Uşaqlıq yolundan irinli axıntı
Uşaqlıq yolundan irinli axıntı — cinsi yarıqdan qatı konsistensiyalı, sarı-yaşılımtıl rəngli irinin xaric olmasıdır. Bu əlamət qarnın aşağı hissəsi və aralıqda ağrı, qızdırma, cinsi əlaqə zamanı diskomfort ilə müşayiət olunur. Üfunətli, yaşıl axıntı genital infeksiyalar, cinsiyyət orqanlarının ağır formalı iltihabi prosesləri üçün xarakterikdir. Axıntının səbəbi vaginal güzgülərlə baxış, ultrasəs müayinəsi, ifrazatın bakterioloji analizi vasitəsilə üzə çıxarılır. Dərman preparatları irinli axıntının etioloji amili aşkarlandıqdan sonra təyin edilir.
Uşaqlıq yolundan irinli axıntının səbəbləri
Ginekoloji infeksiyalar
Qonoreya zamanı uşaqlıq yolundan xoşagəlməz iyli, qatı konsistensiyalı, sarı və yaxud yaşıl irin axır. İntim yaxınlıqdan sonra irinli ifrazatların miqdarı arta bilir. Axıntı ilə yanaşı aralıqda, oma və büzdüm nahiyəsində ağrı yaranır. İnfeksiya qalxan yolla yuxarıda yerləşən cinsiyyət orqanlarına yayıldıqda çoxlu miqdarda xarakterik iyli, qaymağabənzər, irinli axıntı müşahidə edilir. Bəzən onların tərkibində qan izlərinə rast gəlinir. Digər infeksion patologiyalar (mikoplazmoz, ureaplazmoz) nisbətən az miqdarda yaşıl ifrazatlarla gedir.
Uşaqlıq və onun artımlarının patologiyalarında irinli axıntı
İrinli vaginal axıntı uşaqlıq və onun artımlarının ağır formalı xəstəlikləri üçün (piometra, piosalpinks) səciyyəvidir. Qadınlar uşaqlıq yolundan daim üfunətli, qatı irin axmasından şikayətlənirlər. İfrazatların tərkibində nekrozlaşmış toxuma hissəcikləri və yaxud qan izlənilir. İrinli axıntı qarnın aşağı hissəsində şiddətli ağrı, qızdırma, sidik ifrazı və defeksiyanın pozulması ilə müştərəkləşir. Bu pozğunluğun iltihabi səbəblərinə endometrit (o cümlədən doğuşdan sonrakı forma) və endoservisit aiddir. Sadalanan xəstəliklərdə irinli ifrazatların miqdarı çox olmur.
Bartolinit zamanı uşaqlıq yolundan irinli axıntı
Bartolin vəzi zədələnərkən (bartolinit) qadınları periodik olaraq, cinsi yarıqdan spesifik iyli, sarı və yaxud yaşıl rəngli irinli axıntı narahat edir. Böyük cinsiyyət dodaqlarının arxa ⅓ hissəsində bərkimə əllənir. Onun üzərindən basdıqda daha çox irin xaric olur. Xəstələrin əksəriyyətində aralıq nahiyəsində pulsasiyaedici ağrı yaranır. Yeridikdə ağrı güclənir. Vaxtında müalicə aparılmadıqda bartolin vəzin absesi formalaşır. Abses partladıqda küllü miqdarda, kəskin iyli, irinli axıntı müşahidə edilir.
Uşaqlıq yolundan irinli axıntının nadir səbəbləri
- Cinsi yolların stafilokokk infeksiyaları: bakterial vaginit, servisit
- Bağırsaq-uşaqlıq yolu fistulaları
- Aralığın dərisinin furunkul və karbunkulları.
Uşaqlıq yolundan irinli axıntı zamanı diaqnostika
Xoşagəlməz iyli vaginal axıntı ilə rastlaşdıqda mütləq ginekoloqa müraciət edilməlidir. Belə hallarda cinsiyyət orqanlarının fiziki və instrumental müayinəsi, müxtəlif laborator üsullar aparılır. Onların köməyilə ifrazatın səbəbi aydınlaşdırılır. Diaqnostika prosesində əsasən aşağıdakı üsullardan istifadə olunur:
- Ginekoloji baxış. Vaginal güzgülərlə uşaqlıq yolunun divarlarına baxarkən qatı irin yığıntısı, selikli qişada şişkinlik və hiperemiya aşkarlanır.
- Ultrasəs müayinəsi. Kiçik çanaq orqanlarının USM irinli axıntının səbəbini üzə çıxarmağa imkan verir. Standart və yaxud transvaginal sonoqrafiya zamanı cinsiyyət orqanlarının vəziyyəti qiymətləndirilir, uşaqlıq boşluğundan hipoexogen maye izlənilir, iltihabi proseslərin əlamətləri müşahidə olunur.
- Endoskopik üsullar. Qan qarışıqlı irinli ifrazatların mənbəyini müəyyən etmək üçün kolposkopiya aparılır. Onun vasitəsilə uşaqlıq boynu və servikal kanal müayinə edilir. Bu yolla eroziv dəyişikliklər, atipik toxuma sahələri aşkar olunur.
- Bakterioloji üsullar. Ginekoloji infeksiyanın törədicisini təyin etmək məqsədilə uşaqlıq yolundan yaxma götürülür. İlk növbədə onun mikroskopiyası, sonra isə qidalı mühitə əkilməsi həyata keçirilir. Müasir üsullar – İFA, PZR irinli axıntının səbəbini müəyyən edən ekspress diaqnostika sayılır.
İltihabın laborator əlamətlərini aşkarlamaq üçün qanın ümumi və biokimyəbi analizi vacibdir. Seroloji reaksiyalarla kəskin iyli, irinli ifrazatların etioloji faktoru təsdiqlənir. Digər çanaq orqanlarının xəstəliklərini inkar etmək üçün KT və yaxud MRT icra edilir.
Uşaqlıq yolundan irinli axıntı zamanı müalicə
Diaqnoz qoyulana qədər yardım
Uşaqlıq yolundan irinli ifrazatın axması cinsiyyət sisteminin ciddi xəstəliklərindən xəbər verən əlamətdir. Belə vəziyyətlərdə mümkün qədər tez ginekoloqa müraciət olunmalıdır. Ev şəraitində özünü müalicə prosesin digər çanaq orqanlarına və yaxud peritona yayılmasına gətirib çıxara bilər. Axıntının səbəbi aşkarlana qədər ağrı hissini azaltmaq üçün analgetiklərdən istifadə edilə bilər. Hərarət yüksək olduqda qızdırma salıcı vasitələrə gərək yaranır.
Konservativ terapiya
Həkim taktikası irinli iltihabın yayılmasından, xəstəliyin etioloji amilindən və pasiyentdə yanaşı patologiyaların olmasından asılıdır. Kəskin dövrdə fizioterapiya (UYT, elektroforez) qadağandır. Əlamətlər söndükdə medikamentoz terapiya bu üsullarla kombinə oluna bilər. Yerli müalicəyə uşaqlıq boşluğunun antiseptik məhlullarla (miramistin, xlorheksidin) yuyulması aiddir. Zöhrəvi xəstəliklərdə dərmanlar hər 2 cinsi partnyora təyin edilir.
Dərman preparatlarından əsasən aşağıdakılara üstünlük verilir:
- Antibiotiklər. İnfeksiyanın törədicisi və onun antibiotikə həssaslığı nəzərə alınmaqla seçilir. Uşaqlıq və onun artımlarında ağır dərəcəli irinli proseslər aşkarlandıqda geniş təsir spektrinə malik 2-3 preparat kombinə edilir.
- Dezintoksikasion məhlullar. İrinli ifrazatla müşayiət olunan xəstəliklər orqanizmin güclü intoksikasiyası ilə xarakterizə edilir. İntoksikasiyanı aradan qaldırmaq üçün qlükoza-duz məhlulları parenteral yeridilir.
- İmmunomodulyatorlar. Onlar orqanizmin ümumi reaktivliyini artırır, yerli immuniteti stimulə edir, sağalma prosesini sürətləndirir. Xroniki qonoreyada immunostimulyasiya məqsədilə qonokokk əleyhinə peyvənd vurulur.
Cərrahi müalicə
Uşaqlıq yolundan üfunətli, irinli axıntı zamanı uşaqlıqda irin yığıntısı müəyyən edildikdə möhtəviyyatın evakuasiyası, sanasiyası və drenajlanma göstərişdir. Bartolin vəzin absesində irinlik yarılır, antibiotik məhlulları ilə yuyulur. Əksər hallarda orqanqoruyucu əməliyyatlarla kifayətlənilir. Toxumaların diffuz, irinli əriməsi ilə rastlaşdıqda uşaqlığın supravaginal amputasiyası, tubektomiya və yaxud adneksektomiya aparılır.