Uşaqlıqdaxili spiral
Uşaqlıqdaxili spiral – yüksək effektivliyə (95%-dən artıq) malik müasir kontraseptiv (qorunma) vasitədir. Ondan istifadə etdikdə mayalanmış yumurtahüceyrə uşaqlıq boşluğuna yapışa bilmir. Bu isə embrionun inkişaf etməsinə yol vermir. Həmçinin spiralın tərkibindəki mis spermatozoidlərin hərəkətinin qarşısını alan maye ifraz edir. Sadalananlar uşaqlıqdaxili spiralın ümumi inkişaf mexanizmidir.
Müasir dövrdə müxtəlif növ spirallar mövcuddur. Onlar orqanizmin fizioloji xüsusiyyətlərinə əsasən ginekoloq tərəfindən seçilir.
Uşaqlıqdaxili spiralın növləri: mis, gümüş və qızıl
Mis tərkibli uşaqlıqdaxili spiral son illərdə xeyli təkmilləşdirilmişdir. Əvvəlki variantlarla müqayisədə ölçüləri kiçilmiş, keyfiyyətləri isə artmışdır. O cümlədən ağrı sindromu və uşaqlıq qanaxmalarının baş vermə ehtimalı azalmışdır. Mis ionları yumurtahüceyrələrin yetişməsini tormozlayır, spermatozoidlərin hərəkətini zəiflədir. Nəticədə arzuolunmaz hamiləliyin baş vermə ehtimalı minimuma enir. Mis tərkibli spiralın yararlılıq müddəti formadan asılı olaraq, 3-5 il təşkil edir.
Daha bahalı və keyfiyyətli spiralların tərkibində gümüş və qızıl olur. Bu metallar iltihabi prosesin yaranmasına yol vermir.
Gümüş tərkibli uşaqlıqdaxili spiral antibakterial, dezinfeksiyaedici və iltihabəleyhinə təsirlərə malikdir. Spiralın bu xüsusiyyətləri qadın orqanizminə müsbət təsir göstərir. Bundan əlavə gümüşdən hazırlanan spirallar uşaqlıq boşluğundakı üzvi turşuların təsirinə məruz qalmır. Belə spiralların istifadə müddəti 7 ilə qədərdir.
Qızıl tərkibli spiral uşaqlıqdaxili kontrasepsiyanın ən son variantıdır. Qızıl insan orqanizmi ilə bioloji uyğunluq təşkil etdiyindən bu tip spiral daha qənaətbəxş təsirlidir. Həmçinin qızıldan düzəldilən uşaqlıqdaxili spiral hipoallergendir. Onlar iltihabi proseslərin qarşısını alır. Yararlılıq müddəti 7-9 ildir. Effektivliyi 99%-ə çatır. Fəsadların yaranma ehtimalı minimaldır.
Hormon tərkibli uşaqlıqdaxili spiral daimi hestagen ifrazı nəticəsində uşaqlığın daxili qatı – endometriuma lokal təsir edir. Bununla əlaqədar uşaqlığın selikli qişasının proliferasiya prosesləri zəifləyir, atrofiya baş verir.
Uşaqlıqdaxili spiralın təsir mexanizmi
Spiralın kontraseptiv təsiri uşaqlıq boşluğunda spermatozoidlərin aktivliyini zəiflədir və ya onları məhv edir. O cümlədən uşaqlığa daxil olan spermatozoidləri “udan” makrofaqların aktivliyi yüksəlir. Mayalanma baş verdikdə isə spiral abortiv təsir göstərir.
Ümumilikdə, uşaqlıqdaxili spiralların effektivliyi 92-98% təşkil edir.
Uşaqlıqdaxili spiralın qoyulma prosesi
Uşaqlıqdaxili spiral adətən aybaşının 4-8-ci günlərində qoyulur. Bu proseduru təbii doğuşdan 2-3 ay, Qeysəriyyə əməliyyatından isə ən azı 5-6 ay keçdikdən sonra etmək məqsədəuyğundur.
Spiralı qoyduqdan sonra 7-10 gün ərzində fiziki yüklənməni məhdudlaşdırmaq, isti vanna, işlədici, uterotonik qəbul etməmək, cinsi həyatı təxirə salmaq məsləhətdir. Prosedurun sonunda qadına spiralın istifadə müddəti, eləcə də ehtimal olunan ağırlaşmalar barədə məlumat verilir. Xoşagəlməz əlamətlərlə qarşılaşdıqda ginekoloqa müraciət olunmalıdır. Növbəti gəliş adətən 7-10 gün sonraya təyin edilir.