Uşaqlıq yolunun kistası

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 10370

uşaqlıq yolunun kistası nədir?Uşaqlıq yolunun kistası – uşaqlıq yolunun retension şişəbənzər törəməsidir. O, proliferativ yolla deyil, daxilində sulu möhtəviyyatın toplanması nəticəsində böyüyür. Uşaqlıq yolunun kistaları uzun müddət simptomsuz inkişaf edir və əksər hallarda ginekoloqun onkoprofilaktik müayinəsi zamanı aşkarlanır. Kista böyük ölçülərdə olduqda cinsi həyata mane törədə və ya irinləyə bilər. Uşaqlıq yolunun kistasının diaqnostikası ginekoloji müayinə, kolposkopiya vasitəsilə həyata keçirilir. Müalicə cərrahi yolla olub, uşaqlıq yolunun kistasının xaric olunmasından ibarətdir.

  • Uşaqlıq yolunun kistasının yaranma səbəbləri
  • Uşaqlıq yolunun kistasının əlamətləri
  • Uşaqlıq yolunun kistasının diaqnostikası
  • Uşaqlıq yolunun kistasının müalicəsi
  • Uşaqlıq yolunun kistasının profilaktikası və proqnozu

Uşaqlıq yolunun kistası barədə ümumi məlumat

Uşaqlığın kistası səthi yerləşə və ya toxumaların dərinliyinə daxil olaraq, uşaqlıq yolu ətrafı toxumalara çata bilər. Bəzən uşaqlıq yolunun kistoz şişləri yunan qozu və toyuq yumurtası böyüklüyündə olur. Uşaqlıq yolunun kistalarının forması yumru və ya oval, konsistensiyası isə yumşaq və ya sıx elastikdir.

Kistaların divarı xaricdən birləşdirici toxuma, əzələ toxumasının elementləri, daxildən isə silindrik, prizmatik və ya kubik epitel qatı ilə örtülür. Kistanın möhtəviyyatı şəffaf (seroz və ya selikli), sarımtil və ya tünd-qəhvəyi rəngdədir.

Uşaqlıq yolunun kistaları 1-2% xəstələrdə (xüsusən cavan qadınlarda) müşahidə olunur. Uşaqlıq yolunun kistalarının maliqnizasiyası halları  tibbi təcrübədə qeyd olunmamışdır.

Uşaqlıq yolunun kistasının səbəbləri

Uşaqlıq yolunun kistasının səbəbləriKistalar uşaqlıq yolunun həqiqi şişlərinə aid edilmir. Uşaqlıq yolunun kistaları anadangəlmə və travmatik (qazanılmış) olur. Anadangəlmə kistalar müller və ya parauretral axacaqların, qartner yollarının embrional hissələrindən inkişaf edir. Qartner yollarından başlanğıc götürən kistalar  adətən uşaqlıq yolunun yan divarlarında, tağlar səviyyəsində yerləşir, bəzi hallarda parametral toxumaya sirayət edir. Müller axacaqlarının kistalarına çox zaman uşaqlıq yolunun inkişaf qüsurları (uşaqlıq yolunun atreziyası) ilə müştərək şəkildə rast gəlinir.

Az hallarda hamiləliyin cərrahi yolla pozulması, uşaqlıq yolu fistulalarının cərrahi müalicəsi, doğuşdan sonra yaranan cırılma və çapıqların aradan qaldırılması və s. zamanı  toxumanın qalınlığına daxil olan epitel hüceyrələrindən yaranan uşaqlıq yolunun implantasion kistaları izlənilir. İmplantasion kistalar üçün uşaqlığın aşağı hissələrinin arxa divarında lokalizasiya xarakterikdir.

Uşaqlıq yolunun kistasının əlamətləri

Uşaqlıq yolunun kistasının əlamətləriAdətən uşaqlıq yolunun kistaları simptomsuz gedişə malik olur və əksər hallarda ginekoloq tərəfindən planlı müayinə zamanı aşkarlanır. İri ölçülü kistalar zamanı uşaqlıq yolunda yad törəmə hissiyyatı, cinsi əlaqə ilə bağlı diskomfort və ağrı, dizurik pozğunluqlar və defekasiya aktının pozulmaları yarana bilər. Xarici örtüklərin xoralaşması, uşaqlıq yolunun möhtəviyyatının infeksiyalaşması və irinləməsi patoloji ifrazat, ağrı sindromunun artması, kolpit əlamətləri ilə müşayiət oluna bilər.

Uşaqlıq yolunun kistası hamiləlik dövründə aşkar edilmişsə, həkim taktikası retension törəmənin ölçülərindən asılıdır. Kiçik ölçülü törəmələr təbii doğuşa mane olmadığından, onların xaric olunmasına ehtiyac olmur. Doğuş kanalını bağlayan iri ölçülü kistalar zamanı onların aspirasiyası və ya çıxarılması və yaxud Qeysəriyyə əməliyyatı icra edilir.

Uşaqlıq yolunun kistasının diaqnostikası

Uşaqlıq yolunun kistaları vaginal güzgülərin köməyilə aparılan ginekoloji müayinədə üzə çıxır; yumru və ya uzunsov formaya, sıx elastik və yumşaq elastik konsistensiyaya malik olur. Uşaqlıq yolunun kistaları uşaqlıq yolunun divarının sallanması, sistosele, rektosele, uretranın divertikulu ilə differensiasiya edilir; zərurət olduqda diaqnostik prosesə uroloq və proktoloq cəlb olunur.

Uşaqlıq yolunun kistasının cərrahi müalicəsindən əvvəl əlavə olaraq kolposkopiya, yaxmanın bakterioloji və mikroskopik müayinəsi aparılır. USM vasitəsilə kistanın parametral toxuma, düz bağırsaq və sidik kisəsinə görə yerləşməsi dəqiqləşdirilir.

Uşaqlıq yolunun kistasının müalicəsi

Uşaqlıq yolunun kiçik ölçülü, simptomsuz kistaları zamanı yalnız dinamik müşahidə tələb olunur; böyüyən və ya klinik əlamətlərlə təzahür edən kistoz törəmələr cərrahi yolla – ətraf toxumalardan ayrılmaqla xaric edilir. Kistanın möhtəviyyatının punksion aspirasiyası adətən müvəqqəti nəticə verir. Belə hallarda uşaqlıq yolunun kistoz şişi tez bir zamanda yenidən epitel hüceyrələri tərəfindən hasil olunan möhtəviyyatla dolur. Bu taktika uşaqlıq yolunun nəhəng ölçülü kistaları olan hamilələrdə tətbiq oluna bilər. Uşaqlıq yolunun kistasının çıxarılmasının təhlükəsiz və orqan qoruyucu üsulu marsupializasiya  (kistanın açılması, mövtəviyyatının xaric olunması, onun divarlarının selikli qişaya tikilməsi) sayılır.

Uşaqlıq yolunun kistasının radikal xaric olunması prosesində divarın selikli qişasında boylama kəsik aparılır; kista küt və iti yolla ayrılır; əməliyyat sahəsi və selikli qişaya ketqut tikişlər qoyulur. Qartner yollarının kistalarının qonşu toxumalardan ayrılması zamanı əməliyyatın gedişi düz bağırsaq və ya sidik kisəsinin divarlarının zədələnməsi ilə ağırlaşa bilər, bu da törəmənin yuxarı qütbünün parametral, paravaginal və paravezikal toxumanın dərinliyinə sirayət etməsi ilə əlaqədardır. Bununla əlaqədar kistanın vaginal yolla xaric olunması mümkün olmadıqda laparotomiya tətbiq olunur.

Uşaqlıq yolunun kistasının profilaktika və proqnozu

Uşaqlıq yolunun anadangəlmə kistalarının profilaktik tədbirləri hamiləliyin normal gedişi və dölün orqanlarının sağlam təməlinin qoyulması üçün əlverişli şəraitin təminindən ibarətdir. Travmatik kistaların qarşısının alınması məqsədilə vaginal manipulyasiyalar və doğuş prosesi ehtiyyatla aparılmalıdır.

Uşaqlıq yolunun simptomsuz kistalarının təsadüfü aşkarlanması zamanı onların böyümə və inkişafı dinamik müşahidə altına alınır. Uşaqlıq yolunun kistaları aybaşı və reproduktiv funksiyalara təsir etmir. Böyüməyə meylli kistalar, klinik əlamətlərin təzahürü, ağırlaşmış gediş zamanı törəmə  xaric edilir. Uşaqlıq yolunun kistalarının ətraf toxumalardan tam ayrılmaması və ya punksion aspirasiya zamanı şişəbənzər törəmənin təkrar yaranması mümkündür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: