Uşaqlıq boynunun kistası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 11260

uşaqlıq boynunun kistası nədir?Uşaqlıq boynunun kistası – uşaqlıq boynunun vaginal hissəsinin və ya servikal kanalın seliklı və yaxud hemorragik möhtəviyyatla dolu boşluqdan ibarət şişəbənzər törəməsidir. Uşaqlıq  boynunun kistası simptomsuz inkişaf edə və dispareuniya, kontakt və ya aybaşıarası vaginal qanaxmalar, residivləşən servisitlə müşayiət oluna bilər. Uşaqlıq boynunun kistasının diaqnostik üsulları vaginal müayinə, kolposkopiya, USM, yaxmanın müayinəsi və biopsiyadan ibarətdir. Klinik ifadəli hallarda konservativ terapiya (iltihabəleyhinə, hormonal) aparılır və ya uşaqlıq boynunun kistası xarıc edilir (lazer koaqulyasiya, kriotəsirlər, radiodalğalı destruksiya və s.).

  • Uşaqlıq boynunun kistasının yaranma səbəbləri
  • Uşaqlıq boynunun kistasının əlamətləri
  • Uşaqlıq boynunun kistasının diaqnostikası
  • Uşaqlıq boynunun kistasının müalicəsi

Uşaqlıq boynunun kistası barədə ümumi məlumat

Uşaqlıq boynu nahiyəsində formalaşan kistaların 2 növü ayırd edilir: retension (naboti kistaları) və endometroid. Naboti kistaları içi uşaqlıq boynunun genişlənmiş vəzisi olub, daxili selikli möhtəviyyatla dolu, axacağı isə tutulmuş olur. Uşaqlıq boynunun retension törəmələrinə adətən anamnezdə doğuşu olan reprodtuktiv yaşlı qadınların 10-15%-də rast gəlinir. Endometroid kista endometrioz nəticəsində yaranır, əksər hallarda digər lokalizasiyalı endometrioid heterotopiyalarla müştərək şəkildə müşahidə olunur.

Uşaqlıq boynunun kistaları mənşəyi ilə yanaşı, həm də lokalizasiya yerinə görə fərqlənir. Axırıncı kriteriyadan asılı olaraq, endoservikal (servikal kanalın daxilində yerləşən) və paraservikal (uşaqlıq boynunun vaginal hissəsində yerləşən) kistalar qeyd olunur. Uşaqlıq boynunun kistaları tək və ya çoxsaylı olur; adətən onların ölçüləri bir neçə millimetrlə 1 sm arasında dəyişir, lakin iri törəmələr də (2,5-3 sm və daha böyük) izlənilə bilər.

Uşaqlıq boynunun kistasının səbəbləri

Uşaqlıq boynunun kistasının səbəbləriUşaqlıq boynunun naboti kistasının formalaşma mexanizmi servikal kanalın silindrik epitel qatında yerləşən uşaqlıq boynu (naboti) vəzilərinin dəliyinin tutulması ilə bağlıdır. Bu vəzilər servikal kanalın optimal mühitinin saxlanılmasını təmin edən selikli sekret hasil edir. Vəzi axacağının tutulması seliyin axınını çətinləşdirir. Tədricən sekret axacağı genişləndirərək kista əmələ gətirir.

Vəzinin tutulmasına yaşla əlaqədar dəyişikliklər, iltihiabi proseslər və ya hormonal disbalans səbəb ola bilər. Uşaqlıq boynunun vaginal hissəsi vəziyə malik olmayan çoxqatlı yastı epitel qişası ilə örtülü olur. Normada uşaqlıq yolunun yastı epiteli xarici əsnək nahiyəsində silindrik epitellə əvəz olunur. Yaşla əlaqədar bu keçid zona servikal kanalın daxilinə və ya cinsiyyət dodağına yerini dəyişir. Epitel qatın ektopiya ocaqları (psevdoeroziyalar) vəzi axacağını tutaraq, sekretin axınına mane olur, kistanın yaranmasına gətirib çıxardır.

Həmçinin uşaqlıq boynunun kistasının yaranması servisitlə əlaqəli ola bilər. Bu patologiya zamanı vəzi axacağının divarlarının ödemi, sekresiyanın artması, səthi epitelin vəzi axacağının mənfəzinə tökülərək yenilənməsi ilə əlaqədar dəliyin tutulması müşahidə olunur. Eləcə də endoservikal vəzilərin həddindən artıq qatı sekreti axacağın tutulmasına səbəb ola bilər. Bəzən uşaqlıq boynunda aparılan müxtəlif tibbi manipulyasiyalar (məsələn, patoloji törəmələrin lazer, kimyəvi və ya radiodalğalı koaqulyasiyası) vəzilərin tutulmasına gətirib çıxarda bilər.

Uşaqlıq boynunun endometroid kistası uşaqlığı daxildən bürüyən hormondan asılı toxuma sayılan endometriumun uşaqlıq boynuna implantasiyası zamanı yaranır. Bu proses abort, doğuş, ginekoloji manipulyasiyalar (diaqnostik qaşıma, servikal kanalın poliplərinin xaric edilməsi, uşaqlıq daxili spiralın qoyulması, histeroskopiyanın aparılması və s.) zamanı uşaqlıq boynunun zədələnməsi nəticəsində baş verə bilər. Bu zaman endometrium hüceyrələri çoxalır, lakin onun hormonal fonun siklik dəyişikliklərinə qarşı reaksiyası pozulmur. Bununla əlaqədar uşaqlıq boynunun endometroid kistası göyümtül və ya şokolad rəngində olub, içərisi hemorragik möhtəviyyatla dolu olur.

