Uşaqlıq boynunun endometriozu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3175

uşaqlıq boynunun endometriozu nədir?Uşaqlıq boynunun endometriozu (UBE) — xarici genital endometriozun bir forması olub, endometrioid ocaqların uşaqlıq boynunun vaginal seqmenti və servikal kanalın selikli qişasını zədələməsi ilə xarakterizə edilir. Adətən xəstəlik simptomsuz gedir və ya intim yaxınlıq, aybaşıdan əvvəl və sonra yaxılan qanlı ifrazatlarla təzahür edir. Nadir hallarda endometrioz qarnın aşağı hissəsində ağrı və dispareuniya ilə müşayiət olunur. Diaqnostika məqsədilə vaginal güzgülərin köməyilə ginekoloji baxış, kolposkopiya, sitomorfoloji üsullardan istifadə edilir. Müalicə hormonal preparatların təyini və patoloji ocaqların cərrahi yolla xarci edilməsindən ibarətdir.

  • Uşaqlıq boynunun endometriozunun yaranma səbəbləri
  • Patogenez
  • Uşaqlıq boynunun endometriozunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Uşaqlıq boynunun endometriozunun müalicəsi
  • Proqnoz və profilaktika

Uşaqlıq boynunun endometriozu barədə ümumi məlumat

Müxtəlif müəlliflərin məlumatlarına əsasən uşaqlıq boynunun endometrioid heterotopiyası endometriozdan əziyyət çəkən hər 4-cü qadında aşkarlanır. Son 50 il ərzində patologiyanın yayılma tezliyi orta hesabla 1,0-7,0%-ə qədər yüksəlmişdir. Xəstəliyin digər formaları kimi UBE hormondan asılılığı ilə fərqlənir və adətən reproduktiv yaşda olan qadınlarda inkişaf edir. Endometriozun qızlarda cinsi yetişkənlik dövrünə qədər yaranması qeydə alınmamışdır. Postmenopauzada xəstəlik reqressə uğrayır. Ocaqların lokalizasiyasına görə uşaqlıq boynunun vaginal seqmentini zədələyən səthi və servikal kanalın distal hissələrində inkişaf edən dərin endometrioz ayırd edilir.

Uşaqlıq boynunun endometriozunun səbəbləri

Uşaqlıq boynunun endometriozunun səbəbləriGinekologiya sahəsinin əksər mütəxəssislərinin fikrincə uşaqlıq boynunun selikli qişasında endometrioid ocaqlarının yaranmasının əsas səbəbi aybaşı qanının tərkibində olan endometrium hüceyrələrinin zədələnmiş ekzo- və ya endoserviksə daxil olmasıdır. Endometriozun inkişaf riskini yüksəldən amillər aşağıdakılardır:

  • Uşaqlıq boynunun xəstəlikləri. Endometrium hüceyrələri patoloji dəyişilmiş selikli qişaya daha asan birləşir. Endometrioz uşaqlıq boynunun eroziyapsevdoeroziyaları, ekzo- və endoservisit fonunda inkişaf edə bilər.
  • İnvaziv müdaxilələr. Endometrioid heterotopiyaların yaranmasına abort, UDS-nin qoyulması, diaqnostika qaşıma, histeroskopiya və histerosalpinqoqrafiya, uşaqlıq və onun boynunda aparılan digər müalicəvi və diaqnostik manipulyasiyalar səbəb olur.
  • Patoloji və ya çoxsaylı doğuşlar. Doğuş fəaliyyəti prosesində epitelin travmatizasiyası nəticəsində endometrium hüceyrələri endo- və ekzoserviksə invaziya edir.

Xəstəliyin inkişafında risk amilləri böyük rol oynayır. Belə ki, endometrioz əksər hallarda zəifləmiş  immunitet və hiperestrogeniya ilə müşayiət olunan dishormonal vəziyyətlərin izlənildiyi qadınlarda baş verir. Həmçinin irsi meyllik mühüm əhəmiyyət kəsb edir: endometriozlu xəstənin yaxın qohumlarında uşaqlıq boynu səthində endometriumun heterotopiyalarına 5 dəfə çox rast gəlinir.

Uşaqlıq boynunun endometriozunun patogenezi

Uşaqlıq boynunun epitel qatına birləşən endometrium hüceyrələri qadın orqanizmində gedən siklik hormonal dəyişikliklərə reaksiya verir, uşaqlığın daxili qatında gedən analoji transformasiya prosesləri yaranır. İlk növbədə estrogenlərin təsirindən hüceyrələr proliferasiya edir, sonra isə progesteronun təsiri altında toxumaların qan təhcizatı və vəzilərin sekresiyası güclənir. Sikl aseptik iltihab və aybaşının başlanmasına müvafiq zamanda heterotopik endometriumun qopması ilə başa çatır. Atipik sahədə böyüyən endometrium hüceyrələri zədələnməyə daha çox məruz qalır, bu da xəstəliyin tipik klinik şəklini formalaşdırır.

Uşaqlıq boynunun endometriozunun əlamətləri

Uşaqlıq boynunun endometriozunun əlamətləriUşaqlıq boynunun endometriozu zamanı adətən ifadəli klinik əlamətlər müşahidə edilmir. Xəstəliyin xarakterik simptomlarına aybaşıdan əvvəl və sonra, eləcə də cinsi akt zamanı yaranan yaxılan qanlı ifrazatlar aiddir. Pasiyentlərin əksəriyyətində endometrium ocaqları ekzoserviksdə yerləşdiyindən ağrı sindromu izlənilmir. Patoloji prosesə endoserviks və kiçik çanaq orqanları cəlb olunduqda qarnın aşağı hissədində dartıcı ağrılar yaranır, onların intensivliyi aybaşı siklinin müxtəlif fazalarında fərqli olur. Bir çox qadınlarda dispareuniya müşahidə edilir, endometriozun bu əlaməti onların cinsi həyatına diskomfort törədir.

Uşaqlıq boynunun endometriozunun ağırlaşmaları

Xəstəliyin digər formalarından fərqli olaraq, uşaqlıq boynunun endometrioid zədələnməsi nadir hallarda ağırlaşır. Yüksək qanaxmaya malik, geniş sahəni əhatə edən ocaqlar fonunda dəmir çatışmazlıqlı anemiya inkişaf edə bilər. Prosesə uşaqlıq boynu kanalının selikli qişasının qoşulması onun qoruyucu funksiyasını pozaraq, iltihabın cinsiyyət sisteminin yuxarı şöbələrinə daha sürətlə yayılmasına səbəb olur. Bir sıra hallarda endometrioz sonsuzluğa gətirib çıxarır. Tədqiqatların nəticələrinə əsasən uşaqlıq boynunun bədxassəli törəmələrinin inkişafında UBE-nin provokasiyaedici rolu istisna deyil.

Uşaqlıq boynunun endometriozunun diaqnostikası

Minimal klinik simptomatika ilə əlaqədar uşaqlıq boynunun endometriozunun diaqnostikası obyektiv müayinələrin nəticələrinə əsaslanır. Pasiyentlərə aşağıdakı müayinələr təyin olunur:

  • Vaginal güzgülərin köməyilə uşaqlıq boynunun müayinəsi. Solğun-çəhrayı sağlam epitel fonunda 2,0-5,0mm diametrində qırmızı ocaqlar görünür. Aybaşıdan əvvəl heterotopiyalar bir qədər böyüyərək, göyümtül-qırmızı rəng alır.
  • Kolposkopiya. Mikroskop altında xarakterik endometrioid toxuma aşkarlanır, onun həcmi və rəngi aybaşı siklinin fazalarından asılı olaraq dəyişir. Müayinənin aybaşı siklinin sonuncu həftəsində aparılması məsləhət görülür.
  • Sitomorfoloji diaqnostika. Uşaqlıq boynunu hədəfli biopsiyası ilə əldə olunan materialların histoloji müayinəsi endometriumun tipik hüceyrələrini təyin edir. Servikal kanalın selikli qişasının müayinəsi tələb olunduqda onun diaqnostik qaşınması yerinə yetirilir.

Çanaq orqanlarının USM, endoskopik və rentgenoloji üsullar uşaqlıq boynunun endometrioid heterotopiyalarının diaqnostikasında köməkçi rol oynamaqla digər orqanlarda endometrioz ocaqlarını müəyyən etməyə imkan verir. Xəstəliyin differensial diaqnostikası xroniki spesifik və qeyri-spesifik servisit, hemorragik möhtəviyyatlı naboti kistaları, teleangiektaziyalar, ekstravazatlar, uşaqlıq boynu xərçəngi ilə aparılır. Ehtiyac olduqda pasiyentə onkoginekoloq və dermatoveneroloqun konsultasiyası təyin edilir.

Uşaqlıq boynunun endometriozunun müalicəsi

Müalicə taktikası heterotopiyaların ölçüləri, endometrioid prosesin yayılması, ağırlaşmaların olması, qadının yaş və reproduktiv planına əsasən seçilir. Kiçik ölçülü endometrioz ocaqlarının aşkarlanması zamanı klinik əlamətlər və ağırlaşmalar izlənilmədikdə pasiyent ildə 2 dəfə ginekoloji baxışdan keçməklə müşahidə altına alınır. Geniş sahəli heterotopiyalar, qanlı ifrazatlar və ağrı sindromu zamanı medikamentoz terapiya təyin edilir:

  • Hormonal vasitələr. Yumurtalıqların endokrin funksiyasını zəiflədən preparatlar endometrium hüceyrələrinin böyüməsini ləngidir. Bu məqsədlə kombinəolunmuş və ya gestagen peroral kontraseptivlər, qonadoliberinlərin aqonist və antaqonistləri, androgenlərdən istifadə olunur. Hormonoterapiya müstəqil formada və cərrahi müalicəyə hazırlıq dövründə tətbiq edilir.
  • Simptomatik preparatlar. Kompleks müalicə immunokorreksiya, xəstəliyin simptomatika və ağırlaşmalarının azaldılmasına yönəldilir. Ağrını aradan qaldırmaq üçün qeyri-steroid ilthabəleyhinə vasitələr təyin edilir. Hemoqlobin və eritrositlərin səviyyəsi azaldıqda dəmir preparatların qəbulu göstəriş sayılır.

Endometriozun 3-4 ay davam edən konservativ müalicəsi nəticə vermədikdə ocaqların cərrahi yolla xaric edilməsi məsləhət görülür. Bu məqsədlə adətən lazer koaqulyasiya, radiodalğalı və kriodestruksiya icra olunur. Radikal əməliyyat – panhisterektomiya yalnız heterotopiyaların kifayət qədər geniş yayıldığı, digər orqanların prosesə qoşulduğu və ifadəli ağrı sindromunun qeydə alındığı hallarda hamiləlik planlaşdırmayan qadınlarda həyata keçirilir.

Uşaqlıq boynunun endometriozunun proqnoz və profilaktikası

Erkən diaqnostika və adekvat terapiya zamanı proqnoz qənaətbəxşdir. Endometrioz ocaqlarının xaric edilməsindən sonra xəstəlik çox nadir hallarda residivləşir. Cərrahi müdaxilədən əvvəl və sonra hormonoterapiyanın aparılması müalicənin nəticələrini daha da yaxşılaşdırır, bu zaman tam klinik  sağalmanın tezliyi 8 dəfə dəfə yüksəlir.

Endometriozun profilaktikasında müntəzəm ginekoloji müayinələr böyük rol oynayır, onların köməyilə uşaqlıq boynu xəstəliklərinin vaxtında aşkarlanması və müalicəsi mümkündür. Həmçinin əsassız təyin olunan invaziv prosedurlar və abortlardan imtina məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: