Yumurtalığın apopleksiyası
Yumurtalığın apopleksiyası – ginekologiyada təxirəsalınmaz hal olub, yumurtalıq toxumasının qəflətən tamlığının pozulması (dağılması) ilə xarakterizə olunur. Yumurtalığın apopleksiyası ovarial toxumaya qansızma, qarın boşluğuna müxtəlif dərəcəli qanaxmalar və kəskin ağrı sindromu ilə müşahidə olunur. Diaqnostika ümumi müayinə, uşaqlıq yolunun arxa tağının punksiyası, kiçik çanağın USM, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Yumurtalığın apopleksiyasının müalicəsi əksər hallarda cərrahi yolla (orqan qoruyucu və ya radikal) aparılır. Vaxtında yardım göstərildikdə və ağırlaşmaların (peritonit və bitişmə prosesləri) müşahidə olunmadığı hallarda sağlamlıq və növbəti hamiləlik üçün proqnoz qənaətbəxş sayılır.
- Yumurtalığın apopleksiyasının yaranma səbəbləri
- Yumurtalığın apopleksiyasının təsnifatı
- Yumurtalığın apopleksiyasının əlamətləri
- Yumurtalığın apopleksiyasının diaqnostikası
- Yumurtalığın apopleksiyasının müalicəsi
- Yumurtalığın apopleksiyasının ağırlaşmaları və proqnoz
- Yumurtalığın apopleksiyasının profilaktikası
Yumurtalığın apopleksiyası barədə ümumi məlumat
Yumurtalığın apopleksiyasının sinonimlərinə hematoma, infarkt, yumurtalığın dağılması aiddir. Yumurtalığın apopleksiyasına ginekoloji patologiyalı qadınların 1-3%-də rast gəlinir. Bu patologiya əsasən 20-35 yaş qrupuna aid qadınlarda müşahidə olunur. Əksər hallarda sağ yumurtalıqda inkişaf edir, bu da onun birbaşa aortadan ayrılan sağ yumurtalıq arteriyası ilə zəngin təchiz olunmasından irəli gəlir. Sağ yumurtalıq kütlə və ölçülərinin böyüklüyü, daha çox inkişaf etmiş limfa sisteminin olması ilə xarakterizə olunur. Sol yumurtalığın qan təchizatı böyrək arteriyasından şaxələnən sol yumurtalıq arteriyası ilə həyata keçirilir.
Klinik-morfoloji əlamətlərə görə yumurtalığın follikulyar kistasından, ovulyasiya zamanı yetişmiş follikullardan, yumurtalığın stromasından, sarı cismin kistasından, disfunksiyalı yumurtalıqdan gələn qanaxmalar ayırd edilir. Yumurtalığın apopleksiyası 0,5-2,5% xəstələrdə qarındaxili qanaxmaların yaranmasına səbəb olur.
Yumurtalığın apopleksiyasının səbəbləri
Yumurtalığın apopleksiyasının inkişafı patogenetik olaraq ovarial toxumanın spesifikliyi ilə əlaqəlidir. Yaranma səbəblərinə kiçik çanaq orqanlarının qanla təchiz olma xüsusiyyətləri, ovarial aybaşı siklinin müxtəlif fazalarında yumurtalıq damarlarının keçiriciliyinin dəyişilməsi aiddir. Damarların genişlənməsi və qanla dolması nəticəsində damar divarlarında yaranan dəyişikliklər onların keçiriciliyinin artmasına səbəb olur və bu hal damar divarlarının tamlığının pozulmasına kimi davam edə bilər.
Yumurtalığın apopleksiyası yumurtalıqların polikistozu, yumurtalıq venalarının varikoz genişlənməsi, ooforit, uşaqlıq artımlarının iltihabı, hamiləliyin dayandırılması və s. səbəblərdən yumurtalıq toxumasının distrofik və sklerotik dəyişiklikləri fonunda inkişaf edir. Yumurtalığın apopleksiyasının yaranma ehtimalı ovulyasiyanın medikamentoz stimulyasiyası zamanı artır, bu da ovulyasiya və sarı cismin əmələ gəlməsinin pozulması ilə nəticələnir. Bəzi müəlliflər bu patologiyanın yaranma səbəblərinə ovarial toxuma damarlarının xüsusiyyətlərinin dəyişilməsi ilə müşayiət olunan neyroendokrin pozğunluqlar, eləcə də antikoaqulyantların qəbulunu aid edirlər. Bundan əlavə qarın boşluğunun travması, fiziki gərginlik halı, at sürmə, idmanla məşğul olmaq, güclü və ya natamam cinsi akt, və qarındaxili təzyiqi artıran digər hallar da yumurtalığın apopleksiyasının yaranmasına səbəb ola bilər. Tibbdə yumurtalığın apopleksiyasının heç bir yaranma səbəbi olmadan inkişaf etdiyi hallar da müşahidə olunur. Çox vaxt yumurtalığın dağılması appendisitin inkişafı ilə əlaqəli olur. Yumurtalığın apopleksiyası aybaşı siklinin istənilən fazasında baş verə bilər, lakin əksər hallarda bu hal ovulyasiya dövrü və ya aybaşıdan bir qədər əvvəl – qonadotrop hormonların səviyyəsinin ən yüksək olduğu zaman rast gəlinir. Yumurtalığın apopleksiyası həmçinin aybaşının gecikməsi fonunda da inkişaf edə bilər.
Yumurtalığın apopleksiyasının təsnifatı
Üstünlük təşkil edən əlamətlərə əsasən yumurtalığın apopleksiyasının aşağıdakı əlamətləri qeyd olunur: qarın boşluğuna qanaxmanın üstünlük təşkil etdiyi anemik və ya hemorragik forma; daxili qanaxma müşahidə olunmadan güclü ağrı sindromu ilə xarakterizə olunan ağrılı forma; anemik və ağrılı formanın əlamətlərini özündə birləşdirən qarışıq.
Lakin əslində yumurtalığın apopleksiyası həmişə müxtəlif dərəcəli qanaxmalarla müşayiət olunur. Hal-hazırda patologiyanı ağırlıq dərəcəsinə görə ayırmaq irəli sürülmüşdür. Qanaxmanın həcminə əsasən yüngül, orta və ağır dərəcəli yumurtalıq apopleksiyaları ayırd edilir.
Yumurtalığın apopleksiyasının əlamətləri
Yumurtalığın apopleksiyasının əsas əlamətlərinə ağrı və daxili qanaxmalar aiddir. Ağrı sindromu kəskin xarakterli olub, qarnın aşağı hissəsində lokalizasiya olunur. Ağrı müxtəlif xarakter daşıya bilər: daimi və ya tutmaşəkilli, küt və ya sancışəkilli. Ağrı tutması 30 dəqiqədən bir neçə saata kimi davam etməklə gün ərzində vaxtaşırı olaraq təkrarlanır. Yumurtalığın apopleksiyası zamanı qanaxmalar AT-in azalması, nəbzin tezləşməsi və ya zəifləməsi, dəri örtüklərinin avazıması, ümumi halsızlıq, başgicəllənmə, bayılma, titrətmə, selikli qişaların quruluğu, qusma, sidik ifrazının tezləşməsi, defekasiya aktına çağırışlarla müşayiət olunur. Əksər hallarda aybaşının ləngiməsindən sonra cinsi yollardan axan qanlı ifrazata rast gəlinir. Təcili tədbirlər görülmədikdə daxili qanaxma proqressivləşə və xəstənin həyatı üçün ciddi təhlükə törədə bilər.
Yüngül dərəcəli yumurtalıq apopleksiyası üçün öz-özünə yaranan qısamüddətli ağrı tutmaları, ürəkbulanma xarakterikdir, peritoneal əlamətlər və şok halları müşahidə olunmur. Orta dərəcəli yumurtalıq apopleksiyasının klinik əlamətlərinə güclü ağrı, ümumi halsızlıq, qusma, bayılma, aydın nəzərə çarpmayan peritoneal əlamətlər və I dərəcəli şok aiddir. Ağır dərəcəli yumurtalıq apopleksiyasının gedişi uşaqlıqdan kənar hamiləlik, kəskin appendisit, hamiləlik, yumurtalıq kistalarının burulması, böyrək sancıları, kəskin pankreatit, peritonitə bənzəyə bilər, ona görə də dəqiq differensial diaqnostika aparılmalıdır.
Yumurtalığın apopleksiyasının diaqnostikası
Yumurtalığın apopleksiyası rast gəlinən xəstələr adətən «kəskin qarın» diaqnozu ilə hospitalizasiya olunur. Patologiyanın yaranma səbəbini aşkar etmək üçün cərrah, ginekoloq, uroloqun müayinəsindən istifadə olunur. Yumurtalığın apopleksiyasında diaqnoz tez və dəqiq qoyulmalıdır, çünki artan qanaxma qadının vəziyyətini ağırlaşdıra və həyati təhlükə törədə bilər. Differensial diaqnostika məqsədilə ginekoloji müayinə, hemoqlobinin yoxlanması, uşaqlıq yolunun arxa tağının punksiyasının aparılması, kiçik çanağın USM, laparoskopiya aparılır.
Yumurtalığın apopleksiyasının xarakter əlamətlərinə ovulyasiya dövrü və ya aybaşının II dövründə qarında kəskin ağrıların yaranması aiddir. Ümumi müayinə və palpasiya zamanı zədələnmiş yumurtalıq nahiyəsində ağrı, qarnın köplüyü, müsbət peritoneal əlamətlər aşkar olunur. Qanın ümumi analizində hemoqlobinin nəzərə çarpan dərəcədə azalması, leykositoz qeyd olunur. Uşaqlıqdan kənar hamiləliyi inkar etmək üçün qanda xorionik qonadotropinin səviyyəsi yoxlanılır.
Uşaqlıq yolunun müayinəsi zamanı yan və arxa tağların kəskin ağrılı olması, tağ damarlarının pulsasiyası, güclü qansızma zamanı – arxa tağın şişkinliyi müşahidə olunur. Uşaqlıq boynuna doğru yerdəyişməsi zamanı güclü ağrı yaranır. Uşaqlığın ölçüləri dəyişilməz qalır, bəzi hallarda azacıq artır, konsistensiyası sərtdir. Zədələnmiş artım ağrılı, toyuq yumurtasının ölçüsünə kimi böyümüş olub, elastik konsistensiya və məhdud hərəkətliliyə malikdir. Yumurtalığın apopleksiyasında cinsi yollardan axan ifrazata da rast gəlmək mümkündür.
Uşaqlığın arxa tağının punksiyası zamanı qan və ya seroz-qanlı maye əldə edilir. USM müayinədə qarında sərbəst maye, zədələnmiş nahiyədə ovarial toxumaya qansızma əlamətləri müşahidə olunur. Yumurtalığın apopleksiyasının son diaqnostikası və qanaxmanın aradan qaldırılması üçün laparoskopiyadan istifadə olunur.
Yumurtalığın apopleksiyasının müalicəsi
Konservativ müayinə yumurtalığın apoleksiyasının yüngül formalarında aşkar əlamətlərin olmadığı hallarda mümkündür. Apoleksiya zamanı ciddi yataq rejimi təyin edilir, qarın nahiyəyə buz qoyulur, xanımotu tərkibli şamlar, spazmolitiklər, vitaminlər, qansaxlayıcı preparatlardan istifadə olunur. Kəskin dövrdən sonra diatermiya, kalsium xlor ilə elektrofarez, Bernar cərəyanı təyin olunur. Qanaxmanın güclənməsi əlamətləri baş verdikdə təcili əməliyyat aparılır.
Son zamanlar yumurtalığın apopleksiyasının cərrahi müalicəsi aparılır. Konservativ müalicə ancaq patologiyanın yüngül formalarında və hamiləlik zamanı təyin olunur. Əgər qadın hamiləlik planlaşdırırsa, yumurtalığın apoleksiyasının cərrahi yolla müalicəsinə üstünlük verilir. Yumurtalığın apopleksiyasında cərrahi müalicə laparoskopiya ilə həyata keçirilir, az hallarda endoskopik əməliyyatın aparılması mümkün olmadıqda laparotomiya aparılır. Cərrahi əməliyyata əks göstəriş hemorragik şokun ən son dərəcəsi hesab olunur. Əməliyyat maksimal dərəcədə yumurtalıq toxumaları qorunmaqla aparılır. Yumurtalığın apopleksiyası zamanı əməliyyatın həcmi geniş olur: ovarial toxumanın dağılan nahiyəsinin koaqulyasiyası, yumurtalığın pazşəkilli rezeksiyası, yumurtalığın dağılmış hissəsinin tikilməsi ooforektomiya, adneksektomiya. Cərrahi əməliyyatın əsas hissəsi qarın boşluğunun dəqiqliklə yuyulması, qan laxtalarının təmizlənilməsindən ibarətdir ki, bu da sonsuzluq və bitişmə proseslərinin qarşısını almaq üçün vacibdir.
Əməliyyatdan sonrakı dövrdə bitişmə proseslərinin qarşısını almağa, hormonal proseslərin normallaşmasına, reproduktiv imkanların bərpasına yönəldilmış tədbirlər tətbiq olunur. Yumurtalığın apopleksiyasından sonrakı bərpa dövründə düzgün kontrasepsiya üsülu seçilir, fizioterapiya (maqnitoterapiya, ultrasəs, lazeroterapiya, sink, lidaza ilə elektrofarez, uşaqlıq borularının elektrostimulyasiyası) təyin olunur.
Yumurtalığın apopleksiyasının ağırlaşmaları və proqnoz
Yumurtalığın apoleksiyasını müşayiət edən nəzərəçarpan qanitirmə zamanı hemorragik şok inkişaf edə bilər, bu da vaxtında yardım göstərilmədikdə ölümlə nəticələnir. Konservativ müalicə kiçik çanaqda bitişmə proseslərinin inkişafı (85,7%), sonsuzluq (42,8%), yumurtalığın təkrar dağılması (təxmini 50%) təhlükəsini yaradır. Yumurtalığın apopleksiyasının vaxtında aşkar olunması və müalicəsi sağlamlıq və reproduktiv funksiyanın qorunmasına zəmanət verir. Yumurtalığın apopleksiyasından sonra hamiləliyin aparılması ginekoloq tərəfindən yüksək diqqət tələb edir.
Yumurtalığın apopleksiyasının profilaktikası
Yumurtalığın apopleksiyanın yaranma və təkrar inkişafının qarşısını almaq üçün qadında aşkarlanan ginekoloji xəstəliklərin (adneksit, ooforit, polikistoz yumurtalıqlar sindromu, cinsi yolla ötürülən xəstəliklər) müalicəsi, etioloji amillərin aradan qaldırılması və vaxtaşırı ginekoloq müayinəsi tövsiyə olunur. Yumurtalığın apoleksiyana şübhə olduqda xəstəyə ciddi yataq rejimi təyin olunur, qarın nahiyəsinə buz qoyub təcili yardım çağırmaq lazımdır.