Yumurtalıq venasının trombozu
Yumurtalıq venasının trombozu — yumurtalığın venoz damarının qan laxtası ilə hissəvi və ya venoz obturasiyasıdır. Hipertermiya, qarnın aşağı sol və ya sağ hissəsində ağrı hissiyyatı, qarnın ön divar əzələlərinin lokal gərginliyi, bəzən hematuriya ilə təzahür edir. Diaqnostika prosesi çanaq venalarının KT, transvaginal USM, rəngli doppleroqrafiya, hemostaz sisteminin müayinəsinə əsaslanır. Müalicə məqsədilə antikoaqulyantlar, antibiotiklər, angioprotektorlardan istifadə olunur. Proqressivləşən və üzən tromblar zamanı cərrahi müalicə: trombektomiya, liqaturanın qoyulması, tromblaşmış yumurtalıq venasının rezeksiyası göstəriş hesab olunur.
- Yumurtalıq venasının trombozunun yaranma səbəbləri
- Patogenez
- Yumurtalıq venasının trombozunun əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Yumurtalıq venasının trombozunun müalicəsi
- Proqnoz və profilaktika
Yumurtalıq venasının trombozu barədə ümumi məlumat
Ovarial venanın trombozu — çanaq flebotrombozunun nadir rast gəlinən forması olub, çanaq nahiyəsinin venoz şəbəkəsinin varikozundan əziyyət çəkən və ya hemostaz sisteminin anadangəlmə qüsurlarının qeydə alındığı pasiyentlərdə doğuşdan və ya laporatomik ginekoloji əməliyyatlardan sonra yaranır. Mama-ginekoloqların müşahidələrinə əsasən xəstəliyin yayılma tezliyi 0,025%-dən azdır. Damarların topoqrafik xüsusiyyətləri və hamilələrdə uşaqlığın dekstrapozisiyası ilə əlaqədar sağ yumurtalıq venası tromboza daha çox uğrayır. Çanaq orqanlarının iltihabi xəstəlikləri, uşaqlığın mioması, daxili endometrioz, mamalıq travmatizminın rast gəlindiyi 25-45 yaşlı qadınlarda bu xəstəliyin yaranma ehtimalı yüksək olur. 57,6% pasiyentlərdə çoxsaylı tromblar aşkarlanır. 87,9% hallarda qan laxtaları ovarial venalarda möhkəm fiksasiya olunur, böyümə və üzməyə meylli olmur.
Yumurtalıq venasının trombozunun səbəbləri
Yumurtalıqların venoz damarlarının mənfəzində trombların yaranması üçün 3 amilin olması — qanın reoloji göstəricilərinin dəyişməsi, qan cərəyanının zəifləməsi, damar endotelinin zədələnməsi şərtdir, bu zaman risk faktorlarından biri dominant ola bilər. Flebologiya, damar cərrahiyyəsi, mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri yumurtalıq venalarının trombozunun etioloji amillərini aşağıdakı qruplarda cəmləşdirmişlər:
- Hamiləlik və doğuş. Xəstəlik 0,05-0,16% zahılarda endometrit, adneksit, ooforitə səbəb olan bakterial agentlərin təsirindən damarların daxili qatının zədələnməsi fonunda yaranır. Digər provokasiyaedici amillərə laxtalanma sisteminin aktivləşməsi, trombositlərin yüksək aqreqasiyası, hamiləlik dövründə yumurtalıq venaların həcminin 60 dəfə artması və qapaq çatışmazlığının dərinləşməsi ilə onların mənfəzinin 3 dəfə genişlənməsi aiddir.
- Yumurtalıqların xərçəngi zamanı sitoreduksiya. Belə cərrahi müdaxilələrin 25,8%-i yumurtalıq venalarının trombozu ilə ağırlaşır. Ehtimal olunur ki, bu hal həm hemostaz sistemində dəyişikliklər, endotelin iltihabi və posttravmatik zədələnmələri, həm də postoperasion şüa və yaxud kimyaterapiya ilə bağlıdır. Bundan əlavə yumurtalıq damarlarında trombların əmələ gəlməsinə kiçik çanaq orqanlarında keçirilən əməliyyatlar səbəb olur.
