Uşaqlıqdan kənar hamiləlik
Uşaqlıqdan kənar hamiləlik döl yumurtasının uşaqlıqdan kənarda – qarın boşluğu, yumurtalıq, fallop borularında implantasiya və inkişafı ilə xarakterizə olunur. Uşaqlıqdan kənar hamiləlik – ciddi və ağır patologiya olub, fəsadlaşmalar və residivlərin (təkrar yaranma) inkişafı, reproduktiv funksiyanın itirilməsi, eləcə də ananın həyatı üçün təhlükənin yaranması ilə nəticələnə bilər. Mayalanmış yumurtahüceyrənın dölün sağlam inkişafı üçün yeganə orqan sayılan uşaqlıq boşluğundan kənarda lokalizasiyası onun inkişaf etdiyi orqanın cırılmasına səbəb ola bilər.
- Ümumi məlumat
- Uşaqlıqdan kənar hamiləliyin əlamətləri
- Uşaqlıqdan kənar hamiləliyin yaranma səbəbləri
- Uşaqlıqdan kənar hamiləliyin diaqnostikası
- Uşaqlıqdan kənar hamiləliyin müalicəsi
- Uşaqlıqdan kənar hamiləliyin profilaktikası
Uşaqlıqdan kənar hamiləlik barədə məlumat
Normal hamiləliyin inkişafı uşaqlıq boşluğunda baş verir. Fallop borusunda yumurtahüceyrənin spermatozoidlə birləşməsindən sonra bölünməyə başlayan mayalanmış yumurtahüceyrə uşaqlığa doğru irəliləməyə başlayır. Hamiləlik müddəti uşaqlığın yerləşməsi və ölçüsünə əsasən təyin edilir. Hamilə olmayan qadınlarda normada uşaqlıq kiçik çanaqda, sidik kisəsi ilə düz bağırsağın arasında yerləşir. Uzunluğu 8 sm, eni isə 5 sm-dir. 6 həftəlik hamiləliyı uşaqlığın ölçülərinin bir qədər artması ilə təyin etmək olar. Hamiləliyin 8-ci həftəsində uşaqlıq qadının yumruğu qədər böyüyür. Hestasiyanın 16-cı həftəsində uşaqlıq qasıqla göbək arasında müşahidə olunur. 24 həftəlik hamiləlikdə uşaqlıq göbək səviyyəsində, 28-ci həftədə isə uşaqlığın dibi göbəkdən yuxarıda yerləşir.
Hamiləliyin inkişafının 36-cı həftəsində uşaqlığın dibi qabırğa qövsü və xəncərəbənzər cıxıntıya çatır. Hestasiyanın 40-cı həftəsində uşaqlıq xəncərəbənzər çıxıntı ilə göbək arasında fiksasiya olunur. 32 həftəlik hamiləlik həm son aybaşı və dölün ilk hərəkət etmə vaxti, həm də uşaqlığın ölçü və lokalizasiyasına görə təyin edilir. Əgər mayalanmış yumurtahüceyrə hansısa bir səbəbdən fallopiya borusundan uşaqlıq boşluğuna duşmursə, uşaqlıqdan kənar hamiləliyin ən çox rast gəlinən növü – boru hamiləliyi (95% hallarda) yaranır. Nadir hallarda uşaqlıqdan kənar hamiləlik yumurtalıq və ya qarın boşluğunda inkişaf edir.
Son zamanlar uşaqlıqdan kənar hamiləlik hallarının 5 dəfə (ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi məlumatlara əsasən) artması qeyd olunur. Qadınların 7-22%-də uşaqlıqdan kənar hamiləliyin təkrar inkişafı müşahidə olunmuşdur, bu da 50% hallarda ikincili sonsuzluqla nəticələnir. Sağlam qadınlarla müqayisədə uşaqlıqdan kənar hamiləlik keçirmiş xəstələrdə onun təkrar inkişafı riski 7-13 dəfə çox olur. Əksər hallarda 23-40 yaşlı qadınlarda sağtərəfli uşaqlıqdan kənar hamiləlik qeyd olunur. 99% hallarda uşaqlıqdan kənar hamiləliyin inkişafı fallop borularının bu və ya digər hissələrində aşkarlanır.
Ümumi məlumat
Uşaqlıqdan kənar hamiləlik – ciddi və ağır patologiya olub, fəsadlaşmalar və residivlərin (təkrar yaranma) inkişafı, reproduktiv funksiyanın itirilməsi, eləcə də ananın həyatı üçün təhlükənin yaranması ilə nəticələnə bilər. Mayalanmış yumurtahüceyrənın dölün sağlam inkişafı üçün yeganə orqan sayılan uşaqlıq boşluğundan kənarda lokalizasiyası onun inkişaf etdiyi orqanın cırılmasına səbəb ola bilər. Təcrübədə müxtəlif lokalizasiyalı uşaqlıqdan kənar hamiləliklərə rast gəlinir.
Boru hamiləliyi döl yumurtasının uşaqlıq borusunda yerləşməsi ilə xarakterizə olunur. Uşaqlıqdan kənar hamiləliklərin 97,7%-ni təşkil edir. 50% hallarda döl yumurtası ampulyar hissədə, 40% hallarda – borunun orta hissəsində, 2-3% hallarda – uşaqlıq hissəsində və 5-10% hallarda – borunun fimbriya hissəsində yerləşir. Uşaqlıqdan kənar hamiləliyin nadir rast gəlinən formalarına yumurtalıq, uşaqlıq boynu, qarın boşluğu, intraliqamentar, eləcə də uşaqlığın rudimentar buynuzunda lokalizasıya olunan formaları aiddir.
Yumurtalıq hamiləliyinın (0.2-1.3% hallarda rast gəlinir) 2 forması ayırd edilir: intrafollikulyar (yumurtahüceyrə ovulyasiyaya uğramış folikulun daxilində mayalanır) və ovarial (döl yumurtası yumurtalığın səthində fiksasiya olur). Qarın boşluğu hamiləliyi (0,1 – 1,4% hallarda rast gəlinir) döl yumurtasının qarın boşluğuna düşərək, periton, piylik, bağırsaq və ya digər orqanlara implantasiyası nəticəsində inkişaf edir. Qarın boşluğu hamiləliyinin inkişafı sonsuzluq diaqnozu qoyulmuş qadınlarda EKM aparılması zamanı mümkündür. Uşaqlıq boynu hamiləliyi (0,1-0,4% hallarda) döl yumurtasının uşaqlıq boynu kanalının silindrik epitelinə yapışması nəticəsində yaranır. Döl yumurtasının xovları uşaqlıq boynunun əzələ qatının dərinliyinə daxil olaraq toxuma və damarların dağılmasına səbəb olur, nəticədə baş verən güclü qanaxma hamiləliyin pozulması ilə sonlanır.
Uşaqlıqdan kənar hamiləliyin uşaqlığın rudimentar buynuzunda inkişafı (0,2-0,9% hallarda) bu orqanın inkişaf anomaliyaları ilə bağlıdır. Döl yumurtasının uşaqlıqdaxilində implantasiyasına baxmayaraq hamiləliyin gedişinin simptomatikası uşaqlığın cırılmasının kliniki təzahürləri ilə eynidir. İntraliqamentar hamiləlik (0,1% hallarda) fallopiya borusu dağıldıqdan sonra döl yumurtasının uşaqlığın enli bağının səhifələri arasında inkişafı ilə xarakterizə olunur. Heterotopik (çoxdöllü) hamiləliyə çox nadir hallarda rast gəlinir (100-620 hamiləlik arasında 1 hal). Hamiləliyin bu forması EKM zamanı inkişaf edir. 1 döl yumurtasının uşaqlıq boşluğunda, digərinin isə uşaqlıqdan kənar implatasiyası ilə xarakterizə olunur.
Uşaqlıqdan kənar hamiləliyin əlamətləri
Uşaqlıqdan kənar hamiləlik aşağıdakı əlamətlərlə təzhür edir:
- Aybaşı siklinin pozulması (aybaşının gecikməsi);
- Cinsi orqanlardan qanlı, yaxılan xarakterli ifrazat ;
- Qarnın aşağı hissəsində ağrı hissi (döl yumurtasının birləşdiyi nahiyədə dartıcı ağrı);
- Süd vəzilərinin şişməsi, ürəkbulanma, qusma, iştahsızlıq
Pozulmuş boru hamiləliyi qarındaxili qanaxma ilə müşayiət olunur. Qarnın aşağı hissəsində anal dəliyə, ayaqlara və belə yayılan kəskin ağrı baş verir; ağrı yarandıqdan sonra cinsi orqanlardan qanaxma və ya qəhvəyi rəngdə qanlı ifrazat müşahidə olunur. AT azalması, halsızlıq, zəif dolğunluqlu tezləşmiş nəbz, huşun itməsi qeyd olunur. Uşaqlıqdan kənar hamiləliyin qeyri-tipik klinikası onun erkən mərhələlərdə diaqnostikasını cətinləşdirir. Bu və ya digər ağırlaşmalar inkişaf etdikdə həkimə müraciət etmək lazımdır.
