Yumurtalıq şişinin ayaqcığının burulması
Yumurtalıq şişinin ayaqcığının burulması – ovarial törəmənin hərəkətli ayaqcığını əmələ gətirən anatomik quruluşların fırlanması və ya əyilməsi nəticəsində inkişaf edən ağırlaşmadır. Yumurtalıq şişinin ayaqcığının burulması qarında kəskin ağrılar, qusma, hərarətin yüksəlməsi, qarnın ön divar əzələlərinin gərginliyi ilə təzahür edir. Diaqnoz ginekoloji müayinə, USM, diaqnostik laparoskopiyanın nəticələrinin əsasında qoyulur. Yumurtalıq şişinin ayaqcığının burulması təcili cərrrahi müdaxilənin aparılmasını tələb edir; dəyişikliklərin ağırlıq dərəcəsindən asılı olaraq, yumurtalıqların rezeksiyası və ya adneksektomiya aparıla bilər.
- Yumurtalıq şişinin ayaqcığının burulmasının yaranma səbəbləri və mexanizmi
- Yumurtalıq şişinin ayaqcığının burulmasının əlamətləri
- Yumurtalıq şişinin ayaqcığının burulmasının diaqnostikası
- Yumurtalıq şişinin ayaqcığının burulmasının müalicəsi
- Yumurtalıq şişinin ayaqcığının burulmasının proqnoz və profilaktikası
Yumurtalıq şişinin ayaqcığının burulması barədə ümumi məlumat
Ayaqcığın burulması adətən yüksək hərəkətliliyə malik yumurtalıq şişlərində: dermoid kista, kistoma, fibroma, paraovarial kistalar və s. müşahidə olunur. Kəskin qarın hallarının təxminən 20%-nin səbəbi yumurtalıq şişinin ayaqcığının burulması ilə bağlıdır. Ayaqcığın burulması şiş törəməsinin qan təhcizatının kəskin pozulmasına, işemik və nekrotik dəyişikliklərə, venoz durğunluğa səbəb olur, bu da öz növbəsində daha təhlükəli fəsadlara – peritonit, şişin boşluğuna qansızma və ya onun dağılması ilə əlaqədar qarındaxili qanaxmalara gətirib çıxara bilər.
Şişin anatomik ayaqcığı yumurtalığa aid olan morfoloji strukturlardan: müsariqə, yumurtalıq asılan və yumurtalığın xüsusi bağları, damarlar (yumurtalıq vena və arteriyası, onun uşaqlıq arteriyası ilə anastomozu), limfatik və sinir kötüklərindən ibarətdir. Yumurtalıq şişinin anatomik ayaqcığının burulması zamanı cərrahi ayaqcıq yaranır, onun tərkibinə digər strukturlar – uşaqlıq borusu, sağlam yumurtalıq, bağırsaq ilgəkləri, piylik də qoşula bilər.
Yumurtalıq şişinin ayaqcığının burulmasının səbəbləri və mexanizmi
Yumurtalıq şişinin ayaqcığının burulmasına səbəb olan amilər axıra kimi öyrənilməmişdir. Əksər hallarda ağırlaşma kəskin hərəkətlər, bədən vəziyyətinin dəyişməsi, fiziki gərginlik, idman hərəkətləri nəticəsində inkişaf edir. Bundan əlavə burulma sakitlik halında gücvermə, bağırsaq peristaltikasının artması və ya sidik kisəsinin həddindən artıq dolması ilə əlaqədar qarındaxili təzyiqin kəskin artması zamanı baş verə bilər. Yumurtalıq şişinin ayaqcığının burulmasına həmçinin hamiləlik (xüsusən qarın divarı əzələlərinin zəifliyi zamanı) və yaxın keçmişdə olan doğuşlar səbəb ola bilər.
Burulma dərəcəsinə görə tam (360° və daha artıq) va natamam (< 360°); inkişaf sürətinə əsasən kəskin və tədricən baş verən burulmalar ayırd edilir. Anatomik ayaqcığın burulması zamanı yumurtalığı qidalandıran arteriyaların, eləcə də venoz, limfatik və sinir strukturlarının əyilməsi baş verir.
Yumurtalıq şişinin ayaqcığının burulması tədricən və hissəvi inkişaf etdikdə, əvvəlcə asan sıxılan nazikdivarlı venalarla qan axını pozulması qeyd edilir, bu zaman arterial qan cərəyanı nisbi dəyişilməz qalır. Venoz durğunluq nəticəsində şiş düyünü böyüyür, göyümtül- tünd-qırmızı rəng alır; qansızmalar müşahidə olunur, bəzən kapsulun cırılması və qarın boşluğuna massiv qanaxma izlənilir
Yumurtalıq şişinin ayaqcığının sürətli və ya daha ifadəli burulması zamanı arterial qan dövranı dayanır, bu da duyündə nekrotik dəyişikliklər və septiki ağrılaşmaların (peritonit) yüksək ehtimalı ilə müşayiət olunur.
Yumurtalıq şişinin ayaqcığının burulmasının əlamətləri
Yumurtalıq şişinin ayaqcığının burulması zamanı simptomatikanın ifadəliyi burulma dərəcəsindən, onun inkişaf sürətindən asılıdır. Ayaqcığın tam burulması zamanı tipik kəskin qarın simptomatikası təzahür edir. Patoloji vəziyyət qarnın aşağı hissəsində kəskin, güclü, tutmaşəkilli ağrılarla xarakterizə olunur. Ağrılar oma və aşağı ətraflara irradiasiya edir. Bu fonda qusma, hərarətin yüksəlməsi, taxikardiya, bağırsaq disfunksiyası (meteorizm, qəbizlik, ishal), dizurik pozğunluqlar, dəri solğunluğu, hipotoniya, soyuq tər qeyd edilir; uşaqlıq yolundan qanlı ifrazatın axması müşahidə oluna bilər.
Qarın divarı gərginləşir və palpasiyada ağrılı olur. Xəstə aşağı ətraflarını qarın nahiyəyə yığaraq, məcburi vəziyyət alır. Qan təhcizatının dayanmasından 2-3 saat sonra şiş düyününün nekrozu inkişaf edir, bu da sinir hüceyrələrinin ölümü və ağrının azalması ilə müşayiət edilir. Xəstənin ümumi vəziyyəti bir qədər yaxşılaşır, lakin bu hal çox aldadıcı olur: tibbi yardım göstərilmədikdə 4-6 saatdan sonra peritonit yarana bilər.
Az ifadəli simptomatika və silinmiş kliniki şəkil yumurtalıq şişinin ayaqcığının natamam burulması zamanı, eləcə də qızlarda, hamilələrdə, yaşlı xəstələrdə müşahidə olunur. Belə hallarda ağrılar kəskin olmayıb, vaxtaşırı güclənir və itir.
Yumurtalıq şişinin ayaqcığının burulmasının diaqnostikası
Bu kateqoriyalı xəstələrdə anamnezin toplanması zamanı yumurtalıq kistası və şişin olmasına fikir verilir. Qanın ümumi analizində dəyişikliklər leykositoz və EÇS-nin artması ilə xarakterizə edilir.
Ginekoloji müayinə prosesində uşaqlıq artımları nahiyəsində birtərəfli sıx-elastik oval törəmə müəyyən olunur, onu tərpətməyə cəhd göstərdikdə kəskin ağrı yaranır. Yumurtalıq şişinin ayaqcığının burulması zamanı ağrı və əzələlərin gərginliyi ilə əlaqədar vaginal müayinənin aparılması çətinlik törətdiyindən bu üsul adətən narkoz altında həyata keçirilir.
Ginekoloji USM vasitəsilə zədələnmiş tərəfdə aydın olmayan sərhədlərə, qalınlaşmış kapsula və ya stromanın ödeminə dəlalət edən ikiqat sərhədlərə malik 7-10sm böyüklüyündə yumurtalıq kistası və ya şiş; kiçik çanaqda ekssudat aşkarlanır. Patologiyanın xarakteri haqqında daha dəqiq məlumatlar diaqnostik laparoskopiya prosesində əldə edilir. Endoskopik baxış kiçik çanaq boşluğunda tünd qırmızı-göyümtül rəngli, burulmuş ayaqcıqlı şiş düyünü, seroz və ya seroz-hemorragik mayenin olması müəyyən edilir. Laparoskopik exoqrafiyanın aparılması böyük əhəmiyyət kəsb edir.
Yumurtalıq şişinin ayaqcığının burulması uşaqlıqdan kənar hamiləlik, kəskin appendisit, böyrək sancıları, kəskin salpinqooforitlə differensiasiya edilir. Obyektiv məlumatların dəqiqləşdirilməsi məqsədilə bir sıra hallarda qarın boşluğunun icmal rentgenoqrafiyası və USM, böyrəklərin USM icra olunur.
Yumurtalıq şişinin ayaqcığının burulmasının müalicəsi
Yumurtalıq şişinin ayaqcığının burulması zamanı yalnız cərrahi taktika tətbiq edilir; əməliyyatın ləngidilməsi ikincili infeksiyanın qoşulması, qanaxmalar, peritonit, şiş düyününün qonşu orqanlara sirayət etməsi ilə ağırlaşa bilər. Cərrahi ginekologiyada müalicənin həcmi və üsulları barədə vahid fikir yoxdur. Əməliyyatın xarakteri, rezeksiyanın həcmi şişin tipindən, ayaqcığın burulma müddətindən, damarların sıxılma dərəcəsindən, kiçik çanaqda gedən dəyişikliklərdən və s. asılıdır.
Son zamanlara kimi yumurtalıq şişinin ayaqcığının burulması zamanı ümumqəbul olunmuş cərrahi yanaşma və əməliyyatın həcmi laparotomiya üsuli ilə ooforektomiya və ya adneksektomiya hesab olunurdu. Bu zaman trombların qopması və onların ümumi qan dövranına düşərək, ağciyər arteriyasının tromboemboliya yaratma təhlükəsinə görə cərrahi ayaqcıq açılmadan kəsilir.
Laparoskopiyanın geniş tətbiqi ilə əlaqədar orqanqoruyucu əməliyyatların –şiş və ya yumurtalığın detorsiyasının (şişin burulmuş ayaqcığının açılması, yumurtalığın topoqrafiyasının bərpası) sayı artmışdır. Əgər 10-20 dəqiqə ərzində uşaqlıq artımlarında qan təhcizatının bərpasının əlamətləri (göyümtül rəngin çəkilməsi, müsariqənin fizioloji rənginin bərpası) müşahidə olunarsa, orqanqoruycu əməliyyat – yumurtalıq kistasının (şişinin) çıxarılması və ya yumurtalığın rezeksiyası icra edilir.
Yumurtalıq şişinin ayaqcığının burulması zamanı uşaqlıq artımlarının xaric edilməsinə olan göstərişlərə orqanda geridönməyən nekrotik dəyişikliklərin, törəmənin maliqnizasiyasına şübhənin yaranması aiddir. Axırıncı halda təcili intraoperasion histoloji müayinə və yaxmaların-izlərin sitoloji analizi aparılmalıdır.
Yumurtalıq şişinin ayaqcığının burulmasının proqnoz və profilaktikası
Vaxtinda diaqnostika və cərrahi müdaxilə aparıldıqda proqnoz qənaətbəxş sayılır. Yumurtalıq şişinin ayaqcığının burulması zamanı orqanqoruyucu əməliyatlar cavan qadınlarda normal reproduktiv və aybaşı funksiyalarının qorunmasına imkan verir.
Yumurtalıq şişinin ayaqcığının burulmasının qarşısını almaq üçün profilaktik ginekoloji müayinələr, kiçik çanaq orqanlarının USM tövsiyə olunur. Yumurtalığın şişi aşkar olunduqda planlı cərrahi müalicə məsləhət görülür; 3 aydan çox olmamaqla dinamik müşahidənin aparılmasına icazə verilir.