Uşaqlıq boynunun kistasının əlamətləri

Uşaqlıq boynunun kistasının əlamətləriUşaqlıq boynunun kiçik ölçülü tək saylı retension kistaları heç bir subyektiv əlamətlə müşahidə olunmur və adətən planlı müayinə zamanı ginekoloq tərəfindən aşkarlanır. Törəmənin ölçüləri artması, infeksiyanın qoşulması, kistoz törəmənin çoxsaylı xarakteri ilə əlaqədar klinik simptomlar izlənilə bilər.

Uşaqlıq boynunun naboti kistasının əlamətləri fərqli olur. Bəzi qadınlar cinsi akt zamanı ağrı və diskomfort hissindən şikayət edir, bu da servikal seliyin azlığının uşaqlıq yolunun quruluğuna səbəb olması ilə bağlıdır. Digər hallarda, xüsusən servikal epitelin ektopiya sahələri kifayət qədər olduqda xəstələr uşaqlıq yolundan axan selikli ifrazatın artmasını qeyd edirlər, infeksion proses zamanı ifrazat irinli, xoşagəlməz iyli olur.

Uşaqlıq boynunun endometroid kistası əksər hallarda aybaşı arası qanaxmalarla özünü büruzə verir. Cinsi yollardan axan yaxılan qanlı ifrazat adətən ehtimal olunan aybaşıdan 1 həftə əvvəl yaranır və menstruasiyadan 7 gün sonra kəsilir; həmçinin cinsi əlaqədan sonra müşahidə oluna bilər. Endometroid kista üçün qarnın aşağı hissəsində aybaşı sikli ilə bağlı periodik ağrılar, dispareuniya xarakterikdir. Bu əlamətlərin yaranması endometroid heterotopiyaların siklik transformasiyaya uğraması ilə əlaqədardır: aybaşı ərəfəsində kistanın ölçüləri böyüyür, partlayaraq boşala bilər, menstruasiyadan sonra isə kiçilir.

Adətən uşaqlıq boynunun kistaları reproduktiv funksiyaya neqativ təsir göstərmir və təbii doğuşların gedişini pozmur. Lakin kistanın yaranmasının xəstədə xroniki endoservisit və ya endometriozla əlaqəli olması ehtimalına əsasən uşaqlıq boynunun retension və ya endometroid kistaları dolayı yolla sonsuzluq və ya uşaqlıqdan kənar hamiləliyin səbəblərindən xəbər verə bilər. İri solid və ya çoxsaylı törəmələr uşaqlıq boynunun deformasiyası və hipertrofiyasına gətirib çıxarda bilər, bu da doğuş prosesində ağırlaşmaların yaranmasına səbəb olur. Uşaqlıq boynunun kistaları maliqnizasiya baxımından heç bir təhlükə törətmir.

Uşaqlıq boynunun kistasının diaqnostikası

Uşaqlıq boynunun kistası vaginal güzgülərin köməyilə aparılan ginekoloji müayinədə aşkarlanır. Retension kista ağımtıl və ya sarımtıl rəngli qabarıq törəmə; endometroid kista isə toxunma zamanı qanayan  tünd qırmızı ocaq şəklində müşahidə olunur. Kiçik ölçülü kistalar kolposkopiya, endoservikal törəmələr isə transvaginal USM və ya histeroskopiyanın köməyilə vizualizasiya olunur.

Urogenital infeksiyaların müəyyən olunması məqsədilə yaxmanın floraya görə analizi, PZR-diaqnostika aparılır. Onkoloji prosesin istisna olunması üçün uşaqlıq boynunun sıyrıntısının sitoloji müayinəsi icra olunur. Hədəfli biopsiya və götürülmüş toxumanın histoloji analizi daha dəqiq differensial-diaqnostik üsul sayılır.

Uşaqlıq boynunun kistasının müalicəsi

Uşaqlıq boynunun retension kistalarının müalicəsi barədə həkimlər arasında fikir ayrılığı mövcuddur. Bir qrup həkimlər hesab edir ki, naboti kistaları norma variantıdır və yalnız dinamik müşahidənin aparılmasını məsləhət görürlər. Digərləri isə kistanın patoloji infeksiya ocağı kimi qəbul edərək, onun xaric edilməsini təkid edirlər. İri ölçülü (mayalanmaya mane olan, klinik əlamətlərlə təzahür edən), irinləşən, eləcə də xərçəngönü dəyişiklikləri olan xəstələrdə uşaqlıq boynunun vəziyyətini dəqiq qiymətləndirməyə mane olan kistalar mütləq cərrahi yolla xaric edilməlidir. Uşaqlıq yolunun kistası deşilərək  açılır. Onun  boşluğu təmizləndikdən sonra lazer, radiotezlikli, kimyəvi və ya kriotəsirlərlə işlənilir. Uşaqlıq boynunun konusvari amputasiyası törəmələrin çıxarılmasının daha radikal, lakin travmatik üsulü sayılır.

Retension kistaların profilaktikası məqsədilə fizioterapiya, homeopatik müalicə təyin olunur. Uşaqlıq boynunun endometroid kistalarının müalicəsinə hormonal terapiya əlavə edilir. Kombinəolunmuş oral kontraseptivlər, progestinlər (dienogest, didrogesteron, noretisteron), qonadotropin-rilizinq hormonun aqonistlərindən (qozerelin, buserelin) istifadə olunur. Həmçinin qadınlara müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək, USM və kolposkopik müayinələr məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: