Yumurtalıqların disfunksiyası
Yumurtalıqların disfunksiyası – endokrin pozğunluqlar və ya iltihabi proseslə əlaqədar yumurtalıqların hormonal funksiyasının pozulmasıdır. Yumurtalıqların disfunksiyası bir sıra patoloji hallarla özünü büruzə verir. Aybaşı siklinin pozulması: onun həddindən artıq uzanması (35 gündən artıq), və ya azalması (21 gündən az) və sonradan disfunksional uşaqlıq qanaxmaları ilə müşayiət olunması ilə xarakterizə edilir. Eləcə də predmenstrual sindromun simptomokompleksi ilə təzahür edir. Yumurtalıqların disfunksiyası endometrioz, uşaqlığın miomaları, mastopatiya, süd vəzilərinin xərçəngi, sonsuzluğa səbəb ola bilər.
- Yumurtalıqların disfunksiyasının əlamətləri
- Yumurtalıqların disfunksiyasının yaranma səbəbləri
- Yumurtalıqların disfunksiyasının diaqnostikası
- Yumurtalıqların disfunksiyasının müalicəsi
- Yumurtalıqların disfunksiyası və hamiləliyin planlaşdırılması
Yumurtalıqların disfunksiyası barədə ümumi məlumat
Yumurtalıqların disfunksiyası ovulyasiyanın olmamasına və aybaşı siklinin pozulmasına səbəb olan yumurtalıqların hormon hasil etmə funksiyasının pozulmasıdır. Yumurtalıqların disfunksiyasının təzahürlərinə disfunksional uşaqlıq qanaxmaları – aybaşının 35 gündən artıq gecikməsindən sonra davametmə müddəti 7 gündən artıq olan qanaxmalar və ya tez-tez təkrarlanan, qeyri-müntəzəm, müxtəlif intervallarla baş verən (21 gündən az olmaqla) aybaşılar aiddir.
Normal aybaşı sikli 21-35 gün, aybaşı qanaxması isə 3-7 gün davam edir. Aybaşı zamanı qan itirmənin fizioloji norması adətən 100-150 ml-dən artıq olmur. Bu səbəbdən aybaşı siklinin ritmi, davametmə müddəti və qan itirmənin həcmində müşahidə olunan hər hansı bir kənaraçıxma yumurtalıqların disfunksiyasının əlaməti kimi qiymətləndirilir.
Yumurtalıqların disfunksiyasının əlamətləri
Yumurtalıqların fəaliyyəti hipofizin ön payının hormonları: lüteinləşdirici hormon (LH), follikul stimulə edici hormon (FSH) və prolaktin tərəfindən tənzimlənir. Hər bir aybaşı siklində bu hormonların müəyyən nisbəti ovulyasıyanın baş verməsi ilə gedən normal yumurtalıq siklini təmin edir. Bu səbəbdən yumurtalıqların disfunksiyasının əsasında aybaşı siklində anovulyasiyaya (ovulyasiyanın olmaması) səbəb olan hipotalamo-hipofizar tənzimin dəyişiklikləri dayanır.
Yumurtalıqların disfunksiyası zamanı ovulyasiyanın və sarı cisim fazasının olmaması progesteron çatışmazlığı və estrogenlərin həddən artıq çoxluğu ilə əlaqədar müxtəlif aybaşı pozğunluqlarına gətirib çıxarır. Yumurtalıqların disfunksiyasına aşağıdakı hallar dəlalət edir:
- Qeyri-müntəzəm aybaşı, onun azlığı və ya əksinə intensivliyi, aybaşı arası dövrlərdə qanaxmalar;
- Hamiləliyin pozulması və ya yumurtahüceyrənin yetişməsi və ovulyasiya proseslərinin pozulması ilə nəticəsində yaranan sonsuzluq;
- Aybaşıdan əvvəl və aybaşı zamanı, eləcə də ovulyasiyanın ehtimal olunan günlərində qarnın aşağı hissəsi və bel nahiyəsində dartıcı, tutmaşəkilli və ya küt ağrılar;
- Ağır keçən predmenstrual sindrom (halsızlıq, ağlağanlıq, apatiya və ya əksinə əsəbilik);
- Asiklik (disfunksional) uşaqlıq qanaxmaları: tez-tez təkrarlanan (21 gündən az intervalla), nadir (35 gündən çox fasilələrlə), gur (qanaxmanın 150 ml-dən çox olması), uzunmüddətli (7 gündən çox);
- Amenoreya – 6 aydan artıq müddətdə aybaşının olmaması.
Yumurtalıqların disfunksiyasının ayrı-ayrılıqda hər bir əlaməti ginekoloji müayinə üçün ciddi səbəb hesab olunur, çünki bu əlamətlər sonsuzluq və hamiləliyin pozulması ilə nəticələnir. Bundan əlavə yumurtalıqların disfunksiyası bədxassəli şiş xəstəlikləri, uşaqlıqdan kənar hamiləlikdən xəbər verə bilər. Eləcə də bu patologiya uşaqlığın mioması, endometrioz, mastopatiya, süd vəzilərinin xərçənginə (xüsusən 40 yaşdan yuxarı qadınlarda) təkan verə bilir.
Yumurtalıqların disfunksiyasının səbəbləri
Yumurtalığın disfunksiyasına yumurtalıqların hormonal funksiyası və aybaşı siklinin pozulmasına gətirib çıxaran amillər səbəb olur:
- Yumurtalıqlar (ooforit), uşaqlıq artımları (salpinqooforit və ya adneksit) və uşaqlıqda gedən iltihabi proseslər (endometrit, servisit). Bu xəstəliklər cinsiyyət orqanlarının gigiyenasına əməl olunmaması, törədicinin qarın boşluğunun digər orqanlarından və bağırsaqlardan hematogen və limfogen yolla yayılması, soyuqdəymə, uşaqlıq yolunun düzgün şırınqalama texnikasının pozulması nəticəsində yarana bilər.
- Yumurtalıq və uşaqlığın xəstəlikləri (yumurtalıq şişləri, adenomioz, endometrioz, uşaqlığın fibromioması, uşaqlıq boynu və cisminin xərçəngi).
- Yanaşı gedən endokrin patologiyaları (anadangəlmə və qazanılmış): piylənmə, şəkərli diabet, qalxaanbənzər və böyrəküstü vəzilərin xəstəlikləri. Bu xəstəliklər tərəfindən törədilən hormonal disbalans reproduktiv sferada öz əksini taparaq, yumurtalıqların disfunksiyasına səbəb olur.
- Stresslər, fiziki və psixi yorğunluq, qeyri-rasional əmək və istirahət rejimi ilə əlaqədar sinir gərginliyi və üzülmə.
- Hamiləliyin özbaşına və ya süni yolla pozulması. İlkin hamiləlik zamanı aparılan tibbi abort və ya mini abort xüsusilə təhlükəli sayılır. Bu zaman orqanizmin hamiləliyin daşınmasına yönəltdiyi bütün dəyişikliklər qəflətən dayanır və belə hal yumurtalıqların dayanıqlı disfunksiyasına səbəb olaraq, gələcəkdə sonsuzluqla nəticələnə bilər.
- Uşaqlıqdaxili spiralın orqanın boşluğunda düzgün yerləşməməsi. Uşaqlıqdaxili spiral heç bir əks-göstəriş olmadığı halda qoyulur və qadına müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək məsləhət görülür.
- Xarici amillər: iqlim dəyişikliyi, həddindən artıq insolyasiya, şüalanma, bəzi dərman vasitələrinin qəbulu.
Bəzən hətta aybaşı siklinin bir xüsusiyyətinin pozulması yumurtalıqların dayanıqlı disfunksiyasının inkişafına kifayət edir.
Yumurtalıqların disfunksiyasının diaqnostikası
Yumurtalıqların disfunksiyasının müayinə və müalicəsi ginekoloq-endokrinoloq tərəfindən aparılır. Yumurtalıqların disfunksiyasına şübhə yarandıqda həkim ilk növbədə cərrahi patologiyanı istisna edir: uşaqlıqdan kənar hamiləlik və şiş prosesləri, qadınlarda aybaşı təqviminin analizini aparır, şikayətləri dinləyir, ginekoloji baxış keçirir və sonrakı diaqnostikanın planını tərtib edir. Yumurtalıqların disfunksiyasının yaranma səbəblərinin aşkarlanmasına yönəldilmiş kompleks diaqnostik üsullar aşağıdakılardır:
- Kiçik çanaq orqanları, böyrəküstü və qalxanabənzər vəzilərin USM;
- Vaginal sekretin mikroskopiyası və floraya görə əkilməsi, bakterioloji müayinəsi, cinsi infeksiyaların (kandidoz, ureaplazmoz, mikoplazmoz, xlamidioz, trixomonoz və s.) inkar edilməsi məqsədilə PZR-diaqnostika;
- Qan və sidikdə cinsi hormonların (prolaktin, FSH, LH, progesteron, estrogenlərin) səviyyəsinin təyini;
- Böyrəküstü və qalxanabənzər vəzilərin hormonlarının qanda səviyyəsinin analizi;
- Kəllənin rentgenoloji müayinəsi, baş beynin KT və MRT – hipofizin zədələnmələrini istisna etmək üçün;
- Baş beynin EEQ – baş beyində lokal patoloji dəyişiklikləri istisna etmək üçün;
- Uşaqlıq boynunun biopsiyası ilə aparılan histeroskopiya və ya uşaqlıq boşluğu və uşaqlıq boynu kanalının diaqnostik qaşınması – endometrium hissəciklərinin histoloji müayinəsi üçün.
Yumurtalıqların disfunksiyasından əziyyət çəkən xəstələrin müayiə sxemi fəqdi qaydada hazırlanır və heç də həmişə bütün yuxarıda sadalanan üsullardan ibarət olmur. Yumurtalıqların disfunksiyasının korreksiyasının effektivliyi pozğunluqların ağırlıq dərəcəsindən asılıdır, buna görə aybaşı siklinin istənilən pozğunluqları zamanı mütləq müayinədən keçmək lazımdır. Yumurtalıqların xroniki disfunksiyası olan xəstələrdə ciddi ağırlaşmaların qarşısını almaq üçün dinamik müşahidə və ildə 2-4 dəfə (hətta subyektiv dəyişikliklər olmadıqda) ginekoloq-endokrinoloqun müayinəsində olmaq məsləhət görülür.
Yumurtalıqların disfunksiyasının müalicəsi
Yumurtalıqların disfunksiyası zamanı aparılan kompleks müalicəvi tədbirlər təcili halların (qanın dayandırılması) korreksiyası, yumurtalıqların disfunksiyasının yaranma səbəblərinin aradan qaldırılması, yumurtalıqların hormonal funksiyasının bərpası və aybaşı siklinin normallaşmasına yönəldilir. Yumurtalıqların disfunksiyasının müalicəsi stasionar və ya ambulator (yumurtalıq disfunksiyasının yüngül gedişi zamanı) yolla həyata keçirilir. Qanın dayandırılması mərhələsində hormonal hemostatik terapiya aparılır, onun effekt vermədiyi hallarda uşaqlıq boşluğunun selikli qişasının müalicəvi-diaqnostik məqsədlə qaşınması icra edilir. Histoloji analizin nəticələrindən asılı olaraq sonrakı müalicə təyin edilir.
Yumurtalıqların disfunksiyasının müalicəsinin sonrakı mərhələsi xəstəliyi törədən səbəblərdən asılıdır. Xroniki iltihabi proseslər aşkarlandıqda onlara səbəb olan, o cümlədən cinsi yollla keçən infeksiyaların müaicəsi aparılır. Yumurtalıqların disfunksiyasına gətirib çıxaran endokrin pozğunluqların korreksiyasında hormonal terapiyadan istifadə olunur. İmmunitetin disfunksiyası üçün vitamin kompleksləri, homeopatik preparatlar, BAƏ məsləhət görülür. Yumurtalıqların disfunksiyasının ümumi müalicəsində istirahət və əmək rejimi, həyat tərzinin, qidalanma və fiziki aktivliyin normallaşmasına, fizioterapiya, refleksoterapiya və psixoteraoevtik köməyn aparılmasına xüsusi yer verilir.
Təkrar uşaqlıq qanaxmalarının profilaktikası və müntəzəm aybaşı siklinin bərpası məqsədilə siklin 16-26-cı günlərində progesteron preparatları təyin olunur. Bu kurs müalicədən sonra 7 gün ərzində aybaşı başlanır və onun başlanması yeni sikl kimi qiymətləndirilir. Daha sonra aybaşı siklinin normallaşması üçün hormonal kombinəolunmuş kontraseptilərdən istifadə olunur. Anamnezində yumurtalıqların disfunksiyası olan qadınlara uşaqlıqdaxili spiralın qoyulması əks-göstərişdir.
Yumurtalıqların disfunksiyası və hamiləliyin planlaşdırılması
Yumurtalıqların disfunksiyası zamanı hamiləliyin planlaşdırılması və həyata keçirilməsi mütləq ginekoloq-endokrinoloqun nəzarəti altında aparılmalıdır. Bu məqsədlə ovulyator aybaşı siklinin bərpasına yönəldilmiş hormonal müalicə təyin olunur – aybaşı siklinin 5-ci günündən başlayaraq 9-cu gün də daxil olmaqla xorionik qonadotropin, klomifen, menotropin preparatları qəbul edilir.
Təyin edilmiş preparatla müalicə müddəti ərzində USM-nəzarət vasitəsilə follikulun yetişmə sürəti və dərəcəsi izlənilir. Follikul lazımi yetişmə dərəcəsinə çatdıqda- ölçüsü 18 mm, endometriumun qalınlığı isə 8-10 mm olduqda xəstəyə ovulyasiyanı törədən xorionik qonadotropin yeridilir. Bu cür stimuləedici terapiya daha sonra adətən 3 ardıcıl aybaşı siklində təkrarlanır. Sonra yenə 3 sikl ərzində aybaşı siklinin 16-25-cı günlərində progesteron preparatlarından istifadə olunur. Ovulyasıyanın başlanmasına bazal (rektal hərarətin ölçülməsi) və USM vasitəsilə nəzarət edilir.
Yumurtalıqların disfunksiyasının müasir ginekologiyada tətbiq olunan müalicə üsulları əksər hallarda aybaşı siklinin normallaşması və ovulyasiyanın müntəzəm baş verməsi ilə nəticələnir. Bunun sayəsində qadın hamilə qala və hestasiya dövrünü uğurla başa vura bilir. Əgər aparılan müalicələrə baxmayaraq, hamiləlik baş tutmursa mütləq süni mayalanma məqsədilə reproduktoloqa müraciət etmək lazımdır. EKM zamanı ehtiyac olduqda donor yumurtahüceyrəsi və ya donor embrionundan istifadə oluna bilər. Həmçinin reproduktiv texnologiyada təkrar EKM müayinədə istifadə olunması məqsədilə embrionların kriokonservasiyası üsulu tətbiq edilir. Yumurtalığın disfunksiyası olan qadınlarda hamiləlik erkən vaxtlardan və xüsusi diqqətlə aparılmalıdır.
Qadın reproduktiv sistemi- orqanizmin ümumi sağlamlığının əks olunduğu güzgüdür və o, baş verən patoloji hallara ilkin olaraq aybaşı və reproduktiv funksiyaların pozulması ilə reaksiya verir. Yumurtalığın disfunksiyası hətta ümumi vəziyyətə təsir etmədiyi hallarda belə mütləq müalicə olunmalıdır, çünki bəzən bu xəstəlik əlamətləri ilə deyil, uzaq ağırlaşmaları –sonsuzluq, mastopatiya, uşaqlığın mioması, cinsiyyət sisteminin və süd vəzilərinin bədxassəli törəmələri, ağır endokrin patologiyaları ilə ciddi fəsadlar törədir.