Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 3471

Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri nələrdir?Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri – müəyyən şəraitdə uşaqlıq boynunun xərçənginə transformasiya edə bilən patoloji vəziyyətlərdir. Bunlara displaziya, leykoplakiya atipiya ilə, eritroplakiya, adenomatoz aiddir. Əksər qadınlarda uşaqlıq boynunun xərçəngönü xəstəlikləri silinmiş gedişə malik olur; bəzən leykorreya, təmas və ya aybaşıarası qanaxmalarla müşayiət oluna bilər. Diaqnostika vaginal güzgülərlə uşaqlıq boynunun müayinəsi, kolposkopiya, onkositologiya və biopsiya, İPV-tiplənmənin nəticələrinə əsaslanır. Xərçəngönü dəyişikliklərin xarakteri və mərhələlərindən asılı olaraq, patoloji ocağın radiocərrahi, kriogen və ya lazer destruksiyası, uşaqlıq boynunun konizasiyası və ya histerektomiya icra olunur.

  • Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin yaranma səbəbləri
  • Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin təsnifatı
  • Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin əlamətləri
  • Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostikası
  • Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin müalicəsi

Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri barədə ümumi məlumat

Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri uşaqlıq boynunun uşaqlıq yolu nahiyəsində yüksək maliqnizasiya riskinə malik displastik proseslərdir. Ginekologiyada uşaqlıq boynunun fon (psevdoeroziyahəqiqi eroziya, poliplər, sadə leykoplakiya, endometrioz, ektropion, papilloma, servisitlər) və xərçəngönü xəstəlikləri ayırd edilir. Fon patologiyaları üçün epitel hüceyrələrinin normoplaziyası- onların düzgün bölünməsi, yetişməsi, differensiasiyası, ayrılması xarakterikdir. Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, bu patologiyalar epitelin displaziyası – onun hiperplastik transformasiyası, proliferasiyası, differensiasiya, yetişmə və eksfoliasiyanın pozulması ilə gedir.  Buna baxmayaraq, uşaqlıq boynu xərçəngindən fərqli olaraq, bütün bu hüceyrə dəyişiklikləri bazal membranın hüdudlarından kənara çıxmır. Əksər hallarda xərçəngönü xəstəliklər fon xəstəliklər nahiyəsində inkişaf edir və çox zaman onların əlamətləri ilə maskalanır, bu da erkən diaqnostikanı çətinləşdirir. Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri əsasən 30-35 yaşlı qadınlarda qeydə alınır.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin səbəbləri

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin səbəbləriUşaqlıq boynunun xərçəngönü xəstəliklərinin etiopatogenezinin əsasında virus nəzəriyyəsi dayanır.  Epidemioloji tədqiqatlar sübut edir ki, displaziyanın inkişafında papillomavirus infeksiya aparıcı rol oyanayır. Uşaqlıq boynunun displaziyasının ağır formalarının rast gəlindiyi qadınların 85–95%-i İPV-pozitivdir; onlarda əsasən virusun yüksək onkogen tipləri — 16, 18, 31 aşkarlanır. İPV cinsi əlaqə zamanı orqanizmə düşərək, epitelin bazal qatının hüceyrələrinə daxil olur. İnfeksiyalaşmış hüceyrədə virus 2 formada parazitlik edir: xoşxassəli episomal və bədxassəli episomal. İPV-nin bazal hüceyrələri  yoluxdurmasına baxmayaraq, sitopatik effektlər ilk növbədə virusun replikasiya etdiyi servikal epitelin səthi qat hüceyrələrində baş verir.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinə İPV, HSV-2, xlamidiya və sitomeqalovirus infeksiyalarının kombinasiyası səbəb olur. İİV-infeksiyası ilə İPV-nin müştərək inkişafı maliqnizasiya riskini dəfələrlə artırır. Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin yaranma ehtimalını yüksəldən əsas amil virusun uzunmüddətli persistensiyası hesab olunur.

Uşaqlıq boynunun fon və xərçəngönü xəstəliklərinin inkişafına digər risk amilləri də təsir edə bilər. Bir sıra müəlliflər servikal intraepitelial neoplaziyanı (CİN) siqaretlə əlaqələndirirlər. Sübut edilmişdir ki, 20 il ərzində gündə 20-dən çox siqaret çəkən qadınlarda yastı hüceyrə displaziyası riski 5 dəfə artır. Siqaret tüstüsündə olan metabolitlər servikal seliyə daxil olaraq, həm sərbəst kanserogen, həm də İPV-ni aktivləşdirən amillər kimi fəaliyyət göstərə bilir.

Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri ilə estrogen-gestagen tərkibli (xüsusən gestagen komponentin üstün olduğu) oral kontraseptivlərin uzunmüddətli qəbulu arasında əlaqə təsdiq olunmuşdur. Uşaqlıq boynunun xərçəngönü xəstəliklərindən əsasən anamnezində erkən doğuş, servisit, abort və doğuş zamanı uşaqlıq boynunun travmaları, hormonal və immun homeostazın pozulmaları olan qadınlar əziyyət çəkir. Digər risk amilləri arasında erkən cinsi həyat (16 yaşdan tez), cisni partnyorların tez-tez dəyişdirilməsi, peşə zərərləri, UBX üzrə ağırlaşmış ailəvi anamnez qeyd olunur. Bununla yanaşı bir sıra tədqiqatların nəticələrinə görə C vitamini və karotinin yüksək dozalarda uzun müddət qəbulu intraepitelial servikal neoplaziyaların geriyə inkişafına səbəb ola bilər.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin təsnifatı

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin təsnifatı dəfələrlə yenilənmişdir. Son təsnifat (1996-cı il) xoşxassəli fon dəyişikliklərini və xərçəngönü patologiyaları ayırd edir. Bu təsnifata əsasən fon dəyişikliklərinə dishormonal (ektopiya, endometrioz, poliplər), postravmatik (uşaqlıq boynunun ektropionu, çapıqları, cırılmaları), iltihabi proseslər (eroziya, servisit) aid edilir.

Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri kolposervikoskopik və histoloji müayinələrin nəticələrinə nəzərən bir neçə qruplara bölünür:

  • Displaziya (servikal intraepitelial neoplaziya) – stromal qat və səthi epiteldə struktur dəyişiklikləri olmadan atipik servikal epitelin proliferasiyasıdır. Bu qrupa sadə leykoplakiya, displaziya sahələri, papillyar və xərçəngönü transformasiya zonaları, xərçəngönü poliplər və kondilomalar daxildir. Maliqnizasiya tezliyi patologiyanın növü, lokalizasiyası və davametmə müddətindən asılı olaraq, 40-60% diapazonunda dəyişir.

Yüngül (CIN-I), mülayim (CIN-II) və ağır displaziyalar (CIN-III) qeyd olunur. Yüngül dərəcəli displaziya zamanı dərin-bazal və parabazal qatların hüceyrələri (çoxqatlı epitelin qalınlığının 1/3-dən az hissəsi) zədələnir; atipik hüceyrələrə rast gəlinmir. Mülayim dərəcəli displaziya epitel qatın 1/3-2/3 hissəsində gedən dəyişikliklərlə xarakterizə olunur; atipiya müşahidə olunmur. Ağır displaziya zamanı patoloji proseslər epitel qatın 2/3 –dən çox hissəsini əhatə edir, atipik hüceyrələr aşkarlanır.

  • Leykoplakiya atipiya ilə– səthi epitelin buynuzlaşması, bazal qat hüceyrələrinin proliferasiyası və atipizm halları, epitelaltı birləşdirici toxumanın limfoid infiltrasiyası ilə səciyyələnir. 75% hallarda invaziv UBX-yə başlanğıc verir.
  • Eritroplakiya– uşaqlıq boynunun xərçəngönü xəstəliyi olub, çoxqatlı yastı epitelin səthi və ara qatlarının atrofiyası; bazal və parabazal qatların hiperplaziyası, atipik hüceyrələrin yaranması ilə gedir.
  • Adenomatoz– endoserviks vəzilərinin endometriumun hiperplaziyasını xatırladan atipik hiperplaziyasıdır. Adenomatoz fonunda xərçəngin vəzi formaları inkişaf edə bilər.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin əlamətləri

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin əlamətləriUşaqlıq boynunun xərçəngönü xəstəlikləri simptomsuz və ya qeyri-spesifik klinik simptomlarla gedişə malikdir. Əsasən bu qrup patologiyalar ginekoloji baxış və Şiller sinağı ilə kolposkopiya prosesində aşkarlanır. Uşaqlıq boynunun displaziyası müstəqil şəkildə təzahür etmir, yalnız ikincili infeksiyanın qoşulması zamanı vaginit və ya servisitin (leykorreya, göynəmə, təmas qanaxmaları) klinikası inkişaf edə bilər. Hormonal disbalans nəticəsində yaranan dəyişikliklər aybaşı siklinin meno- və metrorragiya tipi üzrə pozulmaları ilə müşayiət oluna bilər. Ağrı hissi qeyd edilmir.

Uşaqlıq boynunun leykoplakiyasının aşkar olunduğu qadınların əksəriyyəti  özünü demək olar ki, sağlam hiss edir, kiçik bir qismi isə gur ifrazat və təmas qanaxmalarından şikayət edir. Kolkoskopik şəkil patoqnomikdir: leykoplakiya sahələri ağ sədəf rəngli ləkələr şəklində müəyyən edilir. Xəstəliyin sadə və atipik formalarını yalnız bioptatın histoloji müayinəsindən sonra differensiasiya etmək mümkündür. Eritroplakiyalı xəstələri sarı rəngli yapışqanlı ifrazatlar narahat edə bilər. Kolposkopiya prosesində dəyişilməmiş selikli qişa üzərindən qabaran nahamar sərhədli, tünd-qırmızı sahələr təyin edilir.

Uşaqlıq boynunun kondilomaları və adenomatoz poliplər əsasən kolposkopiya zamanı aşkarlanır. Xoralaşma, zədələnmə və s. ilə əlaqədar baş verən ikincili dəyişikliklər zamanı qanlı ifrazat yarana bilər.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostikası

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostikasının alqoritmi hərtərəfli işlənilmişdir. Bura təkcə xərçəngönü xəstəliklərin növünü deyil, həm də displaziya dərəcəsini  müəyyəmləşdirməyə imkan verən instrumental və laborator üsullar aiddir.

Uşaqlıq  boynunun uşaqlıq yolu hissəsinə vizual baxış zamanı vaginal güzgülərin köməyilə xarici əsnəyin forması, selikli qişanın rəngi, sekretin xarakteri, gözlə görünən patoloji proseslər qiymətləndirilir. Onkositoloji müayinə məqsədilə (PAP-test) uşaqlıq boynunun səthindən yaxma götürülür. Uşaqlıq boynunun şübhəli sahələri aşkar edildikdə növbəti mərhələdə sadə kolposkopiya, ehtiyac oldudqa – medikamentoz sınaqların (Şiller sınağı və s.) aparılması ilə genişlənmiş müayinə icra edilir. Uşaqlıq boynunun fon və xərçəngönü xəstəliklərinin hər bir forması özünəməxsus kolposkopik şəklə malik olduğundan, bu mərhələdə patologiyanın differensial diaqnostikası mümkündür. Endoserviksin dəyişikliklərini müəyyən etmək üçün servikoskopiyadan istifadə edilir. Diaqnostikanın sonrakı taktikası uşaqlıq boynunun hədəfli biopsiyası və servikal kanalın qaşınmasından ibarətdir. Histoloji rəyə əsaslanaraq, xərçəngönü xəstəlik inkar və ya təsdiq edilir, onun forması təyin olunur. Əlavə olaraq, İPV-nin tiplərini aydınlaşdırmaq üçün PZR-diaqnostika, kiçik çanağın USM, uşaqlıq boynunun OKT aparıla bilər.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin müalicəsi

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin terapiyası mərhələli şəkildə aparılır. Müalicə patoloji dəyişilmiş toxumaların xaric edilməsinə, provokasiyaedici və yanaşı gedən amillərin aradan qaldırılmasına (İPV, immun və hormonal disbalans, iltihabi proseslərin müalicəsi) yönəldilir. Aşkar olunan pozğunluqlara müvafiq etiotrop iltihabəleyhinə terapiya (virusəleyhinə, antibakterial, immunomoduləedici, interferon stimuləedici, ferment preparatları) təyin edilir. Vaginal biosenozun korreksiyası, vitaminoterapiya, zərurət olduqda hormonoterapiya tətbiq olunur.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin cərrahi müalicə üsulu hüceyrə displaziyasının dərəcəsinə uyğun seçilir. CIN I-II zamanı, xüsusən ana olmayan qadınlarda az invaziv metodlar: diatermokoaqulyasya, radiocərrahi müalicə, lazer vaporizasiyası, kriodestruksiya həyata keçirilə bilər. CIN II-III radikal cərrahi müdaxiləyə – uşaqlıq boynunun ekssiziya və ya konizasiyası, konusvari amputasiya və ya histerektomiya (uşaqlığın xaric edilməsi) göstəriş sayılır. Servikal kanalın poliplərinə rast gəlindikdə onlar küretaj üsulu ilə ləğv edilir.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin sağalmasından sonra birinci il hər 3 aydan bir, növbəti ildə isə 2 dəfə olmaqla kontrol kolposervikoskopiya və onkositologiya təkrarlanır. Residivlərə nadir hallarda rast gəlinir, lakin onlarıın yaranma riski İPV-infeksiyalaşmış qadınlarda yüksək olur.

Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin profilaktikası skrininq proqramlar, UBX əleyhinə vaksinasiyadan ibarətdir. Həmçinin təsadüfi əlaqələr zamanı baryer kontrasepsiyadan istifadə, siqaretdən imtina, fon xəstəliklərinin vaxtında müalicəsi mühüm əhəmiyyət kəsb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: