Yumurtalığın disherminoması

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2615

yumurtalığın disherminoması nədir?Yumurtalığın disherminoması – bədxassəli şiş olub, indifferent ilkin cinsi hüceyrələr – qonadalardan inkişaf etdiyi ehtimal olunur. Adətən cavan yaşlarda aşkarlanır. Çox zaman cinsiyyət orqanların hipoplaziyası və ümumi infantilizm fonunda yaranır. Erkən mərhələlərdə ağrı, halsızlıq və dizutiya ilə müşayiət oluna bilər. Xəstəliyin son mərhələlərində qonşu orqanlara invaziya, törəmənin infeksiyalaşması, hipertermiya və ümumi intoksikasiya müşahidə olunur. Diaqnoz şikayətlər, ümumi və ginekoloji baxış, əlavə müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə üsulu: cərrahi əməliyyat, sonra radioterapiya.

  • Yumurtalığın disherminomasının yaranma səbəbləri və patanatomiyası
  • Yumurtalığın disherminomasının əlamətləri
  • Yumurtalığın disherminomasının diaqnostikası
  • Yumurtalığın disherminomasının müalicə və proqnozu

Yumurtalığın disherminoması barədə ümumi məlumat

Yumurtalığın disherminoması – bədxassəli törəmə olub, ilkin cinsi hüceyrələrdən inkişaf etdiyi ehtimal olunur. Herminogen şişlərin ən yayılmış forması sayılır. Yumurtalıqların ümumi şişlərinin 0,5-4%-ni, yaşı 20-dən aşağı olan xəstələr arasında rast gəlinən bədxassəli törəmələrinin isə 20%-ni təşkil edir. 75% hallarda 10-30 yaş arasında izlənilir.  Müşahidələrin 10-15%-də xəstəliyin ikitərəfli olması qeyd olunur. Yumurtalığın bədxassəlik dərəcəsi çox fərqli olur. Limfogen yolla metastazlaşma xarakterikdir. Hematogen metastazlar adətən xəstəliyin terminal mərhələsində aşkarlanır. Müalicə ginekologiya və onkologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Yumurtalığın disherminomasının yaranma səbəbləri və patanatomiyası

Yumurtalığın disherminomasının səbəbləriYumurtalığın disherminoması ilkin cinsi hüceyrələrdən inkişaf edir. Normada embrionun bütün hüceyrələri doğuş anına qədər primordial follikullar əmələ gətirir. Follikulların yaranma prosesi pozulduqda belə hüceyrələr orqan toxumasında dəyişilməz halda qalır, gələcəkdə nəzarətsiz şəkildə proliferasiyaya uğrayaraq bədxassəli törəmələrə çevrilir. Yumurtalığın disherminoması olan xəstələr əksər hallarda ümumi və cinsi infantilizmdən əziyyət çəkir. Belə xəstələrdə çox zaman qadın cinsi orqanlarının anomaliyalarına rast gəlinir. Anamnezdə amenoreya və ya gec menarxe aşkarlanır.

Yumurtalığın disherminoması yumru və ya oval formalı, bərk konsistensiyalı, qabarıqlı səthi olan törəmədir. İlkin mərhələlərdə hamar kapsulla örtülür, sonradan kapsulu dağıdaraq ətraf toxumalara invaziya edir. Əksər hallarda birtərəfli olur. Adətən yumurtalığın disherminoması orqanın qapı nahiyəsində lokalizasiyalaşır. Duqlas boşluğunda (uşaqlığın arxasında olan, peritonla sərhədlənən sahədə) yerləşir. Şişin ölçüləri çox fərqli olur. Gecikmiş mərhələlərdə şiş tamamilə yumurtalıq toxumasını əvəz edir. Yumurtalığın disherminoması üçün yerli aqressiv böyümə və limfogen metaztazlaşma xarakterikdir. Şiş proqressivləşərək fallopiya boruları, uşaqlıq və digər qonşu orqanlara yayıla bilər. Çox zaman qarın aortasının limfa düyünlərinə və ümumi qalça arteriyasına metastaz verir. Xəstəliyin son mərhələlərində uzaq metastazlara rast gəlinir, bu proses adətən ağciyərlər, qaraciyər və sümüklərdə müşahidə olunur.

Yumurtalığın disherminoması kəsikdə qonur, boz və ya çəhrayı çalarlı sarı rəngdə olur. Diffuz qansızmalar qeyd olunur. Mikroskop altında dəqiq sərhədləri, şəffaf nüvəsi və köpüklü sitoplazması olan iri hüceyrələr aşkarlanır. Mitozların sayı izlənilə bilər. Əksər hallarda çoxnüvəli gigant hüceyrələrə rast gəlinir. Yumurtalığın disherminomasının hüceyrələri stromadan kənarda və ya hialinləşmiş və ya lifli stromada toplanır. Stromada limfoid hüceyrəli infiltratlar müəyyən edilir.

Yumurtalığın disherminomasının əlamətləri

Yumurtalığın disherminomasının əlamətləriXəstəliyin klinik şəkli qeyri-spesifikdir. Adətən ilkin əlamət ağrı ilə təzahür edir. Xəstələrin təxminən 50%-də ağrı hissiyyatı küt, dartıcı və ya sızıltılı olur. 15% hallarda ağrı kəskin qarının klinik əlamətlərini xatırladan kəskin xarakter daşıyır. Bundan əlavə xəstələr dizuriya, MBT-nın funksional dəyişiklikləri və aybaşı siklinin pozğunluqlarından şikayət edir. Halsızlıq və yorğunluq müşahidə olunur. Xəstəliyin son mərhələlərində hipertermiya, EÇS-nin yüksəlməsi və ümumi intoksikasiya əlamətləri ilə müşayiət olunan yumurtalığın disherminomasının infeksiyalaşması və dağılması mümkündür.

Xəstələrin əksəriyyətində xarici baxış zamanı infantilizm əlamətləri izlənilir. Bəzi xəstələrdə maskulinizasiya simptomları nəzərə çarpır. Qarnın palpasiyasında şişəbənzər törəmə müəyyən edilir. Ginekoloji baxış zamanı parietal peritonun sidik kisəsi-uşaqlıq və ya düz bağırsaq – uşaqlıq çökəkliyinin dərinliyində yerləşən 5-15sm diametrli bərk konsistensiyalı şiş palpasiya edilir. İlkin mərhələlərdə yumurtalığın disherminoması hərəkətli olur, proses proqressivləşdikcə törəmənin hərəkətliyi azalır. Yayılma zamanı kiçik çanaq nahiyəsində çox saylı düyünlər və ya toxuma konqlomeratları əllənir.

Yumurtalığın disherminomasının diaqnostikası

Yumurtalığın disherminomasının diaqnozu şikayətlər, ümumi və ginekoloji baxış, instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Cavan xəstələrdə infantilizm və ya maskulinizasiya əlamətləri, amenoreya və ya gec menarxe ilə müştərək inkişaf edən kiçik çanaq nahiyəsində iri ölçülü, qabarıq səthli, bərk konsistensiyalı şişin olması yumurtalığın disherminomasından şübhələnməyə əsas verir. Xəstələr kiçik çanağın rəngli doppler –USM müayinəsinə göndərilir.  Exoqramın nəticələrinə əsasən nahamar sərhədləri olan qeyri-düzgün formalı exopozitiv törəmə aşkarlanır. Dopplerometriyada çoxsaylı vaskulyarizasiya ocaqları izlənilir. Diaqnoz kəsilmiş törəmənin histoloji müayinəsi prosesində təsdiqlənir.

Yumurtalığın disherminoması uşaqlığın fibromioması və yumurtalığın digər törəmələri ilə differensiasiya edilir. Fibromioma adətən orta və yaşlı şəxslərdə, disherminma isə cavan xəstələrdə və yeniyetmə qızlarda müşahidə olunur. Fibromioma zamanı polimenoreya və ya hipermenoreya, disherminomada isə amenoreya və ya oliqomenoreya qeyd olunur. Digər törəmələrlə differensial diaqnostika ciddi praktik əhəmiyyət daşımır, çünkü yumurtalığın bütün şişləri cərrahi yolla çıxarılmalıdır.

Yumurtalığın disherminomasının müalicə və proqnozu

Müalicə cərrahi yolla aparılır. Cərrahi müdaxilənin həcmi prosesin yayılma dərəcəsi, xəstənin yaşı və onun ana olmaq istəyindən asılı olaraq təyin edilir. Reproduktiv yaşda olan və hamiləlik planlaşdıran qadınlarda yumurtalığın kiçik ölçülü disherminoması zamanı birtərəfli adneksektomiya icra edilir.   Preklimakterik yaş dövründə olan xəstələrdə və yenidən ana olmaq istəməyən qadınlarda uşaqlığın artımlarla birgə ekstirpasiyası (panhisterektomiya) ya piyliyin çıxarılması (omentektomiya) aparılır. Yumurtalıqların ikitərəfli disherminoması, kapsulun deşilməsi və qonşu orqanların prosesə cəlb olunması zamanı panhisterektomiya, omentektomiya icra edilir, sonra isə müalicə şüa terapiyası ilə davam etdirilir. Yumurtalığın disherminoması şüalanmaya qarşı yüksək həssaslığa malikdir. Əməliyyatdan sonrakı dövrdə residivlər və metastazlar aşkar edildikdə radioterapiya yaxşı nəticələr verir. Disseminə olunmuş yumurtalıq disherminomalarında kimyaterapiyanın istifadəsi mümkündür. Xəstələrə adətən melfalin, sisplatin, etopozid və bleomisin təyin olunur.

Proqnoz nisbi qənaətbəxş sayılır. Yumurtalığın birtərəfli lokal disherminoması olan xəstələrdə uşaqlıq artımlarının çıxarılmasından sonra 5 illik sağ qalma orta hesabla 90% təşkil edir. Hamiləlik və doğuşun uğurla başa çatdığı hallar qeyd olunmuşdur. İkitərəfli disherminoma, şişin yumurtalıqdan kənara yayılması, limfogen və hematogen metastazlar zamanı proqnoz qeyri-qənaətbəxş olur. Sağqalma müddəti ilə bağlı fikirlər müxtəlifdir. Bəzi mütəxəssislər qeyd edir ki, kombinəolunmuş terapiya aparıldıqda 5 illik sağ qalma 85%-dən yuxarı qalxır. Digərlərinin fikrincə yumurtalığın disherminomasının bədxassəlik dərəcəsi müxtəlif olduğundan, xüsusən də yeniyetmə qızlarda şiş aşkarlandıqda dəqiq proqnoz vermək çətin olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: