Yumurtalıqların hiperstimulyasiya sindromu
Yumurtalıqların hiperstimulyasiya sindromu (YHS) – ovulyasiyanın stimulyasiyası məqsədilə hormonal vasitələrin istifadəsindən sonra inkişaf edən patoloji vəziyyətdir. Bu sindromun klinik təzahürlərinə tənəffüs və ürək-damar çatışmazlığı, assit, anasarka, oliqoanuriya, qastrointestinal pozğunluqlar aiddir. Diaqnoz fizikal müayinə, ümumi laborator testlər, USM, döş qəfəsi orqanlarının rentgenoqrafiyasının nəticələrinə əsasən qoyulur. Müalicə qanın reoloji xüsusiyyətlərinin normaya salınmasından, ehtiyac yarandıqda oksigen maskasının tətbiqi və assit, plevral və ya perikardial mayenin evakuasiyasından ibarətdir.
- Yumurtalıqların hiperstimulyasiya sindromunun yaranma səbəbləri
- Yumurtalıqların hiperstimulyasiya sindromunun təsnifatı
- Yumurtalıqların hiperstimulyasiya sindromunun əlamətləri
- Yumurtalıqların hiperstimulyasiya sindromunun diaqnostikası
- Yumurtalıqların hiperstimulyasiya sindromunun müalicəsi
Yumurtalıqların hiperstimulyasiya sindromu barədə ümumi məlumat
Yumurtalıqların hiperstimulyasiya sindromu superovulyasiyanın stimulyasiyası fonunda yumurtalıqlar tərəfindən steroid hormonların sintezinin həddindən artıq aktivasiyası nəticəsində inkişaf edən sistemli patologiyadır. İlk dəfə bu sindrom 1943-cü ildə qeydə alınmışdır. Müxtəlif məlumatlara əsasən yumurtalıqların hiperstimulyasiya sindromunun yayılma tezliyi aparılan stimulyasiya hallarının 0,4% -35%-ni təşkil edir. Bu zaman ölüm hadisəsinə 45000-50 000 qadınlardan yalnız birində rast gəlinir. YHS zamanı ölümün əsas səbəbi respirator distress-sindromu və ya tromboemboliya, bəzən isə kəskin böyrək çatışmazlığı və yaxud MBT-nin zədələnməsidir.
Yumurtalıqların hiperstimulyasiya sindromunun səbəbləri
Yumurtalıqların hiperstimulyasiya sindromunun inkişafının birbaşa səbəbi ovulyasiyaya təsir edən hormonal preparatlara orqanizmin reaksiyasıdır. Bir qayda olaraq, belə vasitələr ekstrakorporal mayalanma və ya yumurtahüceyrə donorluğu zamanı, eləcə də sonsuzluq və anovulyator sikllərin terapiyasında istifadə olunur. Bununla əlaqədar yumurtalıqlar həddindən artıq steroid hormon (progesteron, estrogen) sintez etməyə başlayır. Hormonların yüksək konsentrasiyası endotelin sistemli zədələnməsinə və damar divarının keçiriciliyinin artmasına gətirib çıxarır. Zülallarla zəngin mayenin damarlardan kənara generalizə olunmuş şəkildə xaric olması orqanizmin boşluqlarında və interstisial toxumada mayenin toplanması ilə nəticələnir.
Eləcə də yumurtalıqların hiperstimulyasiya sindromu qan dövranının hiperdinamik tipi ilə əlaqədar inkişaf edə bilər. Bu anlayış arterial təzyiqin enməsi, ürək atımının yüksəlməsi, ümumi periferik damar müqavimətinin azalması və periferik sinir sisteminin simpatik hissəsinin tonusunun artmasını özündə birləşdirir. Renin-angiotenzin-aldosteron sisteminin interleykinlərin və TNF α və β fraksiyalarının yüksək səviyyəsi ilə nəticələnən stimulyasiyası yumurtalıqların hiperstimulyasiya sindromunun genezində aparıcı rol oynayır. Həmçinin mütəxəssislər sindroma irsi meylliyin olmasını da ehtimal edirlər. Yumurtalıqların hiperstimulyasiya sindromunun inkişaf ehtimalını artıran risk amillərinə stimulyasiya üçün preparatların dozasının düzgün seçilməməsi və ya ona əməl olunmaması, bədən kütləsinin azlığı, anamnezdə YHS epizodları aiddir.
Yumurtalıqların hiperstimulyasiya sindromunun təsnifatı
Klinik – laborator xarakteristikaya əsasən yumurtalıqların hiperstimulyasiya sindromunun 4 ağırlıq dərəcəsi ayırd edilir:
- Yüngül dərəcəli YHS. Ümumi vəziyyət pozulmur. AT və ÜYT norma həddindədir. Pasiyentlər minimal diskomfort və hipoqastral nahiyədə ağırlıq hissindən şikayət edir. Ultrasəs skanlamanın nəticələrinə görə yumurtalıqların diametri 8 sm-dən kiçikdir. Hematokrit 40%-dən azdır.
- Orta dərəcəli YHS. Yüngül dərəcənin əlamətləri güclənir, ürəkbulanma, qusma, az hallarda ishal izlənilir. Ümumi vəziyyət normal olaraq qalır. ÜYT və TT bir qədər yüksələ, AT isə azala bilər. Bədən çəkisinin və qarın dairəsinin artması müşahidə edilir. Ultrasəs müayinədə yumurtalıqların ölçüsünün 8 sm-dən böyük olması, assit əlamətləri aşkarlanır. Ht – 40-45%.
- Ağır dərəcəli YHS. Şikayətlər analojidir, lakin daha intensiv olub, qorxu ilə müşayiət edilə bilər. Ümumi vəziyyət orta ağır və ya ağırdır. Arterial təzyiq əhəmiyyətli dərəcədə azalır, taxikardiya, qızdırma, qarışıq və ya inspirator xarakterli təngnəfəslik yaranır. Qarnın ifadəli böyüməsi və gərginliyi qeyd olunur. Hidroperikard və hidrotoraksın ilkin əlamətləri, anasarka mümkündür. Yumurtalıqların diametri 12 sm-dən böyükdür. Laborator müayinədə leykositoz (15х109/l-dən çox), oliquriya, hipo- və disproteinemiya müəyyən edilir. Ht – 45-55%.
- Kritik dərəcəli YHS. Şikayətlər eynidir. Massiv assit və hidrotoraks aşkar edilir. Respirator distress-sindromu (RDS), kəskin böyrək çatışmazlığı və tromboemboliyaların inkişafı xarakterikdir. Anuriya, 25х109/l-dən artıq leykositoz qeydə alınır. Ht >55%.
Yumurtalıqların hiperstimulyasiya sindromunun əlamətləri
Yumurtalıqların hiperstimulyasiya sindromunun klinik təzahürləri adətən stimuləedici preparatların istifadəsindən sonra 2-5 gün ərzində yaranır. Onların müştərəkliyi və intensivliyi patologiyanın ağırlıq dərəcəsindən asılıdır. Qadın məcburi (yarımoturaq) vəziyyət alır. Əksər pasiyentlərdə bədən çəkisinin artması müşahidə edilir. Dəri solğunlaşır və quruyur. Çox vaxt akrosianoz inkişaf edir. Əl və ayaqlarda ödemlər və ya anasarka qeyd edilir. Yumurtalıqların hiperstimulyasiya sindromu zamanı qızdırma infeksion ağırlaşmaların (əsasən sidik-cinsiyyət və ya tənəffüs sistemi tərəfindən) əlaməti hesab olunur. Bəzən o, daxili pirogen reaksiyaların fonunda baş verir.
YHS zamanı tənəffüs və ürək-damar sisteminin zədələnməsi taxipnoe, inspirator və ya qarışıq tipli təngnəfəslik, taxikardiya və ya aritmiya, qastrointestinal pozğunluqlar isə ürəkbulanma, çoxsaylı qusma, bəzən ishalla özünü büruzə verir. Hipoqastral nahiyədə ifadəli diskomfort və ya ağrı yaranır. Ağrı sindromu dartıcı və ya deşici xarakterli, müxtəlif intensivlikli olub, qasıq nahiyəsinə irradiasiya edə və hərəkət zamanı güclənə bilər. Hipovolemiya və hipotenziya fonunda böyrəklərin fəaliyyəti pozulur – oliqoanuriya və kəskin böyrək çatışmazlığı baş verir.
