Uşaqlıq borularının sinexiyaları

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 2646

uşaqlıq borularının sinexiyaları nədir?Uşaqlıq borularının sinexiyaları – adətən iltihabi proseslər fonunda yaranan, boruların hissəvi və ya tam keçməməzliyi ilə nəticələnən birləşdirici toxuma mənşəli qalınlaşmalardır. İltihab dövründən kənar bitişmə prosesləri yalnız boru sonsuzluğu və ektopik hamiləliklə təzahür edir. Sinexiyaların diaqnostikasında histerosalpinqoqrafiya, hidrosonoskopiya, salpinqoskopiyadan istifadə olunur. Müalicə məqsədilə fizioterapiya, sorucu və immunkorreksiyaedici terapiya tətbiq edilir, bəzən antibakterial və iltihabəleyhinə vasitələr əlavə olunur. Reproduktiv funksiyanı bərpa etmək üçün rekonstruktiv plastika və ya EKM məsləhət görülür.

  • Uşaqlıq borularının sinexiyalarının yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Uşaqlıq borularının sinexiyalarının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Uşaqlıq borularının sinexiyalarının müalicəsi
  • Proqnoz və profilaktika

Uşaqlıq borularının sinexiyaları barədə ümumi məlumat

Uşaqlıq borularının sinexiyaları (bitişmələr) boru sonsuzluğunun ən geniş yayılmış səbəblərindəndir. Bu patologiya nozoloji vahid sayılmadan digər ginekoloji xəstəliklərin nəticəsi kimi qəbul edilir. Tibbi statistik məlumatlara əsasən sonsuzluqdan əziyyət çəkən hər 4-cü qadında uşaqlıq borularının keçməməzliyi qeydə alınır. Boru sinexiyaları əsasən aktiv cinsi həyat keçirən reproduktiv yaşda olan qadınlarda aşkarlanır. Bitişmə prosesi nadir hallarda izoləolunmuş şəkildə müşahidə edilir, adətən plastik pelvioperitonitlə müşayiət olunur, bu da hamiləliyin təbii yolla baş tutma ehtimalını daha da azaldır.

Uşaqlıq borularının sinexiyalarının səbəbləri

Əksər hallarda uşaqlıq borularının mənfəzində sinexiyalar kəskin salpingitdən sonra və ya xroniki iltihab fonunda formalaşır. Bitişmələrin yaranmasının ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

  • Cinsi yolla ötürülən xəstəliklər. Spesifik infeksiyaları: xlamidioz, qonoreya, sifilis, mikoplazmoz, genital herpesi və s. olan qadınlarda birləşdirici toxuma mənşəli bitişmələrinin inkişaf riski yüksəkdir.
  • Şərti-patogen mikroorqanizmlər. İltihab təbii mikrofloranın patoloji aktivləşməsi zamanı yarana bilər.
  • Uşaqlıq borularının endometriozu. Endometrioid ocaqlar uşaqlıq borularının mənfəzini bağlayır. Siklik fəaliyyət nəticəsində ətraf toxumalarda aseptik ilthabı təmin edir.

Bitişmə prosesinin yaranma ehtimalını artıran bir sıra risk amilləri mövcuddur:

  • Nizamsız cinsi əlaqələr. Cinsi partnyorlarını tez-tez dəyişən və prezervativlərdən istifadə etməyən qadınlar CYKİ-yə daha çox yoluxur.
  • İnvaziv müdaxilələr. Uşaqlıq borularının sinexiyaları əsasən abort, diaqnostik və müalicəvi qaşınmalar, Qeysəriyyə əməliyyatı və kiçik çanaq orqanlarında digər əməliyyatlar, histerosalpinqoqrafiya və analoji əməliyyatlar keçirən qadınlarda izlənilir.
  • Çanaq orqanlarının iltihabi xəstəlikləri. Fallop boruları iltihabi prosesə adətən digər orqanlarda: uşaqlıq yolu, servikal kanal, uşaqlıq, yumurtalıqlar, bağırsaq və s.-də infeksion ocaqlar olduqda qoşulur.
  • Təbii biosenozun pozulması. Uzunmüddətli antibiotikoterapiya kursları, immunosupressiv preparatların təyini, stress və somatik xəstəliklər fonunda immunitetin zəifləməsi reaktivliyin və şərti-patogen floranın aktivləşməsinin azalmasına səbəb olur.

