Uşaqlıq mənşəli sonsuzluq
Uşaqlıq mənşəli sonsuzluq – reproduktiv yaşda olan qadınlarda uşaqlığın patologiyası ilə əlaqədar arzuolunan hamiləliyin baş tutmamasıdır. Uşaqlıq mənşəli sonsuzluğa submikoz miomalar, uşaqlıqdaxili sinexiyalar, uşaqlığın quruluş anomaliyaları, adenomioz, endometriumun polipləri və s. səbəb ola bilər. Bu və ya digər uşaqlıq anomaliyası kiçik çanaq orqanlarının USM, histeroskopiya, diaqnostik qaşınma, histerosalpinqoqrafiya vasitəsilə təsdiq olunur. Uşaqlıq mənşəli sonzuluğun müalicəsi aşkar olunan dəyişikliklərin xarakterindən asılıdır; cərrahi üsullardan (miomektomiya, poliplərin xaric edilməsi, sinexiyaların kəsilməsi, metroplastika və s.), siklik estrogen-gestagen terapiyadan ibarət ola bilər.
- Uşaqlıq mənşəli sonsuzluğun səbəbləri
- Uşaqlıq mənşəli sonsuzluğun əlamətləri
- Uşaqlıq mənşəli sonsuzluğun diaqnostikası
- Uşaqlıq mənşəli sonsuzluğun müalicəsi
Uşaqlıq mənşəli sonsuzluq barədə ümumi məlumat
Uşaqlıq mənşəli sonsuzluq – qadın sonsuzluğunun forması olub, uşaqlığın anadangəlmə anomaliyaları və ya qazanılmış xəstəlikləri nəticəsində yaranır. Ginekologiyada sonsuzluğun səbəbi hesab olunan uşaqlıq amili 1 il ərzində kontrasepsiyadan istifadə etmədən müntəzəm cinsi əlaqə zamanı mayalanmaya qadir olmayan qadınların 15%-də aşkarlanır. Digər hallarda endokrin (35%), boru/boru-peritoneal (30%), immunoloji (5%), uşaqlıq boynu (5%), psixogen mənşəli (3%) və ya idiopatik sonsuzluq qeyd olunur. Beləliklə, qadın sonsuzluğunun səbəbləri arasında uşaqlıq amili 3-cü yeri tutur. Sonsuzluğun uşaqlıq formasının daxilində müxtəlif səbəblərdən yaranan və mayalanma, həmçinin hamiləlik imkanlarının fərqli proqnozları ilə seçilən çoxsaylı variantlar ayırd edilir.
Uşaqlıq mənşəli sonsuzluğun səbəbləri
Uşaqlıq amili ilə əlaqədar fertilliyin pozulmasının səbəbləri anadangəlmə və qazanılmış olur; buna müvafiq olaraq ilkin və ya ikincili sonsuzluq aşkarlanır. Anadangəlmə səbəblərə uşaqlığın inkişaf anomaliyaları: Rokitanski-Küster sindromu, uşaqlığın atreziyası, ikiləşməsi, formasını dəyişməsi (yəhərəbənzər, ikibuynuzlu), uşaqlıqdaxili arakəsmənin olması aiddir. Bir sıra hallarda uşaqlıq mənşəli sonsuzluq orqanın anomal vəziyyəti – uşaqlığın retrofleksiyası nəticəsində inkişaf edir. Çox zaman xəstəliyin əsasını endometriumun və uşaqlıq boşluğunun hormonal, şiş, infeksion, postravmatik dəyişiklikləri ilə bağlı qazanılmış xəstəliklər təşkil edir.
Əksər hallarda uşaqlıq mənşəli sonsuzluğa uşaqlığın daxili qişasının patologiyaları-endometriumun vəzili, vəzili – kistoz, atipik hiperplaziyası və polipləri səbəb olur. Hiperplastik proseslərin əsasında hiperestrogeniya səbəbindən endometriumun proliferativ aktivliyinin artması dayanır. Endometriumun sekretor transformasiyasının çatışmazlığı mayalanmış yumurta hüceyrənin implantasiyasına və embrionun uşaqlıq boşluğunda inkişafına mane olur. Bununla yanaşı, endometriumun polipləri döl yumurtasının implantasiyası üçün mexaniki maneə rolu oynayır.