Yumurtalıqların hiperstimulyasiya sindromunun diaqnostikası
Anamnestik məlumatlardan hazırkı ovulyator sikldə stimulyasiyanın aparılması, dozalanmaya riayət edilməməsi və ya digər potensial etioloji amillərin olması yumurtalıqların hiperstimulyasiya sindromundan şühbələnməyə əsas verir. Pasiyentin təqdim etdiyi şikayətlər patologiyanın ağırlığından asılıdır. Fizikal baxışda maneəsiz palpasiya olunan böyümüş yumurtalıqlar, orqanizmin boşluqlarında mayenin toplanması müəyyən edilir. Eləcə də taxipnoe, ağciyərlərin bazal hissələrində perkutor səsin kütləşməsi, auskultasiya prosesində tənəffüsün zəifləməsi və ya onun olmaması (hidrotoraks), taxikardiya, ürək tonlarının kütləşməsi, hipotoniya, ürək kütlüyünün sərhədlərinin genişlənməsi (hidroperikard), qarnın böyüməsi və gərginləşməsi, göbəyin qabarması, assit izlənilir.
Yumurtalıqların hiperstimulyasiya sindromu zamanı qanın ümumi analizində müxtəlif ifadə dərəcəsinə malik leykositoz və hemokonsentrasiyanın əlamətləri (nisbi eritrositoz, Hb və Ht yüksəlməsi, trombositoz), sidik analizində zülal (proteinuriya) və sidiyin miqdarının azalması (oliqoanuriya) aşkarlanır. Qanın biokimyəvi analizində kaliumun konsentrasiyasının artması, natriumun miqdarının azalması, hipo- və disproteinemiya, C-reaktiv zülalın səviyyəsinin yüksəlməsi müşahidə edilir.
İnstrumental diaqnostika döş qəfəsi orqanlarının rentgenoqrafiyası, USM və EKQ hesabına həyata keçirilir. Birinci üsul döş və perikardial boşluqlarda mayenin olmasını, eləcə də RDS inkişafını təyin etməyə imkan verir. EKQ-də mədəcik ekstrasistoliyası, dişciklərin amplitudunun azalması, miokardın massiv elektrolit dəyişiklikləri izlənilə bilər. USM böyümüş yumurtalıqların vizualizasiyası, onların quruluşunun öyrənilməsi, qarın boşluğu, plevral sinuslar və perikardda sərbəst mayenin aşkarlanması, ürək fəaliyyətinin dinamikasının qiymətləndirilməsinə şərait yaradır.
Yumurtalıqların hiperstimulyasiya sindromunun müalicəsi
Yumurtalıqların hiperstimulyasiya sindromu zamanı konseravtiv müalicəsinin mahiyyəti sikulyasiya edən qanın həcminin bərpası, qanın reoloji xüsusiyyətlərinin normalizasiyası, poliorqan çatışmazlığının, trombemboliyanın, RDS və KBÇ-nın inkişafının qarşısının alınmasından ibarətdir. Hipovolemiya kristalloid (0,9 %-li NaCl, kombinəolunmuş duz məhlulları), sonra isə kolloid məhlullarla infuzion terapiya hesabına, ağrı sindromu isə spazmolitik preparatlar və qeyri-narkotik analgetiklərlə aradan qaldırılır. Tromboembolik ağırlaşmaların profilaktikası fraksiya olmayan və ya kiçik molekullu heparinlərin köməyilə aparılır.
RDS zamanı oksigen maskası və ya ağciyərlərin süni ventilyasiyası mütləqdir. Hemodinamikanın ifadəli dəyişiklikləri və ya pasiyentin kritik vəziyyəti zamanı bakterial ağırlaşmaların profilaktikası məqsədilə antibakterial terapiya tətbiq olunur. Cərrahi müalicə toplanmış mayenin evakuasiyasından (laparo- və torakosentez, perikardın punksiyası), daxili qanaxma, yumurtalığın burulması və ya cırılması zamanı orta laparotomiyadan ibarətdir.
Yumurtalıqların hiperstimulyasiya sindromunun proqnoz və profilaktikası
Yumurtalıqların hiperstimulyasiya sindromunun proqnozu adətən qənaətbəxş olur. Uğurlu mayalanma zamanı I və II trimestrlərdə spontan düşük, III trimestrdə isə fetoplasentar çatışmazlıq və vaxtından əvvəl doğuş riski yaranır.
Yumurtalıqların hiperstimulyasiya sindromunun profilaktik tədbirlərinə mama-ginekoloqun təyinatlarına riayət edilməsi, YHS-in risk amilləri olduqda preparatların aşağı dozalarda istifadəsi, balanslaşdırılmış qidalanma, qəbul edilən mayenin həcminin artırılması, fiziki və ya psixoemosional yüklənmələrin qarşısının alınması, ovulyasiyanın stimulyasiyasından əvvəl hərtərəfli müayinə və cinsi əlaqənin istisna olunması aiddir.