inkişaf edir.

Uşaqlığın subseroz fibromasının əlamətləri

Uşaqlığın subseroz fibromasının əlamətləriSubseroz fibroid düyünlər uzun müddət simptomsuz gedir. Bir qayda olaraq, onlar aybaşı və reproduktiv funksiyaları pozmur. Uşaqlığın subseroz fibromasının əsas əlamətləri qarın və oma nahiyəsində vaxtaşırı yaranan sızıltılı ağrılar, çanaqda təzyiq və ağırlıq hissi, dispareuniyadır.

İri ölçülü düyünlər tərəfindən sidik kisəsinin sıxılması sidik ifrazının tezləşməsinə və ya çətinləşməsinə gətirib çıxarır. Uşaqlığın arxa səthində yerləşən subseroz fibromalar yoğun bağırsağa və yaxud onurğa beyni sinirlərinə təzyiq edərək, qəbizlik, meteorizmə və ya beldə ağrılara səbəb olur. Uşaqlığın subseroz fibromasının ayaqcığının burulması zamanı kəskin qarın simptomatikası ilə özünü büruzə verən miomatoz düyünün nekrozu inkişaf edir.

Uşaqlığın subseroz fibromasının diaqnostikası

Ginekoloji kresloda müayinə zamanı uşaqlığın ölçülərinin qeyri-bərabər böyüməsi, onun qabarlı səthi aşkarlanır. Uşaqlığın subseroz fibromasının diaqnozunu təsdiq etmək  üçün transabdominal və ya transvaginal USM aparılır, müayinə zamanı fibroid düyünün lokalizasiyası, böyümə xarakteri, ölçüləri və forması dəqiqləşdirilir. Uşaqlığın subseroz fibromasının yumurtalığın kistomasından differensiasiyası çətinlik törətdikdə tomoqrafik müayinələrin (kiçik çanağın KT, NMR) və ya diaqnostik laparoksopiyanın aparılması tələb olunur.

Uşaqlığın subseroz fibromasının müalicəsi

Uşaqlığın subseroz fibromasının müalicə taktikası şişin ölçüləri və böyümə intensivliyi, onun klinik təzahürlərinə əsasən müəyyən edilir. Kiçik ölçülü düyünlər, ağrı sindromunun müşahidə edilməməsi zamanı, eləcə də cərrahi müalicəyə əks-göstərişlər olduqda konservativ terapiya göstəriş hesab olunur. Müalicə prosesində şişin böyüməsini tormozlayan hormonal vasitələrdən: androgenlərin törəmələri (gestrinon, danazol), gestagenlər (progesteron, didrogesteron, noretisteron), hormonal UDS «Mirena», КОК (etinilestradiolun dienogest, dezogestrel və ya drospirenonla kombinasiyası), QnRH analoqları (qozerelin, buserelin) və s. istifadə edilir.

Reproduktiv planı olan qadınlarda konservativ miomektomiya- uşaqlıq saxlanılmaqla subseroz düyünün çıxarılması icra olunur. Uşaqlığın subseroz fibromasının digər fibroid şişlərlə müştərək inkişafı zamanı histerektomiya – abdominal, laparoskopik və ya vaginal yolla uşaqlığın xaric edilməsi aparılır. Bir sıra hallarda uşaqlığın supravaginal amputasiyası tətbiq edilir.

Yumurtalıqların saxlanılması xəstənin yaşı, ovarial toxumada dəyişikliklərin olmasına əsasən müəyyəne edilir. Uşaqlığın subseroz fibromasının az invaziv müalicə üsullarına düyünün hədəfli ultrasəs ablasiyası və uşaqlıq arteriyasının endovaskulyar embolizasiyası aiddir.

Uşaqlığın subseroz fibromasının proqnoz və profilaktikası

Uşaqlığın subseroz fibroması olan qadınlarda hamiləliyin aparılması zamanı düyünün intensiv böyüməsi, düşük və  doğuşdan sonra qanaxmaların yaranma riski nəzərə alınmalıdır. Subseroz fibromanın konservativ müalicəsi ginekoloq-endokrinoloqun müşahidəsi altında aparılmalıdır. Uşaqlığın subseroz fibromasının maliqnizasiyasına çox nadir hallarda rast gəlinir.

Patologiyanın profilaktik tədbirləri kiçik çanağın USM ilə aparılan profilaktik ginekoloji müayinələr, kontrasepsiyanın rasional seçilməsi, yanaşı xəstəliklərin vaxtında müalicə olunması və abortların qarşısının alınmasından ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: