Uşaqlıq boynunun leykoplakiyası
Uşaqlıq boynunun leykoplakiyası – ekzoserviksin məhdud patoloji dəyişikliyi olub, çoxqatlı epitelin proliferasiya və buynuzlaşma prosesləri ilə xarakterizə olunur. Uşaqlıq boynunun leykoplakiyası adətən simptomsuz gedir; leykorreya və cinsi əlaqədən sonra ifrazatla müşayiət oluna bilər. Diaqnoz vaginal güzgülərin köməyilə aparılan ginekoloji müayinə, genişlənmiş kolposkopiya, uşaqlıq boynunun sıyrıntısının müayinəsi, biopsiya və materialın histoloji analizinin nəticələrinə əsasən qoyulur. Uşaqlıq boynunun leykoplakiyasının müalicəsində kriodestruksiya, radiodalğalı koaqulyasiya, СО2-lazer vaporizasiyası, arqon plazma koaqulyasiyasından istifadə olunur; bəzi hallar uşaqlıq boynunun konizasiyası və ya amputasiyasının aparılmasına göstəriş hesab olunur.
- Uşaqlıq boynunun leykoplakiyasının yaranma səbəbləri
- Uşaqlıq boynunun leykoplakiyasının formaları
- Uşaqlıq boynunun leykoplakiyasının əlamətləri
- Uşaqlıq boynunun leykoplakiyasının diaqnostikası
- Uşaqlıq boynunun leykoplakiyasının müalicəsi
- Uşaqlıq boynunun leykoplakiyasının profilaktikası
- Uşaqlıq boynunun leykoplakiyasızamanı proqnoz
Uşaqlıq boynunun leykoplakiyası barədə ümumi məlumat
Leykoplakiya (yunanca – leucos; plax – ağ ləkə) uşaqlıq boynunun səthi epitelinin müxtəlif intensivlikli (hiperkeratoz, parakeratoz, akantoz tipli) qalınlaşma və buynuzlaşma sahələri ilə xarakterizə olunur. Leykoplakiyanın makroskopik görüntüsü uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının üzərində qabarıq ağımtıl lövhələrdən ibarətdir, bəzən bu törəmələr servikal kanalda lokalizasiya olunur.
Leykoplakiya uşaqlıq boynu patologiyalarının 5,2%-ni təşkil edir. Leykoplakiyanın təhlükəliyi 31,6% xəstələrdə müşahidə olunan uşaqlıq boynunun epitel toxumasının yüksək bədxassəli transformasiya riski ilə izah olunur. Bu səbəbdən uşaqlıq boynunun leykoplakiyasının vaxtında diaqnostikası və müalicəsi məsələləri və uşaqlıq boynu xərçənginin profilaktika problemləri bir-birilə sıx əlaqədə olur.
Uşaqlıq boynunun leykoplakiyasının səbəbləri
Uşaqlıq boynunun leykoplakiyasının etiologiyasında endogen (hormonal və immun tənzim) və ekzogen amillər (infeksion, kimyəvi, travmatik) qeyd olunur. Hormonal homeostazın dəyişiklikləri anovulyasiya, nisbi və ya mütləq hiperestrogeniya, progesteron çatışmazlığı və nəticədə hədəf orqanlarda hiperplastik proseslərə gətirib çıxaran hipotalamus-hipofiz-yumurtalıq-uşaqlıq zəncirində funksional əlaqənin pozulması ilə bağlıdır.
Çox zaman uşaqlıq boynunun leykoplakiyasına infeksion-iltihabi proseslər (endometrit, adneksit), aybaşı siklinin pozulmaları (amenoreya, oliqomenoreya) səbəb olur. Fon amillərinə papillomavirus infeksiya, ureaplazmoz, xlamidioz, mikoplazmoz, herpes, sitomeqalovirus infeksiyası, qeyri-spesifik kolpit və servisit, residivləşən ektopiya; ümumi və yerli reaktivliyin zəifləməsi; nizamsız cinsi həyat aiddir. Həmçinin hamiləliyin cərrahi yolla dayandırılması, diaqnostik qaşınmalar, uşaqlıq boynunun eroziyasının medikamentoz yolla yandırılması və ya diatermokoaqulyasiyası, digər aqressiv müdaxilələr zamanı uşaqlıq boynunun travmatik və kimyəvi zədələnmələri leykoplakiyanın inkişafına gətirib çıxarır.
Etioloji amillər fonunda ekzoserviksin normada buynuzlaşmayan çoxqatlı epitel hüceyrələrinin keratinizasiyasına səbəb olan mexanizmlər işə düşür. Epitel hüceyrələrində gedən dəyişikliklər (nüvə və hüceyrədaxili orqanoidlərin dezinteqrasiyası) nəticəsində qlikogendən ibarət olmayan buynuz pulcuqlar əmələ gəlir. Leykoplakiya ocaqları tək və ya çox saylı ola bilər.
Uşaqlıq boynunun leykoplakiyasının formaları
Morfoloji kriteriyalara görə uşaqlıq boynunun leykoplakiyası sadə və proliferativ formalara bölünür. Uşaqlıq boynunun sadə leykoplakiyası fon dəyişikliklərinə (hiper- və ya parakeratoza) aid edilir. Bu forma epitel toxumasının səthi qatlarının qalınlaşması və buynuzlaşması ilə xxarakterizə olunur, bu zaman bazal və parabazal qatın hüceyrələri dəyişikliklərə uğramır.
Proliferativ transformasiya zamanı bütün qatların hüceyrələrinin differensiasiyası və proliferasiyası pozulur, atipik struktur elementləri əmələ gəlir. Uşaqlıq boynunun leykoplakiyasının bu forması xərçəngönü proses – servikal intraepitelial neoplaziya (CIN, uşaqlıq boynunun displaziyası) kimi qiymətləndirilir.
Uşaqlıq boynunun leykoplakiyasının əlamətləri
Xəstəlik spesifik klinik simptomatika və subklinik şikayətlərlə müşayiət olunmur. Adətən uşaqlıq boynunun leykoplakiyası planlı ginekoloji müayinədə təsadüfən aşkarlanır. Bəzi hallarda uşaqlıq boynunun leykoplakiyasının dolayı əlamətləri – xoşagəlməyən iyə malik leykorreya, cinsi əlaqədən sonra kiçik həcmli qanlı ifrazat müşahidə olunur.
Uşaqlıq boynunun leykoplakiyasının diaqnostikası
Vaginal güzgülərin köməyilə aparılan ginekoloji baxışda uşaqlıq boynunda ləkə və ya lövhə şəkilli, əsasən oval formalı, dəqiq sərhədli, fərqli ölcülərə malik ağımtıl sahələr aşkarlanır. Adətən leykoplakiya ocaqları uşaqlıq boynunun dəyişilməmiş epitel örtüyünün səthindən bir qədər qabarmış olur. Lövhələrin səthi epitel qatın buynuzlaşan pulcuqları ilə örtülə bilər.
Uşaqlıq boynunun sıyrıntısının sitoloji müayinədə səthi epitel hüceyrələrinin yığıntısı, hiperkeratoz və ya parakeratoz əlamətləri izlənilir. Hiperkeratoz hallarında çoxlu miqdarda hüceyrəsiz buynuzlaşan pulcuqlar müəyyən edilir. Parakeratoz zamanı piknotik nüvəli kiçik hüceyrələrin sitoplazmasının sərtliyi və boyanması güclənir.
Hiper- və parakeratoz prosesləri proliferasiya, differensiasiyanın pozulması və atipiyanın ehtimal olunduğu epitelin dərin qatlarının sıyrıntıya düşməsinə mane olur. Bu səbəbdən uşaqlıq boynunun bıçaqla hədəfli biopsiyası və ekzoserviks toxumalarının histoloji müayinəsi leykoplakiyanın aparıcı diaqnostik üsulları hesab olunur. Bu metodların köməyilə şiş proseslərini, eləcə də servikal intraepitelial neoplaziyanı (CIN) inkar etmək və ya təsdiqləmək mümkündür. Uşaqlıq boynunun xərçəngini inkar etmək məqsədilə servikal kanalın qaşınması icra olunur.
Genişlənmiş kolposkopiya (videokolposkopiya) vasitəsilə zədələnmənin xarakter və ölçüləri müəyyənləşdirilir. Kolposkopik vizualizasiya zamanı kiçik dənəli səthli, dəqiq və hamar sərhədli, qan damarları olmayan ağımtıl lövhələr izlənilir. Uşaqlıq boynunun leykoplakiyasının həcmi və yayılması tək saylı nöqtəvi lövhələrdən tutmuş çoxsaylı və bütün endoserviksi əhatə edərək, uşaqlıq yolu tağlarına keçən geniş sahələrə kimi variasiya edir. Şiller sınağının aparılması yodla rənglənməyən sahələri təyin edir.
Kliniki-laborator testlərə yaxmanın mikroskopik, bakterioloji müayinəsi, İPV-nin PZR-diaqnostikası və tiplərinin müəyyən edilməsi, hormonal və immunoloji analizlər (göstərişlərə əsasən) aiddir. Diaqnostika prosesində uşaqlıq boynunun leykoplagiyası servikal xərçəng, uşaqlıq boynunun eroziyası ilə differensiasiya edilir. Leykoplakiyalı xəstələrə onkoginekoloq, ginekoloq-endokrinoloqun konsultasiyası tələb oluna bilər.
Uşaqlıq boynunun leykoplakiyasının müalicəsi
Müalicə taktikası uşaqlıq boynunun leykoplakiyasının formalarından (sadə və ya proliferativ) asılıdır. Müalicənin məqsədi fon xəstəliklərinin aradan qaldırılması və patoloji ocaqların tam şəkildə ləğvindən ibarətdir.
Göstərişlərə əsasən antibakterial, virusəleyhinə, iltihabəleyhinə terapiya aparılır. Uşaqlıq boynunun ocaqlarının likvidasiyası məqsədilə ginekologiyada kriodestruksiya, radiodalğalı destruksiya, arqon plazma koaqulyasiyasından, CO2- lazer vaporizasiyası, diatermokoaqulyasiya, kimyəvi koaqulyasiyadan istifadə olunur. Uşaqlıq boynunun leykoplakiyasının ocaqlarının az invaziv destruksiyası ambulator şəraitdə yerinə yetirilir; zədələnmənin həcmi, yanaşı gedən xəstəliklər, destruksiya metodundan asılı olaraq toxumaların sağalma müddəti 2 həftə-2 ay arasında dəyişir.
Uşaqlıq boynunun leykoplakiyasının müalicə dövründə cinsi həyat və kontrasepsiyanın bütün növləri istisna edilir. Servikal intraepitelial neoplaziya, leykoplagiyanın uşaqlıq boynunun hipertrofiyası, kraurozu, çapıqlı deformasiyaları ilə müştərək rast gəlindiyi hallarda cərrahi müdaxilə uşaqlıq boynunun konizasiyası və ya amputasiyasından ibarət olur.
Uşaqlıq boynunun leykoplakiyasının profilaktikası
Uşaqlıq boynunun leykoplakiyasının profilkatikası məqsədilə reproduktiv orqanların eroziyaları, iltihabi-infeksion prosesləri erkən vaxtlarda müalicə olunmalı; doğuş və ginekoloji manipulyasiyalar zamanı uşaqlıq boynunun zədələnmələri, abortlar istisna edilməli; baryer kontrasepsiyadan istifadə etməklə cinsi yolla keçən xəstəliklərin profilaktikası aparılmalıdır.
Aybaşı siklinin pozulmasından əziyyət çəkən qadınlar hormonal dəyişikliklərin korreksiyası məqsədilə ginekoloq-endokrinoloqun müşahidəsi altında olmalıdır. Uşaqlıq boynunun leykoplakiyasının profilaktik tədbirlərinə skrininq və maarifləndirici işlər, müntəzəm ginekoloji müayinələr aiddir. Profilaktikanın ən vacib anı İPV-ya qarşı vaksinasiyadır.
Atipiyasız leykoplakiya ocaqlarının destruksiyasından sonra ildə 2 dəfə kolposkopiya, yaxmanın onkositologiyaya görə müayinəsi, İPV-yə görə analizlər aparılır. 2 ildən sonra və residivlərin müşahidə olunmadığı hallarda qadın adi müşahidə rejiminə keçirilir.
Uşaqlıq boynunun leykoplakiyası zamanı proqnoz
Atipiya, papillomavirus infeksiyalarının olmaması, əlverişsiz fon amillərinin aradan qaldırılması zamanı uşaqlıq boynunun leykoplagiyasının proqnozu qənaətbəxş sayılır. Xəstəliyin yaranma səbəbləri saxlanıldıqda leykoplakiyanın manifest gedişi və servikal xərçəngə çevrilməsi mümkündür.
Hamiləlik planlaşdıran sadə leykoplakiyalı qadınlarda uşaqlıq boynunun çapıq deformasiyasının qarşısını almaq üçün az invaziv metodlardan- kriodestruksiya, lazer vaporizasiyası, radiocərrahi müalicə, kimyəvi koaqulyasiyaya üstünlük verilir. Bu qrup xəstələrdə hamiləliyin dövründə uşaqlıq boynunun vəziyyəti nəzarət altına alınmalıdır.