Uşaqlıqda yad cisim
Uşaqlıqda yad cisim – uşaqlıq boşluğu və ya divarında patoloji pozğunluqlarla müşayiət edilən yad cismin olmasıdır. Uşaqlığın yad cisimləri qanaxmalar, xroniki endometrit, piometra, ağrı sindromu, ikincili sonsuzluqla təzahür edir. Diaqnostikada USM, histeroskopiya, zondlanma üsullarından istifadə olunur. Yad cisimlər uşaqlıqdan histeroskopiya, uşaqlıq boşluğunun qaşınması, laparoskopiya üsullarının köməyilə xaric edilir; ağır hallarda histerektomiya tələb oluna bilər.
- Uşaqlıqda yad cismin əlamətləri
- Uşaqlıq boşluğunda yad cismin diaqnostikası
- Yad cismin uşaqlıqdan xaric edilməsi
Uşaqlıqda yad cisim barədə ümumi məlumat
Uşaqlıq boşluğunda sərbəst yerləşən və ya uşaqlıq divarına nüfuz etmiş uşaqlıqdaxili spiral və ya onun hissəcikləri (saplar, plastik çiyinciklər, metal qırıntıları), cərrahi liqaturalar, dölün sümük fraqmentlərinə rast gəlinir. Bəzən uşaqlığa daxil olan yad cisim inkapsulyasiyaya uğrayaraq, uzun müddət özünü büruzə vermir. Digər hallarda yad cisimlər əzələlərin yığılması nəticəsində hərəkət edərək, uşaqlığın divarının perforasiyasına səbəb olur, bununla yanaşı qarın boşluğuna və ya retroperitoneal sahəyə miqrasiya edə bilər. Uşaqlıqda yad cisimlərin infeksiyalaşması aktiv terapiyaya tabe olmayan xroniki iltihabi prosesə gətirib çıxardır. Klinik ginekologiyada uşaqlığın yad cisimlərinin diaqnostikası və xaric olunmasının aktuallığı çoxsaylı təhlükəli ağırlaşmaların yaranma ehtimalı ilə əlaqədardır.
Uşaqlıqda yad cismin əlamətləri
Uşaqlığın yad cisimləri klinik olaraq aybaşı funksiyasının pozulmaları ilə – menorragiya, metrorragiya, qanlı ifrazatla təzahür edir. Yad cisimlər uşaqlıqda uzun müddət qaldıqda xroniki endometrit, ikincili sonsuzluq, bəzi hallarda piometranın inkişafına səbəb olurlar. Uşaqlıqdaxili spiralın fraqmentləri heç bir əlamətlə müşahidə olunmaya bilər.
Adətən ağrı sindromunun yaranması uşaqlıqdaxili spiralın hissəcikləri tərəfindən uşaqlığın perforasiyasına dəlalət edir, bu hal əşyaların sonrakı miqrasiyası və qonşu orqanların zədələnmələri ilə nəticələnə bilər. Uşaqlığın perforasiyası hissəvi (UDS miometriuma nüfuz edir) və tam (UDS tamamilə və qismən uşaqlıq divarları hüdudlarından xaricə çıxır) olur. Miqrasiya zamanı yad cisimlər piylik, rektosiqmoidal bucaq, sidik kisəsi, appendikulyar çıxıntı, uşaqlıq artımları, peritonarxası sahə, kor və ya nazik bağırsaqda müşahidə oluna bilər.
Dölün sümük hissəcikləri əksər hallarda qadınların uzunmüddətli endometrit, aybaşı siklinin pozulması, ikincili sonsuzluqla bağlı müayinəsi zamanı təsadüfən üzə çıxır. Bu kateqoriyalı qadınların anamnezində hestasiyanın 13-14-cü həftəsində hamiləliyin pozulması və onun qanaxmalarla ağırlaşması nəticəsində uşaqlıq boşluğunun təkrar qaşınması aşkar olunur. Lavsan və ya ipək liqaturalara adətən endometritli, piometrli, mamalıq və ya ginekoloji müdaxilələr (Qeysəriyyə əməliyyatı, konservativ miomektomiya və s.) aparılan qadınlarda rast gəlinir. Bu zaman qadınlar irinli ifrazat, sonsuzluqdan şikayət edir.
Uşaqlıqda yad cismin diaqnostikası
Uşaqlıqda yad cismin əsas aşkarlanma üsulu histeroskopiya hesab olunur. Digər instrumental üsullar (ginekoloji kresloda baxış, zondlanma, USM, laparoskopiya) köməkçi vasitə kimi istifadə olunur. Ginekoloji müayinə zamanı uşaqlıq yolunda yad cisim zond vasitəsilə müəyyən oluna bilər. Uşaqlıq boşluğunun zondlanmasının çatışmayan cəhəti əşyanın dəqiq yerinin, onun xarakteri, forma və ölçülərinin, uşaqlıq divarı və qonşu orqanlarla münasibətinin təyininin mümkün olmamasından ibarətdir.
Transvaginal və ya transabdominal USM uşaqlıqdaxili kontraseptivlərin aşkar olunmasında daha informativ üsul sayılır. UDS fraqmentləri yüksək exogen zona kimi uşaqlıq boşluğunda və ya miometriumun daxilində vizualizasiya olunur. Sümük hissəcikləri və liqaturaların ultrasəs diaqnostikası çətinlik törədir və az informativ hesab olunur.
Histeroskopik şəkil uşaqlığın yad cisminin xarakterindən asılıdır. Uzun müddət uşaqlıqda qalan yad cisim endometrium, uşaqlıqdaxili sinexiyalar, duzlarla örtülə və ya uşaqlıq divarında yataq yaralarına səbəb ola bilir. Histeroskopiyanın köməyilə yad cismin lokalizasiyasının təyini və onun hədəfli çıxarılması mümkündür. Yaxmanın bakterioloji müayinəsi mikrofloranın preparata qarşı həssaslığına əsaslanaraq, adekvat antibiotikoterapiyanın seçilməsinə imkan verir. Qarın boşluğunda sərbəst yerləşən yad cisimlər icmal rentgenoqrafiyanın köməyilə aşkar olunur.
Yad cismin uşaqlıqdan xaric edilməsi
Uşaqlıq boşluğunda yerləşən yad cisimlər histeroskop kanalından keçməklə endoskopik alətlər vasitəsilə xaric edilir. Yad cisimlərin kor-koranə çıxarılması məsləhət görülmür, belə cəhdlər əşyaların fraqmentasiyası və deformasiyası, eləcə də uşaqlıq divarının zədələnməsi ilə nəticələnə bilər. Uşaqlıq divarının hissəvi və ya tam perforasiyası aşkarlandıqda histeroskopiyaya laparoskopiya üsulu əlavə olunur.
Yad cisimlərin endometriumun qalınlığına sirayət etməsi zamanı fraqmentlər uşaqlıq boşluğunun qaşınması yolu ilə çıxarılır. Bəzən yad cisimlərin xaric olunması məqsədilə kolpohisterotomiya – uşaqlıq yolundan keçməklə uşaqlığın kəsilməsi tətbiq olunur. Əşyaların uşaqlıq hüdudlarından xaricə çıxdığı hallarda laparotomiya, qonşu orqanların reviziyası aparılır.
Uşaqlıqda yad cismin olması perforasiya və massiv infeksiya ilə ağırlaşmışsa uşaqlığın çıxarılması: uşaqlıq yolu üstü amputasiya və ya histerektomiya icra edilir. Postoperasion dövrdə antibakterial terapiya təyin olunur. Yad cisimlərin uşaqlığa düşməsinin qarşısını almaq üçün uşaqlıqdaxili spiralın çıxarılmasından, abortlar, ginekoloji əməliyyatlardan sonra uşaqlıq boşluğunun vəziyyətinə nəzarət edilməlidir.