Uşaqlıq borularının yoxlanılması

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 7873

Uşaqlıq borularının yoxlanılması necə olur?Uşaqlıq borularının yoxlanılması – onların keçiriciliyini qiymətləndirmək üçün aparılan müayinə üsuludur. Fallop (uşaqlıq) boruları mayalanma prosesində mühüm rol oynayır: onların ampulyar  hissəsində kişi və qadın cinsi hüceyrələri birləşir. Mayalanmış yumurtahüceyrə boru ilə uşaqlığa keçir.  

Borunun keçiriciliyi pozulduqda spermatozoidlər yumurtahüceyrə ilə görüşə bilmir və ya ziqota implantasiya üçün uşaqlığa daxil ola bilmir. Bu faktlara əsaslanaraq, mayalanma və hamiləliyin daşınması problemlərində uşaqlıq borularının yoxlanılması vacib sayılır:

  • Sonsuzluq. Boru sonsuzluğuna şübhə yarandıqda və onun digər səbəbləri (uşaqlıq, immun, endokrin, kişi faktoru) inkar edildikdə fallop borularının müayinəsi mütləqdir.
  • Uşaqlıqdan kənar hamiləlik. Boru keçiriciliyi pozulduqda döl yumurtası endosalpinksə yapışaraq, ektopik hamiləliyə səbəb ola bilər.  

Həmçinin reproduktiv orqanların anadangəlmə anomaliyaları, residivləşən iltihabi patologiyalar (adneksit, cinsi yolla keçən infeksiyalar, genital vərəm), endometrioz, kiçik çanaqda aparılan əməliyyatlar, o cümlədən abort fallop borularının mənfəzinin tutulmasına gətirib çıxara bilər.  

Uşaqlıq borularının yoxlanılması hansı üsullarla həyata keçirilir? 

Fallop borularının keçiriciliyi ultrasəs, rentgen və cərrahi üsullarla yoxlanılır. Diaqnostika üsulu ginekoloq tərəfindən fərdi qaydada seçilir.  

  1. Uşaqlıq borularının ultrasəs müayinəsi. Bura hidrosonoqrafiya vəexohisterosalpinqoskopiya (USHSS) aiddir. Hər 2 halda uşaqlığa servikal kanaldan steril məhlul yeridilir. Onun uşaqlıq boruları ilə hərəkətinə ultrasəslə nəzarət edilir. USHSS zamanı əlavə olaraq, uşaqlığın vəziyyətinə də baxılır.   
  2. Rentgenodiaqnostika. Rentgenoloji histerosalpinqoqrafiya USHSS üsulu ilə analojidir. Aralarındakı yeganə fərq ondan ibarətdir ki, rentgenodiaqnostika zamanı kontrast maddədən istifadə edilir, uşaqlıq və boruların dolmasına rentgen şəkillərdə qiymət verilir.  
  3. Cərrahi üsullar. Bu qrupa fertiloskopiya və xromosalpinqoskopiya aiddir. Hər 2 prosedur uşaqlıq borularının endoskopik yolla (fertiloskopiya – transvaginal, xromosalpinqoskopiya – laparoskopik) müayinəsinə və boya maddəsi ilə testin aparılmasına (xromoskopiya) əsaslanır.  

Uşaqlıq borularının yoxlanılması və onun nəticələri

Uşaqlıq borularının yoxlanılması üsuluFallop borularının keçiricilik dərəcəsi xüsusi meyarlarla qiymətləndirilir. Ümumilikdə, aparılan müayinənin nəticələrinə əsasən tam və yaxud hissəvi keçməməzlik ayırd edilir. Bəzən diaqnostik prosedurlar terapevtik təsir göstərir. Belə ki, qaz və ya kontrast maddə təzyiqlə yeridilərkən uşaqlıq borusunun mənfəzindəki nazik bitişmələr cırıla bilər. Bu isə borunun keçiriciliyinin bərpasına və hamiləliyin baş tutmasına səbəb olur. Həmçinin müayinə əsnasında bəzi patoloji dəyişiklikləri aradan qaldırmaq (endometrioz ocaqlarını koaqulyasiya etmək, bitişmələri kəsmək) mümkündür. 

Zərurət yarandıqda aşkarlanan patologiyanın etiopatogenetik müalicəsi (medikamentoz terapiya, fiizoterapiya, müalicəvi manipulyasiyalar) aparılır. Müalicə kursu bitdikdə uşaqlıq borularının yoxlanılması təkrarlanır. Bəzən cərrahi müdaxilələr: laparoskopik salpinqo- və fimbriolizis, salpinqostomiya effektiv sayılır. Boruların keçiriciliyini bərpa etmək mümkün olmadıqda cütlüyə süni mayalanma təklif olunur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: