Uşaqlıq yolundan axıntı

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 47409

Uşaqlıq yolundan axıntı səbəbləriUşaqlıq yolundan axıntı — cinsi yarıqdan duru və yaxud qatı konsistensiyalı, əksər hallarda xoşagəlməz iyli ifrazatın xaric olmasıdır. Axıntılar vulvada və uşaqlıq yolunun dəhlizində qaşınma, qarnın aşağı hissəsində ağrı, intim yaxınlıq zamanı diskomfort hissi ilə müşayiət olunur. İfrazatlara cinsi infeksiyalar, uşaqlıq və onun artımlarının xəstəlikləri, cinsiyyət orqanlarının travması zamanı rast gəlinir. Axıntının səbəbi ginekoloji müayinə, ifrazatın bakterioloji analizi, instrumental üsullarla üzə çıxarılır. Axıntının aradan qaldırılması üçün əsas xəstəlik müalicə olunur.    

Uşaqlıq yolundan axıntı haqqında ümumi məlumat

Uşaqlıq yolundan axıntının formalarıNormada qadınlarda az miqdarda, iysiz vaginal axıntılar mümkündür. Yumurtanın ağına bənzəyən, dartılan, selikli ifrazatlara ovulyasiya zamanı təsadüf olunur. Patoloji axıntılar üçün rəng və miqdarın dəyişməsi xarakterikdir. Belə hallarda alt paltarında sarı və yaxud qəhvəyi ləkələr müşahidə edilir. İfrazatlar iri həcmdə olduqda böyük və kiçik cinsiyyət dodaqlarında, aralıq nahiyəsində toplanır. Axıntılar üfunətli, turş, balıq iyli ola bilər.

Qadınlarda axıntı ilə yanaşı, aralıqda və uşaqlıq yolunun dəhlizində qaşınma, eləcə də cinsiyyət nahiyəsinin dərisində qıcıqlanma, səpgilər yaranır. Bəzən pasiyentləri qarnın aşağı hissəsində ağrılar narahat edir. Vaginal axıntılar külli miqdarda olduqda qadınlar aybaşı günləri üçün nəzərdə tutulan gigiyenik bezlərdən istifadə edir. Kəskin iylə əlaqədar psixoloji diskomfort meydana çıxır. Vaginal ifrazatların rəng və konsistensiyasının dəyişməsi genital və yaxud ekstragenital xəstəliklərdən xəbər verir. Belə vəziyyətlərdə mütləq ginekoloqa müraciət olunmalıdır.  

Uşaqlıq yolundan axıntının təsnifatı

Uşaqlıq yolundan axıntı müalicəsiVaginal axıntılar fizioloji və patoloji olur. Fizioloji ifrazatlar reproduktiv orqanların epitel toxumasının hormonal fonun dəyişməsinə qarşı reaksiyasıdır. Patoloji axıntı isə müxtəlif xəstəliklərlə bağlıdır. Qatılıq və konsistensiyasına görə vaginal axıntıların duru, qatı, dartılan, kəsmiyəbənzər, bəzən köpüklü formalarına rast gəlinir. Diaqnozun qoyulması və müalicə üsulunun seçilməsi üçün aşağıdakı təsnifatdan istifadə olunur:  

  • Şəffaf axıntı. Selikli, qatı və yaxud çox duru olur. İysiz ifrazatlar uşaqlıq yolunda artıq mayenin sorulma prosesi pozulduqda əmələ gəlir. Bu hallara normal mikrofloranın pozulması, cinsi hormonların disbalansı səbəb olur.  
  • Ağ axıntı. Qatı, kəsmiyəbənzər və ya dartılan ifrazatlar uşaqlıq boynunda və vaginal hissənin dəhlizində yerləşən vəzilərin fəaliyyəti gücləndikdə müşahidə olunur. Belə vəziyyətlərə genital patologiyalar fonunda rast gəlinir.  Ağ axıntıları törədən patogen mikroorqanizmlərdir.  
  • Qanlı ifrazat. Vaginal ifrazatlar «ət suyunu» xatırlada bilər. Bəzən isə cinsi yarıqda al və yaxud tünd-qırmızı qan xaric olur. Qanaxmaya endometriumun disfunksiyası, uşaqlıq yolu və boynunun epitel qatının zədələnməsi səbəb olur.  
  • Boz axıntı. Vaginal mikroflora pozulduqda yaranır. Bu zaman faydalı Doderlayn çöplərinin miqdarı azalır, uşaqlıq yolunda xəstəlik törədən bakteriyalar artır. Axıntılar qatı, üfunətli və ya spesifik balıq iyli olur.  
  • Sarı ifrazat. Cinsiyyət sisteminin infeksion xəstəlikləri üçün xarakterikdir. Uşaqlıq yolunun intensiv iltihabi reaksiyaları və xarici sekresiya vəzilərinin fəaliyyətinin pozulması nəticəsində sarı axıntılar formalaşır. Onlar qatı, duru və ya köpüklü olur.  
  • İrinli (sarı-yaşıl) axıntı. Qatı konsistensiyalı, qaymağabənzər vaginal ifrazatlar bakterial infeksiyalara işarə edir. Tipik rəng ölmüş leykositlərlə əlaqəlidir. Üfunətli axıntılar uşaqlıq və onun artımlarının patologiyalarında, abses, eləcə də kistalar deşildikdə yaranır.  

Vaginal ifrazatlar həm də iyə görə təsnif edilir. Bir sıra xəstələrdə axıntılar turş, üfunətli və ya balıq iyə malik olur. İfrazatı törədən patoloji prosesin lokalizasiyasından asılı olaraq, vestibulyar, vaginal və servikal axıntılar ayırd edilir. İfrazatlar uşaqlıq və onun artımlarında əmələ gəldikdə korporal və boru formalar qeydə alınır. 

Uşaqlıq yolundan axıntının səbəbləri

Uşaqlıq yolundan şəffaf axıntının səbəbləri  

Az miqdarda, iysiz, sulu və yaxud selikli ifrazatlara periodik rast gəlinir. Onların miqdarının artması və turş iy alması xəstəliyə dəlalət edir. Şəffaf axıntılara aşağıdakı amillər səbəb olur:  

  • Fizioloji faktorlar: aybaşı siklinin birinci yarısında estrogenlərin təsiri, qızlarda cinsi yetişkənlik dövrü;  
  • Allergik vulvitvaginit;  
  • Helmintozlar: enterobioz, askaridoz, şistosomoz və s.  

Uşaqlıq yolundan ağ axıntının səbəbləri  

Qatı, kəsmiyəbənzər ifrazatlar vaginal və servikal lokalizasiyalı patoloji proseslər üçün səciyyəvidir. Axıntının intensiv qaşıntı və ağrılı cinsi əlaqə ilə müştərəkliyi infeksion prosesdən xəbər verir. Uşaqlıq yolundan ağ ifrazatların səbəbləri aşağıdakılardır:   

Uşaqlıq yolundan qanlı axıntının səbəbləri  

Cinsi yarıqdan qanın axması travma olmadıqda ciddi üzvi xəstəliklərə işarədir. Onun başlıca səbəbləri bunlardır:  

  • Endometrioz
  • Uşaqlıq boynunun patologiyaları: eroziya, polip, bədxassəli törəmələr;  
  • Reproduktiv orqanların şişləri: mioma, adenokarsinoma, uşaqlıq yolunun xərçəngi;  
  • Cinsi yolların travmaları: kobud cinsi akt, qasıq və aralıq nahiyələrinin əzilməsi;  
  • Oral kontraseptivlərin qəbulu; 
  • Uşaqlığın doğuşsonrası involyusiyası.

Uşaqlıq yolundan boz axıntının səbəbləri  

Cinsi yarıqdan külli miqdarda, boz ifrazatın xaric olması vaginal mikrofloranın pozulması ilə bağlıdır. Bu disbalans genital infeksiyalar və digər orqanların xəstəlikləri zamanı baş verir. Boz axıntılar aşağıdakı xəstəliklər üçün xarakterikdir:  

Uşaqlıq yolundan sarı axıntının səbəbləri  

Az miqdarda, qatı, açıq-sarı rəngli vaginal ifrazatlara bəzən aybaşıdan bir neçə gün əvvəl rast gəlinir. Xoşagəlməz iyli, köpüklü, sarı axıntılar cinsi orqanların aşağıdakı xəstəliklərinə xasdır:  

  • İnfeksion patologiyalar: aerob vaginit, trixomoniaz, xlamidioz;  
  • İltihabi proseslər: kolpit, salpingit, adneksit;  
  • Sidik kisəsi-uşaqlığın fistulaları.

Uşaqlıq yolundan irinli axıntının səbəbləri  

Müxtəlif iltihabi proseslərdə uşaqlıq yolundan qatı, kəskin iyli irin ifraz oluna bilər. Belə axıntılar qarnın aşağısında ağrı və qızdırma ilə müşayiət edilir. İrinli ifrazat aşağıdakı xəstəliklər üçün xarakterikdir:  

Uşaqlıq yolundan axıntının diaqnostikası

Vaginal ifrazatlara rast gəlindikdə ginekoloqun konsultasiyası göstərişdir. Bu zaman xarici və daxili cinsiyyət orqanları fiziki, instrumental üsullarla müayinə olunur. Axıntının səbəbini üzə çıxarmaq üçün müxtəlif klinik və mikrobioloji analizlər aparılır. Onlar arasında daha çox diaqnostik əhəmiyyət kəsb edən üsullar aşağıdakılardır: 

  • Vaginal müayinə. Uşaqlıq yolu və boynunun vaginal güzgülərlə müayinəsi diaqnostikanın əsas üsullarındandır. Müayinə prosesində axıntıların miqdar və xarakteri qiymətləndirilir. Həmçinin epitel toxumanın iltihabi və yaxud atrofik dəyişiklikləri aşkarlanır.  
  • Kolposkopiya. Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasının vizualizasiyası cinsiyyət orqanlarının eroziya, xərçəngönü xəstəlikləri və bədxassəli törəmələrinin diaqnostikasında mühüm əhəmiyyət kəsb edir. Kolposkopiya əsnasında sirkə turşusu və Şiller üsulu ilə sınaq aparılır. Ehtiyac yarandıqda servikoskopiya əlavə olunur.  
  • Ultrasəs müayinəsi. Vaginal axıntı qarnın aşağı hissəsində ağrı, aybaşıarası qanaxmalar ilə müşayiət olunduqda çanaq orqanlarının USM göstərişdir. Sonoqrafiya ifrazatın səbəbini (kista, uşaqlıq boruları və yumurtalıqlarda iltihabi proseslər, törəmələr və s.) üzə çıxarmağa imkan verir.  
  • Axıntının bakterioloji analizi. Üfunətli ifrazatlar çox zaman cinsi infeksiyalarla bağlı olur. Bu səbəbdən yaxma analizi mütləq sayılır. Geniş yayılmış törədiciləri tez aşkarlamaq üçün İFA, birbaşa İFR, PZR-diaqnostika aparılır.  

Sifilis Vasserman reaksiyası ilə inkar və yaxud təsdiq edilir. Vərəmin diaqnostikasına yönəldilmiş sınaqlar aparılır. Qanın klinik və biokimyəvi analizi iltihabi prosesin səbəbini tapmağa kömək edir. Həcmli törəmələrdə əsas onkomarkerlərin səviyyəsi yoxlanılır. Zərurət olduqda kiçik çanağın KT və ya MRT-si icra olunur.   

Uşaqlıq yolundan axıntının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Qaşınma və digər narahatlıqları azaltmaq üçün müntəzəm gigiyenik prosedurlar və bezlərdən istifadə etmək tövsiyə olunur. Həmçinin antiseptik məhlulları və müalicəvi bitki dəmləmələri ilə yerli vannalar effektiv sayılır. Bu metod iltihabi prosesi zəiflədir, patogen bakteriyaların sayını azaldır. Güclü ağrılarda QSİƏP qrupundan olan analgetiklər, spazmolitiklər qəbul edilir. Turş iyli, üfunətli, eləcə də qanlı axıntılarla qarşılaşdıqda mütləq ginekoloqa müraciət olunmalıdır.  

Uşaqlıq yolundan axıntı zamanı konservativ müalicə

Müalicə sxemi ifrazatın səbəbi və reproduktiv sistemin vəziyyəti nəzərə alınmaqla fərdi şəkildə tərtib olunur. Müalicənin əsasını etiopatogenetik terapiya təşkil edir. Yanaşı olaraq simptomatik vasitələr təyin olunur. Medikamentoz müalicə yerli və fizioterapevtik üsullarla müştərək formada aparılır. Cinsi infeksiyalar aşkarlandıqda hər 2 cinsi partnyorun müalicəsi mütləqdir. Müalicə prosesində adətən aşağıdakı preparatlardan istifadə olunur:  

  • Antibakterial vasitələr. Zöhrəvi xəstəliklərdə və digər irinli genital patologiyalarda düzgün seçilmiş antibiotiklər patogen mikroorqanizmlərin məhvini təmin edir. İfrazatın səbəbindən asılı olaraq, bəzən antiprotozoy, helmint əleyhinə preparatlar təyin edilir.  
  • Antihistamin preparatlar. Aralıq nahiyəsində qaşınma və diskomfort hissini yox edir, patoloji ocaqda iltihab mediatorlarının sayını tez bir zamanda azaldır. Dərmanın təsirini gücləndirmək üçün onu iltihabəleyhinə vasitələrlə kombinə edirlər.  
  • Yerli təsirli dərmanlar. Asidofil laktobakteriyalardan ibarət vaginal şamlar uşaqlıq yolunun mikroflorasını bərpa edir. Axıntının səbəbini, iyini və digər əlamətləri aradan qaldırmaq üçün digər antibiotik və antimikotiklərlə birgə vaginal şamlar məsləhət görülür.  

Uşaqlıq yolundan axıntı zamanı cərrahi müalicə

Uşaqlıq boşluğundan və borularda irinin toplanması, kistaların irinləməsi, bartolin vəzin absesi patoloji ocaqların sanasiya və drenajlanmasına göstərişdir. Fistula aşkarlandıqda onlar kəsilir, cinsi yolların anatomik quruluşu plastik yolla ilə bərpa edilir. 

Xoşxassəli törəmələr sağlam toxuma sərhəddində xaric edilir. Bədxassəli şişlərdə adətən ovariektomiya, uşaqlığın amputasiyası aparılır. Endometrioz zamanı patoloji ocaqlar kəsilir, sonra həmin hissə yandırılır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: