Uşaqlıq boynunun elonqasiyası
Uşaqlıq boynunun elonqasiyası — orqanın bir hissəsinin patoloji böyüməsidir, bu zaman onun uzunluğu 3,5 sm-dən çox olur. Uşaqlıq boynunun enmə əlamətləri olmadıqda xəstəlik simptomsuz gedir. Klinik olaraq uşaqlıq yolu və cinsi yarıqda yad cisim hissi, intim yaxınlıq zamanı diskomfort, sidik və qaz saxlamazlıq, çətinləşmiş sidik ifrazı ilə təzahür edə bilər. Diaqnoz ginekoloji baxış, çanaq orqanlarının USM və servikometriyanın nəticələrinə əsasən qoyulur. Müalicə yalnız cərrahi üsulladır. Patologiyanın mürəkkəbliyi və ifadəliliyindən asılı olaraq, uşaqlıq boynunun amputasiyası, uşaqlığın fizioloji vəziyyətdə fiksasiyası, histerektomiya icra olunur.
- Uşaqlıq boynunun elonqasiyasının yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Uşaqlıq boynunun elonqasiyasının əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Uşaqlıq boynunun elonqasiyasının müalicəsi
- Proqnoz və profilaktika
Uşaqlıq boynunun elonqasiyası barədə ümumi məlumat
Normada uşaqlıq boynunun uzunluğu 3,0±0,5 sm olur, hamiləlik dövründə bu rəqəm 4,0sm-ə qədər arta bilər. Orqanın elonqasiyası onun ölçülərinin hamilə olmayan qadında 3,5sm-dən artıq olması ilə xarakterizə edilir. Əvvəllər UBE yalnız yaşlı qadınlarda müşahidə olunurdu. Hazırda ginekoloqlar xəstəliyin cavanlaşdığını qeyd edirlər – profilaktik baxış zamanı UBE 28 yaşdan yuxarı qadınlarda aşkarlanır, pasiyentlərin təxminən 1/3-də patologiya 45 yaşa kimi baş verir. Belə dinamika reproduktiv yaşda olan qadınlarda uşaqlıq boynunun elonqasiyasının assosiasiya edildiyi differensiasiya olunmayan birləşdirici toxuma displaziyasının tezliyinin artması ilə bağlıdır. Pozğunluğun erkən diaqnostikasının aktuallığı başlanğıc mərhələlərdə reproduktiv funksiyanın qorunmasına yönədilmiş cərrahi korreksiyanın müsbət nəticə verməsi ilə əlaqədardır.
Uşaqlıq boynunun elonqasiyasının səbəbləri
Xəstəliyin etiologiyası axıra qədər öyrənilməmişdir. Morfoloji, immunohistokimyəvi, kliniki tədqiqatların nəticələrinə əsasən uşaqlıq boynunun patoloji uzanmasında pasiyentlərin 80-84%-də aşkarlanan birləşdirici toxumanın müxtəlif ifadə dərəcəsinə malik displaziyası (BTD) aparıcı rol oynayır. Kollagenopatiyanın irsi xarakter daşıdığı ehtimal olunur. Dəyişikliklərin poliorqanlığını nəzərə alaraq, BTD zamanı birləşdirici toxumanın funksional çatışmazlığı ilə bağlı uşaqlıq boynunun elonqasiya ehtimalının artdığı bir sıra marker vəziyyətlər ayırd edilir.
Diaqnostik əhəmiyyətli kriteriyalar sırasına astenik bədən quruluşu, yastıpəncəlik, yuvenil osteoxondroz, skolioz, kifoz, oynaqların hipermobilliyi, yaxından görmə (miopiya), qançırlar, striyaların yaranmasına meyllik, dəri örtüklərinin quruluğu, anamnezdə varikoz xəstəliyi, vegetativ-damar distoniyası, babasil, sürətli doğuşların olması daxildir. Uşaqlıq boynunun elonqasiyasının rast gəlindiyi qadınların yaxın qohumları daxili cinsiyyət orqanlarının prolapsından əziyyət çəkir. Birləşdirici toxumanın funksional çatışmazlığına dəlalət edən daha ağır markerlərə ventral yırtıqlar, splanxnoptoz, nefroptoz, oynaqların adəti çıxıqları, mitral qapağın prolapsı aiddir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən birləşdirici toxuma displaziyası olan qadınlarda elonqasiyaya səbən olan bir sıra amillər irəli sürülmüşdür:
- Mamalıq patologiyası. Aralıq və uşaqlıq yolunun cırılmaları ilə gedən patoloji doğuşlardan sonra çanaq dibi əzələlərinin zəifləməsi uzanan uşaqlıq boynunun daha tez enməsini potensə edir. Əksər hallarda doğuş travmatizmi iri döl və ya çoxdöllü hamiləliklərdə doğuş prosesində yüklənmələrə davam gətirə bilməyən birləşdirici toxuma patologiyasının əlavə markeri sayılır.
- Həddindən artıq fiziki yüklənmələr. Ağır fiziki əmək və ağırlıq qaldırma ilə bağlı idman məşqləri zamanı qarındaxili təzyiq artır. Bu amil uşaqlıq boynunun uzunluğunun artması ilə yanaşı xəstəliyin tez bir zamanda orqanın enmə və sallanma əlamətləri ilə təzahür etməsinə səbəb olur. Elonqasiya üçün xarakterik kollagenopatiyaların olması prosesi daha da dərinləşdirir.
- Hormonal dəyişikliklər. Dishormonal vəziyyətlərdə uşaqlıq boynunu və reproduktiv orqanların bağ aparatını formalaşdıran müxtəlif növ birləşdirici toxuma lifləri arasındakı fizioloji nisbət pozulur. Klimaksın başlanması, ooforit, adneksit, yumurtalıq kistaları, qadın cinsi hormonlarının sekresiyasının pozulması ilə müşayiət olunan digər xəstəliklər zamanı pozğunluğun inkişaf ehtimalı yüksəlir.
Uşaqlıq boynunun elonqasiyasının patogenezi
Uşaqlıq boynunun elonqasiyasının əsasında birləşdirici toxumada kollagenin əmələ gəlmə və formalaşma proseslərinin pozulması fonunda onun morfofunksional çatışmazlığı dayanır. UBE zamanı kollagenopatiya I, III, IV tip kollagenlər arasındakı nisbətin dəyişməsi, daha nazik liflərdən ibarət fraksiyaların artması, birləşdirici toxumanın paylanma topoqrafiyasının pozulması, fibroblastlar və hüceyrəxarici matriksdə sürətli depolaşması ilə təzahür edir. Kollagenopatiya nəinki orqanın stromasını, həmçinin damarlar və əzələ toxumasını da zədələyir.
Argirofil strukturların əzələdaxili kollagenizasiyası uşaqlıq boynu əzələlərinin artan atrofiyası ilə müşayiət edilir. Orqan tədricən uzanır. Onun elastikliyi azalır, aşağı hissəsi hipertrofiyalaşır. Yuxarı şöbələr isə nazilir. Liflərin proqressivləşən sklerozu və dezorqanizasiyası nəticəsində birləşdirici toxumanın trofik, dayaq, formalaşdırıcı funksiyaları pozulur, onun yüklənmələrə qarşı müqaviməti zəifləyir. Bu proseslərin müştərəkliyi uşaqlıq boynunun çatışmazlığına səbəb olur, riks amilləri isə vəziyyəti daha da dərinləşdirir.
Uşaqlıq boynunun elonqasiyasının təsnifatı
Uşaqlıq boynunun ölçülərinin artmasından asılı olaraq, elonqasiyanın 3 dərəcəsi ayırd edilir. I dərəcədə orqanın uzunluğu 5sm-ə, II dərəcədə 6-8sm-ə, III dərəcədə isə 8sm-ə qədər artır. Elonqasiyanın klinik formalarının sistematizasiyasının ən vacib kriteriyaları uşaqlıq boynunun anatomik topoqrafiyasının pozulması – onun uşaqlıq yolu girəcəyinə doğru yerdəyişməsi və digər reproduktiv orqanların prosesə cəlb olunmasıdır. Belə yanaşma xəstəliyin müxtəlif formalarının müalicə üsullarının tərtibində öz əksini tapmışdır. Elonqasiyanın 3 tipi mövcuddur:
- Uşaqlıq boynunun izoləolunmuş enməsi. Uşaqlıq boynunun ölçüləri artır və orqan fizioloji vəziyyətlə müqayisədə bir qədər aşağı enir. Uşaqlıq yolunun divarları enmə prosesinə qoşulmur. Patologiyanın izololunmuş variantı 1,7-3,5% hallarda müşahidə edilir.
- Uşaqlıq boynunun elonqasiyası və uşaqlıq yolunun enməsi. UBE-nin ən geniş yayılmış forması olub, pasiyentlərin 50%-də rast gəlinir. Aralıq əzələləri və uşaqlığın bağ aparatının zəifləməsi nəticəsində uşaqlıq boynu və uşaqlıq yolu divarlarının enməsi qeydə alınır.
- Uşaqlıq boynunun uzanması və uşaqlığın sallanması. Reprodultiv orqanların belə prolapsında uzanan uşaqlıq boynu uşaqlıq yolunun hüdudlarından kənara çıxır. Uşaqlığın sallanması hissəvi və ya tam ola bilər. Patologiyanın bu forması 45,5-47,3% pasiyentlərdə izlənilir.
Uşaqlıq boynunun elonqasiyasının əlamətləri
Xəstəliyin I dərəcəsi adətən simptomsuz gedir. Uşaqlıq boynunun uzunluğu artdıqca və vəziyyəti dəyişdikcə uşaqlıq yolu və ya aralıq nahiyəsində yad cisim hissi, cinsi əlaqə zamanı diskomfort və çətinliklər yaranır. II dərəcəli elonqasiya üçün fiziki yüklənmələr, asqırma, öskürək zamanı sidik saxlamazlıq xarakterikdir. Gecikmiş mərhələlərdə sidiyin axması hətta sakitlik halında da müşahidə olunur. Elonqasiyanın III dərəcəsinin izlənildiyi 25-26% pasiyentlər sidik ifrazının çətinləşməsindən şikayət edir. 14-15% xəstələrdə patologiya qazların saxlanılmazlığı ilə müşayiət olunur.
Uşaqlıq boynunun elonqasiyasının ağırlaşmaları
Elonqasiya qadınlarda reproduktiv funksiyanın pozulmasının səbəblərindən sayılır. Belə pasiyentlərdə sonsuzluq, cigtin anomal birləşməsi, doğuş zamanı uşaqlıq boynunun rigidliyi, uşağın doğuş yollarından çətinliklə keçməsi, doğuş travmatizmi qeydə alınır. Klimaks və postmenopauza dövrlərində xəstəliyin inkişafı çanaq orqanlarının funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, sistosele və rektosele ilə ağırlaşır. Uşaqlıq boynunun daima uşaqlıq yolundan xaricdə yerləşməsi onun travmatik zədələnməsi, infeksion prosesin (kolpit, ekzoservisit, endoservisit, endometrit) qoşulma ehtimalını artırır.
Uşaqlıq boynunun elonqasiyasının diaqnostikası
Uşaqlıq boynunun elonqasiyasının diaqnostikası heç bir çətinlik törətmir. Bu məqsədlə tipik şikayətlərlə həkimə müraciət edən pasiyentlərə orqanın uzanması və onun yerdəyişməsini təsdiq edən fizikal və instrumental müayinələr təyin edilir. Diaqnozun qoyulmasında aşağıdakı üsullardan istifadə olunur:
- Ginekoloji kresloda müayinə. Uşaqlıq yolunun izoləolunmuş elonqasiyası və onun enmə əlamətlərinin izlənilmədiyi hallarda bimanual palpasiya zamanı uşaqlıq yolunun tağlarının dərinləşməsi qeydə alınır. Uşaqlıq boynu sərt-elastik konsistensiyalı, hərəkətli və ağrısızdır. Uşaqlıq boynunun enməsi zamanı orqan uşaqlıq yolunun aşağı hissələri, uşaqlıq yolu dəhlizi və ya cinsi yarıqdan xaricdə yerləşir.
- Transvaginal USM, servikometriya. Bu üsul uşaqlıq boynunun ölçüləru, strukturu, vəziyyəti barədə dəqiq məlumat əldə etməyə, uşaqlıq yolu divarlarının hərəkətliyini qiymətləndirməyə, uretro-vezikal bucağı ölçməyə, düz bağırsağın deformasiyasını aşkar etməyə imkan verir. Vaksalva sınağının aparılması zamanı bu müayinənin diaqnostik əhəmiyyəti daha da artır.
Uşaqlıq boynunun vəziyyətinin qiymətləndirilməsi, infeksion-iltihabi və ya neoplastik proseslərin əlamətlərinin aşkarlanması məqsədilə əlavə müayinələr qismində kolposkopiya, vaginal yaxmanın mikroskopiyası, bakterial əkilmə və antibiotikoqramma, PZR-diaqnostika, İFA, İFR, şübhəli sahələrin biopsiyası və alınmış materialın histoloji analizi məsləhət görülə bilər. Differensial diaqnostika daxili cinsiyyət orqanlarının uşaqlıq boynunun elonqasiyası ilə müşayiət olunmayan enmə və ya sallanmaları, uşaqlıq boynunun hipertrofiyası, çapıq deformasiyası, uşaqlıq yolu və ya uşaqlıq boynunun xərçəngi ilə aparılır. Göstərişlərə əsasən pasiyent onkoloq, uroloq, proktoloq, infeksionist tərəfindən konsultasiya olunur.
Uşaqlıq boynunun elonqasiyasının müalicəsi
Xəstəliyin korreksiyasının konservativ üsulları mövcud deyil. Cərrahi müdaxilənin seçilməsi zamanı elonqasiyanın dərəcə və forması, uşaqlıq boynu toxumaları, ətraf orqanlarda gedən dəyişikliklər, qadının yaş və reproduktiv planı nəzərə alınır. Patologiyanın ifadəliliyinə əsasən uşaqlıq boynunun elonqasiyası zamanı aşağıdakı növ əməliyyatlar məsləhət görülür:
- Uşaqlıq boynunun uzandığı, lakin enmə əlamətlərinin aşkarlanmadığı hallarda seçim əməliyyatlarına uşaqlıq boynunun pazvari amputasiyası və ya uşaqlıq boynunun bağ aparatının möhkəmləndirilməsi ilə orqanın hissəvi rezeksiyası daxildir. Belə müdaxilələrə əlavə göstərişlərə xarici əsnək nahiyəsində çapıq deformasiyası, eroziya, xoralar aiddir. Əməliyyatın üstünlüyü fertilliyin qorunmasından ibarətdir.
- Enmə və ya sallanma ilə müşayiət olunan elonqasiya zamanı uşaqlıq boynunun hündür amputasiyası və ya çanaq dibi əzələlərinin möhkəmləndirilməsi ilə mançester əməliyatları məsləhət görülür. Müdaxilələr xəstəliyin bu formasına xas olan sidik saxlamazlığını effektiv şəkildə aradan qaldırır, lakin orqanın uzunluğunun əhəmiyyətli dərəcədə qısalması və gələcəkdə hamiləliyin vaxtından əvvəl pozulma riski ilə əlaqədar hamiləlik planlaşdıran qadınlarda aparılmir.
- Uşaqlıq boynunun elonqasiyası və uşaqlığın enməsi zamanı geniş spektrli əməliyyatlar təklif olunur: uşaqlıq boynunun amputasiyasının uşaqlığı düzgün vəziyyətdə fiksasiya edən üsullarla (kolpoperineolevatoroplastika, ventrosuspenziya, ventrofiksasiya, sakrovaginopeksiya, orta kolporafiya) kombinasiyasından uşaqlığın ekstirpasiyasına qədər. Bu üsulların çatışmazlığı ondan ibarətdir ki, bəzi cərrahi müdaxilələr reproduktiv funksiyanın pozulmasına səbəb olur.
Uşaqlıq boynunun elonqasiyasının proqnoz və profilaktikası
Elonqasiyanın düzgün aparılmış cərrahi korreksiyası diskomfort hissi, qaz və sidik saxlamazlığından azad olmağa, pasiyentin həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, digər çanaq orqanlarının enməsinin qarşısını almağa imkan verir.
Xəstəliyin profilaktikasına ağır fiziki yüklənmələrdən imtina, pozğunluğun inkişaf riskini artıran amilər və birləşdirici toxuma displaziyasının markerlərinin aşkarlanması zamanı çanaq dibi əzələlərinin möhkəmlənməsinə yönəldilmiş xüsusi gimnastikaların yerinə yetirilməsi aiddir. Patoloji elonqasiyanın qarşısının alınmasında doğuşların ehtiyyatla aparılması, uşaqlıq boynu, uşaqlıq yolu və aralığın cırılmalarının düzgün tikilməsi böyük rol oynayır.