Vaginit
Vaginit (kolpit) – uşaqlıq yolunun selikli qişasında gedən iltihabi proseslərlə müşayiət olunan polietioloji xəstəliklər qrupudur. Bu patologiya seroz və ya irinli ifrazat, cinsi orqanlar nahiyəsində sidik ifrazı zamanı güclənən qaşınma, ağrı, göynəmə, diskomfort hissi ilə təzahür edir. Vaginitin əsas yaranma səbəbi uşaqlıq yoluna patogen mikrofloranın daxil olması və çoxalmasıdır. Reproduktiv funksiyaya neqativ təsirlərinə görə xlamidiya və trixomonoz vaginitlər xəstəliyin daha təhlükəli formaları sayılır. Vaginit qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri arasında ilk yerlərdən birini tutur və onların sayı durmadan artır.
- Vaginitin yaranma səbəbləri
- Vaginitlərin təsnifatı
- Spesifik və qeyri-spesifik vaginit
- Vaginitin əlamətləri
- Vaginitin müalicəsi
- Vaginitin ağırlaşmaları
- Vaginitin profilaktikası
Vaginit barədə ümumi məlumat
Statistik hesablamalara görə reproduktiv yaş dövründə olan hər 3-cü qadın vaginitdən (kolpit) əziyyət çəkir. Vaginitlərin yayılması cinsi infeksiyaların artması, intim gigiyenaya riayət olunmaması, ekoloji problemlər, immun reaktivliyin azalması ilə əlaqədardır.
Vaginit zamanı iltihabi proseslər uşaqlıq yolunun selikli qişasında yaranır, əksər hallarda xarici cinsiyyət orqanları (vulva) da prosesə qoşularaq, vulvovaginitin inkişafına səbəb olur. Vaginit qadının cinsi aktivliyini azaldır, intim yaxınlıq zamanı ağrı törədir, gündəlik həyatda xoşagəlməz iy və diskomfort hissi ilə müşayiət olunur. Bundan əlavə vaginitlər qadın orqanizminin bütün reproduktiv sisteminin normsl fəaliyyətinin pozaraq, cinsi orqanların qalxan infeksiyası, aybaşı siklinin pozğunluqları, xroniki ağrılar, uşaqlıqdan kənar hamiləlik, sonsuzluğa gətirib çixara bilər.
Vaginitin yaranma səbəbləri
Vaginitin əsas yaranma səbəbi orqanizmin zəifləməsi, gigiyenaya riayət olunmaması, selikli qişanın uzunmüddətli mexaniki travması zamanı patogen mikrofloranın uşaqlıq yoluna daxil olması və çoxalmasıdır. Uşaqlıq dövründə vaginit skarlatina, qrip zamanı infeksiyanın hematogen yolla yayılması nəticəsində inkişaf edir. Vaginitin inkişafına səbəb olan əsas amillər aşağıdakılardir:
- Uşaqlıq yolunun təbii mikroflorasının pozulması
Ekoloji şəraitin pozulması, stress, dərman preparatlarının (xüsusən hormon və antibiotiklər)nəzarətsiz qəbulu, immun reaktivliyin və orqanizmin infeksiyalara qarşı dözümlülüyünün azalması nəticəsində yaranır. Bu zaman uşaqlıq yolunun normal mikroflorasının nümayəndələri potensial təhlükəli xarakter alaraq, vaginitin inkişafına səbəb olur. Bununla yanaşı uşaqlıq yolunun yerli immuniteti urogenital infeksiyalara mübarizə qabiliyyətini itirir.
- Cinsi orqanların mexaniki travmaları
Diaqnostik və müalicəvi müdaxilələrin aparılması – abortlar, uşaqlıq boşluğunun qaşınması, zondlanması, histerosalpinqoskopiya, uşaqlıqdaxili spiralın qoyulması və çıxarılması, hidrotubasiya, doğuş prosesində aseptika qaydalarına əməl olunmaması vaginitin yaranma riskini bir neçə dəfə artırır. Müdaxilələr zamanı toxumaların zədələnməsi onların oksidləşmə- reduksiya reaksiyalarını azaldır. Eləcə də infeksiyaya yoluxma xaricdən, əlcək və ya alət vasitəsilə baş verə bilər. Bundan əlavə, vaginitin inkişafına gigiyenik və ya müalicəvi tamponların qeyri-düzgün istifadəsi, uşaqlıq yolunun yad cisimləri və travmaları səbəb ola bilər.
- Qorunmayan cinsi əlaqələr və partnyorun tez-tez dəyişilməsi
Vaginiti törədən patogen mikroorqanizmlərin əksəriyyəti uşaqlıq yoluna cinsi yolla daxil olur. Özbaşına aparılan müalicə iltihabi prosesin xronikləşməsinə, uşaqlıq yolu mühitində disbalansa və vaginitlərin residivləşməsinə gətirib cıxarır.
- Hormonal pozğunluqlar
Vaginitin inkişafına hamilələr, endokrin sistemin xəstəlikləri, yumurtalıqların disfunksiyasından əziyyət çəkən qadınlar, həmçinin klimakterik dövrdə (orqanizmdə estrogenlərin səviyyyəsinin azaldığı dövr) olan xəstələr meylli olur.
Vaginitin təsnifatı
- iltihabın xarakteri və davametmə müddətinə görə– kəskin, yarımkəskin, xroniki gedişli vaginitlər;
- xəstənin yaşına görə – qızların, reproduktiv yaş dövründə və postmenstrual dövrdə olan qadınların vaginiti;
- yaranma səbəblərinə görə – abort, doğuş, cərrahi əməliyyatlardan sonra yaranan vaginitlər, allergik vaginit;
- eksudatın xarakterinə görə – seroz, seroz-irinli, qanqrenoz və s.;
- törədicinin xarakterinə görə – spesifik və qeyri-spesifik.
Spesifik və qeyri-spesifik vaginit
İltihabi yaradan infeksion törədicinin xarakterinə görə vaginitlər spesifik və qeyri-spesifik formalara ayırd edilir. Spesifik vaginitlərə aşağıdakı törədicilər tərəfindən yaranan iltihabi proseslər aiddir:
- qonokokk (qonoreya mənşəli vaginit);
- trixomonada (trixomonad vaginit);
- solğun treponema (sifilitik vaginit)
- xlamidiya (xlamidiya vaginiti);
- vərəm mikobakteriyaları(vərəm mənşəli vaginit);
- mikoplazma, ureaplazma (mikoplazma və ya ureaplazma vaginiti).
Əgər patogen mikroflora yuxarıda sadalanan törədicilərlə birgə qarışıq xarakter daşıyırsa (digər bakteriyalar, göbələk, virus), belə patologiya yenə də spesifik vaginit adlanır. Qeyri-spesifik vaginitlər normal mikrofloranın tərkib hissəsi olan, lakin əlverişsiz şəraitdə xəstəliklər törədən şərti-patogen mikroorqanizmlər tərəfindən yaranır:
- Protey, stafilokokk, streptokokk, bağırsaq çöpü, qardnerella, göy-yaşıl irin çöpü (bakterial vaginit);
- Candida cinsindən olan mayayabənzər göbələk, Candida spp., Bacteroides spp., U. urealyticum, Corynebacterium spp. və s.. (göbələk mənşəli vaginitlər);
- İnsan papilloma virusu, sadə herpes virusu (virus mənşəli vaginitlər);
- Qarışıq vaginitlər.
Spesifik və qeyri-spesifik vaginitlər oxşar simptomatikaya malik olub, yalnız müalicə üsulları ilə fərqlənirlər: xəstədə spesifik vaginit aşkarlandıqda qadının müayinə və müalicəsi cinsi partnyorla birgə aparılmalıdır. Əksər hallarda qarışıq vaginitlər spesifik törədici tərəfindən yaranır, sonra isə prosesə ikincili şərti-patogen infeksiya qoşulur. Belə hal vaginitin diaqnostika və müalicəsini xeyli çətinləşdirir. Bu səbəbdən vaginit əlamətləri rats gəlinən hər bir xəstə cinsi infeksiyalara görə laborator müayinələrdən keçməlidir.
Hal-hazırda ən informativ üsullar vaginal yaxmanın mikroskopiyası, uşaqlıq yolu ifrazatının bakterial əkməsi, PZR üsulu ilə qanın analizi sayılır. Törədicidən asılı olmayaraq bütün vaginitlər, hətta əlamətlər az nəzərə çarpan olduqda belə mütləq müalicə olunmalıdır. Xəstəliyin xroniki formaya keçidi və qalxan infeksiyanın yayılması yumurtalıqlar, uşaqlıq, fallopiya borularının iltihabına səbəb olur və sonsuzluqla nəticələnə bilər.
Vaginitin əlamətləri
Vaginitin bütün formaları üçün ümumi olan əlamətlər aşağıdakılardır:
- Uşaqlıq yolu ifrazatının xarakter, qoxu, rəng və miqdarının dəyişməsi;
- Qaşınma, qıcıqlanma, uşaqlıq yolu və xarici cinsiyyət orqanında təyziq və dartılma hissiyyatı;
- Ağrılı cinsi əlaqə və sidik ifrazı;
- Cinsi əlaqə və müayinə zamanı az miqdarda qanaxmalar.
Buna baxmayaraq vaginitin hər bir formasının özünəməxsus əlamətləri olur. Qonoreya mənşəli vaginit zamanı adətən qatı konsistensiyalı, ağ-sarı rəngli irinli ifrazat aşkar olunur. Trixomonad vaginit köpüklü sarı-yaşılımtıl axıntı ilə xarakterizə olunur. Xeyli miqdarda ağımtıl-sarı selikli ifrazat bakterial kokk mənşəli vaginitlərdə müşahidə olunur. Candida mənşəli vaginitdə ağ rəngli, kövşək, pambıqşəkilli kəsmiyəbənzər axıntı, qardnerella tərəfindən törədilən vaginitdə isə şəffaf, balıq qoxulu ifrazat xarakterikdir.
Kəskin vaginit çox miqdarda ifrazat, ifadəli əlamətlər, qızartı, şişkinlik, ağrı hissi, vulva və uşaqlıq yolunun yerli hərarətinin qalxması ilə təzahür edir. Xroniki forma zamanı əlamətlər mülayimləşir: ağrı demək olar ki müşahidə edilmir, ifrazat az midqarda olur, ümumi əhval-ruhiyyə yaxşılaşır. Xroniki vaginitlərin gedişi uzunmüddətli (bir neçə ay və il) olub, virus infeksiyaları, soyuqdəymə, spirtli içkilərin qəbulundan sonra, hamiləlik və aybaşı vaxtı kəskinləşir.
Vaginitin müalicəsi
Uşaqlıq yolunda diskomfort yarandıqda, qorunmayan cinsi əlaqə və ya cinsi partnyorların tez-tez dəyişilməsi, hamiləliyin planlaşdırılması zamanı ginekoloqun konsultasiyası mütləqdir. Vaginit zamanı medikamentoz terapiya xəstəliyin törədicisi və risk amilləri nəzərə alınmaqla təyin olunur. Bakterial vaginitlərin müalicəsi üçün törədicinin həssas olduğu antibiotiklərdən (peroral, intravaginal) istifadə olunur.
Göbələk mənşəli vaginitlər xüsusi göbələkəleyhinə şamlar, kremlər (mikonazol, klotrimazol) və ya tabletlərlə (flukonazol) müalicə olunur. Troxomonad vaginit zamanı metronidazol və ya trixopol (tabletlər) qəbul edilir. Qeyri-infeksion vaginitlərin müalicəsində ilk növbədə qıcıqlanmanı yaradan səbəb (yuyucu toz, intim sprey və gel, gigiyenik tampon və salfetlər) aradan qaldırılır. Atrofik vaginitdə vaginal estrogenlərdən (tablet, krem və ya üzük formasında) istifadə olunur.
Vaginitlərin müalicəsinin əsas məqsədi immunitetin möhkəmləndirilməsi və uşaqlıq yolunun normal mikroflorasının bərpasından ibarətdir. Xroniki vaginitlər adətən müalicəyə çətin tabe olur və tez-tez residivlərlə müşayiət olunur. Vaginit zamanı müalicənin davametmə müddəti xəstəliyin gedişindən asılı olub, orta hesabla 7-10 gün təşkil edir. Müalicənin sonunda xəstəliyin sağalmasını yoxlamaq məqsədilə təkrar analiz aparılmalıdır.
Vaginitin ağırlaşmaları
Vaginitin uzunmüddətli gedişi qadının emosional və cinsi disharmoniyasına, o cümlədən reproduktiv sağlamlığın pozulmasına səbəb olur. Bakterial və trixomonad vaginitdən əziyyət çəkən qadınların zöhrəvi xəstəliklər və İİV-infeksiyasına yoluxma riski yüksək olur.
Vaginitin xroniki formaları özbaşına düşük, uşaqlıqdan kənar hamiləlik, vaxtından qabaq doğuş, dölyanı mayenin vaxtından əvvəl itirilməsi, dölün bətndaxili infeksiyalaşması, yenidoğulmuşun iltihabi xəstəliklərinin yaranma ehtimalını artırır. Bu məqsədlə üzünmüddətli gedişə malik xroniki vaginitli qadınların hamiləliyinin aparılması xüsusi diqqət tələb edir.
Doğuşdan sonrakı dövrdə vaginit qadınlarda peritonit, metrit, endometrit, sepsisin inkişafına ciddi təhlükə törədir. Yenidoğulmuşun infeksiyalaşması bağırsaq mikroflorasının pozulmasına və immun müdafiənin zəifləməsinə gətirib cixarır. Lakin düzgün və vaxtında aparılan müalicə ciddi ağırlaşmaların qarşısını almağa imkan verir.
Vaginitin profilaktikası
Cinsi orqanların gigiyenasına əməl olunması vaginitlərin bir sira formalarının yaranmasının qarşısını almağa və onların gedişini yüngülləşdirməyə kömək edir. Aromatlaşdırılmış intim gigiyena vasitələri , tampon, bez, salfetlər, o cümlədən antibakterial xüxusiyyətlərə malik sabunun istifadəsindən çəkinmək lazımdır. Prezervativlərdən istifadə etmək və təsadüfi cinsi əlaqələrdən imtina etmək cinsi infeksiyalara yoluxma və spesifik vaginitlərin inkişafının qarşısını alır.
Xarici cinsiyyət orqanların toxumalarına hava axınını təmin edən pambıqdan hazırlanmış alt paltarlara üstünlük verilməlidir. Vaginitlərin profilaktikasında qidalanmanın xarakteri böyük rol oynayır. Süd məhsulları, meyvə və tərəvəzlərdən istifadə, qənnadı məhsullarının məhdudlaşdırılması uşaqlıq yolu mikroflorasının düzgün formalaşmasına kömək etməklə vaginitlərin yaranma riskini azaldır.