Xroniki endoservisit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2768

xroniki endoservisit nədir?Xroniki endoservisit — servikal kanalın selikli qişasının 2 aydan çox davam edən infeksion-iltihabi xəstəliyidir. Zəif simptomatika: selikli vaginal ifrazatların miqdarının artması, axıntıların selikli-irinli xarakter daşıması, qarnın aşağı hissəsində dartıcı ağrıların yaranması ilə xarakterizə olunur. Endoservisitin diaqnostikasında ginekoloji baxış, genişlənmiş kolposkopiya, transvaginal USM, laborator müayinələrdən istifadə olunur. Müalicə məqsədilə etiotrop mikrobəleyhinə vasitələr, eubiotiklər, immunokorrektorlar, fizioterapiya təyin edilir. Göstərişlərə əsasən az invaziv cərrahi müdaxilə, traxeoplastika və radiokonizasiya aparılır.

  • Xroniki endoservisitin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Xroniki endoservisitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Xroniki endoservisitin müalicəsi
  • Proqnoz və profilaktika

Xroniki endoservisit barədə ümumi məlumat

Xroniki servisit ən çox rast gəlinən ginekoloji xəstəliklərdəndir. Simptomsuz gedişə malik olduğuna görə onun həqiqi yayılma tezliyini müəyyən etmək mümkün deyil. Endoserviksin iltihabı adətən planlı profilaktik müayinə və ya reproduktiv sistemin digər xəstəlikləri səbəbindən həkimə müraciət  zamanı aşkarlanır. Xəstəlik əsasən reproduktiv yaşda olan qadınlarda (70% hallarda), eləcə də perimenopauza dövründə rast gəlinir. Nadir hallarda endoservisit qızlarda menarxenin başlanmasından əvvəl qeydə alınır. Uşaqlıq boynunun xroniki iltihabi xəstəliyinin erkən diaqnostika və müalicəsinin aktuallığı iltihabın uşaqlıq və onun artımlarına yayılması, zədələnmiş endoserviksin bədxassəli transformasiya riskinin yüksək olması ilə bağlıdır.

Xroniki endoservisitin səbəbləri

Xroniki endoservisitin səbəbləriXəstəlik sona qədər müalicə olunmayan və ya aşkarlanmayan kəskin iltihabi proses fonunda inkişaf edir. Endoservisit müxtəlif mikroorqanizmlər və ya onların assosiasiyaları tərəfindən törədilir.

Endoserviksdə iltihab aşağıdakı infeksion agentlərin iştirakı ilə baş verir:

  • CYKİ törədiciləri. Tədqiqatların nəticələrinə əsasən qadınların 50%-də servikal kanalda xroniki iltihabi prosesə xlamidiozun törədiciləri səbəb olur. Xəstəlik həmçinin sadə herpes virusu, insan papilloma virusu (İPV), qonokokk, ureaplazma, mikoplazma, solğun spiroxetlərin təsirindən yarana bilər.
  • Şərti-patogen flora. Qeyri-spesifik iltihab adətən qram-mənfi aeroblar (enterokokk, eşerixiya, klebsiella, protey) və qeyri-klostridial anaerobların (bakteroid və peptokokk) patoloji aktivləşməsi nəticəsində baş verir. Eləcə də infeksiya ocağında stafilokk, streptokokk, klostridium, qardnerella aşkarlanır.

Xəstəliyin kəskin fazadan xroniki mərhələyə keçməsində risk amilləri mühüm rol oynayır. Uzunmüddətli fiziki yüklənmə, stress, hipotermiya, müxtəlik xəstəliklər və immunosupressorların qəbulu zamanı immunitetin zəifləməsi prosesin xronikləşməsinə səbəb olur. Həmçinin hipoestrogenemiya, invaziv prosedurlar nəticəsində uşaqlıq boynunu zədələnməsi, uşaqlıqdaxili spiral, kontraseptik qapaqcıq, diafraqma, kimyəvi agentlərlə (şırınqalama üçün turş məhlullar, spermisid, keyfiyyətsiz lateks) daimi qıcıqlanma iltihabı dəstəkləyir. Risk qrupuna uşaqlıq və uşaqlıq yolunun enməsinin rast gəlindiyi qadınlar, eləcə də baryer kontrasepsiyadan istifadə etmədən nizamsız cinsi həyat sürən pasiyentlər aiddir.

Xroniki endoservisitin patogenezi

Xroniki endoservisitlərdə infeksiya ocağında epitelin parabazal və bazal qatlarına sirayət edən ləng gedişli iltihab müşahidə edilir. Belə hallarda mikroorqanizmlərin birbaşa zədələyici rolu azalır, yerli immunitetin zəifləməsi və metaplastik proseslər ön plana keçir. Bu da mürəkkəb damar-mezenximal reaksiyaların inkişafına, silindrik epitelin bir hissəsinin yastı epitellə əvəz olunmasına, əzələ və birləşdirici toxumaların infiltrasiyasına, bərkiməsinə gətirib çıxarır. Epitel hüceyrələrinin sekretor aktivliyi yüksək olur, servikal vəzilərin dəliklərinin örtülməsi naboti kistalarının formalaşmasına səbəb olur. Epiteliositlərin sürətlə yenilənməsi, onların differensiasiyasının ləngiməsi, apoptozun proqressiv şəkildə azalması və atipiyanın artması qeydə alınır. Bəzi pasiyentlərdə proses vaxtaşırı kəskinləşmələrlə müşahidə olunan residivləşən xarakter alır.

Xroniki endoservisitin təsnifatı

Xroniki endoservisitin formaları kəskin iltihabi prosesdə olduğu kimidir. Təsnifatın əsas kriteriyaları aşağıdakılardır:

  • İnfeksion agentin tipi. CYKİ-yə yoluxma nəticəsində yaranan spesifik və təbii mikrofloranın patoloji aktivləşməsi zamanı formalaşan qeyri-spesifik endoservisitlər ayırd edilir.
  • İltihabın yayılması. Ocaqlı (makulyoz) formalarda endoserviksin ayrı-ayrı sahələri zədələnir, diffuz endoservisitdə isə proses epitel qişanı bütövlükdə əhatə edir. Xroniki endoservisit adətən diffuz xarakterli olur.

Xroniki endoservisitin əlamətləri

Xroniki endoservisitin əlamətləriXəstəliyin klinik şəkli minimal simptomatika ilə fərqlənir. Əksər hallarda xroniki gedişli endoservisit ginekoloji müayinə zamanı təsadüfən aşkarlanır. Pasiyentlər adətən vaginal axıntıların miqdarının bir qədər artdığını və onların xarakterinin dəyişdiyini qeyd edir. İfrazatlar qatılaşır, bulanıqlaşır, bəzən xoşagəlməz iyli  və ya qan qarışıqlı olur. İltihabın kəskinləşməsi zamanı qarnın aşağı hissəsində küt, dartıcı, sızıltılı ağrılar, xarici cinsiyyət orqanları nahiyəsində qaşınma və göynəmə yarana bilər. Bəzi hallarda uşaqlıq boynu kanalında uzunmüddəti iltihabın yeganə əlaməti sonsuzluq və ya adəti düşüklər olur.

Xroniki endoservisitin ağırlaşmaları

Selikli tıxacın qoruyucu xüsusiyyətlərinin zəifləməsi və daimi iltihab ocağının olması endometrit, salpingit, adneksit və onların uzaq ağırlaşmalarının – sonsuzluq və düşüklərin yaranma ehtimalını yüksəldir. 2/3 hallarda xroniki endoservisit uşaqlıq boynunun ektopiyası ilə müşayiət olunur. Ginekologiya sahəsinin mütəxəsislərinin fikrincə bu xəstəlik zamanı toxumaların maliqnizasiya təhlükəsi əhəmiyyətli dərəcədə  artır. Endoserviksin iltihabı mamalıq patologiyalarının – döl və onun qişalarının bətndaxili infeksiyalaşması, dölyanı mayenin vaxtından əvvəl axması, doğuşdan sonrakı irinli-septiki ağırlaşmaların inkişafına təsir edir.

Xroniki endoservisitin diaqnostikası

Simptomatikanın qeyri-spesifikliyi ilə əlaqədar diaqnozun qoyulmasında fizikal, instrumental və laborator müayinələrin nəticələri mühüm əhəmiyyət kəsb edir. Xroniki servisitə şübhə yarandıqda pasieyntə aşağıdakı müayinə üsulları təyin olunur:

