Uşaqlıq boynunun ektropionu
Uşaqlıq boynunun ektropionu – uşaqlıq boynunun patoloji vəziyyəti olub, uşaqlıq boynu kanalının selikli qişasının uşaqlıq yolunun boşluğuna çevrilməsi ilə müşahidə edilir. Ektropionun klinik əlamətləri: ifrazatlar, təmas qanaxmaları, aybaşı funksiyasının pozulması, kiçik çanaqda ağrılar uşaqlıq boynunun iltihabi və ya xərçəngönü zədələnmələrinin qoşulması zamanı inkişaf edir. Uşaqlıq boynunun ektropionunun diaqnostikası ginekoloji baxış, genişlənmiş kolposkopiya, sitoloji və morfoloji müayinələrin nəticələrinə əsaslanır. Anadangəlmə və cüzi zədələnmələr zamanı ektropionun müalicəsinə elektrokoaqulyasiya, lazer vaporizasiya və kriodestruksiya; ifadəli dəyişikliklərdə isə uşaqlıq boynunun konizasiyası və ya ekssiziyası daxildir.
- Uşaqlıq boynunun ektropionunun yaranma səbəbləri
- Uşaqlıq boynunun ektropionunun əlamətləri
- Uşaqlıq boynunun ektropionunun diaqnostikası
- Uşaqlıq boynunun ektropionunun müalicəsi
- Uşaqlıq boynunun ektropionunun proqnoz və profilaktikası
Uşaqlıq boynunun ektropionu barədə ümumi məlumat
Ektropion uşaqlıq boynunun ektopiyasının ağırlaşmış klinik forması olub, psevdoeroziya və çapıq deformasiyasını özündə birləşdirir. Uşaqlıq boynunu ektropionu onun aşağı hissələrində baş verir. Patologiya anadangəlmə və ya qazanılmış (posttravmatik) xarakter daşıyır. Servikal kanalın selikl qişası (endoserviks) uşaqlıq boynunun vaginal hissəsinin (endoserviks) səthindən fərqli olaraq, selikli sekret ifraz edən silindrik epitel hüceyrələrindən ibarətdir. Uşaqlıq boynunun ektropionu zamanı endoserviks ona xas olan qələvi mühitdən uşaqlıq yolu möhtəviyyatının turş mühitinə daxil olur, nəticədə infeksiyaların qarşısını alan və reproduksiya prosesi üçün vacib olan servikal vəzilərin fizioloji sekresiyası və uşaqlıq boynunun baryer funksiyaları pozulur.
Uşaqlıq boynunun ektropionu vaginal mikrofloranın servikal kanalın selikli qişasına keçməsinə və iltihabi prosesin inkişafına gətirib çıxarır. Patologiya çox zaman endoservisit, servisit, endometritlə müşayiət edilir. Uşaqlıq boynunun ektropionu zamanı xroniki iltihabın olması digər patoloji vəziyyətlərin: həqiqi eroziya, displaziya, leykoplakiya, servikal epitelin atrofiyası və uşaqlıq boynu xərçənginin inkişafına şərait yaradır.
Uşaqlıq boynunun ektropionunun səbəbləri
Anamnezində hamiləlik və doğuş olmayan qadınlarda uşaqlıq boynunun anadangəlmə ektropionuna funksional dishormonal dəyişikliklər səbəb olur. Qazanılmış (posttravmatik) ektropion əsasən uşaqlıq boynu toxumalarının doğuş zamanı aradan qaldırılmayan və ya düzgün tikilməyən zədələnmələri nəticəsində yaranır. Bunlara sərbəst doğuşlarda və ya mamalıq maşalarının qoyulması, dölün ekstraksiyasından sonra uşaqlıq boynunun ikitərəfli yan cırılmaları aiddir. Bəzən hestasiyanın gec mərhələlərində hamiləliyin süni yolla pozulması zamanı uşaqlıq boynunun travmaları ektropionun inkişafı ilə nəticələnir.
Uşaqlıq boynunun əzələ liflərinin cırılması və sonralar çapıqlaşması servikal kanalın toxuma strukturlarının mikrosirkulyasiya, innervasiya və trofikasının pozulması ilə müşayiət olunur, bu da onun deformasıyasına – xarici əsnəyin «aralanmasına» və endoserviksin xaricə çevrilməsinə gətirib çıxarır.
Uşaqlıq boynunun ektropionunun əlamətləri
Uşaqlıq boynunun ektropionu heç bir spesifik əlamətə malik olmur. Ektropionla yanaşı iltihabi, distrofik və ya atipik proseslər inkişaf etdikdə uşaqlıq yolundan şəffaf və ya süd rəngli selikli ifrazatların güclənməsi, qarnın aşağı hissəsi və bel nahiyəsində ağrıların yaranması, aybaşı siklinin pozulması (menorragiyalar), təmas qanaxmaları izlənilə bilər.
Uşaqlıq boynunun ektropionunun diaqnostikası
Uşaqlıq boynunun ektropionunun diaqnostikası vaginal güzgülərin köməyilə ginekoloji baxış, genişlənmiş kolposkopiya, sitoloji və ya histoloji müayinələrin nəticələrinə əsaslanır. Ginekoloji baxış uşaqlıq boynunun deformasiyasını: endoserviksin uşaqlıq yolunun boşluğuna çevrilməsi, travma sahələrində çapıq dəyişikliklərini aşkar etməyə imkan verir. Ehtiyac olduqda sitoloji, bakterioskopik və bakterioloji analiz, PZR-diaqnostikanın aparılması üçün material götürülür.
Servikal kanalın selikli qişasının səthinin xarakterini və çevrilmə sahəsinin büküşlərinin tipini təyin etmək, uşaqlıq boynunun ektropionunun ağırlaşmalarını üzə çıxarmaq üçün genişlənmiş kolposkopiyadan istifadə olunur. Uşaqlıq boynunun anadangəlmə ektropionu zamanı selikli qişanın büküşləri bərabər, qazanılmış formada isə xaotik yerləşir. Anomal kolposkopik əlamətlər, transformasiya sahələrinin aşkarlanması uşaqlıq boynunun zədələnmiş sahələrinin hədəfli biopsiyası və bioptatın histoloji müayinəsinə göstəriş sayılır. Uşaqlıq boynunun anadangəlmə ektropionunda pasiyentin hormonal statusu yoxlanılır, funksional diaqnostika testləri aparılır.
Uşaqlıq boynunun ektropionunun müalicəsi
Uşaqlıq boynunun ektropionun müalicəsinə onun destruksiyası və ya xaric edilməsi, yanaşı gedən iltihabi prosesin likvidasiyası, uşaqlıq boynunun anatomiyasının və uşaqlıq yolunun mikroflorasının korreksiyası daxildir. Müalicənin məqsədi uşaqlıq əsnəyinin baryer və reproduktiv funksiyalarının bərpası, endoserviksdə xərçəngönü və şiş proseslərinin profilaktikasından ibarətdir. Uşaqlıq boynunun ektropionun müalicə üsulu pasiyentin yaşı, reproduktiv sistemin vəziyyəti, kolposkopik və sitoloji dəyişikliklərdən asılı olaraq, fərdi qaydada seçilir.
Uşaqlıq boynunun ektropionun cərrahi müalicəsi destruktiv (diatermokoaqulyasiya, lazer vaporizasiya, kriodestruksiya) və cərrahi üsullarla (uşaqlıq boynunun radiodalğalı konizasiyası və ya ekssiziyası) icra olunur. Ektropionun destruktiv müalicə üsulları uşaqlıq boynunu mülayim dərəcəli deformasiyalarında tətbiq edilir, patoloji toxumanı dağıtmağa imkan verir. Cərrahi üsullar xaric edilmiş nümunələrin morfoloji müayinəsinə şərait yaradır.
Uşaqlıq boynunun anadangəlmə ektropionu kriodestruksiya üsulu ilə dağıdılır, müalicə effekt vermədikdə cərrahi metodlardan istifadə olunur. İfadəli ektropion, displaziya və digər xərçəngönü proseslərin olması radiokonizasiya və ya radioekssiziyaya göstəriş sayılır, bu zaman uşaqlıq boynunun zədələnmiş fraqmenti və servikal kanalın bir hissəsi xaric edilir. Həmçinin uşaqlıq boynunun ektopiyasının müalicəsində tətbiq edilən, antibakterial, virusəleyhinə, hormonal, immunomoduləedici preparatlardan ibarət medikamentoz terapiya təyin olunur.
Cırılmalar və çapıq prosesləri ilə əlaqədar uşaqlıq boynunun güclü deformasiyası zamanı rekonstruktiv-plastik əməliyyatlar həyata keçirilir. Uşaqlıq boynunun ektropionunun cərrahi müalicəsindən sonra reabilitasiya dövründə ilk 4-6 həftə ərzində cinsi həyatdan imtina edilməli, fiziki yüklənmələr məhdudlaşdırılmalı, şırınqalama, gigiyenik tamponlar, vannalar, hamam, sauna, hovuzlardan istifadə olunmamalıdır.
Uşaqlıq boynunun ektropionunun müalicəsi
Ektropionun proqnozu qənaətbəxşdir, lakin uşaqlıq boynu xəstəliyinin simptomsuz gedişi hər il profilaktik ginekoloji baxışların aparılmasını tələb edir.
Uşaqlıq boynunun ektropionunun profilaktik tədbirlərinə doğuşların rasional aparılması, abortların qarşısının alınması məqsədilə vaxtında və adekvat kontrasepsiya aiddir.