Yalançı hamiləlik
Yalançı hamiləlik – psixo-fizioloji pozğunluq olub, həqiqi hamiləliyin əlamətlərinə bənzər neyro-endokrin simptomlara əsaslanaraq, qadının özünü hamilə zənn etməsi ilə xarakterizə olunur. Yalançı hamiləlik halı vasvasılıq və emosional pozğunluqları olan qadınlarda müşahidə olunur; aybaşının kəsilməsi, toksikoz, süd vəzilərinin böyüməsi, çəkinin və qarnın həcminin artması ilə təzahür edə bilər. Yalançı hamiləlik ginekoloji müayinə, hamiləlik testi, USM vasitəsilə müəyyən edilir. Belə qadınların müalicəsi ilə ginekoloq, endokrinoloq və psixoterapevt məşğul olur.
- Yalançı hamiləliyin səbəbləri
- Yalançı hamiləliyin əlamətləri
- Yalançı hamiləliyin diaqnostikası
- Yalançı hamiləliyin müalicəsi
Yalançı hamiləlik barədə ümumi məlumat
Yalançı hamiləlik həm də isterik, psevdohamiləlik kimi tanınır. Bu hal nadir pozğunluq olub, orta hesabla 22 000 həqiqi hamiləlik arasında cəmi 6 halda qeyd olunur. Psevdohamiləlik zamanı qadın öz halını simulə etmir, əksinə, həqiqətən də hamilə olduğuna inanaraq, onun əlamətlərini hiss edir.
Eləcə də yalançı hamiləlik sindromu (Kuvad sindromu) həyat yoldaşı hamilə olan kişilərdə müşahidə oluna bilər. Bu pozğunluq infantil-isterik psixotipli kişilərdə qadının vəziyyəti ilə əlaqədar güclü narahatlıq fonunda yarana bilər. Bu zaman kişilər həyat yoldaşlarında hamiləliyin gedişini xarakterizə edən bir çox əlamətləri hiss edir.
Yalançı hamiləliyin səbəbləri
Sindromun etiologiyası tam öyrənilməmişdir. Ehtimal olunur ki, onun təməlində endokrin, vegetativ və somatik pozğunluqlara aparan psixoloji və emosional amillər dayanır. Tədqiqatçıların fikrincə yalançı hamiləlik keçirən qadınlarda hamilə qalmaq və ana olmaq istəyi çox güclü olur. Çox zaman belə qadınlarda yalançı hamiləliyin əlamətləri onların rəfiqələrinin və ya yaxın qohumlarının hamilə qalması ilə eyni zamanda müşahidə olunur. Əksər halarda yalançı hamiləlik nevroz, psixoz, isteriya fonunda inkişaf edir.
Stress, narahatlıq, yüksək həyəcan və emosionallıq hipofiz hormonunun sintezinin artmasına səbəb olur, bu hal həm də həqiqi hamiləlik zamanı izlənilir. Hormonal disbalans nəticəsində qadını hamilə olmasına inanmağa məcbur edən böyük bir simptomokompleks yaranır.
Yalançı hamiləliyin yaranması üzrə risk qrupuna yaşı 35-dən yuxarı olan, uzun müddət ərzində hamilə qalmağa cəhd göstərən və sonsuzluqdan əziyyət çəkən qadınlar aiddir. Bundan əlavə, yalançı hamiləlik qeyri-stabil psixikalı, yüksək oyanıqlıqlı, hamiləlik və uşaqlarla bağlı hər bir şeyə həssas, eləcə də uşağını itirən və ya anamnezində özbaşına (spontan) düşüklər olan qadınlarda yarana bilər.
Bəzi hallarda yalançı hamiləlik əksinə, ana olmaq istəməyən, hamiləlik və doğuşa qarşı panik fobiyası olan qadınlarda inkişaf edir. Eləcə də, endokrin pozğunluqlar və ya ginekoloji xəstəliklər (yumurtalığın kistası, uşaqlığın mioması, ikincili amenoreya və s.) fonunda yalançı hamiləlik halları qeyd olunmuşdur.
Yalançı hamiləliyin əlamətləri
Yalançı hamiləlik mayalanmadan sonra qadın orqanizmində baş verən dəyişiklikləri imitasiya edən vegetativ və endokrin əlamətlərlə müşayiət olunur. Psevdohamilə qadınlarda aybaşının gecikməsi, toksikoz əlamətləri (ürəkbulanma, hipersalivasiya, qusma, əzginlik, yuxululuq, əhval-ruhiyyənin dəyişməsi, dad hissinin təhrif olunması və s.) izlənilir.
Yalançı hamiləlik zamanı süd vəzilərinin kobudlaşması və ağız südünün ayrılması; qarnın ön divarında dərialtı toxumanın inkişafının artması və meteorizm nəticəsində qarnın böyüməsi; bədən çəkisinin artması, qəbizlik; peristaltikanın artmasının dölün hərəkəti kimi qəbul olunması müşahidə oluna bilər. Çox nadir hallarda həddindən artıq vasvası qadınlarda yalançı doğuş sancılarına rast gəlinir. Bəzən psevdohamiləlik zamanı hamiləlik testi müsbət olur, bu da qadını öz vəziyyətinin reallığına daha çox inanmağa məcbur edir. Adətən yalançı hamiləliyin əlamətləri 3-4 ay davam edir, lakin bəzən bu müddət uzana bilər.
Yalançı hamiləliyin diaqnostikası
Həqiqi hamiləlik ginekoloji müayinə zamanı istisna edilir. Psevdohamilə qadınlarda cinsiyyət orqanlarının obyektiv dəyişiklikləri – uşaqlıq boynu və uşaqlıq yolunun sianozu, uşaqlığın böyüməsi və yumşalması aşkarlanmır
“Yalançı hamiləlik” diaqnozunun təqdiqlənməsi məqsədilə USM, sidikdə xorionik qonadotropinin müayinəsi, qarın boşluğunun icmal rentgenoqrafiyası aparılır. Yalançı hamiləlik simulyasiya olunan hamiləlik, inkişafdan qalmış hamiləlik, uşaqlıqdan kənar hamiləlik, çanaq nahiyəsinin şiş xəstəlikləri ilə differensiasiya edilir.
Yalançı hamiləliyin müalicəsi
Psevdohamiləlik halı adətən xüsusi müalicə tələb etmir. Əksər hallarda vəziyyətin ginekoloq tərəfindən savadlı şəkildə başa salınması, eləcə də yaxın qoyumların dəstəyi ilə qadın bu yalançı hisslərdən azad olur. Özünə təlqinin aradan qalxması ilə aybaşı sikli bərpa olur, toksikoz və hamiləliyin digər əlamətləri yoxa çıxır.
Qadında endokrin pozğunluların olmasına şübhə yarandıqda, müalicəyə ginekoloq-endokrinoloq və ya terapevt-endokrinoloq cəlb olunur. Yalançı hamiləliyə inanmaqdan inadla imtina edən və reallığa qeyri-adekvat yanaşan qadınlar nevroloq, psixoloq, psixoterapevtin müayinəsinə göndərilir. Nevrozəbənzər reaksiyaları və psixi pozğunluqları olan qadınlarda “yalançı hamiləlik” xəbəri depressiyaya, intihar haqqında fikirlər və cəhdlərə səbəb ola bilər; belə hallarda psixiatr müalcəsi tələb olunur. Adətən sağaldıqdan sonra qadınlarda bu hal bir də təkrarlanmır.