Pozulmuş boru hamiləliyinin kliniki şəkli yumurtalığın apopleksiyasının əlamətləri ilə eynidir. Xəstə «kəskin qarın» əlamətləri ilə təcili olaraq tibb müəssisəsinə çatdırılır, uşaqlıqdan kənar hamiləliyin olması müəyyən edilir, cərrahi müdaxilə aparılır, qanaxma dayandırılır. Müasir diaqnostika üsulları – USM və qanda progestoronun səviyyəsinin təyini («hamiləlik hormonu») uşaqlıqdan kənar hamiləliyi aşkar etməyə kömək edir. Həkimin bütün səyləri uşaqlıq borusunun saxlanmasına yönəlmiş olur. Uşaqlıqdan kənar hamiləliyin ciddi ağırlaşmalarının qarşısını almaq üçün hamiləliyin olmasına şübhə yaranan kimi həkimə müraciət etmək lazımdır.
Uşaqlıqdan kənar hamiləliyin yaranma səbəbləri
Uşaqlıqdan kənar hamiləliyin yaranma səbəblərinə mayalanmış yumurtahüceyrənin uşaqlıq boşluğuna çatmasına mane olan amillər aiddir:
- endometrioz
- əvvəllər baş verən hamiləliyin dayandırılması halları
- hormonal kontrasepsiya
- uşaqlıqdaxili spiralın olması
- ovulyasiyanın stimulyasiyası
- reproduksiyanın köməkçi metodları
- uşaqlıq artımlarında aparılan cərrahi əməliyyatlar
- əvvəllər uşaqlıqdan kənar hamiləliyin olması
- uşaqlıq və onun artımlarınin şiş xəstəlikləri
- uşaqlıq artımlarının iltihabı (xlamidiya infeksiyası daha təhlükəli sayılır)
- cinsiyyət orqanlarının inkişaf qüsurları
- cinsi yetişkənliyin ləngiməsi
Uşaqlıqdan kənar hamiləliyin diaqnostikası
Uşaqlıqdan kənar hamiləlik qeyri-tipik klinikaya malik olduğundan onu erkən mərhələlərdə aşkar etmək çətin olur. Patologiya zamanı normal hamiləliyə xas olan əlamətlər – aybaşı ləngiməsi, həzm sisteminın dəyişiklikləri (dadın təhrif olunması, ürəkbulnam, qusma və s.), uşaqlığın yumşalması və yumurtalıqda hamiləliyin sarı cisminin əmələ gəlməsi müşahidə olunur. Pozulmuş boru hamiləliyini appendisit, yumurtalığın apopleksiyası, qarın boşluğu və kiçik çanağın digər kəskin cərrahi patologiyalarla differsial diaqnostikası çətinliklər törədir.
Pozulmuş boru hamiləliyi xəstənin həyatı üçün təhlükə törətdiyindən təcili diaqnoz təsdiq olunmalı və cərrahi əməliyyat aparılmalıdır. Diaqnostika zamanı ilk növbədə USM müayinə aparılır, uşaqlıqda döl yumurtasının, qarın boşluğunda mayenın, uşaqlıq artımlarında törəmələrin olub-olmaması müəyyən edilir.
β-ХQ testi- uşaqlıqdan kənar hamiləliyin təyinində informativ üsullardan sayılır. Test vasitəsilə hamiləlik zamanı orqanizmdə sintez olunan xorionik qonadotropinin (β-ХQ) səviyyəsi müəyyən edilir. Uşaqlıq və uşaqlıqdan kənar hamiləlik zamanı bu hormonun miqdarının fərqli olması β-ХQ testin dəqiq diaqnostik üsullardan hesab olunmasına əsas verir. Hal-hazırda cərrahi ginekologiyada həm diaqnostik, həm də müalicə metodu kimi geniş istifadə olunan laparoskopiya vasitəsilə uşaqlıqdan kənar hamiləliyin 100% dəqiqliklə təsdiqi və eyni zamanda patologiyanın aradan qaldırılması mümkündür.
Uşaqlıqdan kənar hamiləliyin müalicəsi
Uşaqlıqdan kənar hamiləliyin boru formasının müalicəsində laparoskopik əməliyyatların aşağıdakı növlərindən istifadə olunur: tubektomiya (uşaqlıq borusunun çıxarılması) və tubotomiya (döl yumurtasının uşaqlıq borusu saxlanılmaqla çıxarılması). Müalicə üsulu ümumi vəziyyət və uşaqlıqdan kənar hamiləliyin ağırlıq dərəcəsindən asılıdır. Uşaqlıq borusunun saxlanılması zamanı gələcəkdə həmin boruda təkrar uşaqlıqdan kənar hamiləliyin baş vermə riski gözə alınır.
Uşaqlıqdan kənar hamiləlik zamanı müalicə üsulunun seçimində aşağıdakı amillər nəzərə alınır:
- Xəstənin gələcəkdə ana olmaq istəyi.
- Uşaqlıq borusunun saxlanılmasının məqsədəuyğunluğu (boru divarındakı struktur dəyişikliklərinin ağırlıq dərəcəsindən asılı olaraq ).
- Saxlanılmış fallopiya borusunda təkrar uşaqlıqdan kənar hamiləliyin inkişafı onun çıxarılmasına göstəriş hesab olunur.
- Uşaqlıqdan kənar hamiləliyin borunun interstsial hissəsində inkişafı.
- Kiçik çanaq boşluğunda bitişmə proseslərinin inkişafı və bununla əlaqədar təkrar uşaqlıqdan kənar hamiləliyin yaranma riskinin artması.
Güclü qanaxmalar zamanı xəstənin həyatını xilas etməyin yeganə üsulu laparotomiya əməliyyatı və uşaqlıq borusunun çıxarılması hesab olunur. Saxlanılan uşaqlıq borusunun vəziyyətində heç bir dəyişiklik müşahidə olunmadıqda qadının reproduktiv funksiyası pozulmur. Laparotomiyadan sonra saxlanılan uşaqlıq borusunun vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə laparoskopiyanın aparılması məsləhət görülür. Bu metod həm də kiçik çanaqda olan bitişmələrin ayrılmasına səbəb olaraq, saxlanılan fallop borusunda təkrar uşaqlıqdan kənar hamiləliyin yaranma riskini azaldır
Uşaqlıqdan kənar hamiləliyin profilaktikası
Uşaqlıqdan kənar hamiləliyin profilaktik tədbirlərinə aşağıdakılar aiddir:
- Sidik-cinsiyyət sisteminin iltihabi xəstəliklərinin qarşısının alınması, əgər iltihab aşar olunubsa-vaxtında müalicənın aparılması
- Hamiləliyin planlaşdırılmasından əvvəl orqanizmdə patogen mikrobların (xlamidiya, ureaplazma, mikoplazma və s.) yoxlanılması. Onların aşkar olunması zamanı cinsi partnyorla birgə uyğun müalicə aparılmalıdır.
- Kontraseptivlərdən istifadə etməklə arzuolunmaz hamiləlikdən qorunma, göstəriş olmadıqda abortlardan (uşaqlıqdan kənar hamiləliyin yaranmasının əsas yaranma səbəbi) imtina.
- Arzuolunmaz hamiləliyin az travmatik üsulla (miniabort) optimal vaxtda (hestasiya dövrünün ilk 8 həftəsi) dayandırılması. Əməliyyat tibbi müəssisədə təkmilləşmiş mütəxəssis tərəfindən anesteziya altında aparılır və kontrol müayinə məsləhət görülür. Vakuum aspirasiya (miniabort) əməliyyat müddətinin qısa olması, əks-göstərişlərin və ağırlaşmaların azlığı ilə xarakterizə olunur.
- Hamiləliyin cərrahi yolla dayandırılmasına alternativ olaraq hamiləliyin medikamentoz yolla dayandırılmasını Mifegin və ya Mifepriston) seçmək olar.
- Keçirilmiş uşaqlıqdan kənar hamiləlikdən sonra gələcək hamiləliyin normal inkişafı üçün reabilitasiya kursu aparılmalıdır. Reproduktiv funksiyanın qorunması üçün vaxtaşırı ginekoloq və ginekoloq- endokrinoloqun müayinəsindən keçmək, onların təyinatlarına riayət etmək lazımdır. Əməliyyatdan 1 il sonra hamiləliyin planlaşdırılması mümkündür, hamiləlik baş tutduqda ilkin mərhələlərdə hamiləliyin aparılması üçün qadın məsləhətxanasında qeydiyyata düşmək lazımdır. Bu halda proqnoz qənaətbəxş sayılır.