  • Ginekoloji kresloda baxış. Vaginal güzgülərin köməyilə aparılan müayinə prosesində servikal kanalın hiperemiyalı, uşaqlıq boynunun ödemli olması izlənilir. Qanamaya meylli sahələr, selikli və selikli-irinli ifrazatlar aşkarlana bilər.
  • Genişləndirilmiş kolposkopiya. Uşaqlıq boynunun epitel qatının damarları genişlənmişdir, damar ilgəklərinin olduğu ocaqlar müşahidə edilir. Selikli qişa ödemlidir. Digər patoloji proseslər (psevdoeroziya, eroziya və s.) müəyyən oluna bilər.
  • Laborator müayinələr. Xəstəliyin törədicisini təyin etmək üçün yaxmanın mikroskopiyası və əkilməsi (antibiotikoqramma ilə), PZR-diaqnostika, xüsusi seroloji üsullar (İFR, İFA) icra olunur.
  • Servikal kanaldan götürülən yaxmanın sitologiyası. Endoserviks hüceyrələrinin iltihaba qoşulma dərəcəsini qiymətləndirməyə imkan verir. Distrofik, displastik proseslər, atipiya və maliqnizasiyanın erkən diaqnostikasında effektivdir.
  • Uşaqlıq boynunun USM. Uşaqlıq boynu qalınlaşmış, ölçüləri artmışdır. Onun strukturunda hipoexogen törəmələrə (naboti kistaları) rast gəlinir. Bu üsul uşaqlıq boynu xərçəngini inkar və ya vaxtında aşkar etməyə kömək edir.

Differensial diaqnostika uşaqlıq boynunun ektopiyası və xərçəngi, vərəm mənşəlii zədələnmələrlə aparılır. Çətin vəziyyətlərdə onkoginekoloq, ftiziatrın konsultasiyası təyin olunur.

Xroniki endoservisitin müalicəsi

Endoserviksin xroniki iltihabı təsdiqləndikdə kompleks şəkilli etiopatogenetik yanaşma məsləhət görülür. Xəstəliyin müalicəsində konservativ terapiyaya üstünlük verilir, onun əsas məqsədləri aşağıdakılardır:

  • İnfeksiya ocağının likvidasiyası. Xəstəliyin törədicisinin həssaslığı nəzərə alınmaqla antibiotiklər, göbələk, trixomonada, xlamidiya əleyhinə və digər vasitələr təyin edilir. Bu preparatların peroral qəbulu və parenteral yeridilməsi adətən yerli təsirlə (vaginal şamlar və s.) tamamlanır.
  • Vaginal biosenozun bərpası. Xroniki iltihab və antimikrob vasitələrin istifadəsi nəticəsində uşaqlıq yolunda mikroorqanizmlərin normal balansı pozulur. Eubiotik preparatların vaxtında tətbiqi endoservisitin residivlərinin və şərti-patogen floranın aktivləşməsinin qarşısını almağa imkan verir.
  • İmmunkorreksiyaedici terapiya. Xəstəlik adətən immunçatışmazlıq fonunda inkişaf etdiyindən pasiyentlərə vitamin-mineral kompleksləri, immunostimulyatorlar məsləhət görülür. Onlar infeksion agentlərə qarşı ümumi və yerli müqavimətin yüksəlməsinə, eləcə də immun cavabın normallaşmasına səbəb olur.

Medikamentoz müalicənin fizioterapiya ilə birgə aparılması daha effektivdir. Fizioterapevtik üsullar antibakterial vasitələrin iltihab əleyhinə təsirini gücləndirir, reparasiya proseslərini sürətləndirir. Xəstələrə aşağı- və yüksəktezlikli maqnitoterapiya, uşaqlıq nahiyəsinə maqneziumla elektrofarez, diadinamik cərəyan, vaginal lazer terapiya, vaginal elektrodla darsonvalizasiya təyin edilir. Bəzən endoservisitin konservativ müalicəsi cərrahi üsullarla tamamlanır. Törədicinin persistə oluna biləcəyi çoxsaylı naboti kistalarının aşkarlandığı hallarda diatermopunktura icra edilir. Ağır gedişlərdə kriodestruksiya, lazer vaporizasiya, radiokoaqulyasiya göstəriş sayılır. Xroniki iltihab uşaqlıq boynunun deformasiyası, epitelin displaziyası və elonqasiya ilə müştərək şəkildə rast gəlindikdə radiokonizasiya və traxeloplastika aparıla bilər.

Xroniki endoservisitin proqnoz və profilaktikası

Uzunmüddətli müalicənin tələb olunmasına baxmayaraq, xroniki endoservisitlər zamanı proqnoz qənaətbəxşdir. Xəstəliyin residivi yalnız immunitetin dayanıqlı zəifləməsi və cinsiyyət sisteminin digər şöbələrində iltihabi proseslər zamanı mümkündür.

Profilaktika məqsədilə kəskin servisitin vaxtında adekvat müalicəsi, müntəzəm ginekoloji baxış, nizamlı cinsi həyat, kontrasepsiyanın baryer üsulları (xüsusən cinsi partnyorların tez-tez dəyişdirilməsi zamanı) məsləhət görülür. İkincili profilaktikanın məqsədi xəstəliyin ağırlaşmalarının, ilk növbədə bədxassəli neoplaziyalar və sonsuzluğun qarşısının alınmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: