Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu)
Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu) – uşaqlıq boşluğunun tam və ya hissəvi obliterasiyasına səbəb olan uşaqlıqdaxili bitişmələrdir. Bu patologiya zamanı hipomenstrual sindrom və ya amenoreya, alqodismenoreya, reproduktiv funksiyanın pozulması (hamiləliyin pozulması, sonsuzluq), bəzi hallarda hematometra müşahidə olunur. Aşerman sindromunun diaqnozu USM, histeroskopiya, US-histerosalpinqoskopiya, hormonal sınaqlar vasitəsilə təsdiqlənir. Müalicə sinexiyaların histeroskopik kəsilməsi, siklik hormonoterapiyanın aparılmasından ibarətdir. Hamiləliklə bağlı proqnoz uşaqlıqdaxili sinexiyaların ağırlıq dərəcəsi və yayılmasından asılıdır.
- Uşaqlıqdaxili sinexiyaların yaranma səbəbləri
- Uşaqlıqdaxili sinexiyaların təsnifatı
- Uşaqlıqdaxili sinexiyaların əlamətləri
- Uşaqlıqdaxili sinexiyaların diaqnostikası
- Uşaqlıqdaxili sinexiyaların müalicəsi
- Uşaqlıqdaxili sinexiyaların proqnoz və profilaktikası
Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu) barədə ümumi məlumat
Uşaqlıqdaxili sinexiyalar – birləşdirici toxuma mənşəli olub, uşaqlığın divarları arasında bitişmələrin inkişafı və orqanın deformasiyası ilə xarakterizə olunur. Sinexiyalar zamanı normal endometrium atrofik transformasiyaya uğrayır. Uşaqlıqdaxili sinexiyalar aybaşı funksiyasının pozulmasına səbəb olur, spermatozoidlərin hərəkəti üçün mexaniki maneə yaradır, döl yumurtasının implantasiyasını çətinləşdirirlər. Bu da Aşerman sindromunun əsas təzahür əlamətlərinin-hipomenoreya, ikincili amenoreya, özbaşına düşüklər, sonsuzluğun meydana çıxması ilə nəticələnir.
Uşaqlıqdaxili sinexiyaların yaranma səbəbləri
Ginekologiya sahəsinin mütəxəssisləri uşaqlıqdaxili sinexiyaların inkişafını infeksion, travmatik və neyrovisseral amillərin təsiri ilə əlaqələndirirlər. Aşerman sindromunun ən çox rast gəlinən səbəbi bazal endometriumun mexaniki travmalarıdır. Endometriumun travmaları hamiləliyin cərrahi yolla pozulması, uşaqlıqdaxili kontraseptivlərin istifadəsi, uşaqlıq qanaxmaları və ya endometriumun polipləri zamanı uşaqlıq boşluğunun qaşınması, uşaqlıq boşluğunda aparılan əməliyyatlar (miomektomiya, metroplastika, uşaqlıq boynunun konizasiyası) zamanı yarana bilər. Endometriumun zədələnməsi yara fazasında ikincili infeksiyanın qoşulması- endometritin inkişafı ilə ağırlaşa bilər.
Uşaqlıqdaxili bitişmələrin inkişafına genital vərəm də (diaqnoz endometriumun biopsiyası və ya aybaşı ifrazatının bakterioloji müayinəsi nəticəsində təqdiqlənir) səbəb ola bilər. Bundan əlavə uşaqlıqdaxili instilyasiyalar, yumurtalıqlar və uşaqlığın şişləri zamanı aparılan şüa terapiyası da endometriuma neqativ təsir göstərir. Çox vaxt uşaqlıqdaxili sinexiyalar donmuş hamiləlik fonunda yaranır, bu da cift toxuması qalıqlarının fibroblastların aktivliyini və kollagenin erkən formalaşmasını endometriumun regenerasiyasından əvvəl stimulyasiya etməsi ilə izah olunur.
Uşaqlıqdaxili sinexiyaların təsnifatı
Histoloji quruluşuna görə uşaqlıqdaxili sinexiyalar 3 qrupa bölünür: Yüngül formada layşəkilli bitişmələr adətən bazal endometriumun hüceyrələrindən ibarət olur, histeroskopun ucluğu ilə asanlıqla kəsilir. Orta formada uşaqlıqdaxili sinexiyalar fibroz-əzələ toxumasından ibarət olur, endometrium ilə möhkəm birləşir, kəsilmə zamanı qanayır. Aşerman sindromunun ağır forması bərk birləşdirici toxuma mənşəli olub, çətin kəsilməsi ilə xarakterizə olunur.
Uşaqlıq boşluğunun prosesə qoşulma və uşaqlıqdaxili sinexiyaların yayılma dərəcəsindən asılı olaraq Aşerman sindromumun 3 dərəcəsi ayırd edilir: I dərəcədə patoloji proses uşaqlıq boşluğunun 25%-dən az hissəsini əhatə edir, sinexiyalar nazik olub, uşaqlığın dibi və fallopiya borularının ağız hissəsinə yayılmır. Xəstəliyin II dərəcəsində sinexiyalar uşaqlıq boşluğunun 25%-75% hissəsini tutur, divarların yapışması müşahidə olunmur, uşaqlıq dibi və fallopiya borularının ağzının hissəvi obleterasiyası qeyd olunur. Aşerman sindromunun III dərəcəsində proses demək olar ki, bütün uşaqlıq boşluğuna (>75%) yayılır.
Cərrahi ginekologiyada ginekoloq-endoskopistlər assosiasiyasının tərtib etdiyi Beynəlxalq Avropa təsnifatından istifadə olunur. Uşaqlıqdaxili sinexiyaların vəziyyəti, ölçüləri, uşaqlıq borularının ağzında okklüziyanın olması, endometriumun zədələnmə dərəcəsini qiymətləndirməyə imkan verən histeroskopiya və histeroqrafiyanın məlumatlarına əsaslanaraq xəstəliyin 5 ağırlıq dərəcəsi qeyd olunur:
Aşerman sindromunun I dərəcəsi nazik və incə uşaqlıqdaxili sinexiyalar və fallop borularının dəliyinin sərbəst olması ilə xarakterizə olunur; sinexiyalar histeroskopun ucluğunun toxundurulması zamanı asanlıqla qırılır. II dərəcədə uşaqlıq boşluğunun izoləolunmuş hissələrini birləşdirən 1 ədəd bərk bitişmə aşkar olunur; sinexiyalar histeroskopun ucluğu ilə təmas zamanı qırılmır; uşaqlıq borularının ağız hissəsi sərbəstdir. Bəzən sinexiyalar uşaqlığın yuxarı hissinə yayılmadan yalnız daxili əsnək sahəsində lokalizasiyalaşır.
Aşerman sindromunun III dərəcəsində uşaqlıq boşluğunun ayrı-ayrı hissələrini birləşdirən çoxsaylı bərk sinexiyalar və uşaqlıq borusunun dəliyinin birtərəfli obliterasiyası müşahidə olunur. IV dərəcədə geniş sahəni əhatə edən bərk konsistensiyalı uşaqlıqdaxili sinexiyalar, uşaqlıq boşluğu və hər 2 fallop borusunun dəliyinin hissəvi okklüziyası aşkar olunur. V dərəcə Aşerman sindromunun I və ya II, III və ya IV dərəcəsinin əlamətləri, o cümlədən hipomenoreya və ya amenoreya ilə müşayiət olunan endometriumun geniş əhatəli fibrozlaşma və çapıqlaşma prosesləri xarakterizə olunur.
Uşaqlıqdaxili sinexiyaların əlamətləri
Uşaqlıqdaxili sinexiyaların ağırlıq dərəcəsindən asılı olaraq hipomenstrual sindrom və ya ikincili amenoreya inkişaf edə bilər. Uşaqlığın aşağı hissəsinin obliterasiyası zamanı (yuxarı hissədə endometriumun funksionallığının saxlanılması hallarında) hematometranın formalaşmasına rast gəlmək olur.
Çoxsaylı uşaqlıqdaxili bitişmələr endometriumun funksional çatışmazlığıı zamanı döl yumurtasının implantasiyasına mane olur; boruların obliterasiyası mayalanma prosesini əngəlləyir. Bu səbəbdən uşaqlıqdaxili sinexiyalar adətən hamiləlik pozulmaları və ya sonsuzluqla müşayiət olunur. Hətta məhdud saylı nazik sinexiyaların inkişafı çox hallarda EKM–nin qeyri-effektivliyinə səbəb olur.
Uşaqlıqdaxili sinexiyaların diaqnostikası
Aşerman sindromlu qadınların əksəriyyətində rast gəlinən aybaşı və reproduktiv funksiyanın pozulmaları abortlar, keçirilmiş endometrit, endometriumun qaşınması və digər uşaqlıqdaxili müdaxilələrlə əlaqədar inkişaf edir. Uşaqlıqdaxili sinexiyaların diaqnostikasında ginekoloji müayinənın məlumatları qeyri-spesifik sayılır.
Aşerman sindromunda kiçik çanağın USM az informativdir; exoskopik mənzərə endometriumun qeyri-müntəzəm sərhədləri, hematometra zamanı isə uşaqlıq boşluğunda anexogen törəmədən ibarət olur. Histerosalpinqoskopiya vasitəsilə uşaqlıqdaxili bitişmələr dəqiqliklə müşahidə edilir.
Uşaqlıqdaxili sinexiyaların diaqnostikasında ən informativ üsullar histerosalpinqoqrafiya və histeroskopiya hesab olunur. Histerosalpinqoqrafiya zamanı tək və ya çoxsaylı cibşəkilli, müxtəlif ölçülü qüsurlar izlənilir. Çoxsaylı bərk sinexiyalar zamanı uşaqlıq boşluğu rentgenoqramda kiçik ölçülü axacaqlarla birləşmiş çoxsaylı kameralarla müşahidə olunur. Lakin bəzən uşaqlıqda selik, əyriliklər, endometrium qalıqlarının olması histerosalpinqoqrafiyanın yalançı müsbət nəticələrinə səbəb olur. Endoskopik histeroskopiya zamanı uşaqlıqdaxili sinexiyalar uşaqlığın divarlarını birləşdirən müxtəlif sərtlik və ölçüyə malik ağımtıl, damarsız dartılmalar şəklində müşahidə olunur, uşaqlıq boşluğunun obliterasiyası və ya deformasiyası aşkar olunur.
Aşerman sindromu üçün mənfi hormonal testlər (estrogen və progestoronun qəbuluna cavab olaraq aybaşıyabənzər qanaxmanın müşahidə edilməməsi) xarakterikdir. Bir sıra hallarda uşaqlıqdaxili sinexiyaların diaqnostikasında endometriumu zədələmədən toxuma nümunələrinin müayinəsi ilə aparılan Paypel-biopsiyadan istifadə olunur. Qonadotrop və cinsi hormonların səviyyəsi dəyişilmir, bu səbəbdən Aşerman sindromu normoqonadotrop patologiya sayılır.
Uşaqlıqdaxili sinexiyaların müalicəsi
Aşerman sindromunda aparılan müalicə tədbirləri uşaqlıqdaxili bitişmələrin az travmatik yolla aradan qaldırılması, aybaşı funksiya və fertillik qabiliyyətinin bərpasına yönəldirlir. Müalicənin I mərhələsində bitişmələrin kəsilməsi məqsədilə cərrahi histerskopiya icra edilir. Konsistensiyasından asılı olaraq sinexiyaların kəsilməsi histeroskopun korpusu, endoskopik qayçı, kəlbətin, histerorezektoskop, lazer vasitəsilə aparılır. Uşaqlığın perforasiyasının qarşısını almaq üçün USM və ya laparoskopiya ilə nəzarət olunur.
Əməliyyatdan sonrakı dövrdə Aşerman sindromlu pasiyentə endometriumun bərpası və onun siklik transformasiyasının stimulyasiyası məqsədilə estrogen və gestagenlərlə siklik hormonoterapiya təyin olunur. Uşaqlıqdaxili sinexiyalarda kombinəolunmuş oral kontraseptivlərin istifadəsi əks-göstərişdir, çunku bu qrup preparatlar endometriumun atrofik dəyişikliklərinə səbəb olur. İnfeksion etiologiyalı Aşerman sindromu zamanı yaxmanın və vakuum biopsiyanın materiallarının bakterioloji müayinəsi aparılır, antibakterial terapiya təyin olunur.
Uşaqlıqdaxili sinexiyaların proqnoz və profilaktikası
Uşaqlıqdaxili sinexiyaların transservikal kəsilməsindən sonra proqnoz bitişmələrin ölçü və yayılmasından, uşaqlıq boşluğunun obliterasiya dərəcəsindən asılıdır. Aybaşı funksiyası və fertillik qabiliyyətinin bərpasının ən ağır proqnozuna vərəm mənşəli uşaqlıqdaxili sinexiyalı qadınlarda rast gəlinir.
Cərrahi müdaxilədən sonra sinexiyaların təkrar inkişaf etməsi halları mümkündür. Hamiləlik baş tutduqdan sonra hamilələrdə düşük təhdidləri, donmuş hamiləlik, cift gəlişi, vaxtından qabaq doğuş halları, doğuşdan sonra ağırlaşmalarin yaranma ehtimalı yüksək olur. Təbii yolla mayalanma mümkün olmadıqda koməkçi reproduktiv texnologiya üsulu (KRT) –EKM məsləhət görülür. Yumurtahüceyrə suni mayalandırılaraq surroqat ananın uşaqlığına yerləşdirilir.
Açerman sindromlu qadınların hamiləliyinin aparılması mama-ginekoloqdan xüsusi diqqət və ehtimal olunan bütün risk hallarının nəzərə alınmasını tələb edir. Uşaqlıqdaxili sinexiyaların qarşısını almaq üçün görülən tədbirlərə abortların profilaktikası, uşaqlıqdaxili müdaxilələr və əməliyyatların ehtiyatla aparılması, cinsi infeksiyaların vaxtında müalicəsi, müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək aiddir.