Uşaqlıq borularının sinexiyalarının patogenezi

Uşaqlıq borularının sinexiyalarının səbəbləriSinexiyaların formalaşması ilə mövcud iltihabi proses fonunda gelşəkilli fibrin matriksin yaranmasının güclənməsi arasında birbaşa asılılıq vardır. Əvvəlcə iltihab ocağında eksudasiya güclənir – fallop borularının selikli qişası şişir, onların mənfəzində maye toplanır. Sonra xeyli miqdarda fibrin və kollagen sintez edən fibroblastlar aktivləşir. Kalsium ionlarının iştirakı ilə polimerizə olunmuş fibrin lifləri eksudatda olan fibrinstabilləşdirici amillə birləşərək, həll olunmayan formaya keçir. Onlar iri molekullu zülallar və amin turşuları birləşdirir. Yüksək adgeziya qabiliyyəti hesabına kövşək matriks ətraf toxumaları əhatə edərək, zədələnmə ocağını lokallaşdırır.

Normada fibrinlərin yaranması ilə fibrinolizis arasında balans olur. İntensiv və ya uzunmüddətli iltihab fonunda birləşdirici toxumanın rezorbsiyası pozulur, bu da kollagenin toplanmasına, bərkiməsinə və sinexiyaların formalaşmasına gətirib çıxarır. Nəticədə endosalpinksin kirpikli epiteli hissəvi və ya tam şəkildə çapıq toxuması ilə əvəz olunur, uşaqlıq borusunun mənfəzi isə obliterasiyaya uğrayır. Əzələ qatında (miosalpinksdə) və xarici qatda (perisalpinksdə) iltihabi proseslər fallop borularının divarlarının yığılma aktivliyinin pozulması və bitişmə prosesinin peritona keçməsi ilə müşayiət olunur.

Uşaqlıq borularının sinexiyalarının təsnifatı

Ginekologiyada patoloji vəziyyət bitişmə prosesinin yayılması və boru keçiriciliyinin pozulma dərəcəsinə əsasən 2  formada təsnif edilir:

  • Birtərəfli– sinexiyalar sağ və ya sol tərəfdə aşkarlanır.
  • İkitərəfli – bitişmələr hər iki fallop borusunda qeydə alınır.

Mənfəzin tutulma dərəcəsindən asılı olaraq keçməməzliyin aşağıdakı formaları ayırd edilir:

  • Hissəvi – fallop borularının mənfəzinin bir hissəsi açıqdır, spermatozoidlər, yetkin və ya mayalanmış yumurtahüceyrənin hərəkəti mümkün olsa da çətinləşir.
  • Tam – uşaqlıq borularının keçməməzliyi müşahidə edilir, təbii mayalanma üçün heç bir şərait olmur.

Uşaqlıq borularının sinexiyalarının əlamətləri

Uşaqlıq borularının sinexiyalarının əlamətləriSinexiyalar iltihabi proseslə müşayiət olunduqda kəskin və ya xroniki salpingitin simptomatikası önə keçir. Pasiyent müxtəlif intensivlikli ağrı sindromundan (qarnın aşağı hissəsi və qasıq nahiyəsində epizodik diskomfort, ağırlıq və dartıcı ağrı hissiyyatından tutmuş güclü bir- və ya ikitərəfli tutmaşəkilli ağrılara kimi) şikayət edir. Ağrı sindromu adətən cinsi akt, fiziki yüklənmə və ya qəfil hərəkətlər  zamanı güclənir. Vaginal ifrazatlar mülayim və ya gur, selikli və ya selikli-irinli olur.

İltihabi prosesin remissiya dövründə və ya tam sağalmadan sonra uşaqlıq borularının bitişmələrinin yeganə əlaməti sonsuzluqdur. Mayalanmanın fizioloji mexanizminin pozulması ilə əlaqədar 6-12 ay ərzində müntəzəm cinsi əlaqələr fonunda hamiləlik baş tutmur. Belə vəziyyətlərdə aybaşı funksiaysı adətən pozulmur. Bir sıra hallarda sinexiyalı xəstələrdə uşaqlıqdan kənar hamiləlik müşahidə edilir.

Uşaqlıq borularının sinexiyalarının ağırlaşmaları

Fallopiya borularında bitişmələrin əsas ağırlaşması keçiriciliyin hissəvi və ya tam pozulması, yumurtahüceyrənin təbii mayalanmasının mümkün olmamasıdır. Müxtəlif müəlliflərin məlumatlarına əsasən hissəvi keçməməzlik zamanı mayalanma və döl yumurtasının normal implantasiya ehtimalı 45-85% azalır, ektopik hamiləlik riski isə əhəmiyyətli dərəcədə artır. Tam keçməməzliyin aşkar olunduğu qadınlarda hamiləlik ümumiyyətlə baş vermir. Bundan əlavə uşaqlıq borusundan iltihabi ekssudatın axınının pozulması hidro- və yaxud piosalpinksin yaranmasına səbəb ola bilər.

Uşaqlıq borularının sinexiyalarının diaqnostikası

Bitişmə prosesinin diaqnostikasında birləşdirici toxuma mənşəli qalınlaşmaları aşkar edən intrumental üsullar xüsusi əhəmiyyət kəsb edir. Müayinə planına aşağıdakı üsullar daxildir:

  • Ginekoloji kresloda baxış. Bimanual palpasiya zamanı bir qədər böyümüş uşaqlıq artımları, qalınlaşmalar, iltihab olduqda ağrı müəyyən edilir.
  • Ultrasəs histerosalpinqoskopiya. Steril fizioloji məhlul yeritməklə aparılan USM uşaqlıq borularının deformasiya dərəcəsini qiymətləndirməyə imkan verir.
  • Histerosalpinqoqrafiya. İnvaziv üsul olmasına baxmayaraq, kontrast maddənin tətbiqi ilə rentgenoqrafiya bitişmələrin aşkarlanmasının əsas metodu sayılır. Bu üsulun dəqiqliyi 80%-ə çatır.
  • Salpinqoskopiya və falloposkopiya. Endoskopik texnika uşaqlıq borusunun daxilində bitişmələri vizual təyin etməyə şərait yaradır, lakin aparılma texnikasının çətinliyi ilə əlaqədar onların istifadəsi məhduddur.
  • Laparoskopik xromosalpinqoskopiya. Müayinə prosesində borulara normada qarın boşluğuna daxil olan boyaq maddəsi yeridilir, nəticələrə əsasən uşaqlıq borularının keçiriciliyi qiymətləndirilir.

Yuxarıda qeyd edilən üsullara bəzən göstərişlərə əsasən diaqnostik laparoskopiya əlavə olunur. Bitişmə və iltihabın müştərəkliyi zamanı infeksiyanın törədicisini və onun antibakterial preparatlara həssaslığını təyin edən laborator analizlərdən istifadə edilir. Bu məqsədlə yaxmanın mikroskopiyası, vaginal axıntıların bakterioloji əkilməsi, PZR, İFR, İFA icra olunur. Differensial diaqnostika bitişmə xəstəliyi, çanaq boşluğunda iltihabi və həcmli proseslərlə aparılır. Ehtiyac olduqda pasiyent reproduktoloq, cərrah, dermatoveneroloq tərəfindən konsultasiya edilir.

Uşaqlıq borularının sinexiyalarının müalicəsi

Terapevtik və ya cərrahi taktikanın seçilməsi iltihabın olması və qadının reproduktiv planından asılıdır. Heç bir şikayət təqdim etməyən və hamiləlik planlaşdırmayan pasiyentlər ildə 2 dəfə ginekoloji müayinədən keçməklə dinamik müşahidə altına alınır.  İltihab əlamətləri və infeksion agent aşkarlandıqda aşağıdakı qrup preparatlar məsləhət görülür:

  • Antibakterial vasitələr. Konkret antibiotik və müalicə sxeminin seçimi törədicinin növü və onun həssaslığından asılıdır.
  • İltihabəleyhinə preparatlar. Qeyri-steroid vasitələr iltihabın dərəcəsini və ağrı sindromunun ifadəliliyini azaldır.
  • İmmunokorrektorlar. Reaktivliyin gücləndirilməsi üçün immunogenezin stimulyatorları və vitamin-mineral komplekslər tətbiq edilir.

İltihabın aradan qaldırılması mərhələsində uşaqlıq borularının hissəvi keçməməzliyi olan pasiyentlərə sinexiyaların yaranmasının qarşısını alan və ya bitişmələri yumşaldan vasitələrlə sorucu terapiya təyin olunur. Bu məqsədlə enzimlər, cift əsaslı preparatlar, biogen stimulyatorlardan istifadə edilir. Bir sıra müəlliflər medikamentoz müalicə ilə fizioterapevtik üsulların: palçıqla müalicə, dərman elektrofarezi, uşaqlıq və artımların elektrostimulyasiyası, ginekoloji massajın kombinasiyasının effektivliyini qeyd edir. Əvvəllər hissəvi boru keçməməzliyi zamanı diaqnostik və müalicəvi məqsədlərlə uşaqlıq borusunun mənfəzinə maye və ya qaz yetirməklə hidro- və ya pertubasiya aktiv şəkildə tətbiq edilirdi. Hazırda yüksək invazivlik və ağırlaşmaların yaranma riski ilə bağlı bu üsulların istifadəsi məhdudlaşdırılmışdır.

Reproduktiv funksiyanın bərpası zamanı rekonstruktiv plastika və ekstrakorporal mayalanma ən effektiv üsullardan sayılır. İkitərəfli keçməməzliyi olan hamiləlik planlaşdıran pasiyentlərdə laaproskopik salpinqostomiya və ya salpinqoneostomiya həyata keçirilir. Uşaqlıq borularında sinexiyaların kiçik çanaqda bitişmə prosesi ilə müştərək inkişafı laparoskopik salpinqoovariolizisə göstəriş hesab edilir. Boru sonsuzluğunda əməliyyatların aparılmasının mümkün olmaması və ya onların qeyri-effektivliyi zamanı EKM-dən istifadə edilir.

Uşaqlıq borularının sinexiyalarının proqnoz və profilaktikası

Proqnoz qənaətbəxşdir. Müalicə sxeminin düzgün seçilməsi nəinki xəstənin həyat keyfiyyətni yüksəltməyə, həm də onun ana olmaq planını reallaşdırmağa imkan verir. Mikrocərrahi müdaxilələrdən sonra 40-85% pasiyentlərdə hamiləlik baş verir. Bitişmə proseslərində ekstrakorporal mayalanmanın effektivliyi 25-30%-ə çatır.

Sinexiyaların formalaşmasının profilaktik tədbirlərinə salpingit, adneksit, digər iltihabi ginekoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi, hamiləliyin planlaşdırılması, abortlardan imtina, invaziv müdaxilələrin əsaslı təyini aiddir. Baryer kontrasepsiyadan istifadə etməklə nizamlı cinsi həyat, ayaqlar və qarnın aşağı hissəsinin soyuqdan qorunması, kifayət qədər hərəki aktivlik məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: