Vaginal kandidoz

17 Yanvar 2019 Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 347

vaginal kandidoz Vaginal kandidoz – uşaqlığın selikli qişasının mayayabənzər Candida göbələkləri ilə kolonizasiyası nəticəsində yaranan mikozudur. Kəskin mərhələdə – xarici cinsiyyət orqanında qızartı, ödem və qaşınma; uşaqlıq yolunda ağrı, göynəmə və qaşınma; cinsi yollardan axan xeyli miqdarda, kəsmiyəbənzər ifrazat; xroniki mərhələdə – selikli qişanın quruluğu və atrofiyası, ekskoriasiya, ifadəli lixenizasiya müşahidə olunur. Vaginal kandidozun diaqnozu klinik şəkil, mikroskopik və kultural müayinələrin əsasında qoyulur. Müalicə sistem və yerli təsirli antimikoz vasitələr, polivitaminlər, immunostimulyatorlar təyin etməklə aparılır.

  • Vaginal kandidozun yaranma səbəbləri
  • Vaginal kandidozun əlamətləri
  • Vaginal kandidozun diaqnostikası
  • Vaginal kandidozun müalicə və profilaktikası

Vaginal kandidoz barədə ümumi məlumat

Vaginal kandidoz  – vaginal göbələk infeksiyalarının bir növüdür. Xəstəliyin törədicisi Candida albicans cinsindən olan mikroskopik mayayabənzər göbələk sayılır. Son illər ərzində bu xəstəliyin geniş yayılması və tezliyinin artması mamalıq və ginekologiya sahəsində böyük yer almasına səbəb olub. Kandidoz vaginal infeksiyalar arasında bakterial vaginozdan sonra 2-ci yeri tutur. Vaginal kandidoza adətən reproduktiv yaş dövründə olan qadınlarda (hamilələrdə- 2 dəfə çox) rast gəlinir, menarxedən əvvəl və postmenopauza dövründə nadir hallarda müşahidə olunur. Uşaqlıq yolunun maya infeksiyasının 2 forması ayırd edilir: simptomsuz kandidadaşıyıcı və həqiqi vaginal kandidoz – kəskin (2 aya kimi davam edən) və xroniki residivləşən (2 aydan çox davam edən).

Vaginal kandidozun yaranma səbəbləri

vaginal kandidozVaginal kandidoz sağlam qadınların dəri və ağız boşluğunun, MBT, xarici cinsiyyyət orqanları və uşaqlıq yolunun selikli qişalarında məskunlaşmış şərti-patogen Candida cinsli mayayabənzər göbələklər tərəfindən törədilir. Böyümə fazalarının növbələşməsi (psevdomiseli və blastospor) göbələklərin geniş temperatur və turşu diapazonunda sağ qalmasına şərait yaradır. Candida göbələyi 10-30 dəqiqə qaynadıldıqda, formalin, mis kuporosu, karbol və bor turşuları işləndikdə məhv olur.  Göbələyin mannoprotein qişaya və enzimlərə (proteinaz və katalaz) malik olması onun makroorqanizmin immun sisteminə qarşı dözümlülüyünə kömək  edir.

Vaginal kandidozun dominant törədicisi geniş patogen potensialına malik C. albicans (75-80% hallarda) hesab olunur. Digər növlər (C.glabrata, С. tropicalis, C. krusei, C.parapsilosis) tərəfindən törədilən vaginal kandidoz müəyyən etnik qruplar üçün (Afrika irqinin nümayəndələri) və coğrafi vilayətlər (Aralıq dənizi, Yaxın Şərq sahilləri) xarakterikdir, bu da dəri və selikli qişaların mikrobiosenozunun, qidalanma və məişət şəraitinin spesifikliyi ilə əlaqədardır.

Vaginal kandidoz – endogen infeksiya olub, adətən uşaqlıq yolu, az hallarda ağız boşluğu, bağırsaqların selikli qişası və dəridə simptomsuz daşıyıcı şəklində inkişaf edir. Məsələn, vaginal kandidozun residivləşən forması Candida göbələklərinin bağırsaqda persistensiyası, periodik olaraq törədicinin uşaqlıq yoluna keçməsi və onun kolonizasiyası nəticəsində inkişaf edir. Vaginal kandidoz zamanı psevdomiseli adətən uşaqlıq yolu epitelinin yalnız üst qatına daxil olur, nadir hallarda dərin toxumalara keçərək, hematogen yolla yayılma və müxtəlif orqanların zədələnməsi ilə nəticələnir.

Vaginal kandidozun yaranmasına səbəb makroorqanizmin müdafiə sisteminin uşaqlıq yolunun yerli immunitetinin azalması ilə müşahidə olunan çatışmazlığıdır. Candida göbələyinin antigenlərinə qarşı yerli immun çatışmazlıq (makrofaqlar və limfositlərin aktivliyinin zəifləməsi) göbələyin reseptor və fermentlərini blokada etməyə imkan vermir.

Vaginal kandidoz adətən laktobakteriyaların səviyyəsinin nəzərəçarpan azalması və uşaqlıq yolunun normal mikroflorasının dəyişməsi ilə müşayiət olunmur; lakin polimikrob assosiasiyalarının yaranması zamanı  bakterial vaginozla müştərək inkişaf edə bilər.

Vaginal kandidozun inkişafına hamiləlik zamanı cinsi hormonların balansının pozulması, hormonal kontraseptivlərin qəbulu, endokrin patologiyalar təkan verir. Estrogen və progesteronun selikli qişaya təsiri epiteliositlərdə qlikogenin konsentrasiyasının artması, onların Candida göbələyinə qarşı həssaslığının stimulyasiyası və göbələyin daha effektiv adheziyası ilə müşahidə olunur. Vaginal kandidoz əksər hallarda immunosupressiya ilə bağlı müxtəlif hallarla (İİV infeksiyası, şəkərli diabet, vərəm, hipovitaminoz, antibiotik, sitostatiklərin və şüa terapiyasının uzunmüddətli istifadəsi) müşayiət olunur.  Vaginal kandidoza atopik xəstəliklərlə (allergik rinit, qida allergiyası) bir yerdə rast gəlinə bilər.

Kəskin və ədavalı yeməklər, gigiyenik vasitələrin istifadəsi (bezlər, tamponlar), dar geyimlər vaginal kandidozun inkişafında əhəmiyyətli amillər hesab olunmur. Dölün xəstə ananın doğuş yollarından keçərkən göbələk infeksiyasına yoluxma ehtimalı mövcuddur; cinsi yolla yoluxma mümkündür; yoluxma riski tez-tez tkraralanan oral-genital əlaqələrdə yüksəkdir.

Vaginal kandidozun əlamətləri

vaginal kandidozCandida daşıyıcılıq zamanı klinik əlamətlər müşahidə olunmur, adətən xəstə heç bir şikayət  təqdim etmir.  Kəskin vaginal kandidozda uşaqlıq yolundan axan  xeyli miqdarda qatı konsistensiyalı, ağ-boz rəngdə, turş iyli, kəsmiyəbənzər ifrazata rast gəlinir. Vaginal kandidozla zədələnmiş selikli qişa ödemli, hiperemiyalaşmış olub qanamaya meyllidir. Selikli qişanın üzərində kəskin sərhədli və ya bir-birilə birləşən üzəri kəsmiyəbənzər ərplə örtülü, 1-7 mm diametrində  yumru və ya oval ocaqlar qeyd olunur. Kəskin fazada ərplər selikli qişaya möhkəm yapışmış olur, çətinliklə təmizləndikdə altında parıldayan eroziyaya uğramış sahə  müşahidə olunur, bir müddət sonra ərplər asanlıqla qoparaq, cinsi yollardan tökülür. Xarici cinsiyyət üzvünün aybaşı zamanı, fiziki aktivlik və su prosedurlarından sonra güclənən qaşınma və göynəməsi vaginal kandidozun xarakterik əlaməti sayılır. Xəstələr həmçinin cinsi əlaqə zamanı kəskin ağrı hissindən şikayət edirlər.

Xroniki kandidoz zamanı xarakterik ifrazat müşahidə olunmaya bilər, selikli qişanın zəif hiperemiyası, az miqdarda ərp və quru eroziyalar, ifadəli lixenizasiya və ekskoriasiyaya rast gəlinir. Selikli qişa kövşək və atrofik olur, uşaqlıq yolunun girişi daralır, hemorragik səpgilər yarana bilər. Xroniki forma uzunmüddətli, illərlə davam edən gedişə malikdir.

Adətən vaginal kandidoz xarici və daxili cinsiyyət orqanları, sidik kanalına yayılaraq vulvovaginit, servisit və uretritin yaranmasına səbəb olur. Vaginal kandidoz hamiləliyin dayanmasına (spontan düşük, vaxtından əvvəl doğuş), doğuşdan sonrakı dövrdə endometritin inkişafı və sonsuzluğa gətirib çixara bilər.

Vaginal kandidozun diaqnostikası

Vaginal kandidozun diaqnozu infeksiyanın klinik əlamətləri və uşaqlıq yolundan götürülən yaxmanın    mikrobioloji analizində göbələk kulturalarının aşkar olunması ilə təsdiqlənir. Uşaqlıq boynu və yolunun xüsusi güzgülər vasitəsilə müayinəsi zamanı selikli qişada hiperemiya, ödem, onun büküşlərində boz-ağ kəsmiyəbənzər ərp müşahidə olunur. Lüqol məhlulu ilə rəngləmə prosesində kiçik nöqtəvi sahələr və ifadəli damar şəklinə rast gəlinir. Vaginal kandidoz zamanı 76% hallarda – axıntı, 32% hallarda isə qaşınma müşahidə olunur.

Yaxmanın mikroskopik müayinəsində yumru-oval şəkilli, bəzi yerlərdə tumurcuq şəklində toplanan hüceyrələrə rast gəlinir. Saburo mühitinə bakterioloji əkmə zamanı yumru formalı qabarıq parlaq ağ koloniyalar aşkar olunur. Göbələklərin növ indentifikasiyası, onların preparatlara həssaslığı, cinsi yolla ötürülən xəstəliklərin PZR diaqnostikası və İFA aparılır. Ehtiyac olduqda bu müayinələrə sidiyin və sidik kanalından götürülən yaxmanın bakterioloji analizi, nəcisin disbakterioza görə analizi, qanda şəkərin təyini, kiçik çanaq, qarın boşluğu orqanları və sidik kisəsinin USM əlavə olunur.

Vaginal kandidozun müalicə və profilaktikası

Vaginal kandidozun kompleks müalicəsi xəstəliyin törədici -Candida göbələyinə təsir, təkanverici amillərin eliminasiyası və yanaşı gedən patologiyanın terapiyasına yönəldilir. Vaginal kandidoz zamanı sistem və yerli təsirli göbələkəleyhinə vasitələr: polien antibiotiklər (nistatin, natamisin), imidazol və triazol törəməli antimikotiklər (klotrimazol, ketokonazol, flukonazol, itrakonazol) təyin olunur. Geniş funqistatik təsir spektrlii, o cümlədən steroid sintezi və metabolizmə yan təsir göstərməyən  flukonazol vaginal kandidozun müalicəsində yaxşı nəticələr göstərir.  Yüksək dozanın birdəfəlik peroral qəbulunun effektivliyi onu digər antimikotik preparatlardan üstün edir.

Xəstəliyin yüngül gedişi zamanı krem, vaginal şam və tabletlər şəklində yerli preparatlardan (mikonazol, klotrimazol) istifadə olunur. Xroniki infeksiyalarda sistem təsirli göbələk əleyhinə preparatların qəbulu müəyyən kurslarla təkrarlanır. Hamiləlik dövründə (natamisin, nifiratel intravaginal) və uşaqlıq dövründə  (nifuratel ilə applikasiyaları, flukonazol-peroral) antimikotiklərin toksiki təsiri az olan formalarına üstünlük verilir.

Vaginal kandidoz zamanı əlavə olaraq  yerli təsirli dezinfeksiyaedici və iltihabəleyhinə preparatlar- – kalium permanqanat, gümüş nitrat, borun qliserində məhlulları ilə vanna qəbulu və şırınqalamalar təyin olunur. Polimikrob mənşəli vaginal kandidozlarda antimikotik vasitələrin metronidazolla kombinasiyasından istifadə olunur. İmmunostimulyatorlarla immunitetin korreksiyası aparılır, polivitaminlər qəbul edilir.  Sağalma kliniki əlamətlərin itməsi və mikrobioloji müayinənin mənfi nəticəsinə əsasən təyin edilir .

Vaginal kandidozun profilaktikası onun inkişafına təkan verən amillərin aradan qaldırılmasından ibarətdir: oral kontraseptivlər, antibiotiklər, sitostatiklərin qəbulunun məhdudlaşdırılması; immun çatışmazlığın, endokrinopatiya və digər yanaşı gedən patologiyaların medikamentoz korreksiyası; qadınların profilaktik olaraq ginekoloq müayinəsindən keçməsi.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: