Uşaqlıq yolu fistulaları
Uşaqlıq yolu fistulaları – uşaqlıq yolu ilə bağırsaq və ya sidik-ifrazat sistemi orqanları (sidik kisəsi, sidik axarları, sidik kanalı) arasında patoloji əlaqənin olması ilə xarakterizə edilir. Bağırsaq və sidik yollarının möhtəviyyatı (qaz, nəcis, sidik) fistula yolları ilə uşaqlıq yoluna ifraz olunur. Uşaqlıq yolu fistulalarının diaqnostikasında ginekoloji baxış, kiçik çanaq orqanlarının endoskopik və rentgenoloji müayinələrdən istifadə edilir. Fistulaların müalicəsi cərrahi yolla olub, uşaqlıq yolunun digər orqanlarla patoloji əlaqəsinin likvidasiyasına yönəldilir.
- Uşaqlıq yolu fistulalarının yaranma səbəbləri
- Uşaqlıq yolu fistulalarının əlamətləri
- Uşaqlıq yolu fistulalarının diaqnostikası
- Uşaqlıq yolu fistulalarının müalicəsi
- Uşaqlıq yolu fistulaları zamanı proqnoz və profilaktika
Uşaqlıq yolu fistulaları barədə ümumi məlumat
Uşaqlıq yolu fistulaları mamalıq və ginekologiyada rast gəlinən ağır fəsadlardan sayılır. Uşaqlıq yolunun divarları düz bağırsaq və sidik-ifrazat sisteminin orqanları ilə birbaşa təmasda olduğundan, patoloji əlaqənin yaranması zamanı onlar arasında fistula formalaşır.
Uşaqlıq yolu fistulalarının bir neçə növləri mövcuddur: vezikovaginal, ureterovaginal, uretrovaginal, rektovaginal, yoğun bağırsaq-uşaqlıq yolu, nazik bağırsaq-uşaqlıq yolu. Lokalizasiyasına görə uşaqlıq yolunun fistulaları aşağı (uşaqlıq yolunun aşağı 1/3 hissəsində), orta (orta 1/3-də) və yuxarı formalara (yuxarı 1/3-də) bölünür. Uşaqlıq yolu fistulalarının əksəriyyəti qazanılmış xarakterli olur, xəstəliyin inkişaf xüsusiyyətləri və klinik əlamətləri qüsurun formalaşma səbəblərindən asılıdır.
Uşaqlıq yolu fistulalarının səbəbləri
Uşaqlıq yolunun travmatik fistulaları daha geniş yayılmışdır, onlar urologiya, proktologiya, mamalıq və ginekologiya sahəsində invaziv manipulyasiyalar və əməliyyatların aparılması zamanı bağırsaq, sidik kisəsi və uşaqlıq yolunun divarlarının zədələnməsi ilə əlaqədar yaranır. Sidik kisəsinin divertikulları, stress mənşəli sidik saxlamazlıq, uşaqlıq yolunun ön divarının enməsi və kistalar zamanı icra olunan rekonstruktiv əməliyyatlar, radikal histerektomiya, uşaqlığın supravaginal amputasiyası çox vaxt urogenital fistulalarla ağırlaşır.
Rektovaginal fistulalar əksər hallarda patoloji doğuşlarda trofiki pozğunluqlar və doğuş travması nəticəsində əmələ gəlir. Sağrı gəlişi, cərrahi müdaxilə, doğuş yollarının dölün ölçülərinə müvafiq olmaması ilə əlaqədar onların travma və cırılmaları uşaqlıq yolu, düz bağırsağın divarlarının və onun baş-əzələ aparatının zədələnməsi ilə müşayiət olunur. Uşaqlıq yolu fistulalarının inkişafının əsasında lənggedişli doğuş və uzunmüddətli susuz dövr zamanı dölün başı ilə çanaq sümükləri arasında yumşaq toxumaların sıxılması səbəbindən onların işemiya və nekroza uğraması dayana bilər.
Iltihab mənşəli fistulalar adətən abseslərin uşaqlıq yoluna açılması və ya kəskin paraproktit və yaxud divertikulitin perforasiyası nəticəsində formalaşır. Az hallarda uşaqlıq yolunun fistulalarına yanıqlar (kimyəvi, elektrik), rektovaginal arakəsmənin məişət travması, sidik axarlarının ektopiyası, Kron xəstəliyi, şüa terapiyasının aparılması zamanı çanaq orqanlarının şüalanması, kiçik çanaq orqanlarının şiş xəstəlikləri səbəb olur.
Uşaqlıq yolu fistulalarının əlamətləri
Uşaqlıq yolu fistulaları bir qayda olaraq, xroniki, residivləşən gedişə malik olur. Urogenital fistulalar zamanı pasiyentləri sidiyin uşaqlıq yolundan axması ilə əlaqədar qeyri-iradi hissəvi və ya tam sidik saxlamazlıq, sidik yollarının tez-tez təkrarlanan infeksiyaları narahat edir. Aralıq və bud nahiyələrində epidermisin maserasiyası, uşaqlıq yolunun selikli qişasının ödem və hiperemiyası müşahidə edilir.
Nöqtəvi və ya yuxarı lokalizasiyalı fistulalarda qadınlar adətən sidik ifrazını saxlaya bilir, uretro-vaginal fistulaların sidik kanalının orta və ya proksimal hissəsində yerləşməsi zamanı pasiyentin nə vertikal, nə də horizontal vəziyyətində sidik qeyri-iradi ifraz olunur. Patologiyanın proqressivləşdiyi hallarda uşaqlıq yolu və sidik kisəsi nahiyəsində ağrılar müşahidə edilir. Rektovaginal fistulalar üçün qaz (nöqtəvi fistulalarda) və nəcis (iri ölçülü fistulalar zamanı) saxlamazlıq, qaz və nəcisin uşaqlıq yolundan ifrazı, fistula ətrafında selikli qişanın qıcıqlanması səbəbindən cinsiyyət orqanlarının göynəmə və qaşınması qeydə alınır.
Uşaqlıq yolunun düz bağırsaqdan daimi infeksiyalaşması sakit vəziyyətdə və ya cinsi əlaqə zamanı aralıq nahiyəsində ağrılara səbəb olan kolpit, vulvitin tez-tez təkrarlanan kəskinləşmələri ilə təzahür edir. Rektovaginal fistulalar çox vaxt uşaqlıq yolunun arxa divarı və aralığın kobud çapıqlı deformasiyası, çanaq dibi əzələlərinin zəifliyi və düz bağırsaq sfinketrinin qüsuru ilə müşayiət olunur.
Uşaqlıq yolunun irili-iltihab mənşəli fistulaları zamanı ümumi vəziyyətin pisləşməsi, qarının aşağı hissəsi və qasıq nahiyəsində ağrılar, ağrının düz bağırsaq və ya belə irradiasiyası, irinli ifrazatlar, çoxlu miqdarda selikdən ibarət duru nəcis və ya nəcisdə irin, dizuriya, piuriya, bəzən menouriya müşahidə edilə bilər. Uşaqlıq yolunun fistulalarının simptomatikası fiziki diskomfort törədir, əksər hallarda psixoemosional pozğunluqlara gətirib çıxarır.
Uşaqlıq yolu fistulalarının diaqnostikası
Uşaqlıq yolunun istənilən növ fistulalarının diaqnostikası anamnezin toplanması və pasiyentin ginekoloji müayinəsindən başlanır. Vaginal güzgülərin köməyilə aparılan müayinə prosesində uşaqlıq yolunun fistulalarının aşağı hissələrdə lokalizasiya zamanı sidik və ya bağırsaq möhtəviyyatının ifraz olunduğu dəliyi görmək olur. Fistula yollarının hündürlüyü və istiqaməti düyməşəkilli zondun köməyi ilə müəyyən edilir. Urovaginal fistulaların lokalizasiyasını dəqiqləşdirmək üçün uretrosistoskopiya, indiqokarminlə xromosistoskopiya aparılır.
Uşaqlıq yolunun iltihab mənşəli fistulalarının diaqnostikasında kiçik çanağın USM, böyrəklərin USM, qan və sidiyin laborator müayinələri göstəriş sayılır. Diaqnostikasında çətinliklər yaranan nöqtəvi və yüksək lokalizasiyalı fistulalarda əlavə olaraq, ekskretor və retroqrad uroqrafiya, renoqrafiya, sistoqrafiya, ehtiyac olduqda vaginoqrafiyadan istifadə olunur. Rektovaginal fistulalarda onun ölçüləri, konsistensiyası, ətraf toxumaların çapıqlı zədələnməsinin həcmi, anal sfinkterin çatışmazlığının dərəcəsi, infiltratlar və absesin inkişafını müəyyən etməyə imkan verən rektovaginal müayinə tətbiq edilir.
Rektovaginal fistulanın lokalizasiyasını dəqiqləşdirmək üçün rektoromanoskopiya, diaqnozun differensiasiyasına ehtiyac olduqda kolonoskopiya icra olunur. Mürəkkəb formalı fistulalarda fistula yolunun şaxələrinin vizualizasiyasına imkan verən kontrast rentgenoqrafik müayinələr: irriqoskopiya, fistuloqrafiya təyin edilir.
Uşaqlıq yolu fistulalarının diaqnostikasında biopsiya zamanı əldə olunmuş zədələnmiş toxumaların sitoloji və ya histoloji müayinələri, KT aparıla bilər. Rektoanal refleks instrumental üsulların-sfinkterometriya, elektromioqrafiya, anorektal manometriyanın köməyilə qiymətləndirilir.
Uşaqlıq yolu fistulalarının müalicəsi
Uşaqlıq yolu fistulalarının müalicə taktikası fistulanın xarakteristikasından, onu əhatə edən toxumaların, çanaq dibi əzələləri və düz bağırsağın sfinkterinin vəziyyətindən asılıdır. Kiçik ölçülü sistovaginal fistulalar konservativ müalicədən sonra çapıqlaşa bilər; sidik kanalı və sidik kisəsinin nöqtəvi fistulalarını elektrokoaqulyasiya ilə bağlamaq mümkündür.
Urogenital fistulaların əksəriyyətində zədələnmədən 3-6 ay sonra, iltihabi proseslərin söndüyü hallarda fistula nahiyəsində çapıq toxuması kəsilir, uşaqlıq yolu, sidik kisəsi və uretranın divarlarındakı qüsurlar tikilir, loskut plastikası tətbiq edilir.
Ureterovaginal fistula zamanı ureterosistoneostomiya icra olunur. Kəskin rektovaginal travmalar ilk 18 saat ərzində təcili surətdə likvidasiya edilir: yara kənarları işləndikdən sonra fistula ətrafında həyat qabiliyyətinə malik olmayan toxumalar kəsilir, levator əzələlər, düz bağırsaq və uşaqlıq yolunun divarları qatlarla tikilir.
Uşaqlıq yolu və düz bağırsağın formalaşmış fistulaları zamanı cərrahi müdaxilə konkret vəziyyətə əsasən müəyyənləşdirilir və vaginal, aralıq və ya rektal yolla, ağır çapıqlı zədələnmələr zamanı laparotomiya üsulu ilə həyata keçirilir. Çapıq toxuması və fistula dəliyinin kəsilməsindən sonra ön levatoroplastika, ehtiyac olduqda vaginoplastika, sfinkterin çatışmazlığı zamanı sfinkteroplastika yerinə yetirilir, bağırsaq və uşaqlıq yolunun qüsurları tikilir. Fistula nahiyəsində çapıq və ya irinli proses olduqda əməliyyat olunacaq sahənin nəcis kütlələrindən təmizlənməsi məqsədilə əvvəlcə 2-3 ay müddətinə kolostoma qoyulur.
Uşaqlıq yolu fistulalarının proqnoz və profilaktikası
Uşaqlıq yolu fistulalarının ciddi postoperasion ağırlaşmalarına bağırsaq tikişlərinin aralanması və radikal əməliyyatın təkrar aparılmasını tələb edən residivlər aiddir.
Uşaqlıq yolu fistulaları aradan qaldırıldıqdan sonra əmək qabiliyyəti və həyat keyfiyyətinin proqnozu nisbətən qənaətbəxşdir. Fistulaların bağlanmasından sonra ana olmaq istəyən qadınlara doğuşun cərrahi müdaxilədən ən azı 2-3 il keçdikdən sonra Qeysəriyyə əməliyyatı ilə aparılması məsləhət görülür.
Uşaqlıq yolu fistulalarının profilaktikası mamalıq travmalarının istisna olunmasından, mamalıq və ginekoloji əməliyyatların texnikasına düzgün riayət edilməsindən, cinsiyyət orqanlarının illtihabi xəstəliklərinin müalicəsinin vaxtında aparılmasından ibarətdir.