- Çanaq venaalrının varikoz genişlənməsi. Qadınlarda kiçik çanaq damarlarının varikozunun yayılması 10,2%-ə çatır və bu pasiyentlərin 1,3%-də yumurtalıq venalarının trombozu müəyyən edilir. 75,8% hallarda xəstəlik II-III dərəcəli ektaziya zamanı, əsasən perimenopauza dövründə olan qadınlarda yumurtalıq venalarının diametrinin kiçilməsi və qan cərəyanının sürətinin azalması fonunda baş verir. İrsi kollagenozlar, angiodisplaziyalar zamanı patologiyanın inkişaf riski yüksəlir.
- Laxtalanmanın artması ilə müşahidə olunan xəstəliklər. Hemostaz sisteminin pozulması ilə nəticələnən genetik anomaliyalar: antifosfolipid sindrom, antitrombin III çatışmazlığı, V amilin leyden mutaiyası, hiperhomosisteinemiya, VIII, XI amillərinin artması, C, S proteinlərinin çatışmazlığı, paroksizmal gecə hemoqlobinuriyası, irsi fibrinolitik qüsurlar, displazminogenemiya zamanı yumurtalıq venaları daha çox trombozlaşır.
Xəstəliyin risk amillərinə ümumi venoz durğunluqla müşayiət olunan ürək çatışmazlığı, aktiv və passiv siqaret çəkmə, estrogen reseptorlarının modulyatorlarının (raloksifen, tamoksifen) və estrogenlərin yüksək dozalarından ibarət KOK-un qəbulu, qanın yüksək özlülüyünün qeydə alındığı mieloproliferativ proseslər, immobilizasiya vəziyyəti, düz bağırsağın xərçəngi, mədəaltı vəzinin neoplaziyaları, endoteldən yaranan və musin sintez edən digər bədxassəli törəmələr aiddir.
Yumurtalıq venasının trombozunun patogenezi
Yumurtalıq venasında trombun əmələ gəlməsinin ilkin həlqəsini çanaq orqanlarının iltihabi xəstəlikləri zamanı bakterial toksinlər, bədxassəli neoplaziyaların zədələyici amilləri, əməliyyatlarda mexaniki təsirlərdən endotelin dəyişməsi təşkil edir. Venanın daxili qatının zədələnmiş sahəsində trombosit və fibrin aqreqasiyaya uğrayır, qan laxtası (tromb) formalaşır. Varikoz genişlənmə, ürək çatışmazlığı, hipodinamiya, hamiləlik dövründə uşaqlığın, eləcə də çanaq orqanlarının şişlərinin yumurtalıq venasını sıxması ilə əlaqədar qan cərəyanının əhəmiyyətli dərəcədə zəiflədiyi və laxtalanmanın artdığı hallarda endotel qişanın ən kiçik zədələnmələri tromblaşma prosesinin başlanmasına səbəb olur. Yaranmış tromb proqressivləşə (qan cərəyanı ilə sol böyrək və ya aşağı boş venaya yayılması), aseptik autoliz, orqanizasiya, kanalizasiya, kalsinasiya və petrifikasiyaya uğraya bilər.
Yumurtalıq venasının trombozunun əlamətləri
Doğuşdan və ya keçirilmiş əməliyyatdan sonra ilk 1 həftə ərzində pasiyentin bədən hərarəti 37-38 °С-yə qədər yüksəlir. Qadın müvafiq tərəfdə qalça nahiyəsində müxtəlif intensivlikli ağrı hissiyyatından və ağrıların qabırğaaltına, belə irradiasiyasından şikayət edir. Zəiflik, tərləmə müşahidə olunur. Ürək vurğuları dəqiqədə 100-ə kimi və daha çox artır. Zədələnmiş nahiyə üzərində qarın divarının lokal gərginliyi, peritonun qıcıqlanma əlamətləri müəyyən edilə bilər. Pozğunluğun doğuşdan sonrakı dövrdə yarandığı hallarda çox vaxt uşaqlığın subinvolyusiyası qeydə alınır. Proqressivləşən tromblar üçün uzunmüddətli hipertermiya, titrətmələr, ifadəli intoksikasiya xarakterikdir. Sağ ovarial venanın trombozunun klinikası ümumilikdə kəskin appendisiti xatırladır, bu səbəbdən diaqnoz adətən əməliyyat prosesində qoyulur. Sağtərəfli proseslərdə zədələnmiş damarın sağ sidik axarını sıxması nəricəsində sidikdə qan qarışığı ola bilər. Pasiyentlərin bir hissəsində uzunmüddətli subfebriltet, mülayim dərəcəli ağrı sindromu, peritoneal əlamətlərin olmaması ilə səciyyələnən atipik və silinmiş simptomatika izlənilir.
Yumurtalıq venasının trombozunun ağırlaşmaları
4,9-5,1% hallarda trombozun proqressivləşməsi – trombun aşağı boş və sol böyrək venasına «sürünən» yayılması və üzən qan laxtalarında ağciyər arteriyasının tromboemboliyası baş verir. Müxtəlif tədqiqatların nəticələrinə əsasən doğuşdan sonrakı dövrdə yumurtalıq venalarının trombozunun aşkarlandığı qadınlarda AATE tezliyi 13-33%-ə çatır, 4% hallar letal sonluqla nəticələnir. Pozğunluq residivləşməyə meyllidir: damarlarda xarakterik simptomatikanın müşahidə edildiyi 44% pasiyentlərdə əvvəllər keçirilmiş xəstəliyin simptomsuz və ya klinik ifadəli epizodlarından xəbər verən flebolitlər müəyyən edilir. Nadir hallarda tromboz yumurtalıq toxumasının ödemi ilə ağırlaşır.
Yumurtalıq venasının trombozunun diaqnostikası
Belə lokalizasiyalı trombozun az yayılması, patoqnomik əlamətlərin olmaması, subklinik gedişin mümkünlüyü ilə əlaqədar diaqnozun düzgün qoyulması çətinləşir. Pozğunluğun doğuşlar, ginekoloji əməliyyatlarla əlaqəsi ovarial venoz damarların trombozundan şübhələnməyə əsas verir. Diaqnostika prosesində aşağıdakı üsullardan istifadə olunur:
- Ginekoloji kresloda baxış. Bimanual palapsiyada qarnın aşağı sağ və ya sol hissəsində və yaxud zədələnmiş tərəfdə uşaqlıq yolunun yan tağında ağrılı infiltrat müəyyən edilir. Reaktal müayinədə çanaq peritonunun ağrılı olması aşkarlanır.
- КТ venoqrafiya. Çanaq venalarının kompüter tomoqrafiyası trombozun diaqnostikasının qızıl standartıdır. Kontrast maddə yeridildikdən sonra damarların nazik qatlarla skanlanması damarların mənfəzinin vəziyyətini qiymətləndirməyə, trombları aşkar etməyə və onların xarakteristikasını müəyyənləşdirməyə imkan verir.
- Kiçik çanağın transvaginal USM. TVUSM zamanı yumurtalıq venasında tromblar damar mənfəzini hissəvi və ya tamamilə bağlayan avaskulyar aşağı- və ya ortaexogen kütlələr şəklində vizualizasiya olunur. Kalsinatlara (flebolitlər) rast gəlmək mümkündür.
- Rəngli doppleroqrafiya. Ovarial venanın hissəvi trombozunda qan cərəyanının müayinə prosesində divaryanı dolma qüsuru izlənilir, tam trombozlarda isə damar mənfəzi ümumiyyətlə rənglənmir.
- Hemostaz sisteminin qiymətləndirilməsi. Fibrinogen, antitrombin III, APTM, protrombin, trombin müddətinin müayinəsinin nəticələri qanın laxtalanma sisteminin güclənməsinə dəlalət edir. Qanın ümumi analizində trombositlərin miqdarı dəyişə bilər.
Ovarial venaların trombozu kəskin appendisit, böyrək sancıları, yumurtalıq şişinin ayaqcığının burulması, septiki çanaq tromboflebiti, böyrək və çanağın digər dərin venalarının trombozu ilə differensiasiya edilir. Göstərişlər olduqda müayinə prosesinə ümumi və damar cərrahları, fleboloq, uroloq, nefroloq, onkoloq cəlb olunur.
Yumurtalıq venasının trombozunun müalicəsi
Həkim taktikası klinik simptomatikanın xüsusiyyətləri, trombun proqressivləşmə və üzmə əlamətlərinin olması/olmamasına əsasən seçilir. Silinmiş və mülayim simptomatika, damarın hissəvi obturasiyası, qan laxtasının möhkəm fiksasiyası zamanı iltihabın aradan qaldırılmasına və trombozun yayılmasının profilaktikasına yönəldilmiş konservativ terapiya aparılır. Adətən yumurtalıq venalarının trombotik xəstəliklərinin medikamentoz müalicə sxeminə aşağıdakı qrup preparatlar daxildir:
- Birbaşa və dolayı təsirli antikoaqulyantlar. Laxtalanma əleyhinə preparatlar trombinin aktivliyini azaldır və qaraciyərdə protrombin sintezini pozur. Nəticədə qan laxtasının böyüməsi azalır və ya tamamilə dayanır.
- Antibakterial vasitələr. Antibiotiklərin təyini tromboz zamanı başlıca risk amili sayılan bakterial infeksiya ilə mübarizəyə yönəldilmişdir. Törədicinin eliminasiyası endoteli destruksiyadan müdafiə etməyə imkan verir.
- Angioprotektorlar. Damar divarını qoruyan preparatların venadaxili infuziyası mikrosirkulyasiyanı, metabolizmi, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Angioprotektiv vasitələr antitrombotik terapiyanın təsirini gücləndirir.
Yumurtalıq venalarında üzən trombların aşkarlandığı, prosesin proqressivləşərək, aşağı boş venaya yayıldığı hallarda pasiyent hospitalizasiya edilməli və cərrahi müdaxilə aparılmalıdır. Əksər hallarda zədələnmiş damara tromboz sahəsindən yuxarı və aşağıya liqatura qoyulur, trombektomiya icra edilir və ya qan laxtasının yerləşdiyi yerdə vena rezeksiya olunur.
Yumurtalıq venasının trombozunun proqnoz və profilaktikası
Trombozun erkən diaqnostikası və düzgün müalicəsı trombun ölçülərinin əhəmiyyətli dərəcədə kiçilməsinə, trombun keyfiyyətli orqanizasiyası, kalsinasiya və ya rekalsinasiyasna səbəb olur. Bir sıra hallarda qan laxtasının autolizi qeydə alınır və damarın keçiriciliyi tam bərpa olur. Proqressivləşən və üzən tromblar zamanı vaxtında aparılan əməliyyat tromboembolik ağırlaşmaların riskini azaltmağa imkan verir. Risk qrupuna daxil olan (varikoz xəstəliyi, birləşdirici toxumanın subklinik displaziyası, laxtalanma sisteminin irsi xəstəlikləri, piylənmədən əziyyət çəkən) pasiyentlərə doğuşdan və əməliyyatdan sonrakı dövrdə antikoaqulyant terapiya məsləhət görülür. Belə qadınlarda profilaktik tədbirlər siqaretdən imtina, bədən çəkisinin korreksiyası, hərəki aktivliyin artırılmasına yönəldilir.