Uşaqlıq mənşəli sonsuzluğun səbəbi sayılan miomatoz düyünlər hər 5-ci infertil qadında aşkarlanır. Konservativ miomektomiyadan sonra qadınların əksəriyyətində mayalanmanın baş tutması uşaqlığın mioması ilə sonsuzluq arasında əlaqənin olmasını təsdiq edir. Uşaqlığın mioması zamanı uşaqlıq mənşəli sonsuzluğun birbaşa səbəblərinə progesteron çatışmazlığı ilə yanaşı, həm də submikoz və interstisial miomalar tərəfindən uşaqlıq boşluğunun deformasiyası aiddir, bu patoloji vəziyyət mayalanmış yumurta hüceyrənin implantasiyasını çətinləşdirir.
İnfertil qadınlar arasında endometriozun tezliyi 20–48% təşkil edir. Adenomioz fonunda sonsuzluğun inkişaf mexanizmləri çoxşaxəlidir: onlar hiperestrogeniya, qonadotropinlərin disbalansı, endometriumun siklik transformasiyasının çatışmazlıqları, blastosistin endometriuma implantasiyasını pozan immun reaksiyalarla bağlıdır. Endometriumun hiperplaziyası, uşaqlığın fibromioması və adenomioz çox zaman müştərək şəkildə inkişaf edərək, uşaqlıq mənşəli sonsuzluğu olan qadınların müalicəsini çətinləşdirir.
Aşerman sindromu zamanı uşaqlıq mənşəli sonsuzluq uşaqlıq boşluğu və bucaqlarının sinexiyalarla obliterasiyası ilə izah olunur. Adətən bu patologiya endometriumun bazal qatının zədələnməsi və infeksiyalaşması ilə əlaqədardır. Ağırlaşmış abortlar, histerorezektoskopiya, diaqnostik qaşınma, endometrit, genital vərəm, uşaqlıqdaxili kontraseptivlərin istifadəsi uşaqlıqdaxili sinexiyaların formalaşmasına gətirib çıxardır.
Uşaqlıq boşluğunda yad cismin olması səbəbindən yaranan sonsuzluq çox nadir hallarda izlənilir.Belə hallarda uşaqlıqdaxili spiral və onun hissəcikləri, liqatura, dölün sümük qırıntıları mexaniki maneə rolunu oynayır. Uşaqlıq mənşəli sonsuzluq əksər hallarda servikal amillərlə – uşaqlıq boynunun hipertrofiyası, endometriozu, servikal kanalın atreziyası və polipləri, servikal seliyin xüsusiyyətlərinin dəyişməsi və s. ilə müşayiət olunur.
Uşaqlıq mənşəli sonsuzluğun əlamətləri
Uşaqlıq mənşəli sonsuzluq reproduktiv yaşda olan qadının 1 il ərzində kontrasepsiya üsullarından istifadə etmədən müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq, hamiləliyin baş tutmadığı hallarda aşkarlanır; bu zaman sonsuzluğun ehtimal olunan digər səbəbləri (o cümlədən kişi amili) istisna edilir, xəstədə mayalanmaya mane olan uşaqlığın bu və ya digər anomaliyaları müəyyən olunur.
Hamiləliyin baş tutmaması ginekoloji xəstəliklərin yeganə aşkar əlaməti ola bilər, lakin çox zaman reproduktiv sistemin patologiyalarının digər əlamətləri ilə müştərək şəkildə rast gəlinir. Endometriumun hiperplaziyası zamanı uşaqlıq mənşəli sonsuzluqla yanaşı, aybaşı arası yaxılan xarakterli ifrazat və ya anovulyator uşaqlıq qanaxmaları izlənilə bilər.
Uşaqlığın mioması üçün anemiya, qarnın aşağı hissəsi və bel nahiyəsində ağrı, dizurik pozğunluqlar, qəbizliyə gətirib çıxardan uzunmüddətli gur aybaşı və metrorragiyalar xarakterikdir. Miomatoz düyünün ayaqcığının burulması zamanı tipik kəskin qarın sindromu inkişaf edir. Uşaqlığın yad cisimləri nəinki uşaqlıq mənşəli sonsuzluq, həmçinin menorragiya, metrorragiya, xroniki endometrit və ya piometranın inkişafı ilə təzahür edə bilər.
Uşaqlıqdaxili sinexiyaları olan xəstələr hipomenstrual sindrom və ya amenoreyaya meyilli olur. Aşerman sindromunun yüngül formasında hamiləlik mümkündür, lakin onun gedişi özbaşına düşüklər, vaxtından əvvəl doğuş, ciftin patologiyaları (aşağı və ya sıx birləşməsi, cift gəlişi) ilə ağırlaşa bilər. Uşaqlığın anadangəlmə anomaliyaları əksər hallarda aybaşı siklinin pozulmaları və dispareuniya ilə müşayiət olunur.
Uşaqlıq mənşəli sonsuzluğun diaqnostikası
Uşaqlıq mənşəli sonsuzluğun diaqnozu infertilliyin digər səbəblərinin istisna olunması və uşaqlığın mövcud patologiyasının laborator-instrumental yolla təsdiqi əsasında qoyulur. Anamnezin toplanması zamanı ginekoloq mayalanma probleminin müddətini, sonsuzluğun birincili və ya ikincili olmasını müəyyən edir. Keçirilmiş ginekoloji əməliyyatlar və xəstəliklər, cinsi yolla ötürülən infeksiyalar, hamiləlik və onun sonluğu, ekstragenital patologiyalar haqqında məlumatlar ətraflı araşdırılır. Aybaşı funksiyasının analizinə (menarxenin yaşı, siklin davametmə müddəti və müntəzəmliyinə) xüsusi diqqət yetirilir.
Ginekoloji müayinə zamanı uşaqlığın inkişafı, onun vəziyyəti və ölçüləri təyin olunur, miomatoz düyünlərin olması aşkarlanır. Uşaqlıqdaxili patologiyaların daha dəqiq müayinə üsulu kiçik çanaq orqanlarının USM sayılır. Poliplərin diaqnostikası və uşaqlıq boşluğunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə ultrasəs histerosalpinqoskopiyadan istifadə olunur. Ehtimal olunan dəyişikliklərin birbaşa vizualizasiyası, onların xarakteri və yerləşməsinin dəqiqləşdirilməsi histeroskopiya vasitəsilə həyata keçirilir.
Laborator müayinə üsulları (yaxmanın mikroskopiyası, PZR-diaqnostika, kolpositologiya və s.) uşaqlıq mənşəli sonsuzluğun diaqnostikasında köməkçi rol oynayır. Uşaqlıq boşluğu və servikal kanalın diaqnostik qaşınması zamanı götürülən sıyrıntının histoloji müayinəsi istisna sayılır – bu analiz endometriumun hiperplaziyasının təsdiqi və onun formalarının təyin olunmasında həlledici rol oynayır.
Uşaqlıq mənşəli sonsuzluğun müalicəsi
Uşaqlıq mənşəli sonsuzluğun patogenetik terapiyası əsas xəstəliyin müalicəsi ilə sıx bağlıdır. Endometriumun hiperplastik transformasiyası zamanı qaşınmadan sonra 3-6 ay müddətində siklik estrogen-gestagen terapiya tətbiq olunur, müalicədən sonra hamiləliyin planlaşdırılması həyata keçirilir. Endometriozun müalicəsi də həmçinin hormonal yolla olub, uzun müddət tələb edir.
Uşaqlığın miomasının müalicə taktikası düyünun lokalizasiyası və ölçülərinə əsasən təyin olunur. Submikoz mioma histerorezektoskopiyanın köməyilə, interstisial və ya subseroz düyünlər isə laparoskopik və ya laparotomik girişlə konservativ miomektomiya yolu ilə xaric edilir. Uşaqlıq arteriyasının embolizasiyası mümkündür. Miomanın cərrahi müalicəsindən 6 ay sonra uşaqlıqda çapıq toxumasının vəziyyəti qiymətləndirilərək hamiləliyə icazə verilir.
Uşaqlıqdaxili sinexiyaların müalicəsi endocərrahi nəzarət altında onların kəsilməsindən və 3-6 ay ərzində hormonoterapiyanın aparılmasından ibarətdir. Uşaqlığın ikiləşməsi və ya ikibuynuzlu uşaqlıq zamanı metroplastika icra olunur; uşaqlıqdaxili arakəsmə zamanı onun kəsilməsi, uşaqlıq boşluğunun lazer rekonstruksiyası tətbiq olunur. Uşaqlıq mənşəli sonsuzluğa səbəb olan yad cisimlər histeroskopiya prosesində xaric edilir; endometrit aşkarlandıqda iltihabəleyhinə terapiya təyin olunur.
Uşaqlıq mənşəli sonsuzluğun müalicəsindən sonra təbii fertilliyin bərpasının proqnozu müxtəlif olur. Miomektomiya, endometriumun poliplərinin xaric edilməsi, siklik hormonoterapiya kurslarının aparılması hamiləliyin baş vermə ehtimalına müsbət təsir göstərir. Uşaqlıq mənşəli sonsuzluğun səbəbi aradan qaldırıldıqdan sonra hamiləlik baş tutmadıqda, bəzi hallarda köməkçi reproduktiv texnologiya bu problemi həll edə bilər.