Uşaqlıq boynunun hipertrofiyası
Uşaqlıq boynunun hipertrofiyası – birləşdirici toxumadan təşkil olunan stromanın həddindən artıq inkişafı ilə əlaqədar uşaqlıq boynunun vaginal hissəsinin həcminin artmasıdır. Bu proses hüceyrələrin kəmiyyət və struktur dəyişiklikləri ilə müşayiət olunmur. Uşaqlıq boynunun hipertrofiyası qarnın aşağı hissəsində vaxtaşırı baş verən ağrılar, cinsi əlaqənin ağrılı olması, polimenoreya, leykorreya, cinsiyyət orqanlarının sallanması hissi, sonsuzluqla özünü büruzə verir. Diaqnoz kolposkopiya, hormonal müayinələr, kiçik çanaq orqanlarının USM müayinəsi, servikometriyanın nəticələrinə əsasən qoyulur. Uşaqlıq boynunun hipertrofiyasının müalicəsində diatermokoaqulyasiya, elektroekssiziya, kriodestruksiya, uşaqlıq boynunun amputasiyası, rekonstruktiv plastikadan istifadə olunur.
- Uşaqlıq boynunun hipertrofiyasının yaranma səbəbləri
- Uşaqlıq boynunun hipertrofiyasının əlamətləri
- Uşaqlıq boynunun hipertrofiyasının diaqnostikası
- Uşaqlıq boynunun hipertrofiyasının müalicəsi
Uşaqlıq boynunun hipertrofiyası barədə ümumi məlumat
Uşaqlıq boynunun hipertrofiyası – uşaqlıq boynunun divarlarının qalınlaşması və onun elonqasiyası (uzanması) hesabına ölçülərinin dəyişməsidir. Hipertrofiya uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin bir və ya hər iki dodağını əhatə edə bilir. Yüngül dərəcəli hipertrofiya zamanı uşaqlıq boynunun ancaq ön hissəsinin uzanması mümkündür, bu sahə önə çıxaraq arxa dodağı örtmüş olur. Hipertrofiya kifayət qədər inkişaf etdikdə uşaqlıq boynunun xarici əsnəyi cinsi yarıqdan qabarır. Uşaqlıq boynunun hipertrofiyası uşaqlığın normal vəziyyəti ilə yanaşı, onun dib hissəsinin enməsi zamanı da müşahidə oluna bilir. Bu hal hamiləliyin baş tutmasına birbaşa təsir göstərmir, lakin bilavasitə digər ginekoloji patologiyanın təzahürü olaraq, fertillik qabiliyyətini azalda və hestasiya dövründə ağırlaşmaların yaranma ehtimalını artıra bilir.
Uşaqlıq boynunun hipertrofiyasının səbəbləri
Uşaqlıq boynunun hipertrofiyası müxtəlif patoloji proseslərin nəticəsində yaranır. Bəzi hallarda patologiya irsi meyllik və daxili cinsiyyət orqanlarının anatomik xüsusiyyətləri ilə əlaqədar inkişaf edir. Çox zaman uşaqlıq boynunun hipertrofiyası servikal kanalın selikli qışasının davamlı iltihabi prosesi (endoservisit) və iltihabın stromanın daha dərin qatlarına keçməsi (xroniki servisit) fonunda formalaşır. Uzun müddət davam edən iltihab uşaqlıq boynunun bərkiməsinə və qalınlaşmasına səbəb olur.
Uşaqlıq boynu toxumalarının ödem və şişkinliyi nəticəsində vəzilərin çıxarıcı axacaqlarının obliterasiyası, sekretin axınının pozulması, diametri 6 mm-ə qədər olan nazik divarlı, kiçik ölçülü retension qovuqcuqların –naboti kistalarının yaranması baş verir. Şəffaf sekretlə dolu olan qovuqcuqlar şişkin stromaya tam şəkildə daxil olaraq, hipertrofiyanın follikulyar formasının formalaşmasına gətirib çıxara bilir.
İltihabdan əlavə hipertrofiyaya doğuş və ya abort prosesində uşaqlıq boynunun dəfələrlə zədələnməsi (mikroçatlar və cırılmaların müalicəsi aparılmadıqda) səbəb ola bilər. Bu zaman servikal kanalın selikli qişasının uşaqlıq yolunun boşluğuna qabarması müşahidə olunur. Uşaqlıq yolunun əlverişsiz turş mühütünün endoserviksə təsiri ödemlər, selikli qişa və qonşu toxumaların qalınlaşması və bərkiməsi, epitel qatının çoxalması, patoloji ifrazatın (bəzi hallarda qan və ya irinlə qarışıq) yaranması ilə nəticələnir.
Zədələnmə nahiyəsində servikal kanalın toxumaları və stromanın regenerasiyası çapıqların yaranması ilə müşahidə olunur, bu da uşaqlıq boynunun ölçülərinin artmasına və ona xas olan elastikliyin itirilməsinə gətirib çıxarır. Hipertrofiyalaşmış uşaqlıq boynunun trofika, mikrosirkulyasiya və mübadilə proseslərinin posttravmatik dəyişiklikləri infeksiyanın inkişafı üçün əlverişli şərait yaradaraq, iltihabın residivləşməsinə, xərçəngönü xəstəliklərin inkişafına səbəb olur. Hormonal fonun dəyişməsi, eləcə də yaxınlıqda yerləşən və ya uşaqlıq boynunu əhatə edən miomatoz düyünlər (boyunətrafı və boyun) hipertrofiyanın yaranma səbəblərinə aiddir.
Uşaqlıq boynunun hipertrofiyasının əlamətləri
Uşaqlıq boynunun hipertrofiyasının formalaşması bir neçə mərhələdə gedir:
I mərhələ – uşaqlıq boynunun xarici əsnəyi cinsi dəlikdən yuxarıda yerləşir;
II mərhələ – xarici əsnək cinsi dəlik səviyyəsinə enir, lakin onun sərhədlərindən xaricə çıxmır;
III mərhələ – hipertrofiyalaşmış uşaqlıq boynu cinsiyyət dodaqlarından önə çıxır.
İlkin mərhələlərdə uşaqlıq boynunun hipertrofiyası klinik olaraq təzahür etmir və gələcəkdə spesifik ifadəli əlamətlərlə müşahidə olunmur. Uzunmüddətli hipertrofiya zamanı xəstəni qarnın aşağı hissəsi, qasıq və oma nahiyələrində vaxtaşırı yaranan diskomfort hissi və ya dartıcı ağrılar, cinsi əlaqə zamanı ağrı, hiperpolimenoreya, leykorreya narahat edə bilər. Bəzi hallarda aşkar səbəblər olmadan sonsuzluq izlənilir. Uşaqlıq boynunun hipertrofiyasının II –III mərhələlərinin əsas əlamətlərinə daxili cinsiyyət orqanlarının sallanması və ya düşməsi hissi aiddir.
Uşaqlıq boynunun hipertrofiyasının diaqnostikası
Uşaqlıq boynunun hipertrofiyası zamanı kompleks ginekoloji müayinə – vaginal güzgülər vasitəsilə baxış, sadə və genişlənmiş kolposkopiya, hormonal statusun qiymətləndiirlməsi, kiçik çanaq orqanlarının USM müayinəsi, servikometriya, uşaqlıq boynundan götürülmüş yaxmanın sitoloji müayinəsi aparılır.
Əlavə olaraq servikoskopiya, servikal kanalın diaqnostik qaşınması, uşaqlıq boynunun biopsiyası, PZR-diaqnostikadan istifadə olunur. Vizualizasiya üsulları daxili cinsiyyət orqanlarının vəziyyətini qiymətləndirməyə, uşaqlıq boynunun quruluş və ölçülərini, onun kiçik çanağın digər orqanlarına nisbətən yerləşməsini, qan cərəyanının xüsusiyyətlərini, endoserviksin dəyişikliklərini müəyyən etməyə imkan verir. Uşaqlıq boynunun hipertrofiyası uşaqlıq boynu xərçəngi, uşaqlıqdan kənar hamiləlik-uşaqlıq boynu hamiləliyi ilə differensiasiya edilir.
Uşaqlıq boynunun hipertrofiyasının müalicəsi
Uşaqlıq boynunun hipertrofiyasının müalicəsi ginekoloq tərəfindən xəstəliyə səbəb olan fon patologiyalarının xüsusiyyətləri nəzərə alınmaqla fərdi olaraq təyin edilir. Uşaqlıq boynunun hipertrofiyasının yüngül dərəcəsində risk amilləri müşahidə olunmadıqda xəstəyə hər il kolposkopiya müayinəsi və 5 kq-dan ağır yüklərin qaldırılmaması məsləhət görülür. Uşaqlıq boynunun hipertrofiyası servikal kanalın iltihabı prosesi və ya uşaqlıq boynu mioması ilə müşayiət olunduqda konservativ müalicədən-antibiotikoterapiya, intensiv immunostimulyasiya və ya hormonoterapiyadan istifadə olunur. Uşaqlıq boynunun hipertrofiyası zamanı az invaziv üsullar- artıq toxumanın diatermokoaqulyasiya, elektroekssiziya və kriodesktruksiyası yaxşı nəticələr göstərir. Naboti kistalarının kəsilməsi həmişə gözlənilən nəticəni vermir və kəskin, yarimkəskin iltihab zamanı əks-göstəriş hesab olunur. Uşaqlıq boynunun müalicəsinin perspektivli üsullarına radiodalğalı konizasiya aiddir.
Uşaqlıq boynunun ifadəli hipertrofiyasında cərrahi müalicə -uşaqlıq boynunun hissəvi rezeksiyası, amputasiyası (pazvari, konusvari, hündür) və ya uşaqlıq boynunun tam şəkildə çıxarılması, eləcə də kolpoperineolevatoroplastika üsulu ilə rekonstruktiv-plastik korreksiya göstəriş sayılır. Kəsilməsi nəzərdə tutulan toxumaların optimal miqdarının təyin olunması çox vacibdir. Cərrahi əməliyyat uşaqlıq boynunun uzunluğu və həcmini kiçiltməyə, reproduktiv potensialı artırmağa və seksual aktivliyi bərpa etməyə imkan verir. Uşaqlığın sallanması ilə müşayiət olunan uşaqlıq boynunun kəskin hipertrofiyası zamanı hamiləlik planlaşdırmayan qadınlarda uşaqlıq boynunun çıxarılması ilə aparılan histerektomiya (uşaqlığın xaric edilməsi) icra edilir.
Uşaqlıq boynunun hipertrofiyasının proqnoz və profilaktikası
Uşaqlıq boynunun hipertrofiyası müalicə olunmadıqda fəsadlarla nəticələnə bilər. Gecikmiş mərhələlərdə patologiya mexaniki və ya hormonal mənşəli sonsuzluq, qanaxmalar (uşaqlıq boynunun miomaları və ya naboti kistalarının özbaşına partlaması), distrofik transformasiya, uşaqlıq boynunun leykoplakiyası və xərçəngönü vəziyyətlərinin inkişafına səbəb ola bilir.
Profilaktika uşaqlıq boynu xəstəliklərinin qarşısının alınması, rasional qidalanma, idman məşgələləri (xüsusən də hamiləlik dövrü və doğuşdan sonra çanaq dibi əzələlərinin möhkəmləndirilməsinə yönəldilmiş Kegel gimnastikası), doğuş prosesinin ehtiyyatla aparılması (travmaların istisna edilməsi), serviksin iltihabi proseslərinin vaxtında müalicəsindən ibarətdir.