Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun eroziyası – onun vaginal seqmentində xarici əsnəyin ətrafında yastı epitelin zədələnməsidir. Adətən endoservisit və cinsiyyət sisteminin digər iltihabi xəstəlikləri, eləcə də qadın orqanizmində gedən hormonal dəyişikliklər nəticəsində yaranır. Simptomsuz gedir və ya selikli-irinli, bəzən qanlı xarakterli patoloji ifrazatlarla, oma nahiyəsində dartıcı ağrılarla təzahür edir. Uşaqlıq boynunun neoplaziyalarının (polip, xərçəng) risk amili sayılır. Diaqnostika vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış və kolposkopiyanın nəticələrinə əsaslanır. Müalicə məqsədilə diatermokoaqulyasiya, lazer vaporizasiya, kriodestruksiya, radiodalğa üsullarından istifadə olunur.
- Uşaqlıq boynunun eroziyasının növləri
- Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri və inkişaf mexanizmi
- Uşaqlıq boynunun eroziya və psevdoeroziyasının diaqnostikası
- Uşaqlıq boynunun eroziya və psevdoeroziyasının müalicəsi
Uşaqlıq boynunun eroziyası barədə ümumi məlumat
«Uşaqlıq boynunun eroziyası» termini onun vaginal seqmentinin epitel qatının tamlığının pozulmasını ifadə edir. Bu xəstəlik ən çox rast gəlinən ginekoloji patologiyalardan olub, qadınların 15%-də müşahidə edilir. Boyun uşaqlığın aşağı hissəsi olub, uşaqlıq yoluna açılır və daxilindən dar servikal (uşaqlıq boynu) kanal keçir. Servikal kanalın yuxarı şöbəsi daxili əsnək, aşağı hissəsi isə xarici əsnəklə qurtarır. Xarici əsnək uşaqlıq boynunun vaginal hissəsinə açılır, doğan qadınlarda köndələn yarıq, doğmayanlarda isə yumru formada olur. Uşaqlıq boynunun vaginal seqmentində xarici əsnəyin ətrafında çoxqatlı yastı epitelin zədələnməsi eroziya şəklində özünü büruzə verir.
Uşaqlıq boynu uşaqlıq yoluna açıldığından infeksiyaların təsirinə, cinsi akt və tibbi manipulyasiyalar zamanı zədələnmələrə məruz qalır. Uşaqlıq boynunun uzunmüddətli eroziyaları epitel hüceyrələrində dəyişikliklərə, xoşxassəli neoplaziyalar (uşaqlıq boynunun polipləri) və bədxassəli şişlərə (uşaqlıq boynu xərçəngi) gətirib çıxara bilər.
Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri müxtəlifdir. Uşaqlıq boynunun selikli qişasında dəyişikliklər doğuş və abortdan sonra, uşaqlıq boynunun iltihabi xəstəlikləri, hormonal dəyişikliklər nəticəsində inkişaf edə bilər. Çox vaxt uşaqlıq boynunun eroziyalarına cinsi infeksiyalar – xlamidioz, qardnerellyoz, ureaplazmoz, trixomoniaz və s. səbəb olur, bu xəstəliklərin törədiciləri zədələnmiş selikli qişaya daxil olaraq, orada iltihab yaradır. Uşaqlıq boynunun eroziyası həmçinin yeniyetmə dövründə və doğmayan qadınlarda da formalaşa bilər.
Uşaqlıq boynunun eroziyasının növləri
Uşaqlıq boynunun eroziyasının 3 növü ayırd edilir:
- Həqiqi;
- Psevdoeroziya;
- Anadangəlmə.
Uşaqlıq boynunun həqiqi eroziyası
Uşaqlıq boynunun həqiqi eroziyası onun vaginal hissəsində xarici əsnək ətrafında yastı epitelin zədələnməsi və deskvamasiyası nəticəsində əmələ gəlir. Həqiqi eroziya üçün iltihab əlamətləri ilə müşayiət olunan yara səthi xarakterikdir. Uşaqlıq boynunun həqiqi eroziyasının ən çox rast gəlinən səbəbi endoservisit zamanı selikli qişanın servikal kanalın patoloji selikli ifrazatları ilə zədələnməsidir. Həqiqi eroziya adətən qeyri-düzgün yumru formaya, al-qırmızı rəngə malik olub, təmas zamanı asanlıqla qanayır. Eroziyalaşmış sahənin kolposkopiya və mikroskopiya proseslərində genişlənmiş damarlar, ödem, infiltrasiya, fibrin, qan izləri, selikli-irinli ifrazatlar müəyyən edilir. 1-2 həftədən sonra həqiqi eroziya sağalma mərhələsinə – psevdoeroziyaya keçir.
Psevdoeroziya
Sağalma prosesində yastı epitel qüsuru uşaqlıq boynu kanalından eroziya səthinə yayılan silindrik epitellə əvəz olunur. Çoxqatlı yastı epitel hüceyrələri ilə müqayisədə silindrik epiteliositlər daha parlaqdır. Eroziya səthi al-qırmızı olaraq qalır.
Yastı epitel hüceyrələrinin silindrik epiteliositlərlə əvəz olunma mərhələsi uşaqlıq boynunun həqiqi eroziyasının sağalmasının ilkin mərhələsidir. Uşaqlıq boynunun eroziyası həkim-ginekoloq tərəfindən adətən bu mərhələdə aşkarlanır.
Silindrik epitel nəinki eroziyanın səthində, həmçinin çoxşaxəli vəzi yolları əmələ gətirməklə daha dərin qatlarda çoxalır. Erozion vəzilərdə sekret ifraz olunur və toplanılır, onun axını çətinləşdikdə kiçik ölçülərdən tutmuş gözlə görünən böyüklüyə qədər müxtəlif kistalar formalaşır. Bəzən xarici əsnək ətrafında yerləşən iri kistalar uşaqlıq boynunun poliplərini xatırladır. Çoxsaylı kistalar uşaqlıq boynunun hipertrofiyasına – qalınlaşmasına gətirib çıxarır.
Psevdoeroziyalar 3 formaya ayrılır:
- Follikulyar (vəzili) – ifadəli vəzi yolları və kistaya malik olur;
- Papillyar – səthində iltihab əlamətləri ilə müşayiət olunan məməciyəbənzər törəmə qeydə alınır;
- Vəzili-papillyar və ya qarışıq – ilk 2 formanın əlamətlərini özündə birləşdirir.
Müalicə aparılmadıqda psevdoeroziyalar bir neçə ay və ya il ərzində onun yaranma səbəbi aradan qaldırılana qədər öz inkişafını davam etdirə bilər. Erozion vəzilərdə infeksiyanın olması ilə əlaqədar psevdoeroziya uşaqlıq boynunda iltihabi prosesin mənbəyi sayılır.
İltihabın öz-özünə və ya müalicə fonunda söndüyü hallarda silindrik epitel yastı epitellə əvəzlənir, uşaqlıq boynunun normal səthi epiteli bərpa olunur. Bu mərhələ uşaqlıq boynunun eroziyasının sağalmasının ikinci mərhələsi sayılır. Əksər qadınlarda sağalmış eroziyanın yerində erozion vəzilərin dəliklərinin tutulması nəticəsində əmələ gələn kiçik kistalar (naboti kistaları) müşahidə edilir.
Psevdoeroziyaların və yanaşı gedən iltihabi prosesin uzunmüddətli gedişi epitel hüceyrələrinin patoloji dəyişikliklərinə – atipiya və displaziyaya gətirib çıxara bilər. Uşaqlıq boynunun eroziyasının epitel qatın displaziyası ilə müştərəkliyi xərçəngönü xəstəlik kimi qiymətləndirilir.
Psevdoeroziyalar kiçik ölçülərə (3-5mm) malik ola və ya uşaqlıq boynunun vaginal seqmentinin böyük bir hissəsini əhatə edə bilir. Psevdoeroziyalar əsasən xarici əsnək ətrafında və ya uşaqlıq boynunun arxa kənarı (dodağı) boyunca lokalizasiya olunur. Onlar qeyri-düzgün formaya, al-qırmızı rəngə, selikli və yaxud irinli ifrazatlarla örtülən məxməri və ya nahamar səthə malik olur. Sağalan psevdoeroziyanın kənarlarında açıq-çəhrayı yastı epitel sahələri və naboti kistaalrı izlənilir.
Psevdoeroziyalar (xüsusən papillyar forma) cinsi akt zamanı və ya tibbi alətlə toxunduqda asanlıqla qanayır. Yüksək qanama həmçinin psevdoeroziyanın displaziyası və hamiləlik dövründə qeydə alınır. Erozion vəzilərin və silindrik epitelin qopduğu, qüsurun bütün səthi boyunca yastı epitelin bərpa olunduğu hallarda psevdoeroziya tam sağalmış hesab olunur.
Uşaqlıq boynunun anadangəlmə eroziyası
Uşaqlıq boynunun anadangəlmə eroziyası servikal kanalı örtən silindrik epitelin onun hüdudlarından kənara çıxması nəticəsində yaranır. Epitelin yerdəyişməsi (ektopiyası) bətndaxili inkişaf dövründə baş verdiyindən belə eroziyalar anadangəlmə sayılır.
Uşaqlıq boynunun anadangəlmə eroziyaları adətən xarici əsnək xətti üzrə kiçik bir sahəni tutur, hamar səth və al-qırmızı rənglə səciyyələnir. Obyektiv müayinə (vaginal güzgülərlə və ya kolposkopiya) zamanı servikal kanalda patoloji sekresiya və iltihab əlamətlərinə rast gəlinmir.
Uşaqlıq boynunun anadangəlmə eroziyaları uşaqlıq və yeniyetmə dövründə aşkar edilir, çox vaxt öz-özünə sağalır. Anadangəlmə eroziya cinsi yetişkənlik dövrünə qədər davam etdikdə onun infeksiyalaşması, iltihabı və sonrakı dəyişiklikləri mümkündür. Nadir hallarda uşaqlıq boynunun anadangəlmə eroziyaları fonunda yastı kondilomalar inkişaf edir. Anadangəlmə eroziyaların maliqnizasiyası qeydə alınmır.
Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri və inkişaf mexanizmi
Uşaqlıq boynunun eroziyasının etiopatogenezini izah edən bir sıra nəzəriyyələr mövcuddur, onlar arasında iltihab nəzəriyyəsi aparıcı yer tutur. Servikal kanal və uşaqlıqdan axan patoloji sekresiya ilə müşayiət olunan endoservisit və servisit xarici əsnək nahiyəsində epitel örtüyün zədələnməsinə və sonradan epitelin qopmasına gətirib çıxarır. Nəticədə uşaqlıq boynu və yolunun mikroflorasının məskunlaşdığı həqiqi eroziya əmələ gəlir.
Dishormonal nəzəriyyəyə görə uşaqlıq boynunun eroziyasının yaranmasına cinsi hormonlar-steroidlərin səviyyəsinin dəyişməsi səbəb olur. Uşaqlıq boynunun eroziyasının hamiləlik dövründə formalaşması və doğuşdan sonrakı dövrdə hormonal fonun stabilləşməsi nəticəsində reqressə uğraması klinik müşahidələrlə sübut olunmuşdur.
Eroziyalar həmçinin doğuş travması zamanı uşaqlıq boynu kanalının selikli qişasının ektropionu (çevrilməsi) ilə əlaqədar inkişaf edir. Uşaqlıq boynunun uzunmüddətli, inadlı, residivləşən gedişlı, konservativ müalicəyə tabe olmayan, təmas qanaxmalarına meylli, displaziyanın mikroskopik əlamətlərinə malik eroziyaları (psevdoeroziyalar – follikulyar, papillyar, qarışıq) xərçəngönü xəstəliklər kimi qiymətləndirilir.
Uşaqlıq boynunun eroziya və psevdoeroziyasının diaqnostikası
Xəstəliyin simptomsuz gedişi və xarakterik şikayətlərin olmaması ilə əlaqədar uşaqlıq boynunun eroziyasının diaqnostikası əksər hallarda çətinliklər törədir. Subyektiv vəziyətin dəyişməsinə adətən eroziyanın yaranmasında iştirak edən xəstəlik səbəb olur. Bununla bağlı diaqnostika prosesində vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış və patoloji ocağın mikroskop altında daha dəqiq qiymətləndirilməsinə imkan verən kolposkopiyadan istifadə olunur.
Uşaqlıq boynunun eroziyasının maliqnizasiyasına şübhə yarandıqda genişlənmiş kolposkopiya üsulu tətbiq edilir. Eroziya sahəsi yodun 5%-li spirtli məhlulu ilə işlənilir və kolposkopla müşahidə aparılır. Həqiqi eroziya (psevdoeroziya) açıq-çəhrayı, displaziya sahəsi – sarı, atipik ocaqlar isə ağ rəngdə olur. Displaziya baxımından şübhəli eroziya sahələri aşkarlandıqda uşaqlıq boynunun hədəfl ibiopsiyası və alınmış toxumanın histoloji analizi aparılır.
Uşaqlıq boynunun eroziya və psevdoeroziyasının müalicəsi
Uşaqlıq boynunun eroziyasının müalicəsi aşağıdakı prinsiplərə əsaslanır:
- Müalicəyə ehtiyacı olmayan anadangəlmə eroziyalar müşahidə altına alınmalıdır;
- Həqiqi və psevdoeroziyalar onları törədən və ya dəstəkləyən fon xəstəlikləri ilə birgə müalicə olunmalıdır;
- İltihab əlamətləri olduqda terapiya infeksiyanın törədicilərinə (trixomonada, xlamidiya, qonokokklar və s.) qarşı yönəldilməlidir;
- İltihabın aktiv mərhələsində eroziya təhlükəsiz üsullarla (эрозию в активной стадии воспаления лечат щадящими способами (çaytikanı yağı, balıq yağı, sintomisin emulsiyalı vaginal tamponlar, antibiotik – xloramfenikol və s. tərkibli aerozollarla) müalicə olunur.
Uşaqlıq boynunun müalicəsinin müasir üsullarının əsasını silindrik epitel hüceyrələrinin destruksiyası təşkil edir. Bu məqsədlə diatermokoaqulyasiya, lazer vaporizasiya, kriodestruksiya, radiodalğa üsullarından istifadə olunur.
Diatermokoaqulyasiya toxumaların kifayət qədər qızmasına səbəb olan yüksək tezlikli elektrocərəyanın köməyilə dəyişilmiş toxumanın yandırılma üsuludur. Doğuş prosesində uşaqlıq boynunun açılmasına mane olan çapıqların yaranma təhlükəsi ilə əlaqədar doğmayan qadınlarda koaqulyasiya icra olunmur. Bu üsul travmatik sayılır, nekroz sahəsinin qopması qanaxmalarla müşayiət oluna bilər. Tam sağalma müdaxilədən 1.5-3 ay sonra müşahidə edilir. Diatermokoaqulyasiyadan sonra endometrioz inkişaf edir, bu səbəbdən prosedurun aybaşı siklinin II fazasından yerinə yetirilməsi məqsədəuyğundur.
Lazer vaporizasiya və ya uşaqlıq boynunun eroziyasının lazer şüası ilə «yandırılması» aybaşı siklinin 5-7-ci günündə həyata keçirilir. Lazer vaporizasiyadan əvvəl uşaqlıq yolu və boynu sanasiya olunmalıdır. Prosedur ağrısızdır, uşaqlıq boynunda çapıq əmələ gətirmədiyindən sonrakı doğuşların gedişini ağırlaşdırmır. Dəyişilmiş toxumaların lazer destruksiyası nekroz sahəsinin tez qopmasına, erkən epitelizasiyaya və yara səthinin tam regenerasiyasının müdaxilədən bir ay sonra baş verməsinə səbəb olur.
Kriodestruksiya (kriokoaqulyasiya) azot oksidi və ya maye azotla uşaqlıq boynu eroziyasının toxumalarının dondurulmasına, destruksiyasına əsaslanır. Diatermokoaqulyasiya ilə müqayisədə kriokoaqulyasiya ağrısızdır, qanaxma ilə müşayiət olunmur, uşaqlıq boynu kanalının çapıq mənşəli daralmasına gətirib çıxarmır, nekroz sahəsinin qopmasından sonra yara səthinin daha sürətli epitelizasiyası ilə xarakterizə edilir. Kriodestruksiyadan sonra ilk günlərdə gur sulu ifrazatlar, uşaqlıq boynunun ödemi izlənilir. Qüsurun tam epitelizasiyası 1-1,5 aydan sonra başlanır.
“Surgitron” aparatı ilə uşaqlıq boynunun eroziyasının radiodalğa müalicəsi insanın fiziki olaraq hiss etmədiyi yüksək tezlikli elektromaqnit şüaları – radiodalğalarla patoloji ocağa təsir edilməsindən ibarətdir. Müdaxilə bir dəqiqədən az vaxt aparır, ağrısızlaşdırma və postoperasion işlənməyə ehtiyac olmur. Radiodalğa üsulu doğuşu çətinləşdirən yanıq və çapıqlarla nəticələnmədiyindən doğmayan qadınlara da məsləhət görülür.
Diatermokoaqulyasiya, lazer vaporizasiya, kriodestruksiya və radiodalğa üsulu ilə müalicə genişlənmiş kolposkopiya və hədəfli biopsiyadan sonra aparılır. Uşaqlıq boynunun eroziyasının maliqnizasiyasına şübhə yarandıqda radikal cərrahi müalicə göstəriş sayılır. Yuxarıda qeyd olunan üsullardan biri ilə uşaqlıq boynunun eroziyasının sağalmasından sonra qadınlar ginekoloqun müşahidəsi altında olmalıdır.