Xroniki servisit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 4446

xroniki servisit nədir?Xroniki servisit — uşaqlıq yolu və uşaqlıq boynunun supravaginal hissəsinin selikli qişasının uzunmüddətli iltihabi xəstəliyidir. Proses bir sıra hallarda uşaqlıq boynunun birləşdirici toxuma və əzələ qatına yayılır. Remissiya zamanı simptomatika vaginal ifrazatların miqdarının artması ilə məhdudlaşır. Kəskinləşmə dövründə ifrazatların həcmi artır, onlar selikli-irinli xarakter alır, qarnın aşağı hissəsində ağrılar yaranır. Diaqnoz genişlənmiş kolposkopiya, bakterioloji, seroloji və sitoloji analizlər, ginekoloji USM nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə antibiotiklər, hormonal preparatlar, eubiotiklər, immun vasitələrdən istifadə edilir.

  • Xroniki servisitin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Xroniki servisitin əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Xroniki servisitin müalicəsi
  • Proqnoz və profilaktika

Xroniki servisit barədə ümumi məlumat

Xroniki servisitin səbəbləriXroniki servisit ən geniş yayılmış ginekoloji patologiyalardandır. Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin strukturunda onun payı 50%-dən çoxdur. Ginekologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən reproduktiv yaşda olan qadınların 25%-i uşaqlıq boynunun xroniki iltihabından əziyyət çəkir. Əlamətlərin azlığı ilə əlaqədar xəstələnmə səviyyəsinin daha yüksək olması ehtimal edilir. Pasiyentlərin təxminən 2/3 hissəsini 25-45 yaşlı qadınlar təşkil edir, bəzən xəstəlik perimenopauza dövründə və çox nadir hallarda qızlarda menarxenin başlanmasından əvvəl aşkarlanır. İltihabın inkişaf riksi ilə pasiyentin cinsi aktivliyi arasında birbaşa korrelyasiya müşahidə edilir.

Xroniki servisitin səbəbləri

Uşaqlıq boynunun selikli qişasının xroniki iltihabı adətən sona kimi müalicə olunmayan kəskin iltihabi proses fonunda yaranır. Bəzən xəstəlik parlaq klinik əlamətlər olmadan tədricən inkişaf edir. Servisitin etioloji amilləri 2 qrupda cəmləşdirilir:

  • İnfeksion ağentlər. Xəstəlik CYKİ törədiciləri — qonokokk, xlamidiya, trixomonada, genital herpes və papillomatoz viruslar tərəfindən törədilir. Həmçinin servisit şərti-patogen mikrofloranın (mayayabənzər göbələklər, stafilokokk, streptokokk, bağırsaq çöpləri və s.) aktivləşməsi nəticəsində formalaşır.
  • Qeyri-infeksion amillər. Uşaqlıq boynunu travmaları, neoplastik proseslər, kontraseptivlər, dərman və gigiyenik vasitələrə qarşı allergik reaksiyalar iltihaba səbəb olur. Menopauza dövrndə estrogen səviyyəsinin azalması artofik servisitin inkişafına gətirib çıxarır.

Xəstəliyin yaranmasında risk amilləri mühüm rol oynayır:

  • Mexaniki zədələnmələr. Uşaqlıq boynunun ilthabına abort, çətin doğuş, invaziv malicəvi-diaqnostik prosedurlar keçirən pasiyentlərdə daha çox rast gəlinir.
  • Ginekoloji xəstəliklər. Xroniki iltihab uşaqlıq yolunun enməsi fonunda inkişaf edə və ya qadın cinsiyyət sisteminin digər şöbələrindən yayıla bilər.
  • Nizamsız cinsi həyat. Cinsi partnyorların tez-tez dəyişdiirlməsi CYKİ-ya yoluxma riskini artırır. Belə hallarda servisit infeksiyanın yeganə təzahürü olur və ya vulvit, vaginit, endometrit, adneksitlə müşayiət edilir.
  • İmmunitetin zəifləməsi. Yanaşı gedən ağır patologiyası olan və ya immunosupressiv preparatlar qəbul edən qadınlarda immun çatışmazlıq şərti-patogen mikroorqanizmlərin aktivləşməsinə səbəb olur.
  • Hormonal disbalans. İltihab adətən düzgün seçilməmiş oral kontraseptivlər və estrogenlərin aşağı sekresiyası ilə müşahidə olunan xəstəliklər zamanı formalaşır.
  • Yanaşı gedən xəstəliklər. Servisitin xroniki gedişi Behçet sindromu, uroloji və digər ekstragenital patologiyalı qadınlarda qeydə alınır.

Xroniki servisitin patogenezi

Xəstəliyin inkişaf mexanizmi bir neçə patogenetik həlqədən ibarətdir. İltihabi prosesin əlamətləri mülayim dərəcədə ifadə olunur və əsasən endoserviksdə lokalizasiyalaşır. Servikal kanalın selikli qişası ödemləşir, qalınlaşır və büküşlər əmələ gətirir. Damarlar  qanla dolur, limfohistiositar iltihabi ilfiltratlar yaranır, epitel hüceyrələri daha çox selik ifraz edir. Ekzo- və endoserviksdə regenerativ proseslər ləngiyir, distrofik dəyişikliklər baş verir. Selikli qişanın aşağı qatlarında birləşdirici toxuma elementləri çoxalır. Vəzilərin dəlikləri yastı epitellə örtülür, naboti (retension) kistaları formalaşır. Xəstəlik inkişaf etdikcə birləşirici toxuma və uşaqlıq boynunun əzələləri iltihabi prosesə qoşulur.

Hüceyrə və humoral immun sisteminin fəaliyyəti pozulur: B- və T-limfositlərinin miqdarı azalır, faqositar aktivlik, T-asılı immun reaksiyalar zəifləyir. Nəticədə infeksiya törədiciləri həm uşaqlıq boynu epiteli, həm də immun sisteminin hüceyrələrində persistə olunur. Servikal selikdə IgA-nın yüksək səviyyəsi fonunda G və M immunoqlobulinlərin miqdarı azalır. Yad zülallarla orqanizmin toxuma zülalları arasında «molekulyar mimikriya» halları ilə müşahidə olunan autoimmun proseslər inkişaf edir.

Xroniki servisitin təsnifatı

Xroniki serivisit etioloji amillər, yayılma dərəcəsi və iltihabi prosesin mərhələləri nəzərə alınmaqla təsnif edilir. Bu kriteriyaların əsasında xəstəliyin aşağıdakı formaları ayırd edilir.

Etiologiyaya görə:

  • CYKİ törədicilərinin səbəb olduğu xroniki spesifik servisit.
  • Şərti-patogen floranın aktivləşməsi nəticəsində və ya qeyri-infeksion amillərin təsirindən yaranan xroniki qeyri-spesifik servisit.
  • Endo- və ekzoserviksin iltihabı və nazilməsi ilə təzahür edən xroniki atrofik servisit.

İltihabın yayılmasına əsasən:

  • Diffuz — bütün selikli qişanın prosesə cəlb olunması.
  • Ekzoservisit — uşaqlıq boynunun vaginal hissəsinin zədələnməsi.
  • Endoservisit — servikal kanalın selikli qişasının zədələnməsi.
  • Makulyoz — ayrı-ayrı iltihab ocaqlarının formalaşması.

İlthabın mərhələlərinə görə:

  • İfadəli əlamətlərlə gedən kəskinləşmə dövrü.
  • Minimal klinik təzahürlərlə səciyyələnən remissiya.

Xroniki servisitin əlamətləri

Xroniki servisitin əlamətləriAdətən xəstəlik simptomsuz gedir. Remissiya dövründə az miqdarda selikli və ya selikli-irinli vaginal ifrazatlar izlənilir. Aybaşıdan əvvəl və ya dərhal sonra axıntıların miqdarı artır. Ağrı sindromu qeydə alınmır. Klinik əlamətlər kəskinləşmə dövründə daha ifadəli olur. İrinin yaranması ilə əlaqədar selikli ifrazatlar bulanıqlaşır və ya saralır. Pasiyent qarnın aşağı hissəsində diskomfort və küt dartıcı ağrılardan şikayətlənir. Sidik ifrazı və cinsi akt zamanı ağrı hissi güclənir. İntim əlaqədən sonra yaxılan qanlı ifrazatlar əmələ gəlir. Servisitin kolpitlə birgə rast gəlindiyi hallarda uşaqlıq yolunda cüzi qaşınma və göynəmə hissi yaranır.

Xroniki servisitin ağırlaşmaları

Xroniki servisit vaxtında və düzgün müalicə olunmadıqda uşaqlıq boynunun hipertrofiyası, onun selikli qişasında eroziya və xoraların formalaşması, polipoz törəmələrlə ağırlaşır. İltihabi proses uşaqlıq yolu, bartolin vəzilər, endometrium, uşaqlıq boruları, yumurtalıqlar, digər çanaq orqanlarına yayıla bilər. İltihabın xroniki gedişi zamanı əksər qadınlarda displaziya inkişaf edir, uşaqlıq boynu xərçənginin inkişaf riski yüksəlir. Servikal kanalın epitelinin hasil etdiyi seliyin tərkibinin dəyişməsi və iltihabla bağlı anatomik dəyişikliklər uşaqlıq boynu sonsuzluğuna gətirib çıxara bilər.

Xroniki servisitin diaqnostikası

Xroniki servisitin klinik təzahürlərinin qeyri-spesifikliyi və zəif ifadə olunması ilə əlaqədar xəstəliyin diaqnostikasında fizikal, instrumental və laborator müayinələrin nəticələri mühüm əhəmiyyət kəsb edir. Diaqnozun qoyulmasında istifadə olunan ən informativ üsullar aşağıdakılardır:

  • Ginekoloji kresloda baxışSelikli qişa bir qədər ödemlidir, uşaqlıq boynu qalınlaşmış və azacıq böyümüşdür. Ekzoserviks nahiyəsində eroziyalaşmış sahələr və papillomatoz törəmələr aşkarlanır.
  • Genişlənmiş kolposkopiya. Mikroskop altında baxış selikli qişanın vəziyyətini dəqiqləşdirməyə, xəsrçəngönü dəyişiklikləri və epitelin bədxassəli degenerasiyasını vaxtında müəyyən etməyə imkan verir.
  • Laborator etioloji müayinələr. Floraya görə yaxma, bakterioloji əkilmə və antibiotikoqramma törədicinin aşkarlanmasına və onun etiotrop preparatlara qarşı həssaslığının qiymətləndirilməsinə yönəldilir. PZR, İFA, İFA vasitəsilə spesifik infeksion agentin növünü dəqiqliklə təyin etmək mümkündür.
  • Sitomorfoloji diaqnostika. Uşaqlıq boynu sıyrıntısının müayinəsi zamanı dəyişikliklərin xarakteri, ekzo- və endoserviks hüceyrələrinin vəziyyəti müəyyən edilir. Maliqnizasiya əlamətlərini vaxtında təyin etmək üçün bioptatın histologiyasından istifadə edilir.
  • Ginekoloji USM. Exoqrafiya prosesində deformasiyalaşan, qalınlaşan və ölçüləri artan uşaqlıq boynu, naboti kistaları aşkar edilir, onkoproses istisna olunur.

Yuxarıda qeyd olunan üsullarla yanaşı qadın cinsi hormonlarının səviyyəsini və immunitetin vəziyyətini müəyyən edən analizlər aparıla bilər. Xəstəlik uşaqlıq boynunun vərəmi, xərçəngi və ektopiyası ilə differensiasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün müayinə prosesinə onkoginekoloq, ftizioginekoloq, dermatoveneroloq cəlb oluna bilər.

Xroniki servisitin müalicəsi

Düzgün seçilmiş kompleks terapiya nəinki kəskinləşmə əlamətlərinin aradan qaldırılmasına, həm də dayanıqlı remissiyanın əldə olunmasına imkan verir. Müalicə kursu çərçivəsində pasiyentə aşağıdakılar təyin edilir:

  1. Etiotrop medikamentoz müalicə. İnfeksion mənşəli servisit zamanı antibakterial və virusəleyhinə preparatlardan istifadə olunur. Antimikrob vasitə törədicinin həssaslığı nəzərə alınmaqla seçilir. Hormonal preparatlar (estrogenlər) menopauza dövründə olan qadınlarda atrofik servisitin müalicəsində tətbiq edilir.
  2. Vaginal mikrofloranın bərpası. Antibiotikoterapiya kursu başa çatdıqdan sonra eubiotiklər (yerli – şam, tampon, vaginal duş şəklində və ya daxilə) məsləhət görülür.
  3. Köməkçi terapiya. Selikli qişanın regenerasiya proseslərini sürətləndirmək, immuniteti möhkəmləndirmək və residivlərin qarşısını almaq məqsədilə immun- və fitoterapiya, fizioterapevtik prosedurlar aparılır.

Retension kistalar aşkarlandıqda radiodalğalı diatermopunktura təyin edilir. Konservativ müalicənin effekt vermədiyi və ya xroniki servisitin uşaqlıq boynunun displaziyası, elonqasiyası, çapıq deformasiyası və digər xəstəlikləri ilə müşayiət olunduğu hallarda cərrahi müdaxilələr — krio- və ya lazer terapiya, traxeloplastika və s. həyata keçirilir.

Xroniki servisitin proqnoz və profilaktikası

Xəstəliyin proqnozu qənaətbəxşdir. Servikal displaziyanı vaxtında müəyyən etmək üçün müalicə kursundan sonra pasiyent ildə 2 dəfə kolposkopiyadan keçməli, sitoloji yaxma verməli və bakterial əkilmə icra olunmalıdır. Xroniki servisitin profilaktikası müntəzəm ginekoloji baxış, qadın cinsiyyət sisteminin iltihabi xəstəliklərinin adekvat müalicəsi, invaziv prosedurların əsaslı təyininə əsaslanır.  İntim gigiyena qaydalarına riayət, baryer kontraseptivlərdən istifadə (xüsusən cinsi partnyorların tez-tez dəyişdirilməsi zamanı), aybaşı vaxtı cinsi əlaqənin istisna edilməsi məsləhət görülür. Residivlərin qarşısını almaq üçün ümummöhkəmləndirici və immunoterapiya, yuxu və istirahət rejiminə nəzarət, ayaqlar və çanaq nahiyəsinin soyuqdan qorunması tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: