Yumurtalığın tekalütein kistası
Yumurtalığın tekalütein kistası – ovarial toxumanın retension törəməsi olub, tekalütein hüceyrə qatına malik olan atreziyaya uğramış follikullardan ibarətdir. Bir qayda olaraq, tekalütein kistanın yaranması trofoblastik xəstəlik və ya ovulyasiyanın medikamentoz hiperstimulyasiyası ilə bağlıdır. Yumurtalığın tekalütein kistası çanaq nahiyəsində diskomfort törədə; kapsulun cırılması və ya ayaqcığının burulması zamanı kəksin qarın simptomatikası inkişaf edə bilər. Tekalütein kistaların diaqnostikası anamnestik məlumatlar, ginekoloji və ulltrasəs müayinələrin nəticələrinə əsaslanır. Yumurtalığın tekalütein kistaları adətən müalicə tələb etmir, hamiləlik başa çatdıqdan və ya trofoblast xaric edildikdən sonra spontan şəkildə geriyə inkişaf edir. Kistanın reqresə uğramaması və onun ağır gedişi cərrahi müalicəyə göstəriş sayılır.
- Yumurtalığın tekalütein kistasının yaranma səbəbləri
- Yumurtalığın tekalütein kistalarının əlamətləri
- Yumurtalığın tekalütein kistalarının diaqnostikası
- Yumurtalığın tekalütein kistasının müalicəsi
Yumurtalığın tekalütein kistası barədə ümumi məlumat
Tekalütein kistalar yumurtalığın kistoz törəmələrinin 2- 10%-ni təşkil edir. Yumurtalığın tekalütein kistaları çoxsaylı, ikitərəfli simmetrik lokalizasiyalı olur. Tekalütein kista şəffaf və ya solğun-sarı maye möhtəviyyatdan ibarət nazik divarlı çox kameralı törəmədir. Kistanın mikroskop altında müşahidəsi zamanı lüteinləşdirici tekalütein hüceyrələrinə malik olan atreziyaya uğramış follikullar aşkarlanır. Yumurtalıqların tekalütein kistalarının ölçüləri 6 sm-lə 30-40sm arasında dəyişir.
Yumurtalığın tekalütein kistasının səbəbləri
Yumurtalıqların tekalütein kistaları follikulların hiperstimulyasiyasına səbəb olan xorionik qonadotropinin yüksək konsentrasiyasının təsirindən inkişaf edir. Az hallarda etioloji amil rolunda follikulların xorionik qonadotropininə yüksək həssaslığı ilə əlaqəli lütein hiperreaksiyası iştirak edir. XQ-nin yüksək səviyyəsi trofoblastik xəstəlikdə (beçəxor və ya xorionepitelioma) qeydə alınır. Bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin 25-60%-də yumurtalıqların tekalütein kistalarına rast gəlinir.
Bəzən yumurtalıqların tekalütein kistaları normal gedişli çoxdöllü hamiləlik və ya şəkərli diabet, hipertenziya, gecikmiş toksikozlar, rezus-uyğunsuzluq fonunda hestasiya zamanı formalaşır. Yumurtalıqların tekalütein kistaları yenidoğulmuşlarda da aşkarlana bilər; nəhəng (diametri 8-12sm) kistalar qonşu orqanları sıxaraq, bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.
Bundan əlavə yumurtalıqların tekalütein kistaları hamiləlikdən kənar dövrdə, məsələn ekstrakorporal mayalanma proqramında superovulyasiyanın stimulyasiyası məqsədilə qonadotropinlər, klostilbegitin (klomofen) təyini zamanı da inkişaf edə bilər. Belə kistalar adətən tək saylı, birtərəfli və tək kameralı olur.
Yumurtalığın tekalütein kistalasının əlamətləri
Yumurtalıqların tekalütein kistaları əksər hallarda simptomsuz gedir. İri ölçülü kistalar qarnın aşağı hissəsində dartılma və ya təzyiq hissi törədə bilər. Hamiləlik və ya trofoblastik xəstəlik zamanı uşaqlığın yumşalması və ölçülərinin artması izlənilir. Yumurtalıqların tekalütein kistaları bir qayda olaraq, hamiləliyin gedişini ağırlaşdırmır: uşaqlığın ölçüsü hestasiya müddətinə uyğun gəlir, dölün tərpənişləri və ürək döyüntüsü pozulmur. Ovulyasiyanın stimulyasiyası üçün preparatların qəbulu fonunda yaranan tekalütein kistalarının qeydə alındığı qadınlarda uşaqlıq normal ölçülərə və bərk konsistensiyaya malik olur.
Yumurtalıqların tekalütein kistaları üçün assitin olması xarakterik deyil. Kistaların ağırlaşmasına (kapsulun cırılması, ayaqcığın burulması, nekroz, qanaxma) çox nadir hallarda rast gəlinir. Belə vəziyyətlərdə kəskin qarın simptomatikası – qəfil ağrı sindromu, hipotoniya, taxikardiya, qusma, dəri örtüklərinin solğunluğu ön plana keçir.
Yumurtalığın tekalütein kistalarının diaqnostikası
Yumurtalıqlarında tekalütein kistaları olan bütün qadınların anamnezində hamiləlik, onunla bağlı ağırlaşmalar və ya ovulyasiyanın induksiyası üçün preparatların qəbulunun olması xarakterikdir. Ginekoloji müayinə zamanı kistalar bir və ya hər 2 yumurtalıqda 6-30sm diametrində palpasiyada ağrısız törəmələr şəklində müəyyən edilir. Spesifik testlərin nəticələri müsbət olur.
Kiçik çanağın ultrasəs müayinəsində yumurtalıqların tekalütein kistalarına xas olan exoskopik əlamətlər: çoxkameralı quruluş, homogen möhtəviyyat, simmerik lokalizasiya və s. aşkarlanır. Şübhəli hallarda diaqnostik laparoskopiya və ya laparotomiyadan istifadə olunur.
Tekalütein kistalarının intraoperasion diaqnostikası heç bir çətinlik törətmir: yumurtalığa baxış zamanı salxımşəkilli, gərgin, nazik divarlı törəmə müəyyən edilir. Kəsikdə kistanın daxili səthi sarı rənglidir, kameradan sarı maye ifraz olunur. Tekalütein kista yumurtalıqların kistoması, sarı cismin kistası, yumurtalığın xərçəngi ilə differensiasiya edilir.
Yumurtalığın tekalütein kistasının müalicəsi
Yumurtalıqların neoplastik zədələnmə əlamətləri (assit, qanaxma, disseminasiya və s.) aşkarlanmadıqda pasiyentlərin doğuşdan sonra və ya növbti aybaşı siklləri ərzində dinamik ultrasəs müayinəsi ilə konservativ-gözləmə taktikası seçilir. Adətən hamiləlik başa çatdıqdan və ya trofoblast toxumalarının evakuasiyasından sonra XQ səviyyəsinin normallaşması zamanı yumurtalıqların tekalütein kistaları 2-4 ay müddətində öz-özünə geriyə inkişaf edir. Yumurtalıqların tekalütein kistalarının USM nəzarət altında punksion skleroterapiyasının aparılması mümkündür. Kapsulun cırılması və ya ayaqcığın partlaması hallarında yumurtalıqların laparoskopik pazvari rezeksiyası icra olunur.