Vaxtından keçmiş hamiləlik
Vaxtından keçmiş hamiləlik – hestasiya müddətinin 42 həftəyə qədər və daha çox uzanması ilə xarakterizə olunur. Uzun sürən hamiləlik gecikmiş doğuşlara və dölün həddindən artıq yetişmə əlamətləri ilə doğulmasına gətirib çıxarır. Vaxtından keçmiş hamiləlik dehidratasiya- dölyanı mayenin azalması, hamilənin bədən çəkisinin 1 kq və daha çox itirilməsi, ciftin qocalma əlamətləri, döldə kəllə sümüklərinin bərkiməsi, dölün hipoksiyası ilə müşayiət edilir. Diaqnostik məqsədlə anamnezin toplanması, USM, kardiotokoqrafiya, amnioskopiyadan istifadə olunur. Vaxtından keçmiş hamiləlik zamanı amniotomiya, doğuş fəaliyyətinin medikamentoz stimulyasiyası və cərrahi müdaxilələr aparılır.
- Vaxtından keçmiş hamiləliyin səbəbləri
- Vaxtından keçmiş hamiləliyin əlamətləri
- Vaxtından keçmiş hamiləliyin diaqnostikası
- Vaxtından keçmiş hamiləlik zamanı doğuşun aparılma taktikası
- Vaxtından keçmiş hamiləliyin ağırlaşmaları və onların profilaktikası
Vaxtından keçmiş hamiləlik barədə ümumi məlumat
Fizioloji hamiləliyin davam etmə müddəti orta hesabla axırıncı aybaşının başlanmasından 40 həftə və ya 280 təqvim günü təşkil edir. Bu müddət ana bətnindən kənarda yaşamağa qadir olan yetkin dölün inkişafı üçün optimal sayılır. Hestasiyanın 40-cı həftəsindən sonra hamiləliyin vaxtından artıq daşınması barədə təqvimlə deyil, ciftin, dölün və fetoplasentar qan dövranının vəziyyətinə əsasən fikir yürüdülür. Bu səbəbdən hestasiya müddətinin 10-14 gün uzanması zamanı mamalıq və ginekologiyada uzanmış və vaxtından keçmiş hamiləlikləri ayırd edirlər.
Uzanmış hamiləliklər ciftin qocalması və dölün həddindən artıq yetişmə əlamətləri müşahidə olunmadan hestasiya müddətinin 290-294 günə kimi davam etməsidir. Vaxtından keçmiş hamiləliklər isə dölün izafi yetişməsi və ciftdə gedən morfofunksional dəyişikliklərlə səciyyələnir. Vaxtından keçmiş hamiləliyin əlamətlərinə dölyanı mayenin azalması, doğuşun ilk ifrazatının izlənilməməsi, uşağın dərisinin quruluğu və büzüşməsi, dölyanı mayedə mekoniumun olması ilə əlaqədar onun bozumtul və yaşılımtıl rəng alması aiddir.
Vaxtından keçmiş hamiləlik təxminən 4% hallarda rast gəlinir. Onun təhlükəliliyi ağırlaşmış doğuşların, Qeysəriyyə əməliyyatının, doğuşun qeyri-qənaətbəxş sonluqla nəticələnməsi ehtimalının yüksək olması ilə izah olunur.
Vaxtından keçmiş hamiləliyin səbəbləri
Qadının reproduktiv funksiyasına neqativ təsir edən çoxsaylı amillər vaxtından keçmiş hamiləlik üçün fon rolu oynaya bilər. Vaxtından keçmiş hamiləlik əksər hallarda aybaşı funksiyası pozulmalarının (erkən və ya gecikmiş menarxe, qeyri-müntəzəm aybaşılar, alqodismenoreya), cinsi infantilizmin rast gəlindiyi qadınlarda izlənilir. Uşaqlıq dövründə keçirilmiş infeksiyalar – qızılca, skarlatina, parotit və s., eləcə də hamiləlik vaxtı keçirilmiş qrip və ya KRVİ hestasiyanın gedişinə qeyri-qənaətbəxş təsir göstərə bilər.
Vaxtından keçmiş hamiləliyin səbəbləri arasında çox zaman qadının endokrin patologiyaları (qalxanabənzər vəzinin funksional pozğunluqları, şəkərli diabet və s.), MBT, qaraciyər xəstəlikləri qeyd olunur. Bu vəziyyətlər hormonal mübadiləni pozaraq, uşaqlığın inertliyinə, onun oyanıqlığının azalmasına gətirib çıxara bilər. Uşaqlığın fəaliyyətinin sinir-əzələ tənziminin pozulmalarına həmçinin reproduktiv orqanların iltihabları (adneksit, endometrit, servisit), uşaqlığın şişləri (mioma, fibroma), yumurtalıqların disfunksiyası, hestozlar, keçmiş hamiləliyin süni yolla dayandırılması səbəb olur.
Vaxtından keçmiş hamiləlik hipodinamiya, uzunmüddətli yataq rejimi, psixi travmalar və emosional gərginliklərlə bağlı ola bilər. Yuxarıda qeyd olunanlardan əlavə vaxtından keçmiş hamiləliyin səbəblərinə düşük təhlükəsi zamanı aparılan medikamentoz terapiya, anamnezdə iri döllü hamiləlik, ilk doğuşun 30 yaşda baş verməsi, dölün çanaq gəlişi, keçmiş hamiləliyin patologiyası da aid edilir. Həmçinin vaxtından keçmiş hamiləliyin dölün xəstəlikləri, ilk növbədə MSS-nin inkişaf qüsurları (hidrosefaliya, anensefaliya, mikrosefaliya), Daun sindromu, böyrəklərin polikistozu, böyrəküstü vəzilərin patologiyaları ilə əlaqəli olması istisna edilmir.
Hamiləliyin baş verməsi, gedişi və doğuş fəaliyyətinin inkişafının MSS, hormonlar (estrogenlər, gestagenlər, qlükokortikoidlər, XQ, asetilxolin, katexolaminlər, serotonin, histamin), enzimlər, elektrolitlər, mikroelement və vitaminlərin iştirakından ibarət mürəkkəb mexanizmlər tərəfindən idarə olunması ilə əlaqədar neyroendokrin tənzim sistemində baş verən istənilən pozulmalar vaxtından keçmiş hamiləliyə təkan verə bilər.
Vaxtından keçmiş hamiləliyin əlamətləri
Vaxtından keçmiş hamiləliyə təkcə hestasiyanın müddətinin uzanması deyil, həm də cift və döldə gedən dəyişikliklər dəlalət edir. Vaxtından keçmiş hamiləlik zamanı hestasiyanın 290-cı günündən sonra qadında qarnın həcmi 5-10 sm, bədən çəkisi 1kq və daha çox aşağı düşür, bu da dölyanı mayenin azalması ilə izah olunur. Bu fonda hamilələrdə dərinin turqoru pisləşir, uşaqlığın sərtliyinin artması və uşaqlıq boynunun yetişməməsi qeyd olunur. Süd vəzilərindən ağız südü əvəzinə südün ifrazı müşahidə oluna bilər.
Hamilələrdə aparılan vaginal müayinə prosesində döldə kəllə sümüklərinin bərkiməsi, əmgək və kəllə tikişlərinin daralması aşkarlanır. Qarnın auskultasiyası zamanı dölün hipoksiyasından xəbər verən anomal tezlikli və ritmli ürək tonları eşidilir. Diaqnozun obyektiv təsdiqi instrumental müayinələrlə əldə edilə bilər.
Vaxtından keçmiş hamiləliyin diaqnostikası
Vaxtından keçmiş hamiləliyin diaqnostikası hestasiya müddətinin dəqiqləşdirilməsindən başlanır. Bu məqsədlə bütün istifadə olunan üsulların: axırıncı aybaşının tarixindən hesablanma (Negel qaydası), ovulyasiyanın, mayalanmanın, ilk tərpənişin, ürək tonlarının eşidilməsinin tarixi, USM və digər metodların nəticələri cəmlənir.
Obyektiv mamalıq müayinəsi qarın dairəsinin azalmasını, uşaqlığın dibini hündür vəziyyətini, hamilənin bədən çəkisinin itirilməsini və ya artmasının ləngiməsini aşkar etməyə imkan verir. Vaxtından keçmiş hamiləlik zamanı dölyanı mayenin azlığı ilə əlaqədar dölün hərəki aktivliyi azalır, böyüməsi dayanır. Ginekoloji müayinə vasitəsilə dölün kəllə sümüklərinin bərkiməsi, əmgək və kəllə tikişlərinin daralması, uşaqlıq boynunun doğuşa hazır olmaması müəyyən edilir.
Vaxtından keçmiş hamiləlik zamanı ultrasəs müayinənin şəkli dölyanı mayenin həcminin azalması, onun tərkində mekoniumun olması ilə xarakterizə olunur. Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası dölün qidalanması və oksigen təcizatını tam şəkildə təmin etməyən ciftin qocalma əlamətlərini: ciftdə petrifikatlar, onun qalınlığının azalması, fetoplasentar və uşaqlıq-plasentar qan dövranının intensivliyinin zəifləməsini aşkar edir. Bütün bu məlumatlar dölün həddindən artıq yetişməsinə və onun hipoksiyasına dəlalət edir. Kardiotokoqrafiyanın nəticələrinə əsasən dölün ürək yığılmalarının tezliyinin azalması (1 dəqiqədə 110-120 ürək vurğusundan az) və ya artması (1 dəqiqədə 160 ürək vurğusundan çox) dölün vəziyyətinin pozulmasını təsdiq edir.
Vaxtından keçmiş hamiləliyin diaqnostikasında servikal amnioskopiya-döl kisəsinin zədələnməmiş divarından amniotik mayenin xarakterinin endoskopik müayinəsi tətbiq oluna bilər. Mekoniumun qarışması nəticəsində suyun yaşılımtıl rəng alması dölün bətndaxili hipoksiyasından xəbər verir. Amnioskopiya yalnız alətin yeridilməsi üçün uşaqlıq boynunun yumşaq və bir qədər açıq olduğu hallarda aparılır.
Vaxtından keçmiş hamiləlik faktı qəti surətdə doğuşdan sonra təsdiqlənir. Vaxtından artıq daşınan dəri örtüklərinin yaşılımtıl rəngdə olması, dərialtı-piy toxumasının hipotrofiyası, kəllə sümüklərinin bərkiməsi ilə xarakterizə olunur. Göbək ciyəsi və döl qişaları tünd-yaşılımtıl rəngdə olması, cift toxumasında əhəngləşmə sahələri (petrifikatlar) müşahidə edilir.
Vaxtından keçmiş hamiləlik zamanı doğuşun aparılma taktikası
Hestasiyanın 41-ci həftəsində olan hamilələr patologiya şöbəsində hospitalizasiya olunmalıdır. Vaxtından keçmiş hamiləlik zamanı özbaşına doğuş fəaliyyətinin inkişafı mümkündür, əks halda medikamentoz stimulyasiya aparılır.
Uşaqlıq boynu doğuşa hazır olmadıqda bir neçə gün ərzində xüsusi hormonal gellər yerli tətbiq edilir, onların təsirindən uşaqlıq boynu yumşalır, servikal kanal genişlənir. Sonra uşaqlığın yığılma aktivliyini gücləndirən terapiya təyin olunur. Təbii doğuşlar zamanı auskultasiya, dölün fonokardioqrafiyasının köməyilə dölün ürək fəaliyyətinə daimi nəzarət edilməlidir.
Bir sıra hallarda (dölün proqressivləşən kəskin hipoksiyası, doğuş gücünün zəifliyi, kliniki dar çanaq, dölün çanaq gəlişi, uşaqlıqda çapıq toxumasının olması və s.) zamanı cərrahi müdaxilələr – vakuum-ekstraksiya, mamalıq maşalarının qoyulması və ya Qeysəriyyə əməliyyatı tətbiq edilir.
Vaxtından keçmiş hamiləliyin ağırlaşmaları və onların profilaktikası
Vaxtından keçmiş hamiləliyi müşayiət edən doğuşlar ləng gediş, dölyanı mayenin vaxtından qabaq axması, diskoordinasiyalı doğuş fəaliyyəti, infeksion ağırlaşmalar (endometrit, metrotromboflebit, mastit), hipo- və atonik qanaxmalarla fəsadlaşa bilər. Doğuşdan sonrakı dövrdə uşaqlığın zəif yığılma qabiliyyət ilə əlaqədar çox zaman loxiometr inkişaf edir.
Vaxtından keçmiş hamiləliyin uşaq üçün təhlükəliliyi dölün hipoksiyası və yenidoğulmuşun asfiksiyası, baş beynin zədələnmələrinin yaranması, doğuş travmaları, mekonium və amniotik mayenin aspirasiyası ehtimalı ilə əlaqədardır. Doğulan uşaqların vəziyyəti ifadəli sarılıq, hormonal krizlər, dərinin infeksion zədələnmələri, nevroloji pozğunluqlarla ağırlaşır. Belə uşaqlar çox zaman fiziki və psixi inkişafdan geri qalır.
Vaxtından keçmiş hamiləlik üzrə risk qrupuna daxil olan qadınlarda hamiləliyin aparılması xüsusi diqqət tələb edir. Ehtimal olunan vaxtda doğuş baş vermədikdə hestasiya müddətinin dəqiqləşdirilməsi, dölün vəziyyətinin qiymətləndirilməsi və doğuş haqda qərar verilməsi üçün hamilə qadınlar doğuş evində hospitalizasiya olunmalıdır.