Yumurtalığın psevdomusinoz kistoması 

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1229

yumurtalığın psevdomusinoz kistoması nədir?Yumurtalığın psevdomusinoz kistoması – yumurtalığın xoşxassəli həqiqi törəməsi olub, seliyəbənzər maddə (psevdomusin) sintez edən epitel elementlərindən ibarətdir. Patologiya qarında ağırlıq və ağrı, qarnın həcminin böyüməsi, defekasiya və sidik ifrazı pozğunluqları ilə təzahür edir. Yumurtalığın psevdomusinoz kistomasının diaqnostikasında vaginal müayinə, USM, laparoskopiyadan istifadə olunur. Müalicə yalnız cərrahi yolla aparılır: törəmənin xaric edilməsi, ovariektomiya, uşaqlıq artımlarının çıxarılması və ya uşaqlığın supravaginal amputasiyası ilə adneksektomiya.

  • Yumurtalığın psevdomusinoz kistomasının əlamətləri
  • Yumurtalığın psevdomusinoz kistomasının diaqnostikası
  • Yumurtalığın psevdomusinoz kistomasının müalicəsi

Yumurtalığın psevdomusinoz kistoması barədə ümumi məlumat

yumurtalığın psevdomusinoz kistomasının səbəbləriPsevdomusinoz kistoma yumurtalıqların ən iri şiş törəməsi sayılır; rüşeym səhifələrinin differensiasiyasının pozulması zamanı ektodermal elementlər, müller kanallarının epiteli, mezonefroz rudimentləri və səthi ovarial epiteldən inkişaf edir. Psevdomusinoz kistoma yumurtalığın yumru və ya oval formalı, sıx elastik konsistensiyalı, nahamar səthli epitel şişidır. Əksər hallarda birtərəfli inkişaf edir. Adətən psevdomusinoz kistoma çoxkameralı olur: qatı yarımşəffaf, bəzən qan qarışıqlı möhtəviyyatla (psevdomusin) dolu olan müxtəlif olçülü əsas və qız kistoz boşluqlardan təşkil olunur. Yumurtalığın psevdomusinoz kistomasının boşluğu uşaqlıq boynunun servikal vəzilərinin epitelinə bənzər hündür prizmatik təkqatlı epitellə döşənmişdir.

Psevdomusinoz kistomanın divarları xaricdən hamar olub, aşağı kubşəkilli epitellə örtülür. Epitel qatın altında qan damarları və limfa axacaqları ilə birləşdirici toxuma qatı yerləşir; kapsulun daxili səthi   hamardır, bəzən orada papillyar törəmələrə rast gəlinir. Yumurtalığın psevdomusinoz kistoması ayaqcığa malikdir, şiş çox hərəkətliliyi onun hesabına baş verir. Evertləşən tip üzrə sürətlə böyüyür, iri ölçülərə çataraq (30-50sm-ə qədər) maliqnizasiyalaşa bilir.

Ginekologiyada yumurtalığın sekret ifraz edən (proliferativ aktivlik göstərməyən), proliferasiyaedici (epitelin intensiv böyüməsi, polimorfizmi və hiperxromotozmu ilə müşahidə olunan xərçəngönü hal) və maliqnizasiyalaşmış psevdomusinoz kistomaları qeydə alınır. Patologiya əsasən 40 yaşdan yuxarı qadınlarda aşkarlanır.

Yumurtalığın psevdomusinoz kistomasının əlamətləri

Yumurtalığın psevdomusinoz kistomasının əlamətləriYumurtalığın psevdomusinoz kistoması simptomsuz gedə, hətta iri ölçülərə çatdıqda belə heç bir şikayətlə müşayiət olunmaya bilər. Bəzən xəstələr qarnın həcminin böyüməsinə diqqət yetirir və ya qarnın ön divarından sərbəst şəkildə şişi əlləyirlər. Kiçik ölçülü, hərəkətli psevdomusinoz kistoma zamanı aybaşı sikli və qonşu orqanların funksiyaları pozulmur; şişin məhdud hərəkəti və ölçülərinin artdığı hallarda qarnın aşağı hissəsində, beldə ağırlıq və ağrı yaranır, defekasiya və sidik ifrazı tezləşir və ya çətinləşir.

Bu pozğunluqlar yumurtalığın psevdomusinoz kistomasının kapsulunun boğulması, sidik kisəsi və sidik axarları, düz bağırsaq, oma kələfi, venoz və limfa damarlarının sıxılması nəticəsində baş verir. Psevdomusinoz kistoma qonşu orqanlara bitişə, cinsiyyət sisteminin digər şişləri (adətən uşaqlığın fibromioması) ilə müşayiət oluna bilər. Yumurtalığın bu növ kistomasında assit nadir hallarda  müşahidə edilir.

Həddindən artıq iri ölçülərə malik psevdomusinoz kistomalar zamanı təngnəfəslik, ürəkdöyünmə, aşağı ətrafların ödemi qeyd olunur. Yumurtalıq şişlərinə məxsus ağırlaşmalar: ayaqcığın burulması və ya kapsulun cıırlması, boğulma, irinləmə, şişin boşluğuna qansızma, nekroz yarana bilər.

Şişin ayaqcığının burulması adətən kəskin hərəkətlər, ağır yüklərin qaldırılması zamanı baş verir. Yumurtalığın psevdomusinoz kistomasının ayaqcığının tam burulması kəskin qarın simptomatikası: güclü kəskin ağrı, qarnın ön divar əzələlərinin gərginliyi, qusma, hipertermiya, taxikardiya; hissəvi burulma isə daha az ifadəli klinik əlamətlərlə təzahür edir. Kistomanın kapsulu travma nəticəsində cırılaraq, şiş möhtəviyyatının qarın boşluğuna axmasına gətirib çıxara bilər.

Yumurtalığın psevdomusinoz kistomasının diaqnostikası

Yumurtalığın psevdomusinoz kistoması bimanial ginekoloji müayinə zamanı aşkarlana bilər. Uşaqlıq artımları nahiyəsində yumru formalı, elastik konsistensiyalı, birtərəfli, hərəkətli və ağrısız, bəzən iri ölçülü qabarıq törəmə müəyyən edilir. Transabdominal və ya transvaginal ultrasəs müayinədə çoxsaylı arakəsmələrdən və seliyəbənzər möhtəviyyatdan ibarət birtərəfli törəmə vizualizasiya olunur.

Yumurtalıqların xərçəngini istisna etmək üçün qanda CA-125 onkomarkerin səviyyəsi təyin edilir. Göstərişlər olduqda sistoskopiya, icmal uroqrafiya, rekroskopiya, irriqoskopiya tətbiq olunur; xəstə uroloq və proktoloqun qəbuluna yönəldilir. Şübhəli hallarda diaqnostik laparoskopiya göstəriş hesab olunur.

Yumurtalığın psevdomusinoz kistomasının müalicə və profilaktikası

Yumurtalığın psevdomusinoz kistomasının müalicəsi cərrahi yolla icra olunur, əməliyyatın həcmi xəstənin yaşı və şişin xarakterindən asılıdır; cavan yaşlarda minimal cərrahi müdaxilə-kistomanın xaric edilməsi (ayrıca, sağlam toxuma hüdudlarında və ya yumurtalıqla birlikdə) və onun histoloji müayinəsi ilə kifayətlənmək olur. Maliqnizasiya faktı təsdiq edildikdə təkrar genişlənmiş laparotomiya üsulu ilə yumurtalıqların çıxarılması (ooforektomiya), uşaqlığın supravaginal amputasiyası və böyük pisliyin rezeksiyası həyata keçirilir.

Gec reproduktiv yaşlarda adneksektomiya, postmenopauza dövründə panhisterektomiya və böyük piyliyin rezeksiyası tətbiq edilir. Yumurtalığın psevdomusinoz kistomasının ayaqcığının burulması və kəskin qarın əlamətlərinin yaranması zamanı təcili cərrahi müdaxilə aparılır, belə hallarda əməliyyatın həcmi intraoperasion şəkildən asılı olur.

Yumurtalığın psevdomusinoz kistomasının spesifik profilaktikası işlənilib hazırlanmamışdır. Ağırlaşmış gediş və maliqnizasiyanın qarşısını almaq üçün müntəzəm profilaktik ginekoloji müayinələr, USD tövsiyə olunur. Psevdomusinoz kistoma aşkarlandıqda onun planlı xaric edilməsi məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: