Yumurtalığın burulması
Yumurtalığın burulması – orqanın tam və ya hissəvi fırlanması nəticəsində yaranan, onun qan cərəyanının və qidalanmasının pozulması ilə müşahidə olunan kəskin cərrahi vəziyyətdir. Yumurtalığın burulması üçün qarında birtərəfli lokalizasiyalı qəfil güclü ağrılar, qanlı ifrazat, ürəkbulanma və qusma, defekasiyanın pozulması, dizuriya, qızdırma, taxikardiya xarakterikdir. Diaqnostika prosesində bimanual müayinə, qarın boşluğu və kiçik çanağın USM, laparoskopiyadan istifadə edilir. Yumurtalığın burulması zamanı təcili cərrahi əməliyyatların – laparoskopik detorsiya, kistektomiya, yumurtalığın rezeksiyası, ovarioektomiya, adneksektomiyanın aparılması tələb olunur.
- Yumurtalığın burulmasının təsnifatı
- Yumurtalığın burulmasnın yaranma səbəbləri
- Yumurtalığın burulmasının əlamətləri
- Yumurtalığın burulmasının diaqnostikası
- Yumurtalığın burulmasının müalicəsi
Yumurtalığın burulması barədə ümumi məlumat
Yumurtalığın burulması – uşaqlıq artımlarının ağır patologiyası olub, yumurtalığı fiksasiya edən bağların fırlanması, onun damarlarının sıxılması və orqanın işemiyası nəticəsində yaranır. Təcili ginekoloji vəziyyətlər arasında 5-ci yeri tutur. Yumurtalığın burulması bütün yaş qruplarını əhatə edən qadınların 3%-də qeyd edilir, lakin onun rastgəlmə tezliyi 17-30 yaş arası xəstələrdə daha yüksək olur. Patologiya yeniyetmələr arasında kifayət qədər yayılmışdır; bir sıra hallarda yumurtalığın burulması hamiləlik dövründə və ya doğuşdan sonra müşahidə olunur. Yumurtalığın burulması qadının reproduktiv funksiyasına ciddi təsir göstərir.
Spesifik klinik şəklin olmaması ilə əlaqədar (xüsusən qızlarda) patologiyanın gec aşkar olunması bir və ya hər iki yumurtalığın itirilməsinə, sonsuzluğa gətirib çıxara bilər. Qonşu orqanların (uşaqlıq, periton, sidik kisəsi, sidik axarları, nazik, kor və S-vari bağırsaqların) patoloji prosesə qoşulması, pelvioperitonitin, peritonitin inkişafı həyati təhlükənin yaranması ilə müşayiət olunur.
Yumurtalığın burulmasının təsnifatı
Adətən bir yumurtalığın müxtəlif variantlarda torsiyası inkişaf edir. Bu proses sağlam yumurtalığın öz oxu ətrafında fırlanması, yumurtalıq törəməsinin burulması, uşaqlıq artımlarının burulması, uşaqlıq artımlarının və bağırsaq ilgəklərinin burulması şəklində gedə bilər. Müşahidələrə əsasən sol yumurtalığın burulması sağla müqayisədə 1.5 dəfə az müşahidə edilir, bu da sol tərəfdə yerləşən S-vari bağırsağın onun mobilliyini məhdudlaşdırması ilə əlaqədardır. Bəzən eyni zamanda və ya tədricən (bir neçə həftədən bir neçə ilə kimi) hər iki yumurtalığın burulması baş verir.
Yumurtalığın burulması tam (360°) və ya natamam olur; qəfil və ya tədricən yaranır; izolə olunmuş və ya digər anatomik strukturlarla (uşaqlıq borusu və ya bağırsaq) müştərək şəkildə inkişaf edir. Yumurtalıq arteriyasının sıxılması ilə müşayiət olunan tam burulma kəskin trofik pozğunluqlara-yumurtalıq toxumasının işemiyası və nekrozuna gətirib çıxarır. Natamam torsiya zamanı əsasən qan və limfa axınının pozulması nəticəsində venoz durğunluq və orqandaxili hemorragiyalar, yumurtalığın apopleksiyası, qarın boşluğuna qanaxmaların yaranma riski qeyd edilir.
Yumurtalığın burulmasının səbəbləri
Yumurtalığın burulması adətən yumurtalıqlar, uşaqlıq boruları və uşaqlıq-yumurtalıq bağlarının anadangəlmə və qazanılmış anomaliyaları, keçirilmiş ginekoloji əməliyyatlar və çanaq orqanlarında aparılan digər müdaxilələr fonunda yaranır. Uşaqlarda sağlam, qadınlarda isə əsasən patoloji dəyişikliklərə uğramış yumurtalığın burulması izlənilir.
Əksər hallarda (60%-ə qədər) yumurtalığın burulması müxtəlif törəmələrin – iri, 5-6sm diametrli kistaların (paraovarial, dermoid) və şişlərin (çox zaman xoşxassəli) – fibroma, teratoma, sistaadenomanın hesabına orqanın həcmi və kütləsinin burulması zamanı inkişaf edir. Yumurtalıq bütöv şəkildə və ya həcmli törəmənin yalnız ayaqcığı burula bilər. Kiçik çanaqda bitişmə proseslərinin geniş yayılması ilə əlaqədar yumurtalığın endometrioid kistası və bədxassəli şişləri az hallarda burulmaya məruz qalır.
Sağlam yumurtalığın burulması uşaqlıq-yumurtalıq bağlarının zəifliyi, gərilməsi və ya cərrahi zədələnməsi, fallop borularının uzanması (borunun spiralvari və yumurtalıq bağlarının oz aralarında burulması) nəticəsində onun fiksasiyasının pozulması, bəzən isə bağırsaq ilgəklərinin və onun uzun müsariqəsinin anomal hərəkətliliyi zamanı baş verir. Yumurtalığın digər anatomik strukturlarla burulması hər iki orqanın qan təhcizatını pozur, belə hallar daha ağır patologiyalar hesab olunur. Yumurtalığın hipermobilliyi ikitərəfli residivləşən burulmalara səbəb ola bilər.
Çox zaman yumurtalığın burulması kəskin hərəkətlər və ya bədən vəziyyətinin dəyişməsi (fırlanmalar), fiziki gərginlik, intensiv idman fəaliyyəti; xüsusən dairəvi firlanma hərəkətlərinin qəfil dayandırılması ilə bağlı olur. Bununla yanaşı patologiyanın inkişafına qarnın iti və ya küt travmaları, uzunmüddətli ağır öskürək tutmaları, bağırsağın motorikasının sürətlənməsi, sidik kisəsinin gərilməsi təsir edir. Yumurtalığın burulmasına təkan verən amillərə həmçinin mezosalpinksin damarlarının qıvrılması və uzanması, hidro- və piosalpinksin olması aiddir. Hamiləlik zamanı yumurtalığın burulması böyüyən uşaqlıq tərəfindən orqanın sıxışdırılması ilə izah olunur.
Yumurtalığın burulmasının əlamətləri
Yumurtalığın burulmasının klinik şəkli kəskin qarın simptomatikası ilə oxşardır. Əlamətlər sakitlik və ya fiziki gərginlik fonunda, qarın və ya çanaq nahiyəsində birtərəfli lokalizasiyalı güclü deşici və ya tutmaşəkilli xarakterli, yan tərəfə, kürək və ya qasığa irradiasiya edən ağrılarla başlanır. Adətən intensivləşən ağrı sindromu halsızlıq, müvəqqəti yüngüllük gətirən dalğavari xarakterli ürəkbulanma və qusma, meteorizm, qəbizlik, dizuriya, qanlı ifrazatla müşayiət olunur. Qızdırma, taxikardiya, soyuq tər, dəri örtüklərinin solğunluğu qeyd edilir.
Yumurtalığın natamam burulması zamanı əlamətlər tədricən inkişaf edir, xəstələr arabir kəskinləşən küt ağrılardan şikayət edir. Patologiyanın fəsadlarına qanaxmalar, yumurtalığın nekrozu, pelvioperitonit, uzaq ağırlaşmalarına isə çanaq boşluğunda bitişmə prosesi, xroniki çanaq ağrılarının yaranması aiddir.
Yumurtalığın burulmasının diaqnostikası
Kəskin cərrahi vəziyyətlə əlaqədar yumurtalığın burulmasının diaqnozu qısa müddət ərzində qoyulmalıdır. Bu məqsədlə anamnezin toplanmasından (qarın və çanaq orqanlarında əməliyyatın aparılması, uşaqlıq artımlarının törəmələrinin olması faktı), ginekoloji baxış, qarın boşluğu və kiçik çanaq orqanlarının USM, qanın ümumi analizi, diaqnostik laparoskopiyadan istifadə olunur.
Qarnın palpasiyası yalnız 50% hallarda infiltratı müəyyən etməyə imkan verir. Peritonun qıcıqlanma əlamətləri adətən patologiyanın gec mərhələlərində meydana çıxır. Bimanual müayinə uşaqlıq artımları nahiyəsində mülayim və ya kəskin ağrını, yumurtalığın həcminin artmasını və sərtləşməsini aşkar edir. İltihabi-nekrotik proseslərin inkişafı zamanı yüksək leykositoz qeyd olunur.
Rəngli doppler rejimində USM vəziyyətin asimmetriliyini, burulmuş yumurtalığın böyüməsini və sərtləşməsini, iri törəmə hesabına onun strukturunun dəyişməsini, kiçik çanaqda sərbəst mayenin olmasını, zədələnmiş orqanda qan cərəyanının pozulmasını/olmamasını vizualizasiya etməyə imkan yaradır. Yalnız diaqnostik laparoskopiya və ya laparotomiya yumurtalığın hiperdinamikliyini və burulmasını, qanlı ekssudatın olmasını birbaşa tətin edir. Histoloji müayinə yumurtalıq toxumasının hemorragik infiltrasiyasını, nekroz əlamətlərini sübüt edir.
Yumurtalığın burulmasının yumurtalığın apopleksiyası, uşaqlıq artımlarının iltihabı, uşaqlıqdan kənar hamiləlik, kəskin appendisit, kəskin bağırsaq keçməməzliyi ilə differensial diaqnostikasısı aparılır.
Yumurtalığın burulmasının müalicəsi
Yumurtalığın burulması zamanı xəstə təcili hospitalizasiya edilməli və cərrahi müdaxilə icra olunmalıdır. Prosesin ağırlığından asılı olaraq, müxtəlif usullar tətbiq olunur. Ağırlaşmamış patologiyalarda, uşaqlarda, reproduktiv yaş dövründə olan qadınlarda və hamilələrdə orqanqoruyucu əməliyyatlar-uşaqlıq artımlarının laparoskopik detorsiyası; yumurtalığın kistası zamanı-kistektomiya; şişin ayaqcığının burulması hallarında yumurtalığın rezeksiyasının aparılması məqsədəuyğundur. Yumurtalığın burulmasının residivlərinin profilaktikası məqsədilə yumurtalığın çanaq divarlarına fiksasiyası (ovariopeksiya) məsləhət görülür.
Ağırlaşmaların inkişafı zamanı laparotomiya üsulundan istifadə edilir. Yumurtalığın burulmasının zədələnmiş orqanların qan dövranının geridönməyən pozğunluqları ilə müşayiət olunan gecikmiş mərhələlərində, yumurtalığın keçid törəmələrində və ya postmenopauza dövründə ovarioektomiya, adneksektomiya tətbiq edilir. Yumurtalıq toxumasının nekrozunun aşkar əlamətləri orqan detorsiyasız xaric edilməsinə göstəriş sayılır. Xəstəyə mütləq qaydada antibakterial terapiya (infuzion və ya əzələ daxilinə) təyin olunur. Hospitalizasiyanın müddəti ağırlaşmalara əsasən müəyyən edilir. Yumurtalığın bədxassəli şişlərində əməliyyatın həcmi genişləndirilərək, yaxınlıqdakı limfa düyünləri də çıxarılır və xəstə onkoloqa yönəldilir.
Yumurtalığın burulmasının erkən diaqnostikası və müalicəsi zamanı proqnoz qənaətbəxş sayılır, adətən nekrozun olmadığı hallarda orqanı və reproduktiv funksiyanı qorumaq mümkün olur. Patologiya gec aşkar olunduqda sürətlə inkişaf edən ağırlaşmalarla bağlı proqnoz pisləşir, qeyri-qənaətbəxş nəticələrin yaranma ehtimalı yüksəlir. Yumurtalığın burulmasının qarşısını almaq üçün profilaktik ginekoloji müayinələr, kiçik çanaq orqanlarının USM, uşaqlıq artımlarının kistoz törəmələri və şişlərinin vaxtından aşkar edilməsi və müalicəsi məsləhət görülür.